Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3768/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(005)-3768/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh "X1" MMC tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən iddiaçının sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi olaraq hər ay 600 (altı yüz) manat “12 "avqust 2020-ci ildən əmək qabiliyyətini bərpa edənədək cavabdeh "X1" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehin təqsiri üzündən iddiaçının sağlamlığına vurulmuş xəsarət nəticəsində iddiaçı tərəfindən çəkilmiş əlavə xərclərin miqdarının 10000 (on min) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 50 000 (əlli min) manat pul tutularaq iddiaçının xeyrinə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci saylı, 2(005)-3768/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Həmçinin, həmin qətnamədən cavabdeh "X1" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası digər şəxslərin iştirakı olmadan MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilməli və mülki iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyyi yanında Dövlət Vergi Xidmətinin çıxarışından görünür ki, İddiaçı sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına VÖEN (**********) mövcuddur. Eyni zamanda iddia ərizəsindən və digər iş materiallarından görünür ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiyya mübahisəsi olmaqla tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yaranmış mübahisədir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında AGCX35/0720 saylı "27" iyul 2020-ci il tarixli Xidmət müqaviləsi bağlanmışdır.Həmin müqavilənin bəndlərinə əsasən tərəflərin hüquq və vəzifələri “Sifarişçi”-yəni "X1" MMC-nin və “İcraçı”- yəni İddiaçı hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər Ərazi İdarəsinin may 2021-ci il tarixli məktubundan görünür ki, Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən tərəflər arasındakı AGCX35/0720 saylı "27" iyul 2020-ci il tarixli müqavilə əmək münasibətləri yaradan müqavilə deyil, podrat müqaviləsi olaraq mülki-hüquqi münasibətlər yaradan müqavilə olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi izah olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin arasında olan mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun18 Sentyabr 2020-ci il tarixli 10N o-li Qərarında qeyd edilmişdir ki,, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə ləğv edilməli, mülki iş aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-ci maddəsinə görə Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.0.5-ci maddəsinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 384 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(005)-3768/2022 saylı qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilsin və mülki iş aidiyyatı üzrə Bakı kommersiya məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3768/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3768/2022
13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver