Məhkəmə qərarları › İş №2(103)-3760/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3760/2025

05.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3760/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3760/2025 (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X7 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “pul tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2025 nömrəli 18 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MTK ilə X17 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, “Kooperativ” tikintisi başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın A blokunda, ümumi sahəsi 88 m2 olan 7-ci mərtəbədə yerləşən yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə sahə haqqını ödəməyi öhdəsinə götürür.

2. "xxxx" MTK ilə X15 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, “Kooperativ” tikintisi başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın A blokunda, ümumi sahəsi 95 m2 olan 7-ci mərtəbədə yerləşən yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə sahə haqqını ödəməyi öhdəsinə götürür;.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasında ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin X16 verilməsinin "xxxx" MTK-ya həvalə edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X16 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya qarşı “Birgə nikah dövründə əldə edilmiş əmlakın bərabər paylara bölünməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

5. Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2010-cu il tarixli qərarın surətindən görünür ki, X11 zərərçəkmiş şəxs qismində qalmasına əsas olmadığından onun işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, AR CM-in 306.2-ci maddəsi ilə başlanılmış 106012 nömrəli cinayət işi üzrə icraata əməldə cinayət tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-1108/10 saylı, xx.xx.2010-cu il tarixli qərardadının surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/08 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.

7. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Feyruz oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq etibardan sui-istifadə edərək satdığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin satışından əldə edilmiş 40000 ABŞ dolları məbləğində pul vəsaitinin və əlavə mənəvi təzminat olaraq 10000 manat, ümumillikdə 78000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Daha sonra iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq etibardan sui-istifadə edərək satdığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin satışından əldə edilmiş 37059 ABŞ dolları məbləğində pul vəsaitinin və əlavə mənəvi təzminat olaraq 10000 manat, ümumillikdə 73000 manat pul vəsaitinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə "xxxx" MTK-nın sədri olduğu dövrdə "xxxx" MTK ilə cavabdehin rəsmi nikahda olduğu X17 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Kooperativ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzil cavabdehin özü tərəfindən imzalanmasına baxmayaraq X8 adına rəsmiləşdirilmişdir. 2005-ci ildə Cavabdeh rəsmi nikah münasibətlərində olduğu X12 və kooperativi aldadaraq xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin mənzili X2. Həmin alğı-satqı müqaviləsi onun, Ağaməli Məmmədovun və Cavabdeh özünün iştirakı ilə həyata keçirilmiş və Cavabdeh 40000 ABŞ dollar məbləğində pul vəsaiti əldə etmişdir. "xxxx" MTK ilə həmin mənzilin satılmasına dair bu müqaviləni bağlayarkən cavabdeh bütün bunları guya qanuni nikahda olduğu X8 razılığı ilə etdiyini bildirmiş və bu müqaviləni də özü imzalamışdır. Lakin bir müddət keçdikdən sonra cavabdehin nikahda olduğu X4 gəlib mənzilini tələb etdikdə ona məlum olmuşdur ki, sözügedən mənzil Cavabdeh tərəfindən kənar şəxsə satılmışdır. Məhz bundan sonra da cavabdehin nikahda olduğu X17 xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Kooperativə qarşı onun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin tələbi ilə məhkəmələrdə mübahisə qaldırmış və iddia ərizəsinə əlavə olunmuş məhkəmə qərarlarından da göründüyü kimi məhkəmələr tərəfindən iddialar təmin olunaraq sözügedən mənzilin ona verilməsi qərara alınmışdır. Məhkəmə qərarları icraya yönəlmiş və icra mərhələsində borclu şəxs olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında həmin mənzilin X13 təhvil verilməsi haqqında ona xəbərdarlıq edilmişdir. Lakin sözügedən mənzil Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində kənar şəxsə satıldığından mənzilin qaytarılması qeyri-mümkün olmuşdur. Nəticədə hətta onun barəsində icra məmuru tərəfindən Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (məhkəmə qətnaməsini qəsdən icra etməmə) cinayət işi başlanılması üçün təqdimat da verilmişdir. Bundan sonra yaranmış bu problemin həll olunması üçün həmin vaxt Kooperativin fəaliyyəti dayandığından və Kooperativdə başqa mənzil olmadığından "xxxx" MMC ilə xx.xx.2010-cu ildə müqavilə bağlayaraq həmin şirkət tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 111,0 kv.m sahəsi olan 3 otaqlı mənzilin dəyərini öz şəxsi vəsaiti olmadığından ayrı-ayrı şəxslərdən borc alaraq tam ödəyərək almış və həmin mənzili Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin əvəzinə X13 təhvil vermişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin 8(005)-1108/2010 saylı, xx.xx.2010-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərardadından da göründüyü kimi icra sənədində göstərilən həmin mənzilin əvəzinə tərəfindən "xxxx" İnşaat Şirkəti tərəfindən inşa edilmiş Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 111,0 kv.m sahəsi olan 3 otaqlı mənzil icra məmuru tərəfindən X13 təhvil verildiyindən iş üzrə icraata xitam verilmişdir. Cavabdeh Kooperativi aldadaraq başqa şəxsə satdığı mənzilin əvəzində onun keçmiş həyat yoldaşı X13 təhvil verdiyi bu mənzilin hazırkı bazar qiyməti 125000 manat təşkil edir. Onu da qeyd edir ki, götürdüyü borc məbləğlərinə görə həmin şəxslərin şikayətləri əsasında hətta o, inzibati tənbeh tədbirlərinə də məruz qalmışdır. Cavabdehin ona qarşı etdiyi bu hüquqazidd hərəkətləri və ona vurduğu maddi ziyanın ödənilməsinə köməklik olunması barədə Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. Lakin həmin idarə tərəfindən şikayətinə baxılaraq “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023- cü il tarixli qərar qəbul olunmuş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Həmin qərardan da göründüyü kimi araşdırma zamanı izahatı alınmış X6 əri Cavabdeh Kooperativdən onun adına rəsmiləşdirilmiş mənzili başqasına satmasından məlumatı olmamışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh sözügedən mənzili X8 adına rəsmiləşdirdiyi vaxt hətta saxta nikahda olmuşdur. Belə ki, o, həmin vaxt Rusiya Federasiyasında başqa şəxslə rəsmi nikahda olsa da, bunu hamıdan o, cümlədən dövlət orqanlarından gizlətmiş və ailə qanunvericiliyinin tələbini pozmaqla Eteri Kazımova ilə ikinci dəfə rəsmi nikaha daxil olmuşdur. Hansı ki, həmin qanunvericiliyin tələbinə görə şəxsin rəsmi nikahda ola-ola başqası ilə nikaha daxil olması qadağandır. Bütün bunlardan sonra o, Cavabdeh başqasına satdığı sözügedən mənzilin pulunu tələb edib və o, ona bildirdi ki, mənzilin satışından əldə olunmuş 40000 ABŞ dolları pul vəsaitindən 30000 ABŞ dolları məbləğində pul vəsaitini Eteri Kazımova ilə birlikdə xərcləmişdir. Bunu o, Polis İdarəsində verdiyi izahatında da təsdiqləmişdir. Lakin araşdırma zamanı yuxarıda da qeyd etdiyi kimi Eteri Əhmədova bunun yalan olduğunu və ümumiyyətlə mənzilin başqasına satılmasından məlumatı olmadığını bildirmişdir. O, yenə də Cavabdehla dəfələrlə telefonla zəng edərək mənzilin pulunu qaytarmağı tələb edirdi. İlk öncə o, onunla razılaşaraq birdəfəyə qaytarmaq imkanının olmadığını, hissəhissə qaytara biləcəyini bildirdi. Göründüyü kimi, cavabdeh bütün bu hüquqazidd hərəkətləri ilə də ona külli miqdarda ziyan vurmuşdur. Bu illər ərzində heç bir qanuni əsas olmadan öz hüquqazidd hərəkətləri nəticəsində Kooperativə məxsus əmlakı özündə saxlayaraq öz iradəsinə uyğun istifadə edərək əsassız varlanmışdır.

11. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, 1. iddiaçının özünün də bildirdiyi kimi, yuxarıda qeyd olunan mənzilin alğı-satqı müqaviləsinin tərəfləri, yəni mülki-hüquq münasibətlərinin subyektləri "xxxx" MTK və X17 olmuşlar və iddiaçı özü həmin münasibətlərin subyekti olmamışdır. Mülki-hüquq münasibətlərinin subyekti olan hüquqi şəxsin rəhbəri və ya hər-hansı digər işçisi tərəfindən həmin hüquqi şəxsə məxsus hüquqların mənimsənilməsi, qanunla müəyyən edilmiş hallar istisna olmaqla (misal üçün hüquqların ötürülməsi və s.) yolverilməzdir və hazırki mülkihüquq münasibətləri üzrə "xxxx" MTK tərəfindən hüquqların İddiaçı ötürülməsi halı mövcud olmamışdır. Belə olan halda, İddiaçı hazırki iddianı irəli sürməsi subyektiv hüquq baxımından istisna edilir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh tərəfindən hər hansı bir mülkihüquq pozuntusu (delikt) edilməmiş, hətta ehtimal olunsa ki, belə hal baş vermişdir, ona qarşı iddia qaldırmaq hüququ İddiaçı deyil, "xxxx" MTK-ya məxsusdur. 2. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2005-ci ildə Cavabdeh rəsmi nikahda olduğu X12 və kooperativi aldadaraq 95/A-7 nömrəli xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin mənzili X2. Həmin alğı-satqı müqaviləsi onun Ağaməli Məmmədovun və Cavabdeh özünün iştirakı ilə həyata keçirilmiş və Cavabdeh 40 000 ABŞ dolları məbləğində pul vasitəsini əldə etmişdir. İş materiallarında olan 95/A-7 saylı 14 yanvar 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88 kv.m təşkil edən mənzil Cavabdeh tərəfindən deyil, "xxxx" MTK tərəfindən X1. Həmin alğı-satqıdan əldə edilmiş vəsaitin isə Cavabdeh verilməsi hər hansı bir qəbzlə və yaxud digər dəlillə sübuta yetirilmir. 3. İddiaçı iddia ərizəsində qeyd edir ki, mənzilin X3 nəticəsində əldə olunmuş pul vəsaiti Cavabdeh verilmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş 2(006)-2098/2008 saylı, 15 sentyabr 2008-ci il tarixli məhkəmə qətnaməsinə nəzər yetirdikdə görünür ki, həmin iş üzrə keçirilən məhkəmə prosesində "xxxx" MTK-nın nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh həyat yoldaşı Eteri ilə birlikdə mənzilin pulunu geri alarkən, hər hansı bir qəbzə imza etməmişlər. Kooperativin mühasibi pulu alması ilə əlaqədar Eteri Əhmədovadan qəbzə imza etməyi xahiş etdikdə, Cavabdeh narazılığını bildirərək, rəsmiyyətə ehtiyac olmadığını demişdir. Bu səbəbdən "xxxx" MTK-da pulun ödənilməsini təsdiqləyən hər hansı bir sənəd yoxdur. Göründüyü kimi, əvvəlki məhkəmə iclaslarında səsləndirilən fikirlərlə hazırki iddia ərizəsindəki fikirlər tam ziddiyyət təşkil edir. Həmin məhkəmə iclasında "xxxx" MTK-nın nümayəndəsi bildirmişdir ki, pul vəsaiti Nicat və Eteriyə verilib (bu hal məhkəmə tərəfindən inandırıcı hesab edilməyib), hazırda isə iddiaçı bildirir ki, pul vəsaiti tək Nicata verilib. Göründüyü kimi hazırki iddia formal mülahizələrə əsaslanır. 4. İddiaçı iddia ərizəsində qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008ci il tarixli qətnaməsinin icrası ilə bağlı "xxxx" MMC ilə xx.xx.2010-cu ildə müqavilə bağlayaraq həmin şirkət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 111 kv/m sahəsi olan 3 otaqlı mənzilin dəyərini öz şəxsi vəsaiti olmadığından ayrı-ayrı şəxslərdən borc alaraq almış və X13 təhvil vermişdir. Qeyd etmək lazımdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinə əsasən, qətnaməni icra etməli olan şəxs, yəni borclu "xxxx" MTK olmuş və İddiaçı həmin MTK-nın öhdəliyini şəxsən icra edibsə, Cavabdeh qarşı deyil, "xxxx" MTKya qarşı iddia qaldırmalı idi. 5. İddiaçının şikayəti əsasında Nəsimi rayon Polis İdarəsində aparılmış araşdırma zamanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunur ki, İddiaçı izahatında bildirmişdir ki, "xxxx" MTK-nın direktoru olsa da, mənzilin alğı-satqısının təşkil olunmasından və satılmasından məlumatı olmamışdır. İddiaçı iddia ərizəsində isə qeyd edir ki, alğı-satqı müqaviləsi onun, Ağamalı Məmmədovun və Cavabdeh iştirakı ilə baş tutmuşdur. Bundan başqa iş materiallarında olan 95/A-7 saylı 14 yanvar 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88 kv.m təşkil edən mənzil Cavabdeh tərəfindən deyil, "xxxx" MTK tərəfindən X5 və "xxxx" MTK-nın adından müqavilə İddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi yenə də növbəti ziddiyyətli fikirlər ifadə edilmiş, bu isə öz növbəsində iddianın əsassız olmasını ehtimal etməyə əsas verir. Eyni zamanda həmin qərarda qeyd olunmuşdur ki, Cavabdeh mənzilin satılmasına görə pul vəsaiti almadığını bildirmişdir. 6. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən də görünür ki, tərəflər arasında mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88 kv.m təşkil edən mənzil "xxxx" MTK tərəfindən X3 ilə bağlı 95/A-7 saylı 14 yanvar 2005-ci il tarixli müqavilə bağlandıqdan sonra yaranmışdır. 2008-ci ildə mübahisə üzrə məhkəmə qətnaməsi qəbul olunmuş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası 03 dekabr 2010-cu il tarixdə başa çatmışdır. İddiaçının iddia etdiyi, guya ona zərər yetirilməsi ilə bağlı iddia müddətinin axımı 2005-ci ilin yanvar ayından başlamış və həmin vaxtdan 20 ilə yaxın vaxt keçmişdir. Hətta mübahisəyə aidiyyəti olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası 03 dekabr 2010-cu il tarixdə başa çatmışdır, həmin vaxtdan da 14 ilə yaxın vaxt keçmişdir. Yəni iddiaçı ehtimal etdiyi hüquqlarının pozulmasını bildiyi vaxtdan ən azı 14 il vaxt keçmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı “pulun geri qaytarılması”na dair iddia tələbinin rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən də görünür ki, tərəflər arasında mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88 kv.m təşkil edən mənzil "xxxx" MTK tərəfindən X3 ilə bağlı 95/A-7 saylı 14 yanvar 2005-ci il tarixli müqavilə bağlandıqdan sonra yaranmışdır. 2008-ci ildə mübahisə üzrə məhkəmə qətnaməsi qəbul olunmuş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası 03 dekabr 2010-cu il tarixdə başa çatmışdır. İddiaçının iddia etdiyi, guya ona zərər yetirilməsi ilə bağlı iddia müddətinin axımı 2005-ci ilin yanvar ayından başlamış və həmin vaxtdan 20 ilə yaxın vaxt keçmişdir. Hətta mübahisəyə aidiyyəti olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası 03 dekabr 2010- cu il tarixdə başa çatmışdır, həmin vaxtdan da 14 ilə yaxın vaxt keçmişdir. Yəni iddiaçı ehtimal etdiyi hüquqlarının pozulmasını bildiyi vaxtdan ən azı 14 il keçmişdir. İddiaçı iddiası özüözlüyündə tamamilə əsassızdır. Belə ki, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı cavabdehdən Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası ilə bağlı "xxxx" MTK tərəfindən X14 verilmiş mənzilin dəyərini tələb edir. Halbuki, nə iddiaçı, nə də ki cavabdeh həmin qətnamənin tərəfləri deyillər, mənzillə bağlı münasibətlərin subyektləri olmayıblar. İddiaçı yanlış olaraq hesab edir ki, əvvəllər "xxxx" MTK-nın sədri olması MTK-nın hüquqlarını ona məxsus olmasını ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilərək iddiadan imtina etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, 2008-ci ildə "xxxx" MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m. təşkil edən mənzilin "xxxx" MTK tərəfindən ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamədən narazı qalan "xxxx" MTK kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-1945/2009 saylı qərarı ilə "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 dekabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, “Cavabdeh X10 xəbəri və razılığı olmadan cavabdeh "xxxx" MTK-ya müraciət edərək, iddiaçı X10 adından hərəkət etmək səlahiyyəti olmadığı halda, arvadı E.Əhmədovanın öz mənzilini satmaq istədiyini bildirmiş, cavabdeh "xxxx" MTK isə xx.xx.2003-cü il tarixdə E.Əhmədova ilə aralarında bağlanmış müqavilə öhdəliklərinin tələblərini pozaraq, mülkiyyətçinin mənzili satmaqla bağlı fikrini araşdırmadan, onun rəsmi razılığını və ya notariat qaydasında təsdiqlənmiş etibarnaməsini almadan, heç bir sənədləşdirmə aparmadan mübahisəli mənzilə görə Cavabdeh 30 000 ABŞ dolları pul vermiş və mənzili başqa vətəndaşa satmışdır”. Göründüyü kimi, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə həmin mənzil satılarkən məlumatının olmadığı, razılığının alınmadığı müəyyən edilmiş, məhz buna görə məhkəmənin qərarı ilə "xxxx" MTK-ya mənzilin ona qaytarılması həvalə edilmişdir. Odur ki, həmin mənzilin satışından əldə edilmiş vəsaitin hara və necə xərclənməsindən də onun məlumatı olmamışdır. Bundan başqa, İddiaçı Cavabdeh hərəkətləri ilə bağlı şikayət ərizəsi ilə müvafiq polis orqanına müraciət etmiş, onun ərizəsi əsasında araşdırma aparılmışdır. Həmin araşdırma zamanı da izahatında da qeyd etmişdir ki, onun ümumiyyətlə mənzilin satılmasından xəbəri olmayıb, bununla bağlı müvafiq məhkəmə qərarları tərəfindən təqdim edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır. Hazırki iddia tələbi ilə bağlı İddiaçı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi 2003-cü ildə "xxxx" MTK ilə X17 arasında bağlanmış 14/07 nömrəli xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Koorperativ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m. təşkil edən mənzilin satılmasından əldə edilmiş vəsaitin cavabdehdən tutulmasına istinad edir. Həmin müqavilə isə İddiaçı ilə yox, "xxxx" MTK ilə Cavabdeh qızı arasında bağlanmışdır. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı həmin dövrdə MTK-nin sədri olsa da, mənzilə dair bağlanmış 14/07 nömrəli xx.xx.2003-cü il tarixli müqavilənin tərəfi olmamışdır. Məhz buna görə də, bütün məhkəmə mübahisələri üzrə tərəf qismində "xxxx" MTK çıxış etmişdir. Buna görə də, İddiaçı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüquqa malik deyildir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 mart 2025-ci tarixli 2(005)-548/2025 nömrəli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə “Cavabdeh X11 xəbəri və razılığı olmadan cavabdeh "xxxx" MTK-ya müraciət edərək X11 adından hərəkət etmək səlahiyyəti olmadığı halda arvadı E.Əhmədovanın öz mənzilini satmaq istədiyini bildirmiş, "xxxx" MTK isə xx.xx.2003-cü il tarixdə E.Əhmədova illə aralarında bağlanmış müqavilə öhdəliklərinin tələblərini pozaraq mülkiyyətçinin mənzili satmaqla bağlı fikrini araşdırmadan, onun rəsmi razılığını və ya notariat qaydasında təsdiqlənmiş etibarnaməsini almadan, heç bir sənədləşdirmə aparmadan mübahisəli mənzilə görə Cavabdeh 30000 ABŞ dolları pul vermiş və mənzili başqa vətəndaşa satmışdır. Hazırki iş üzrə İddiaçı həmin dövrdə "xxxx" MTK-nın sədri olması, qətnamənin vəzifəli şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində cinayət işinin başlanılması, sonradan qətnamənin icrası məqsədilə İddiaçı tərəfindən cavabdehin keçmiş arvadına mənzilin alınıb verilməsi iş materialları ilə öz təsdiqini tapır. Bu baxımdan cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsi müəyyən olunur.”

16. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən, məhkəmə hesab etmişdir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.

17. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası məqsədilə "xxxx" MTK-nın sədri İddiaçı tələbkara ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 7-ci blokunun 17-ci mərtəbəsində yerləşən 111 kv.m. sahəsi olan 3 otaqlı mənzil təklif etmiş, Eteri Əhmədovanın razılığı əsasında həmin mənzil xx.xx.2010-cu il tarixli müqavilə ilə sonuncunun adına rəsmiləşdirilmiş, bu barədə icra məmuru tərəfindən xx.xx.2010-cu il tarixli akt tərtib olunmuş və qətnamənin icrası təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu ən azı yeni mənzilin verilməsinə dair müqavilənin rəsmiləşdirildiyi gündən, yəni xx.xx.2010-cu il tarixindən bilirdi.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 5000 manatın ödənilməsi barədə qəbzlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd edilən ödənişin cavabdeh tərəfindən ödənildiyini bildirsə də, cavabdeh həmin ödənişin onun tərəfindən edilməsini qəbul etməmişdir. Məhkəmə iş üzrə qeyd edilən halın mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli sübutların təmin edilməsi barədə qərardadı ilə Xətai rayonu, Mərkəzi Bulvar küçəsində yerləşən “Həyat market”dəki “Mpay” ödəniş terminalı vasitəsilə həyata keçirilən ödənişin kim tərəfindən ödənilməsini müəyyən etmək məqsədilə xx.xx.2024-cü il tarixdə, 17:59 radələrində çəkilmiş kamera görüntülərini tələb etsə də, ödənişin həyata keçirildiyi marketdə kamera olmadığından qərardad icra olunmadan geri qaytarılmışdır. Məhkəmə həmin sübutun mötəbər olmadığını, məhz cavabdeh tərəfindən iddiaçıya ödəniş edildiyini təsdiq etmədiyini, ödəniş qəbzinin tarixinin daha əvvəl olmasına baxmayaraq, iddia ərizəsi verildikdən bir müddət sonra məhkəməyə təqdim edildiyini nəzərə alaraq, iddiaçının təqdim etdiyi qəbzi borclu şəxsin borcu etiraf etməsini təsdiq edən sübut kimi qəbul etmir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 372, 373.1, 375.2, 380.1, 1096, 1097, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, cavabdeh borcunu etiraf edən hərəkətlər etmişdir və bu maddənin tələbinə əsasən iddia müddətinin axımı kəsilməli idi. Belə ki, cavabdeh bir müddət əvvəl terminal aparatı vasitəsilə iddiaçının bank kartına 5000 manat pul vəsaiti yükləmişdir. Həmçinin bundan əvvəl iddiaçı və cavabdeh telefonla danışaraq sözləşmiş və 12 sentyabr 2024-cü il tarixdə görüşmüşdürlər. Bu faktı isə cavabdeh inkar etmir və bildirir ki, məhz bu məsələ ilə bağlı görüşüblər. Yəni, bildirib ki, “məni polisə vermisən, gəl görüşək, məsələni aydınlaşdıraq”. Belə ki, 2023-cü ildə iddiaçi məhz bu məsələ əlaqədar polisə şikayət etmişdi. Bundan sonra isə cavabdeh iddiaçı ilə ziyanın ödənilməsində razılığa gələrək ilkin olaraq 5000 manat məbləğində pul vəsaitini onun bank kartına göndərmişdir. Həmin aparatın yerləşdiyi marketə videogörüntünün alınması ilə bağlı sorğu verilməsinə baxmayaraq marketdə müşahidə kamerasının olmaması səbəbindən bunu məhkəməyə təqdim etmək mümkün olmamışdır. Lakin həmin məbləğin onun kart hesabına daxil olması ilə bağlı qəbz mövcuddur və məhkəməyə təqdim edilmişdir. Qəbzi ona cavabdeh özü vermişdir. Bundan əlavə, onunla cavabdeh arasında tək 2024-cü ilin sentyabr ayında deyil, 2022-2023-cü illərdə də bu məsələ ilə bağlı danışıqlar olmasına dair məhkəməyə telefondan çıxarışlar təqdim olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

25. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 27.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 29.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

30. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

32. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 33.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 34.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 35.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Kollegiya qeyd edir ki, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur.

45. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir.

46. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.»

47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

48. Hazırki iş üzrə tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası məqsədilə "xxxx" MTK-nın sədri İddiaçı tələbkara ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 7-ci blokunun 17-ci mərtəbəsində yerləşən 111 kv.m. sahəsi olan 3 otaqlı mənzil təklif etmiş, Eteri Əhmədovanın razılığı əsasında həmin mənzil xx.xx.2010-cu il tarixli müqavilə ilə sonuncunun adına rəsmiləşdirilmiş, bu barədə icra məmuru tərəfindən xx.xx.2010-cu il tarixli akt tərtib olunmuş və qətnamənin icrası təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu ən azı yeni mənzilin verilməsinə dair müqavilənin rəsmiləşdirildiyi gündən, yəni xx.xx.2010-cu il tarixindən bilirdi.. Həmin vaxt iddiaçı hüquqlarının pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

49. İddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.

50. İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etdiyi ərizəsindən görünür ki, həmin ərizə ilə o, iddiaçının qanunla müəyyən olunmuş iddia müddətini ötürdüyünü göstərmişdir.

51. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması faktı aşkardır. Bu halı birinci instansiya məhkəməsi də inkar etməmişdir.

52. Bununla belə iddiaçı hüququnun pozulduğunu bildiyi andan təxminən 14 sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

53. Apellyasiya şikayətinin dəlillərindən olan “cavabdeh tərəfindən 5000 manat ödənilməsi”nə münasibətdə kollegiya qeyd edir ki, iddia müddəti ötdükdən sonra edilmiş etirafedici hərəkətlər, o cümlədən ödəniş edilməsi iddia müddətinin axımının kəsilməsi və ya yenidən başlanılması üçün əsas vermir, ona görə də 5000 manatın cavabdeh tərəfindən ödənilib-ödənilməməsinin əhəmiyyəti yoxdur.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2025 nömrəli iş üzrə 18 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar