Məhkəmə qərarları › İş №2(103)-377/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-377/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-377/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2, digər cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-173/22 saylı iş üzrə 29 iyun 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Ford Cargo” yük markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dir.

2. Cavabdeh1 “Ford Cargo” yük markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibarnamə vermişdir.

3. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, saat 13:40-da Bilgəh yolu istiqamətində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Rolls Royce” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir.

4. "xxxx" MMM tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Qüsur Aktına əsasən hadisə nəticəsində “Rolls Royce” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 88.614,37 manat məbləğində zərər dəymişdir. Dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı 299,69 manat məbləğində xərc çəkilmişdir.

5. Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 9/2521 №-li ekspert rəyi ilə avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 67.656,0 manat müəyyən edilir.

6. “X3” MMC-nin xx.xx.2022-ci il tarixli, 138 №-li rəyi ilə avtomobilin qəzadan öncəki bazar qiyməti - 493762,00 manat müəyyən edilmişdir. Avtomobilə dəymiş ziyanla əlaqədar təmir-bərpa xərci - 67430,00 manat müəyyən edilmişdir. Avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə iyun 2022-ci il tarixinə olan bazar qiyməti - 395010,00 manat müəyyən edilmişdir. Avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə 2022-ci ilin iyun ayına olan bazar qiyməti arasındakı qiymət fərqi - 98752,00 manat müəyyən edilmişdir.

7. 14.03.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 hesabına 4856,95 manat sığorta ödənişi köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus avtomaşına dəymiş zərərin əvəzi olaraq 88.614,37 AZN məbləğin; avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 299,69 AZN məbləğin, hadisə nəticəsində avtomaşının əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzi olaraq 170.000 AZN məbləğin; məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 AZN məbləğin; ümumilikdə 258.944,06 AZN pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bilgəh yolu istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomaşına zərər dəymişdir. "xxxx" MMM tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qüsur aktından da göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomaşına dəymiş zərər 88614,37 manat təşkil etmişdir. Avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün avtomaşın texniki baxış, zədələnmənin yoxlanması, əlavə təchizatın yoxlanması, elektron yoxlama prosedurundan keçirilmiş və 299,69 manat xidmət haqqı ödənilmişdir. "xxxx" MMM iddiaçıya məxsus ROLLS-ROYCE markalı maşının Azərbaycandakı rəsmi distributorudur, məhz bu səbəbdən maşın həmin servis tərəfindən yoxlanışdan keçirilib. Qeyd edilən YNH-dən sonra avtomaşın istismar ediləsi vəziyyətdə olmamış, bazar dəyəri 30% aşağı düşmüşdür. Bu məqsədlə, tərəfindən “X3” MMC-nə sorğu olunmuş və rəyə əsasən 2015-ci il buraxılışlı, “Rolls Royce” markalı, “Wraith” modelli, Kupe tipli, **-TR-*** dövlət qeydiyyat nişanlı, Mühərrik həcmi 6592 sm3 , rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti - 493762,00 manat, avtomobilə dəymiş ziyanla əlaqədar təmir-bərpa xərci - 67430,00 manat, avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə iyun 2022-ci il tarixinə olan bazar qiyməti - 395010,00 manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə 2022-ci ilin iyun ayına olan bazar qiyməti arasındakı qiymət fərqi - 98752,00 manat müəyyən edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-173/22 saylı iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin olunaraq, Cavabdeh2 62.799,05 manat məbləğində dəymiş zərər və 299,69 manat avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş xidmət haqqı olmaqla, cəmi 63.098,74 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8 manat pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulması, dövlət rüsumunun qalan 22 manat hissəsinin iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə etdiyindən, ziyan vuran nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 onu etibarnamə əsasında bilavasitə ziyan vuran üçüncü şəxsin, yəni Cavabdeh2 qanuni olaraq istifadəsinə verdiyi üçün, məhkəmə mülki hüquq pozuntusuna görə yalnız Cavabdeh2 cavabdehlik daşımalı olduğu qənaətinə gəlir. Məhkəmə, həmçinin məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab etmiş və bu nəticəyə gəlmişdir ki, hadisə ilə bağlı iddiaçıya "xxxx" ASC tərəfindən 4856,95 manat sığorta ödənişi ödənildiyindən həmin məbləğ 67.656 manat kimi müəyyən olunan zərərin ümumi məbləğindən çıxılmalı və son nəticədə Cavabdeh2 iddiaçının xeyrinə 67.656- 4856,95=62.799,05 manat tutulmalıdır. Məhkəmə həmçinin avtomaşının təmir edilib halhazırda iddiaçının istifadəsində olduğunu, iddiaçının maşını satmaq kimi bir niyyəti olmadığını və sadəcə olaraq maşını zədələndiyi üçün gələcəkdə satacağı təqdirdə həmin fərqin ödənilməsi üçün qabaqlayıcı tədbir görmək istədiyini nəzərə alaraq hadisə nəticəsində avtomaşının əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin ödənilməsi tələbini təmin etməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.5, 1096.2, 1114.1, 1108.1, 1099.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarındakı “maddi şərt”in ödənilmədiyini nəzərə almamamışdır. Qərardakı hüquqi mövqe bundan ibarət olmuşdur ki, “Şəxsin yüksək təhlükəli mənbəyinin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.” Göründüyü kimi, etibarnamənin olması (hətta bunu, “yüksək təhlükəli mənbəyinin sahibi” hesab edilmək üçün ilkin şərt kimi qəbul etsək belə) həmin avtomobili idarə edən şəxsi avtomatik olaraq 1108-ci maddədəki zərərin əvəzini ödəməli olan şəxsə aid etmir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Hazırkı işdə cavabdeh sahibkar yüksək təhlükə mənbəyindən gəlir əldə edir və faktiki olaraq ondan yararlanır (məhz bu səbəbdən də hər hansı dövrə görə ödəniş edilməyəndə nəqliyyat vasitəsini onu idarə edənin - yəni, ikinci cavabdehin əlindən ala bilir). Belə olan halda hər iki şərtə (həm mülkiyyətçi kimi sahiblik edən və maddi marağı olmaqla gəlir götürən şəxs kimi) cavab verən şəxs sahibkardır. Şərh edilənlərdən də göründüyü kimi, zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh1 məsuliyyət daşıdığı aşkardır. İddiaçı mülkiyyətində olan həmin avtomaşına dair istədiyi zaman sərəncam verə bilər. Bununla da məhkəmə xüsusi mülkiyyəti tənzimləyən normaların tələbini pozmuşdur. Yaranmış qiymət fərqi ilə bağlı isə iş materiallarında ekspert rəyi də mövcuddur. Məhkəmə iş üzrə cavabdehin (mülkiyyətçi) adına 16 ədəd avtomaşının olmasını və onların hər birinə dair bir neçə şəxsə etibarnamə verməsi kimi halları araşdırma predmetinə çevirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

17. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

18. Digər cavabdehin nümayəndəsi də apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

23. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı:

25. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Şəxsin yüksək təhlükəli mənbəyinin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, cavabdehlər isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın rədd olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - hadisə nəticəsində avtomaşının əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzi olaraq 170.000 AZN məbləğin cavabdehlərdən tutulması tələbinin rədd olunması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

30. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edildiyi halda cavabdehin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulmalıdır.

32. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə etmişdir. Hazırkı işdə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 onu etibarnamə əsasında bilavasitə ziyan vuran üçüncü şəxsin, yəni Cavabdeh2 qanuni olaraq istifadəsinə verdiyi üçün, mülki hüquq pozuntusuna görə cavabdehliyi də məhz sonuncu daşımalıdır. İddiaçı Cavabdeh1 Cavabdeh2 etibarnamə əsasında verdiyi nəqliyyat vasitəsindən gəlir əldə etməsi və yararlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf sadəcə olaraq Cavabdeh1 sahibkar kimi qeydiyyatda olması barədə çıxarış təqdim etmişdir ki, həmin çıxarışdan da cavabdehin nəqliyyat vasitəsini gəlir götürmək məqsədilə verməsi öz təsdiqini tapmır. Əksinə, Cavabdeh1 məhkəmə iclasında qeyd olunan nəqliyyat vasitəsini digər Cavabdeh2 satdığını, lakin sonuncu borcu tam ödəmədiyindən onun adına rəsmiləşdirmədiyini bildirmişdir. Həmçinin, Cavabdeh2 da məhkəmə iclasında verdiyi izahatında həmin nəqliyyat vasitəsini Cavabdeh1 aldığını, lakin borcu qaldığı üçün nəqliyyat vasitəsinin onun adına keçirilmədiyini və sadəcə olaraq etibarnamə verildiyini bildirmişdir.

33. Apellyasiya şikayətinin əsas dəlilləri Mülki Məcəllənin 21, 1097-ci və s. maddələrinin düzgün tətbiq olunmaması, vurulmuş ziyanın əvəzinin ödənilməsi vəzifəsinin hər iki cavabdehin üzərinə qoyulmalı olduğu halda, yalnız bir cavabdehin üzərinə qoyulması, avtomaşının qəzadan əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzinin ödənilməsi tələbinin əsassız olaraq rədd olunması və s. barədədir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı ziyanın əvəzinin hər iki cavabdehin üzərinə qoyulması üçün hər hansı qanuni əsas müəyyən edilməmişdir.

35. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, ziyan vuran nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 həmin nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh2 qanuni istifadəsinə vermişdir və yol nəqliyyat hadisəsi məhz etibarnamənin qüvvədə olduğu müddət ərzində baş vermişdir. Mülkiyyətçi avtomobili etibarnamə əsasında faktiki olaraq Cavabdeh2 satdığını bildirmiş və sonuncu bunu təsdiq etmişdir. Apellyasiya baxışı zamanı mülkiyyətçinin həmin avtomobildən istifadə ilə bağlı gəlir, mənfəət əldə etməsi müəyyən edilməmiş və iddiaçı tərəfindən bununla bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır.

36. Avtomaşına dəymiş ziyanın məbləği isə Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 9/2521 №-li ekspert rəyi əsasında müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni əsaslandırarkan yuxarıda qeyd olunan halları, habelə Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 9/2521 №-li ekspert rəyinin mötəbər olmaqla kifayət qədər əsaslandırıldığını, rəydə digər sübutların məcmu şəkildə tədqiq edildiyini nəzərə almışdır.

38. Göstərilənlərlə yanaşı Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi avtomaşının qəzadan əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzinin ödənilməsi tələbinə dair hissədə düzgün nəticəyə gəlməmiş və əsassız olaraq tələbi həmin hissədə tam rədd etmişdir.

39. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək və işin tam, hərtərəfli, obyektiv araşdırlmasına nail olmaq məqsədilə iş üzrə əlavə ekspertiza təyin olundu və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 24 yanvar 2023-cü il tarixli rəyə əsasən müəyyən edildi ki, avtomaşının qəzadan əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 350 000 manat təşkil edir və qəzadan sonra dəyərinin 10 % aşağı, yəni 35 000 manat düşməsi istisna olunmur.

40. Məhkəmə kollegiyası bu rəyin istər elmi-nəzəri, istərsə də praktiki cəhətdən kifayət qədər əsaslandırıldığını nəzərə alaraq onun mötəbərliyini qəbul edir.

41. Məhkəmə kollegiyasının qənaətinə görə avtomaşının gələcəkdə satılıbsatılmayacağından asılı olmayaraq qəza nəticəsində avtomobilin dəyəri aşağı düşmüşdür və aparılmış təmir-bərpa işləri belə bunun qarşısını ala bilməmişdir.

42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin olunmaqla qətnamə həmin hissədə ləğv edilməli, iddia qismən təmin olunmalıdır.

44. MPM nəzərdə tutur ki, qətnamədə göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1, 385.1.4).

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi qismən – avtomaşının qəzadan əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzi olaraq 170.000 AZN məbləğində pulun ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh2 “Rolls Royce” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomaşının qəzadan əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqə görə 35 000 (otuz beş min) manat tutulub İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində işdə iştirak edən şəxslər tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar