Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3769/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “yalan və həqiqətəuyğun olmayan məlumatların təkzib edilməsi, mənəvi zərərin əvəzinin, habelə əsassız iddia ilə vaxt itkisinə səbəb olduğu üçün pul vəsaitinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona və qızına dəymiş maddi və mənəvi ziyana görə 30 000 manat maddi təzminatın əvəzinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2005-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuş, nikahlarından 2007-ci ildə Fidan adını verdikləri uşaqları dünyaya gəlmiş, Cavabdeh 2010-cu ildə heç bir əsaslı səbəb olmadan ondan boşanmışdır. Həmin vaxtdan böyük stress keçirir, uzun illərdir ki, nevroz xəstəsidir. Cavabdeh 2015-ci ildə qohumdan söz göndərərək övladını görmək istədiyini bildirmiş, o da öz humanistliyini göstərərək, ata ilə qızın arasına girməmək üçün qızının atası ilə görüşünə, Fidanın hər həftənin şənbə və bazar günlərində atası ilə qalmasına icazə vermişdir. Uzun müddət bu münasibətlər normal davam etmiş, qızı mövcud vəziyyətdən razı qalmış, keçmiş qaynanasının xəstəliyi səbəbindən keçmiş əri qızına dayə tutmaq qərarına gəlmiş, bir müddət Vüsalə adlı qadın qızına dayəlik etmişdir. Sonuncu dəfə Cavabdeh 2017-ci ildə qızını şoferi ilə “Oazis” restoranında yığıncağa aparmış, yığıncaqda qızı beşikdə körpə bir uşaq olduğunu görüb onun kim olduğunu atasından soruşmuş, atası uşağın onun olduğunu, anasının isə həmin dayə olduğunu bildirmişdir. Qızı həmin an çox pis stress keçirmiş, sonralar atası ilə qaldığı ərəfədə əməliyyat olunmuş, keçmiş qaynanası dərman məhlulunu suda həll edib nəvəsi Fidana verməsini Vüsalə adlı qadından xahiş etsə də, həmin qadın əsəbi vəziyyətdə dərmanı qızının oturduğu stolun üstünə atmışdır. Bu qadının çirkin əməlləri bununla bitmir, belə ki, o həmin hadisənin səhəri günü qızına artıq evə gəlməməsini, artıq xaricdə yaşayacaqlarını və bundan sonra atasını unutmasını söyləmişdir. Qızı onun yanına ağlayaraq gəlmiş, səbəbini soruşduqda isə olanları ona danışmışdır. Keçmiş yoldaşının yaşadığı ünvan 1 ünvanına gedərək nə baş verdiyini soruşmaq istəmiş, qapını açan keçmiş həyat yoldaşı onu döymüş, bundan sonra telefonla cavabdehə zəng vuraraq qızının stress keçirməsi haqqında ona məlumat vermişdir. Həmin gündən qızı atası ilə görüşmür. Ümumiyyətlə Cavabdeh onların ailəsinə böyük sarsıntı yaşadıb. X1, X4, qızı X3 və özünün səhhətində yaranan problemlər Cavabdeh və ailəsinin 2010-cu ildən onlara etdiyi qeyri-qanuni hərəkətlərin nəticəsində baş verib. Cavabdeh onunla evlənib sonra səbəbsiz yerə boşaması həm onun, həm də qızının psixologiyasına çox pis təsir edib. Qızı Fidan atasını neçə ildir görmədiyi üçün əzab və stress çəkir, hər gün yadına düşəndə ağlayır. Cavabdeh nümayəndəsi (vəkili) isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi (sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə) təqdim edərək, İddiaçı Cavabdeh şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna toxunan məlumatları - itkin düşməyi, axtarışda olmağı, aliment ödəməməyi barədə məlumatları, həyat yoldaşı haqqında dediyi təhqiramiz ifadələri, guya qızını zəhərləməsi, psixoloji stressə və xəstəliyə salması və sairə barədə yalan və həqiqətəuyğun olmayan məlumatları “Milli.az” saytında, “Xəzər” televiziyasında yayımlanmış “Səni axtarıram” verilişində, “Nedelya” qəzetində təkzib etməyə məcbur edilməsi və şərəf və ləyaqətinin ləkələnməsi ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi kimi 80 000 manatın, vicdansızcasına iddia verdiyi üçün 20 000 manatın və 30 manat dövlət rüsumunun İddiaçı tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh ailənin dağılmaması üçün etdiyi cəhdlər nəticə verməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin olunaraq nikahları pozulmuş, xx xxxx 2010-cu il tarixdən başlayaraq Cavabdeh xx xxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 75 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh yenidən evlənmiş və həmin nikahdan bir oğlu vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “Sumqayıt şəhəri, 13-cü Mkr, ev 7B, 42 №-li mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə icraata İddiaçı iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmiş, İddiaçı bunun müqabilində Cavabdeh 10 000 manat pul almış, həmin pulla özünə Sumqayıt şəhəri, 15-ci məhəllə , ünvan 2 ünvanında yerləşən 1 otaqdan ibarət, hər cürə şəraiti olan ailə yataqxanası alaraq oraya qeydiyyata düşmüş, bir neçə il orada yaşadıqdan sonra oranı da satıb, valideynlərinin evinə qayıtmışdır. Bundan sonra o, yenidən eyni iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia əsasız olduğundan rədd edilmişdir. İddiaçı Cavabdeh, onun həyat yoldaşından, dayısından dəfələrlə Binəqədi Rayon Prokurorluğuna, Binəqədi RPİ-nə, 5-ci Polis Bölməsinə, Sumqayıt Şəhər Prokurorluğuna, Sumqayıt ŞPİ-nə, 1-ci, 3-cü, 4-cü polis bölmələrinə, Nümayəndə Vəkillər Kollegiyasına, Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyətinin sədri N.Cəfərovaya, müxtəlif ali dövlət orqanlarına, vəzifəli şəxslərə və nazirliklərə şikayətlər ünvanlamış, əsassız yazdığı ərizələrlə onları təhqir etmiş, Nümayəndə dələduz vəkil adlandırmış, dəfələrlə iş yerinə getmiş, onu və ailəsini təhqir etmiş, nalayiq ifadələrdən və söyüşlərdən istifadə edərək Cavabdeh müdafiəsindən əl çəkməyəcəyi təqdirdə onu ölümlə hədələmiş, bunun üçün çantasında bıçaq gəzdirdiyini nümayiş etdirmiş, hətta ona şərböhtan ataraq Sumqayıt şəhər 1-ci və 4-cü polis bölməsinə guya sillə vurma və guya aldadaraq onun tərəfindən 2 otaqlı ev alınacağına söz verilməsi və s. yalan şikayətlər etmişdir. Bununla əlaqədar xx xxxx 32019-cu il tarixində saat 18:00 radələrində Sumqayıt şəhər 4-cü PB-də olarkən yenidən ona hədə qorxu gəlmiş, nalayiq ifadələrlə təhqir etmiş, çantasında olan benzin dolu butulkanı nümayiş etdirməklə onun həbs olunmayacağı təqdirdə özünü öldürəcəyini, hətta polis əməkdaşlarından çəkinməyərək çantasında olan biçağı göstərərək onu əvvəl-axır öldürəcəyini bildirmiş, sonra üstünə hücüm çəkərək onu yumruqğu ilə vurmuşdur. xx xxxx 2019-cu ildə saat 10:00 radələrində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun fəaliyyət göstərdiyi H.Əliyev prospektində yerləşən ofisə gələrək, onun üstünə hücum çəkmiş, ölümlə hədələmiş, Vəkil Bürosunda 1 saata yaxın iş rejimini pozmuş, həm vəkillərə, həm də ki, vətəndaşlara gərgin anlar yaşatmışdır. Bundan başqa İddiaçı, Cavabdeh həyat yoldaşına şər böhtan atmış, guya onun qızını zəhərləməyə çalışması, həyat yoldaşının qıznın dayəsi olmasını, keçmiş ərinin dayəsi ilə evlənməsi kimi iftiralar atmış, Cavabdeh başqa qadınla ailə qurmasından hiddətlənərək və ondan bir növ qisas almaq üçün ailə işini televiziya və qazetlərdə nümayiş etdirmiş, Cavabdeh şəklini “axtarılır” başlığı ilə dərc etdirmiş, 2019-cu ilin mart-aprel aylarından başlayaraq “Səni axtarıram” verilişində, “Nedelya” qəzetində guya onun xəbərsiz itkin düşməsi və illərdir ki, barəsində məlumatın olmaması barədə yalan məlumatlar yaymaqla şərəf və ləyaqətini alçatmışdır. Bu hadisələr Cavabdeh sağlamlığına və psixologiyasına mənfi təsir göstərmişdir. Cavabdehin bu hərəkəti Cavabdeh qohumları, iş yoldaşları, qonşuları tərəfindən qınanmasına və hörmətdən düşməsinə səbəb olmuşdur. Verilişlərdə, qəzetlərdə yayılan məlumatlar hamısı yalandır, videoçəkilişlərdə deyilən mənfi ifadələr onun bir şəxs kimi şərəf və ləyaqətinə toxunmuşdur. “Xəzər” televiziya kanalının “Səni axtarıram” verilişinin müxbiri Xoşqədəm xanımın Cavabdeh haqqında dediyi həqiqətə uyğun olmayan “keçmiş həyat yoldaşından və uşağına aliment verməkdən canını qurtarmaq istəyən Cavabdeh” ifadələri ilə onu hörmətdən salmış və el içində rüsvay etmişdir. İddiaçı təqsiri nəticəsində Cavabdeh bu illər ərzində dəfələrlə stress və gərginliklər keçirməklə mənəvi sarsıntılara düçar olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissədə - ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Cavabdeh və ya nümayəndəsi məhkəməyə gələməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı isə şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, heç zaman Cavabdeh təhqir etməmiş, “Səni axtarıram” verilişində onu əmək haqqını gizlətdiyi və hansı xarici ölkədə işlədiyini bilmədiyi, hansı şirkətdə nə qədər əmək haqqı almasını müəyyən etmək üçün axtarmış, verilişdən sonra qəzetdə müvafiq elan yerləşdirilmişdir. Həmin verilişdə jurnalist Cavabdeh barəsində onun xoşuna gəlməyən ifadələr işlədibsə, o, verilişi məhkəməyə verə bilər, vəkil isə təhqir olunubsa bu barədə özü iddia qaldırmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni ilkin iddiaçı mübahisələndirməmiş, qarşılıqlı iddiaçı isə qətnamənin yalnız yuxarıda göstərilən hissəsindən narazlığını ifadə etmişdir. Başqa sözlə, qətnamənin ilkin iddianın rədd edilməsi ilə bağlı hissələri apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hallara görə, İddiaçı kütləvi informasiya vasitələrində həyat yoldaşı haqqında təhqiramiz (dayə və.s) ifadələr işlətmiş, onun itkin düşməyi, axtarışda olmağı, aliment ödəməməyi, guya qızını psixoloji stresə və xəstəliyə salması və sairə barədə yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymış, vəkilini hədələmiş, yalan məlumatlar nəticəsində “Səni axtarıram” verilişində aparıcı onun haqqında ələsalıcı və həqiqətə uyğun olmayan ifadələr (“keçmiş həyat yoldaşından və uşağa aliment verməkdən canını qurtarmaq istəyən”) işlətmiş, bütün bunlar nəticəsində şərəf və ləyaqətinə xələl gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, habelə maddi hüquq normasını düzgün təfsir etməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. İşin müəyyən olunmuş hallarına görə tərəflər keçmiş ər-arvaddırlar; onların arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsi əsasında pozulmuş, bundan sonra aralarında müxtəlif mübahisələr başlanmış, İddiaçı Cavabdeh və onun həyat yoldaşı barəsində polis orqanına şikayət ünvanlamış, “Xəzər” Televeziya Kanalında “Səni axtarıram” verilişində “Cavabdeh ikinci dəfə ailə həyatı qurduğu qadının qızının dayəsi olması”, “keçmiş ərinin dayəsi ilə evlənməsi” kimi fikirlər səsləndirmiş (bu fakt iş materiallarına əlavə olunmuş SD diskdə olan görüntülərlə öz təsdiqini tapmışdır), “Nedelya” qəzetinin xx.xx.2019-cu il tarixli sayında Cavabdeh şəklini onun xəbərsiz itkin düşməsi barədə elan verməklə dərc etdirmişdir. Kollegiya hesab edir ki, İddiaçı qarşılıqlı iddiaçı barəsində “Səni axtarıram” verilişində səsləndirdiyi fikirlərin, həmçinin onun şəklini xəbərsiz itkin düşməsi barədə elan verməklə dərc etdirməsinin Cavabdeh haqqında kollektiv (yaxud ayrı-ayrı şəxslər) arasında mənfi rəy yaradan, işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməməsi mümkün olmamaqla, birinci instansiya məhkəməsinin hansı əsasla əks nəticəyə gəlməsi qeyri-müəyyən qalmışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. İşin hallarından görünür ki, İddiaçı, qarşılıqlı iddiaçı barəsində “Səni axtarıram” verilişində səsləndirdiyi fikirlərin, həmçinin onun şəklini xəbərsiz itkin düşməsi barədə elan verməklə dərc etdirməsinin həqiqətə uyğun olması barədə məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Əksinə, işin hallarından aydın olur ki, Cavabdeh Mülki Məcəllənin 23.2-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, cavabdehin “Xəzər” telekanalında yayımlanan “Səni axtarıram” verilişində Cavabdeh barəsində səsləndirdiyi fikirlər, eləcə də “Nedelya” qəzetinin xx.xx.2019-cu il tarixli sayında Cavabdeh şəklini onun xəbərsiz itkin düşməsi barədə elan verməklə dərc etdirməsi həqiqətə uyğun olmayan, Cavabdeh şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunmaqla, İddiaçı üzərinə adı çəkilən kütləvi informasiya vasitələrinə təkziblə bağlı məktubun göndərilməsi vəzifəsi qoyulmalıdır. Bununla belə kollegiya, qarşılıqlı iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab etmir; belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X6 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Kollegiya İddiaçı üzərinə təkzib vermə vəzifəsinin qoyulmasını qarşılıqlının iddiaçının ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-852/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh barəsində “Xəzər” televiziya kanalında yayımlanan “Səni axtarıram” verilişində “Cavabdeh ikinci dəfə ailə həyatı qurduğu qadının qızının dayəsi olması, keçmiş ərinin dayəsi ilə evlənməsi” barədə verilən məlumatlar, həmçinin “Nedelya” qəzetinin xx.xx.2019-cu il tarixli sayında Cavabdeh şəklini xəbərsiz itkin düşməsi barədə elan verməklə dərc etdirməsi həqiqətə uyğun olmayan məlumatlar hesab olunmaqla onun üzərinə “Xəzər” televiziya kanalında yayımlanan “Səni axtarıram” verilişinə və “Nedelya” qəzetinə təkzib verməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsi qoyulsun. Qarşılıqlı iddia tələbi qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3769/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3769/2021
29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver