Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-377/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-55/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh 600 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-55/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında elektrik xətlərinin çəkilməsi ilə bağlı heç bir razılaşma olmayıb və onun tərəfindən mənzildə heç bir iş aparılmayıb, evində görülən təmir işlərində iddiaçının heç bir iştirakı olmayıb. Rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur, belə ki işin faktiki halları yetərincə araşdırılmamış, məhkəmə iclasında iddiaçı tərəfindən şahid kimi təqdim edilən şəxslərin ifadələri arasında ziddiyyətə əhəmiyyət verilməmiş və yekun nəticə kimi işə əsassız varlanma kimi qiymət verilmiş və sonda düzgün qərar qəbul edilməmişdir. Bundan başqa məhkəmə iclaslarının vaxtı barədə də ona vaxtında məlumat verilməmiş, məhkəmə bildirişləri çatdırılmamış və ekspertizanın da keçirilməsindən xəbərsiz olmuşdur. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə Kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir
5. Məhkəmə Kollegiyasının iclasında cavabdehin vəkili Vəkil çıxış apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa ekspert rəyinə münasibətdə isə bildirdi ki, iddiaçının dediyi məbləğlə rəydə qeyd olunan məbləğ üst-üstə düşmür.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sübutların tədqiqi:
7. Binəqədi Rayon Məhkəməsinin 2(001)-803/2013 saylı, 04 iyun 2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, dəymiş maddi zərərə görə 1186 manat, ödənilmiş dövlət rüsumunun 8 manatı, cəmi 1194 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Bakı Apelyasiya Məhkəməsinin 16 sentyabr 2013-cü il tarixli, 2(103)-4673/2013 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 803/2013 saylı, 04 iyun 2013-cü il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilən şikayətin təmin edilməməsi, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-803/2013 saylı, 04 iyun 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
9. Binəqədi Rayon Məhkəməsinin 2(001)-530/2014 saylı, 21 iyul 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı evin 71 saylı mənzilində binanın layihəsində nəzərdə tutulmamış yenidənqurma işlərinin aparılması yolu ilə evinin eyvanında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.
10. Bakı Apelyasiya Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli, 2(103)-6366/2014 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-530/2014 saylı, 21 iyul 2014-cü il tarixli qətnaməsinin Bakı şəhəri, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı evin 71 saylı mənzilində binanın layihəsində nəzərdə tutulmamış yenidənqurma işlərinin aparılması yolu ilə evinin eyvanında inşa edilmiş qeyriqanuni tikilinin cavabdehin hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətə qaytarılması hissəsində ləğv edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin obyektiv həlli üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekpertizasının keçirilməsi barədə 03 iyun 2019-cu il tarixli, 2(001)- 3957/2019 saylı qərardad qəbul edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov tərəfindən məhkəməyə ekspertizasının aparılmasından imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli məlumat verilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-377/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi qərara alınmış, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, ekspertlər qarşısında “ünvan 1 ünvanda hər otaq üçün elektrik işlərinin görülməsi üçün hansı məbləğdə vəsaitin (işçilik və material xərcləri ayrı-ayrılıqda hesablanmaqla) sərf edilməsinin müəyyən edilməsi” sualı qoyulmuşdur.
14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1850 nömrəli ekspert rəyindən məlum olur ki, ünvan 1 ünvanda hər otaq üçün elektrik işlərinin görülməsi üçün maliyyə dəyəri 620,0 manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
26. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iddiaçı cavabdehin evinin elektrik xətlərinin təmirinə görə 600 manat xərc çəkdiyini iddia edir.
29. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 377/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi qərara alınmışdır.
30. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1850 nömrəli ekspert rəyindən məlum olur ki, ünvan 1 ünvanda hər otaq üçün elektrik işlərinin görülməsi üçün maliyyə dəyəri 620,0 manat müəyyən edilmişdir.
31. Beləlilə, Kollegiyanın araşdırmaları nətcəsində cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
32. Hazırkı iddia ərizəsinin məzmunundan, eləcə də işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Hazırkı halda iddiaçının iddia tələbi işin müəyyən olunmuş faktiki halları baxımından yuxarıda istinad olunan qanunun normasının dispozitiv şərtlərinə uğun olduğundan, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Nəticə:
33. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.
35. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Hazırkı halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-55/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev