Məhkəmə qərarları › İş №2(103)-3767/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3767/2022

05.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3767/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, Cavabdeh4 və Cavabdeh5 qarşı «mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(005)-384/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, Cavabdeh4 və Cavabdeh5 qarşı «mülkiyyət hüququnun tanınması” tələbinə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, dəyərini və banka olan kredit borcunu ödədiyi, ailəsi ilə birgə yaşadığı və sənəd üzərində Cavabdeh2 adına olan və cavabdehlərin iddiaçını məhrum etmək istədikləri ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 391 kv.metr, 7 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Heydər Əliyev sarayının arxasında «Qış parkı»nın tikilməsi ilə bağlı həmin ərazidə olan fərdi yaşayış evi söküldüyündən başqa bir fərdi yaşayış evi almaq qərarına gəlmiş və bu barədə dosttanışlara məlumat vermişdir. 2012-2013-cü illərdə "xxxx" ASC-nin filial müdiri olan tanışın Cavabdeh4 axtardığı meyarlara uyğun fərdi yaşayış evinin olduğunu bildirdi. Həmin ev ipotekaya qoyulmuş və kredit alınmışdı. Kredit ödənilmədiyindən Ələddin evin satıldığını söylədi. Onlar evə baxmış, bəyənmiş və evin ipotekaya qoyulması zamanı alman kreditin qalığı olan borcu ödəməklə bərabər, ünvan 2 ünvanında yerləşən evin dəyərini də ödəmiş, yəni həmin evə görə ümumilikdə 823187 manat pul ödəmişdir. Pul vəsaitlərini iddiaçıdan Vaqif Məmmədova qəbul edib və bu barədə imzalı qəbz vermiş, evin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi zamanı mən ölkədə olmadığından və evin başqası tərəfindən alınmaması üçün təcili alqı-satqı etmək üçün evi Cavabdeh4 bacısı oğlu İntiqam Abdullayevin adına rəsmiləşdirmişlər. Evi aldıqdan sonra o, onun təmirinə və mebellərin yığılmasına 250000 manat pul xərcləmiş və bu işlər görülüb qurtarandan sonra ailəsi ilə birlikdə həmin evə köçmüşdür. 2 ildən sonra Bayram adlı şəxs onlara gələrək dedi ki, bu ev Beytulla Hüseynovundur, evi qaytarmalısan. İddiaçı məcbur olub 300000 manat və 50000 ABŞ dolları ödəyərək bankın borcunu bağlamışdır. Kreditin ödənilməsinin sonrakı günü ev 10000 manata sənəd üzərində sonuncu mülkiyyətçi Cavabdeh2 formal alqı-satqı müqaviləsi ilə məcburi olaraq Beytullanın qohumu Tariyel Zamanova satılmışdır. MTN əməkdaşlarının cinayətkar hərəkətləri barəsində cinayət işin başlandıqdan sonra o da, həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış, həmin cinayət işinin məhkəmə baxışı Bakı Hərbi Məhkəməsinin icraatına verilmişdir. MTN əməkdaşlarının törətdiyi cinayətlər barəsində başlanmış istintaqla nəticəsində iddiaçı evdən çıxmağa məcbur olmuşdur. Yenə də ev iddiaçının faktiki sahibliyində və istifadəsində qalmışdır. Bundan sonra axırıncı dəfə Cavabdeh2 adına olduğundan sonuncu tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsində iddia qaldırıldı. Həmin mülki işin yekununda Cavabdeh2lə Tariyel Zamanov arasında məcburi bağlanmış alqı-satqı müqaviləsi ləğv edildi, məhkəmə aktı Ali Məhkəmənin qərarı ilə qüvvəsində saxlanıldı. Həmin mülki işin Bakı Apelyasiya Məhkəməsində icraatı zamanı Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini Rüstəm Usubovun Bakı Apelyasiya Məhkəməsinə məktub daxil oldu ki, mübahisə olunan ev ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq İddiaçı məxsusdur. Eyni zamanda Baş Prokurorluq Yanında Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin xüsusilə mühum işləri üzrə müstəntiqi Qasım Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarla MTN və digər qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları üzrə CM-nin 308.2, 309.1-ci maddələri və digər maddələrlə istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındım. Zərərçəkmiş şəxs kimi tanındığı həmin iş üzrə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı hökmündə qeyd etdiyi faktlar öz təsdiqini tapmışdır. Daha sonra fərdi yaşayış evi sənəd üzərində Cavabdeh2 mülkiyyətinə qaytarılmış, iddiaçının də faktiki mülkiyyətində qalmaqda davam etmişdir, mülki məhkəmə icraatı ərzində də ev iddiaçının faktiki istifadəsində olmuşdur. Hazırda evin Cavabdeh2 adına olmasından dolayı sonuncu tərəfindən evin satılma və ya başqa şəkildə sərəncam verilməklə onun faktiki mülkiyyətindən çıxma təhlükəsi vardır. Belə ki, bir müddət əvvəl də, İmran Abdulluyevin iddiası üzrə başlanmış mülki işin Ali Məhkəmədə icraatı zamanı X16 Abdullayevə təzyiq edərək iddiadan imtina etməyə sonuncunu razı salmış, son anda iddiaçı bundan imtina etmişdir və ev yenə də iddiaçının faktiki mülkiyyətində qalmışdır. Bu kimi halların gələcəkdə real və ehtimal edilən olduğundan iddiaçının mülkiyyətində olan evin hər an itirilmə və faktiki istifadəsindən çıxma təhlükəsi vardır. Məhz bu səbəbdən də evin üzərində iddiaçının faktiki mülkiyyət hüququnun tanınması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, yuxarıda qeyd etdiyi kimi hazırda yaşadığı fərdi yaşayış evini banka olan kredit borcunu və dəyərini ödəməklə qanuni şəkildə almışdır. Sadəcə alqı-satqı zamanı ölkədə olmadığından İntiqamın adına rəsmişləşdirmişdir. Sonradan İmranın adına keçməsi də sadəcə evin MTN əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı əlimdən alınmaması üçün atdığı addım idi, ev əvvəldən iddiaçının faktiki mülkiyyətindədir, sadəcə sənəd üzərində formal olaraq mülkiyyətçi Cavabdeh2dir. Bir neçə gün əvvəl ünvanına Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 137010/2021-15-3-003 saylı bildirişi daxil olmuşdur. Bildirişdə göstərilir ki, həyat yoldaşı X6 və ailə üzvləri Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 119 evdən çıxarılmalıdırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(005)- 384/2022 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın tam təmin olunmasını xahiş etmişdir. Həmçinin Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli mənzilin iddia tərəfindən əldə olunması, lakin onun adına rəsmiləşdirilməsi, mənzil alındıqdan sonra iddiaçı tərəfindən təmir olunması, sonradan təzyiq və məcburetmə nəticəsində mənzilin formal alqı-satqı müqaviləsi əsasında Tariyevl Zamanovun adına keçirilməsi, lakin həmin alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən etibarsız sayılması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 ilə Cavabdeh5 mübahisəli ev 2007-ci il tarixdə Cavabdeh5 mülkiyyətinə keçmiş, sonradan qanunsuz olaraq ipoteka qoyularaq özgəninkiləşdirilmiş, lakin Cavabdeh1 iddiası üzrə əqlər və çıxarışlar ləğv olunmuş, məhkəmə icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(102)-3029/2020 saylı qərarı ilə yekunlaşmışdır. İddiaçının həmin ev üzərində mülkiyyət hüquqlarının tanınması barədə hazırki tələbi tam əsassızdır. Bu səbəbdən də apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(102)-3029/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(006)-6016/2017 nömrəli qətnaməsi ilə - Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evin ipoteka ilə yüklü edilməsinə dair iddiaçı Cavabdeh1 adından razılıq verilməsi barədə Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 7E 168540 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq olunmuş “07 sentyabr” tarixli ərizəsinin və cavabdeh X10 adına olan Bakı şəhər 43 saylı notariat kontorunda 7E 05/3803 reyestr nömrəsi ilə qeydə alınmış 11 avqust 2011-ci il tarixli etibarnamənin, ipoteka ilə yüklü edilməsinə dair Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontorunda 3M/1195 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli, 582/01 F1 №-li ipoteka müqaviləsinin, X1 dair Bakı şəhər notariat kontorunun notariusu Xəlilov İ.M. tərəfindən 4Ə-01-30 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli, AN-1 seriyalı ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Cavabdeh2 satılmasına dair Bakı şəhər 38 saylı notariat kontorunda 4Ə/01-123 reyestr nömrəsi ilə qeydə alınmış 17 aprel 2014-cü il tarixli, AN-1 seriyalı ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evin X4 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində aparılmış Daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 3415 nömrəli vərəqəsində xx.xx.2012-ci il tarixli, ********** №-li qeydiyyatının və bunun əsasında verilmiş MA seriyalı, ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmçinin Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair DƏDRX-in Bakı Ərazi İdarəsində aparılmış Daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 3415 nömrəli vərəqəsində xx.xx.2014-cü il tarixli, ********** №-li qeydiyyatının və bunun əsasında verilmiş RX seriyalı, ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması, cavabdehlər X7 və X2 müştərək qaydada 383000 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 verilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayətləri təmin edilməmiş, cavabdehlər X10 və X3 apellyasiya şikayətləri isə təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2017-cı il tarixli qətnaməsi “X7 və X2 müştərək qaydada 383000 manat məbləğində pulun alınaraq Cavabdeh1 və Cavabdeh5 verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmamış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(102)-3029/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 və onun vəkili Vəkil3 kassasiya şikayəti təmin olunmamışdır). İşdə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 23 iyul 2021-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(102)-3029/2020 saylı qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Cavabdeh2 şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilmişdir. Qanuni qüvvədə olan məhkəmə aktlarından göründüyü kimi, Cavabdeh5 və Zamanova (Hüseynova) Nəzakət İbrahim qızı 05 iyun 1991-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahda olduqları dövrdə - yəni 18 yanvar 2007-ci il tarixdə Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində istifadədə olan 0,01615 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 138,4 kv.m. yaşayış, 329,6 kv.m. köməkçi sahədən ibarət 119 nömrəli fərdi yaşayış evini 510705 manata Cavabdeh5 satmış, 06 mart 2007-ci il tarixdə həmin fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sonuncunun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Sonradan həmin evin ipoteka qoyulması və özgəninikləşdirilməsi ilə bağlı əqdlər etibarsız sayılmış, digər şəxslərin (həmçinin, hazırki iş üzrə Cavabdeh2) adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv olunmuşdur. Hazırki iş üzrə iddiaçının tələbinə görə isə, mübahisəli ev onun tərəfindən əldə olunsa da, formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bu səbəbdən də, onun həmin ev üzərində mülkiyyət hüquqları tanınmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasını həmin əmlaka dair onunla alqı-satqı müqaviləsi bağlanılmadan və ya hüququnu təsdiq edə biləcək hər hansı sübutu təqdim etmədən tələb edir. Belə olan halda iddiaçının qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Həmçinin, iddiaçı tələbini əsaslandıra biləcək sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. MM-nin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 141-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İddia ərizəsinə əsasən iddiaçı üzərində başqasının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış daşınmaz əmlak üzərində özünün mülkiyyət hüququnun tanınmasını tələb etmişdir ki, belə bir tələb özü-özlüyündə yolverilən deyildir. Qanunverici daşınmaz əmlak üzərində maraqlı şəxslərin mülkiyyət hüquqlarının tanınması imkanını müəyyən etmişdir ki, həmin hallar da hazırki tələblə uzlazmır. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, qanuni qüvvədə olan məhkəmə aktları ilə mübahisəli evlə bağlı əqdlərə və çıxarışlara Cavabdeh1 iddia tələbi üzrə hüquqi qiymət verilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadının 54- 56-cı bəndlərində göstərilmişdir ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, birinci instansiya məhkəməsin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, Cavabdeh4 və Cavabdeh5 qarşı «mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(005)-384/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(005)-384/2022 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar