Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3770/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-910/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 6450 manat məbləğində pulun, mənəvi ziyana görə isə 200000 manat məbləğində təzminatın onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-910/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş və iddiaçıya izah edilmişdir ki, iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kim iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmaqla artilleriya-batareya komandiri vəzifəsində xidmət etmişdir. O, N nömrəli hərbi hissəsinin minaatan batareya komandiri olmuşdur. Hazırki iddia tələbi isə onun xidmət dövründə aylıq əmək haqqından əsassız tutulmalar edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyanın, həmçinin əsassız olaraq onun xidmət yerini özbaşına tərk etməyindən şikayət edilməsinin, CM-nin 333.4-1-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edilsə də, bu halın onun nüfuzuna xələl gətirməsi, «pis hərbçi» kimi onun bir sıra mühüm təltiflərdən və mükafatlandırmadan kənarda qalması, psixoloji sarsıntılara düçar olması nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə isə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə də haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının hazırki iddiası hərbi qulluqçu kimi xidmət etdiyi inzibati orqan olan Müdafiə Nazirliyinin qanunsuz və əsassız hesab etdiyi hərəkətlərinə əsaslandığını və dövlət orqanının hərəkətləri nəticəsində ona vurulmuş (əmək haqqı ilə bağlı) maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır, eləcə də hazırki iş predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və bu səbəbdən mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmədə baxılmalıdır. Belə olan halda, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən hazırki iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-910/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3770/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3770/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver