Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3777/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-nə və X7 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mübahisənin məhkəməyə aidiyyati, işə məhkəmədə baxılmalı olması, icraata xitam) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdeh X4 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Oqtay oğlunun "xxxx" MMC-nə və X7 qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “sənədin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsindən "xxxx" MMC-nin və X4 nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45a, 8-ci km. qəsəbəsində yerləşən əmlak kompleksi İddiaçı Oqtay oğlunun adına mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
2. ünvan 1 ünvanında yerləşən, sahəsi 911 kv.m olan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti və X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1460 nömrəli torpaq icarə müqaviləsi əsasında 49 il müddətində icarə hüququ əsasında X4 adına qeydiyyata alınmış, müqavilə X10 adından çıxış edən Qanuni nümayəndə tərəfindən imzalanmışdır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 088343 saylı İSN/L-242/2016 qeydiyyat nömrəli lisenziya ilə "xxxx" MMCyə tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərini həyata keçirməyə icazə verilmişdir. Həmin lisenziyanın xx.xx.2017-ci il tarixli əlavəsində göstərilmişdir ki, "xxxx" MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri fəaliyyəti üzrə icazə verilən işlərin siyahısına mühəndis-geodeziya və geofiziki işləri daxildir.
4. ünvan 3 ünvanında yerləşən, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X7 icarəyə verilən torpaq sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən 2022-ci ildə “Geodeziya İşləri” adlı eskiz layihəsi tərtib edilmiş, həmin Cəmiyyətin direktoru O.Kəngərli və topoqraf E.Baxşəliyev tərəfindən imzalanmış həmin sənəddə torpaq sahəsinin ölçüləri və sərhədləri müəyyən olunaraq qeyd edilmişdir ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən torpaq sahəsi 911 kv.m göstərilmişdir. Fakt olaraq X4 istifadəsində olan torpaq sahəsinin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 kv.m təşkil edir. Artıq göstərilmiş 40 kv.m torpaq sahəsi isə X4 hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq sahəsinin ərazisindədir”.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" Kollektiv X1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin və çıxarışın ləğv olunması, torpaq sahəsindən çıxarılma” tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826,2 kv.m torpaq sahəsinin X4 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış resestr qeydinin və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli reyestr çıxarışının ləğv olunması, X4 "xxxx" Kollektiv Müəssisəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, X4 qanuni nümayəndəsi Qanuni nümayəndə və Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" Kollektiv Müəssisəsinə qarşı “xx.xx.2015-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmiş, eyni tarixli qərardadla ilkin iddianın “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin X4 icarəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə X4 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə xitam verilməsi qərara alınmışdır.
6. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi vaxtı ilə müvafiq məhkəmə qərarları əsasında özəlləşdirildiyindən ayrıc aktı olmamış və müəssisəyə məxsus iş materiallarında olan çıxarışda qeyd edilmiş torpaq sahəsinin koordinatları dəqiqləşdirilərək "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə X7 məxsus torpaq sahəsinin 40 kv.m-i üst-üstə düşür.
7. İddiaçı X7 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.
8. Həmin qətnamədən cavabdehlərin verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya icraatı başlanmışdır və hazırda sözügedən mülki iş 2(103)-6679 sayısı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı Oqtay oğlu (iddiaçı) "xxxx" MMC-nə və X7 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, saxta sənədlərin hazırlanması, həmin sənədlərdən istifadə edilməsi və mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması ilə bağlı "xxxx" MMC-nin vəzifəli şəxslərinin, X4 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızının) və digər şəxslərin əməllərində cinayət əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsini, "xxxx" MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin eskiz layihəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X4 qanuni nümayəndəsi Qanuni nümayəndə uzun illərdir niyyəti onun mülkiyyətindəki ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə bitişik olan və yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən torpaq sahəsini, eyni zamanda onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək orada yaşayış evi tikməkdir. Hətta bu qanunsuz əməlinə görə Nizami Rayon Polis İdarəsi tərəfindən Qanuni nümayəndə yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında qanunsuz tikinti işləri aparması faktı üzrə 14 avqust 2014- cü ildə Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cinayət işi başlanmış, sonradan cinayət işi həmin Məcəllənin 222- 2.1-ci maddəsinə tövsif edilmişdir. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir. Qanuni nümayəndə zəbt etdiyi 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən torpaq sahəsinə rəsmi sənəd əldə etmək üçün ruhi xəstəlikdən əziyyət çəkən qardaşı X4 İ qrup əlil olmasından sui-istifadə edərək Bakı şəhər İcra Hakimiyyəti ilə xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi bağlamış, müqaviləyə əsasən, Bakı şəhəri, Çobanzadə küçəsi 45 saylı binanın qarşısındakı 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən 826,2 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə İ qrup əlil olan Cəlal Həmidova icarəyə verilmişdir. İcarə müqaviləsi Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə və Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov tərəfindən imzalanmışdır. Lakin həmin müqavilə əsasında onun mülkiyyətində olan torpaq sahəsinin 40 kv.m hissəsi də qanunsuz olaraq Cəlal Həmidovun icarəsinə verilmişdir. Qanuni nümayəndə həmin icarə müqaviləsi əsasında ona məxsus hasarı sökərək onun yerində və zəbt etdiyi 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin üzərində olan sanitar-mühafizə zonasında iki ədəd fərdi yaşayış evinin tikintisinə başladığından, onun bu qanunsuz hərəkətləri mülkiyyət hüququnu pozduğundan o, xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Mülkiyyət hüquqlarının müdafiəsinə dair iddiasına baxılarkən Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə 0912 saylı xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi haqqında 20 aprel 2018-ci il tarixli bildirişi təqdim edərək bildirmişdir ki, həmin icarə müqaviləsi onun öz ərizəsi əsasında ləğv edilmişdir. Lakin Qanuni nümayəndə eyni tarixdə, yəni 20 aprel 2018-ci il tarixli 1460 saylı yeni icarə müqaviləsinin bağlandığını məhkəmədən gizlətmişdir. Nəticədə yeni icarə müqaviləsinin bağlanmasından xəbərsiz olan və tərəflər arasında icarə münasibətlərinin mövcud olmadığını hesab edən Bakı şəhəri Nizami Rayon Məhkəməsi icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində işin icraatına xitam vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Qanuni nümayəndə 0912 saylı xx.xx.2010-cu il tarixli icarə müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsindən yayınmaq məqsədilə saxtakarlıq edərək eyni tarixdə, yəni xx.xx.2018-ci il tarixdə həm ləğvetməyə dair bildirişə əsasən 0912 saylı xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsinə nail olmuş, həm də Bakı şəhər İcra Hakimiyyəti ilə eyni tərəflər arasında, eyni torpaq sahəsinə dair 1460 saylı xx.xx.2018-ci il tarixli yeni icarə müqaviləsi bağlamışdır. Belə ki, yeni icarə müqaviləsi bağlanmazdan öncə mübahisəli torpaq sahəsinin ilkin planı və ölçüsü hazırlanmamış, dəqiq koordinatları müəyyən edilməmiş və hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2018-ci il tarixli 1460 saylı yeni icarə müqaviləsində də torpaq sahəsinin planı və ölçüsünün mövcud olması barədə heç bir qeyd öz əksini tapmamışdır. Torpaq sahəsinin planı və ölçüsünün mövcud olub-olmaması barədə dəfələrlə Bakı şəhəri İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğular təqdim etsələr də bu günə qədər həmin torpaq sahəsinin planı və ölçüsü onlara təqdim edilməmişdir. Hətta xx.xx.2018-ci il tarixli 1460 saylı yeni icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində araşdırma aparılarkən müvafiq məhkəmə sorğuları ilə həmin sənədin təqdim edilməsi Bakı şəhəri İcra Hakimiyyətindən tələb edilsə də torpaq sahəsinin planı və ölçüsü məhkəməyə təqdim edilməmişdir. Nəticədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2018-ci il tarixli 1460 saylı icarə müqaviləsinin ləğv edilməsi və Cəlal Həmidovun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qanuni nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verərək saxta 20 aprel 2018ci il tarixli 1460 saylı icarə müqaviləsinə hüquqi don geyindirmək və guya həmin icarə müqaviləsi əsasında icarəyə verilmiş torpaq sahəsinin koordinatlarının mövcud olduğunu göstərmək üçün növbəti saxtakarlığa əl atmışdır. Belə ki, Qanuni nümayəndə faktiki istifadəsində olan torpaq sahəsinin cizgi-sxeminin çəkilməsini “Kəngərli" MMC adlı şirkətə sifariş vermiş, həmin şirkət isə yerində baxış keçirmədən, icarəyə verilmiş torpaq sahəsinin rəsmi dönmə nöqtələri mövcud olmadığı halda saxta cizgi-sxem tərtib edərək Qanuni nümayəndə təqdim etmişdir. Qanuni nümayəndə isə həmin saxta kağız parçasını müxtəlif məhkəmələrə üstün hüquqi qüvvəli sübut kimi məhkəməyə təqdim edərək özünü guya koordinatları bəlli olan torpaq sahəsinin qanuni istifadəçisi kimi göstərmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin qüvvədə olan normalarına əsasən, cavabdeh Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında 20 aprel 2018-ci il tarixli 1460 saylı icarə müqaviləsi bağlanmazdan öncə icarəyə veriləcək torpaq sahəsinin sərhədləri yerində və xəritədə müəyyən edilməli, torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı, onun sərhədləri yerə (naturaya) keçirilməli, yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməli, yalnız bundan sonra icarə müqaviləsi bağlanmalı və ən əsası icarəyə verilən torpaq sahəsinin planı və ölçüsü icarə müqaviləsində göstərilməli idi. Lakin qanunvericiliyin bu tələblərinə əməl olunmadığı halda, yəni faktiki olaraq Cəlal Həmidovun icarəsinə verilən torpaq sahəsinin hüdudları, koordinatları icarə müqaviləsində, Bakı şəhəri İcra Hakimiyyətinin tərtib etdiyi torpaq sahəsinin ayrıca planı və ölçüsündə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin təsdiqləyərək qeydiyyata aldığı torpaq sahəsinin planı və ölçüsündə göstərilmədiyi mövcud olmadığı halda 20 aprel 2018-ci il tarixli 1460 saylı müqavilə əsasında icarəyə verilən torpaq sahəsinin "xxxx" MMC tərəfindən dəqiq koordinatlarını özündə göstərən “Geodeziya işləri” adlı sənəd tərtib etməsi tamamilə qanunsuzdur. Çünki səlahiyyətli dövlət orqanları tərəfindən icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsü hazırlanmadığı, qeydiyyata alınmadığı və icarə müqaviləsində göstərilmədiyi halda, heç bir istinad sənədi olmadan "xxxx" MMC-nin “Geodeziya işləri" adlı sənəd tərtib etməsi absurddur. Ümumiyyətlə, torpaq sahəsinin planı və ölçüsü mövcud olmadığı halda bu tip sənədlərin verilməsi mənfi praktikanın formalaşmasına səbəb olur. Çünki belə görüntü yaranır ki, istənilən şəxs müqavilədə dəqiq koordinatları göstərilməyən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi adı altında "xxxx" MMC kimi şirkətlərə tamamilə başqa şəxslərə məxsus torpaq sahəsini özününkü kimi təqdim edərək həmin torpaq sahəsinə dair öz adına belə koordinatlar ala bilər. "xxxx" MMC kimi şirkətlər də həqiqətən torpaq sahəsinin sifarişçiyə aid olubolmamasını araşdırmadan və buna əmin olmadan həmin sənədi tərtib edərək təmin edə bilər. Hazırki işdə "xxxx" MMC-nin səlahiyyətli orqanların ona verdiyi lisenziyadan suiistifadə edərək Cəlal Həmidova ayrılan torpaq sahəsinin planı və ölçüsü mövcud olmadığı halda, həmin torpaq sahəsinin koordinatlarını özündə əks etdirən hər hansı bir rəsmi sənədə istinad etmədən “Geodeziya işləri” adlı sənəd tərtib etməsi və Qanuni nümayəndə həmin saxta sənədi məhkəmələrə təqdim edərək icarə müqaviləsinin qanuni olmasıyla bağlı iddialar irəli sürməsi, ədalət mühakiməsini aldatması, dövlətin və vətəndaşların qanuni maraqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Belə ki, Qanuni nümayəndə "xxxx" MMC-nin qanunsuz olaraq tərtib etdiyi saxta “Geodeziya işləri” adlı sənədi Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6679/2022 saylı mülki iş üzrə məhkəməyə sübut qismində təqdim edərək torpaq sahəsinin koordinatlarının mövcud olduğunu iddia edir və bununla da məhkəmə qaydasında mübahisələndirdiyi 20 aprel 2018-ci il tarixli 1460 saylı icarə müqaviləsinin qanuni olmasını əsaslandırmağa çalışır.
11. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 izahatında bildirmişdir ki, qüvvədə olan torpaq haqqında qanunvericiliyə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi isə yerquruluşu qaydasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin müvafiq icra hakimiyyəti orqanı dedikdə isə səlahiyyətli olan orqan İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hesab edilir. Lakin Bakı şəhər İcra hakimiyyəti tərəfindən cavabdeh Cəlal Həmidovun istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinə 40 kv.m sahədə müdaxilə edərək mülkiyyət hüququnu pozmuşdur. Həmin mülki mübahisə ilə bağlı tərəflər arasında digər məhkəmə araşdırması davam edir və hazırda apellyasiya instansiyası məhkəməsinin icraatındadır. Həmin məhkəmə araşdırması ilə müəyyən edilir ki, icra hakimiyyəti tərəfindən torpaq sahəsi icarəyə verilərkən sərhədləri müəyyən edilməmiş və kadastr sxemi tərtib edilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh icra hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin sərhədlərini qanuniləşdirmək üçün "xxxx" MMC-yə verdiyi sifariş əsasında torpaq sahəsinin layihəsini tərtib edib sübut olaraq apellyasiya məhkəməsinə təqdim etmişdir. Bu səbəbdən "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edilmiş "Geodeziya işləri” adlı eskiz layihəsi iddiaçının qanunla qorunan mənafeyinə toxunur. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin kadastr planı mövcuddur və səlahiyyətli orqan tərəfindən təsdiq edilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi layihəyə görə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədləri ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri 40 kv.m hissədə üst-üstə düşür ki, bu da mülkiyyətçinin mənafeyinə toxunur. Göründüyü kimi Cəlal Həmidovun qanuni nümayəndəsi olan Qanuni nümayəndə “Geodeziya işləri” adlı eskiz layihədən istifadə edərək zəbt etdiyi yeri qanuniləşdirmək niyyətindədir. İcra hakimiyyətinin qərarını inzibati qaydada mübahisləndirməklə bağlı bildirir ki, bu işlər neçə illərdir ki, inzibati və mülki qaydada, eləcə də polis orqanlarında araşdırılmış və hələ də araşdırma davam etdirilməklə yekun qərar qəbul edilməmişdir. Hesab edir ki, "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edilmiş “Geodeziya işləri” adlı eskiz layihəsi etibarsız sayılmalıdır, çünki həmin layihə hər hansı səlahiyyətli orqan tərəfindən verilmiş hüquqi sənədə istinad edilməmişdir. Bundan başqa cavabdehin istifadəsində olan torpaq sahəsi yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşir ki, bu hal da qonşu sərhəddə yerləşən mülkiyyətçi olaraq onun hüquqlarına toxunur.
12. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə yazılı etiraz verərək etirazını belə əsaslandırmışdır ki, MMC-yə 04 fevral 2016-cı il tarixli İSN/L- 242/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış fəaliyyəti üzrə işlər görülməsinə (mühəndisgeodeziya və geofiziki) icazə verilmişdir. Qanuni nümayəndə 20 aprel 2018-ci il tarixli 1460 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş torpaq sahəsinin cizgisxeminin çəkilməsini MMC-yə sifariş etmişdir. İddiaçının, "xxxx" MMC kimi şirkətlər torpaq sahəsinin sifarişçiyə aid olub-olmamasını araşdırmadan və buna əmin olmadan həmin sənədi tərtib edərək təqdim edə bilməz” dəlilinə münasibətdə qeyd edir ki, X4 icarəsində olan torpaq sahəsinin cizgi-sxemin çəkilməsi üçün onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən sifariş verilən zaman şirkətə 20 aprel 2018-ci il tarixli 1460 saylı icarə müqaviləsini təqdim edilmişdir. Yəni, həmin torpaq sahəsinin cavabdeh Cəlal Həmidova məxsus olması ilə bağlı heç bir şübhə yaranmamış və bununla bağlı mübahisə olmamışdır. X7 icarəyə verilən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin faktiki istifadə olunan hissəsi onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən "xxxx" MMC-nin əməkdaşlarına göstərilmiş və məhz Bakı şəhər İcra Hakimiyyəti ilə X4 qanuni nümayəndəsi Qanuni nümayəndə arasında bağlanmış icarə müqaviləsi əsasında həmin sənəd hazırlanmışdır. Sənəddə qeyd olunur ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli 1460 saylı müqaviləyə əsasən torpaq sahəsi 911 kv.m göstərilmişdir. Faktiki olaraq müəyyən edilmişdir ki, X5 istifadəsində olan torpaq sahəsinin yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən sərhədləri 871 kv.metr təşkil edir. Mübahisə predmeti olan 40 kv.m torpaq sahəsi isə X5 hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq ərazisi kimi sənəddə qeyd edilmişdir. İcarə müqaviləsi bağlanılmazdan əvvəl və ya sonra torpaq sahəsinin sərhədlərinin xəritədə müəyyən edilməsinin, torpaq sahəsinin planının və ölçüsünün hazırlanması məsələlərinin həllinin "xxxx" MMC-yə aidiyyəti yoxdur. Çünki Qanuni nümayəndə icarə müqaviləsi əsasında icarəyə verilən torpaq sahəsinin çizgi-sxemlərinin tərtib edilməsini "xxxx" MMC-yə sifariş vermiş, MMC isə 04 fevral 2016-cı il tarixli İSN/L- 242/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Qanuni nümayəndə tərəfindən naturada göstərilmiş torpaq sahəsinin planını, yerləşmə sxemini və koordinatlarını özündə əks etdirən sənəd tərtib etmişdir. Yəni, qanunvericiliyin heç bir tələbi pozulmadan faktiki olaraq sifarişçi tərəfindən göstərilən torpaq sahəsinin çizgi-sxemi tərtib olunmuşdur. İcarə müqaviləsi bağlanmazdan əvvəl icarəyə verilən torpaq sahəsinin sərhədlərinin yerdə və xəritədə müəyyən edilməsi, torpaq sahəsinin planının və ölçüsünün hazırlanması məsələsi MMC-nin məsuliyyətində olan məsələ deyildir və MMC tərəfindən yalnız verilən lisenziya əsasında qanunvericiliyin tələblərini gözləmək şərtilə sənəd tərtib edilmişdir. İddiaçı, MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənədin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bunun heç bir hüquqi əsası yoxdur. Ona görə ki, həmin sənəd qanunvericiliyə uyğun olaraq tərtib olunmuş və etibarsız olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. "xxxx" MMC-nin hazırki mübahisə ilə bağlı heç bir marağı yoxdur və yalnız verilən lisenziyaya uyğun fəaliyyət göstərmişdir. MMC-nin hərəkətlərində hər hansı sənədin qanunsuz hazırlanması və saxtalaşdırılması və ya saxta sənədlərdən istifadəsi halı, yəni cinayət əlamətləri mövcud deyildir.
13. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan “Geodeziya işləri” adlı sənəd Cəmiyyət tərəfindən 2022-ci ildə müştəri Qanuni nümayəndə sifarişi əsasında hər hansı kadastr sənədinə istinad edilmədən sifarişçinin verdiyi göstəricilər üzrə tərtib edilmişdir. Adından da göründüyü kimi şirkət tərəfindən yalnız geodeziya işləri, yəni yerin relyefinin ölçülməsi işləri aparılmışdır. Lakin sifarişçinin daha sonra həmin ölçmə sxemini hansı təyinatı üzrə istifadə etməsi Cəmiyyətin məsuliyyətində deyildir. Odur ki, iddia ilə razı deyil. Cəmiyyət yalnız sifarişi icra edib ərazini ölçərək, tərtib edilmiş cizgiləri sifarişçiyə təqdim etmişdir. Səlahiyyətli orqan tərəfindən verilmiş lisenziyaya əsasən Cəmiyyətin geodeziya - ölçü işləri ilə bağlı layihə çəkmək səlahiyyəti vardır, kadastr və eskiz layihəsi çəkmək səlahiyyəti yoxdur. Geodeziya işləri ilə bağlı layihəni çəkərkən onlar hər hansı rəsmi sənəd tələb etmirlər. Sifarişçi hansı sahəni göstərsə onlar onu çəkirlər. Cəmiyyətin əməkdaşları mübahisə predmetini təşkil edən Qanuni nümayəndə sifarişi üzrə “Geodeziya işləri” adlı sənədi tərtib edərkən faktiki olaraq torpaq sahəsinə baxış keçirmiş və ölçü işlərini aparmışlar. Həmin vaxt iddiaçıya məxsus əraziyə keçmədən xüsusi ölçmə cihazları vasitəsilə torpaq sahəsinin ölçüləri götürülmüşdür. Ölçmə zamanı cihaz GPS-ə bağlanır və tinlər lazerlə ölçülür. Yerində bərkidilmiş dönmə nöqtələri ilə bağlı bildirir ki, orada daşdan tikilmiş hasar var, hasara bağlı tinlər əsas götürülmüş və layihədə göstərilmişdir.
14. Cavabdeh X6 nümayəndəsi (vəkili) Vəkil2 izahatında bildirmişdir ki, “Geodeziya işləri” adlı sənəddə iddiaçının hüquqlarına toxunan hər hansı bir hal yoxdur. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə hüquqlarını təmsil etdiyi cavabdeh arasında 20 aprel 2018- ci il tarixli 1460 saylı müqaviləsi bağlanmışdır. Cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən 2022-ci ildə “Geodeziya işləri” adlı eskiz layihəsi tərtib edilmişdir. Qeyd olunan sənəd hüquqmüəyyənedici xüsusiyyətə malik olmadığından və hüquqi sənəd olaraq istifadə edilmədiyindən hesab edir ki, iddia əsassız olmaqla rədd edilməlidir. Qeyd olunan sənədin sifariş verilməsində məqsəd ondan ibarət olmuşdur ki, cavabdeh bostan təsərrüfatı ilə məşğul olduğunda, layihədən həmin fəaliyyəti ilə bağlı istifadə etsin. İstənilən şəxs hər hansı bir müəssisəyə sifariş verib bu cür sənəd tərtib etdirə bilər. Bu sənədlər isə hüquqmüəyyənedici olmamaqla hər hansı rəsmi dövlət qurumu tərəfindən təsdiq edilmir. Əgər layihə ilə bağlı hər hansı narazılıq olarsa, bu sifarişçi ilə icraçı arasında olan münasibətlərdir. Ona görə də hesab edir ki, layihə iddiaçının hüquqlarına toxunmur. Belə olan halda iddiaçının hazırki tələblə bağlı məhkəməyə iddia qaldırmaq hüququ yaranmır. Eyni zamanda, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan digər mülki iş üzrə iddiaçı analoji qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin qərardadı ilə qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindan imtina edilmiş və iddiaçıya aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edilməsi izah edilmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq oxşar iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Nizami Rayon Məhkəməsinin müvafiq qərardadının nəzərə alınmasını xahiş edir. “Geodeziya işləri” adlı sənəd hüquqmüəyyənedici sənəd olmadığından və torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq edilmədiyindən, "xxxx" MMC isə hər hansı bir hüquq yaradan sənəd vermək səlahiyyətinə malik olmadığından hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Göstərilənlərlə yanaşı iddiaçı tərəfindən mübahisəli sənədin əsli məhkəməyə təqdim edilmədiyindən, surətinin sübut olaraq qəbul edilməməsini xahiş edir. Belə olan halda isə sübutetmə vəzifəsi iddiaçının öz üzərinə düşür və MPM-də nəzərdə tutulan qaydada təqdim edilməmiş sənədlərin mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə mübahisə predmeti olan “Geodeziya işləri” adlı sənədin tərtibatı ilə bağlı "xxxx" MMC-yə sifariş verməkdə məqsədi məşğul olduğu kiçik ticarətlə əlaqədar bostan bitkilərinin əkilməsi üçün layihənin və ölçmə işlərinin aparılmasını müəyyən etmək olmuşdur. “Geodeziya işləri” adlı eskiz layihəsini tərtib etdirmək üçün istənilən şirkətə müraciət etmək onların hüququdur və həmin layihə hər hansı dövlət orqanı tərəfindən hüquqi əsas kimi istifadə olunmamışdır.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd - eskiz layihəsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
16. Məhkəmə öz qənaətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
16.1. "xxxx" MMC-yə xx.xx.2016-cı il tarixdə verilmiş 088343 saylı İSN/L-242/2016 qeydiyyat nömrəli lisenziyaya əsasən onun artıq aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən tikintisinə icazə verilmiş tikinti obyekti ilə bağlı torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi üçün mühəndis-geodeziya və geofiziki işlərini görmək səlahiyyəti mövcud olmuşdur. Torpaq Məcəlləsinə görə isə torpaq sahəsi ilə bağlı yerquruluşu və kadastr işlərinin görülməsi üçün xüsusi ayrıca lisenziya tələb olunmur. Lakin kartoqrafiya sahəsində xüsusi razılıq tələb olunur. Belə olan halda "Kəngərli” MMC- yə verilmiş mövcud lisenziya torpaq sahəsi ilə bağlı yerquruluşu qaydasında geodeziya işlərinin görülməsi fəaliyyətini də əhatə edir. Lakin torpaq sahəsi ilə bağlı yerquruluşu qaydasında geodeziya işlərinin görülməsi üçün xüsusi ayrıca lisenziya tələb olunmamasına baxmayaraq bu işləri görmək hüququ olan təşkilatların tərtib etdiyi ölçmə və yerquruluşu işlərinə dair tərtib etdiyi sənəd yerində yoxlanılıb səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra hüquqmüəyyənedici sənəd olaraq torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin tərkib hissəsi ola bilər. 16.2. Lakin tərəflər arasında mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X7 icarəyə verilən torpaq sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edilmiş, həmin Cəmiyyətin direktoru O.Kəngərli və topoqraf E.Baxşəliyev tərəfindən imzalanaraq təsdiq edilmiş “Geodeziya İşləri” adlı eskiz layihəsi yalnız torpaq sahəsinin ölçülərinin və sərhədlərinin müəyyən edilməsindən ibarətdir. Belə ki, eskiz lahiyəsində qeyd edilmişdir ki, "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən torpaq sahəsi 911 kv.m göstərilmişdir. Fakt olaraq X4 istifadəsində olan torpaq sahəsinin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 kv.m təşkil edir. Artıq göstərilmiş 40 kv.m torpaq sahəsi isə X4 hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq sahəsinin ərazisindədir. 16.3. Göründüyü kimi, mübahisəli “Geodeziya İşləri” adlı eskiz layihəsinin tərtib edilməsinin məqsədi torpaq sahəsinin ölçülərinin müəyyən edilməsindən ibarət olmuşdur. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 torpaq sahəsinin ölçmə işlərinin aparılmasında cavabdehin niyyətinin əkinçilik və bostançılıq fəaliyyəti ilə bağlı olmasını iddia etməsinə baxmayaraq məhkəməyə buna dair sübut təqdim edilməmiş, mübahisəli eskiz layihəsində də bu barədə qeydiyyat aparılmamışdır. Bunun əksinə olaraq işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında mülkiyyətində və istifadələrində olan torpaq sahəsinin sərhədlərinin 40 kv.m sahədə üst-üstə düşməsi ilə bağlı aidiyyəti məhkəmələrdə, hüquqmühafizə orqanlarında mübahisələri olmuş və araşdırmalar aparılmışdır. Həmçinin hazırda da torpaq sahəsi ilə bağlı tərəflər arasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-100/2023 saylı mülki iş üzrə məhkəmə araşdırması davam etdirilir. Tərəflərin izahatlarından isə müəyyən edilir ki, qeyd olunan eskiz lahiyəsi cavabdeh X4 qanuni nümayəndəsi tərəfindən sübut olaraq həmin məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında ünvan 3 ünvanında yerləşən torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı mübahisə mövcud olduğundan, mübahisəli torpaq sahəsinin eskiz layihəsi həmin torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tərtib edildiyindən hazırki iş üzrə iddiaçının hüquqlarına bilavasitə toxunur. Hətta lahiyədə mübahisəli 40 kv.m sahənin kimin istifadəsində olması birbaşa göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X7 icarəyə verilən torpaq sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edilmiş, həmin Cəmiyyətin direktoru O.Kəngərli və topoqraf E.Baxşəliyev tərəfindən imzalanaraq təsdiq edilmiş “Geodeziya İşləri” adlı eskiz layihəsinin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüququ vardır. 16.4. Məhkəmə "xxxx" MMC tərəfindən tərtib edilmiş ünvan 3 ünvanında yerləşən və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X7 icarəyə verilən torpaq sahəsinə dair 2022-ci il tarixli geodeziya işləri layihəsinin etibarlılığı ilə bağlı qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada lahiyə aidiyyəti icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmədiyindən, eləcə də hər hansı səlahiyyətli orqan tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edilmədən tərtib edildiyindən hüquqmüəyyənedici sənəd hesab edilə bilməz, belə olan halda layihə sənədi özü- özlüyündə etibarsızdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
17. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci, 62-ci, 63.2-ci, 64-cü, 65.1-ci, 65.3-cü, 65.5-ci, 65.6-cı, “Geodeziya və Kartoqrafiya haqqında” Qanunun 4-cü, 5-ci, 13-cü, Mülki Məcəllənin 324-cü, 337.1-ci maddələrinə, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 nömrəli Fərmanının 2.2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 146 saylı Qərarı ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə istinad etmişdir.
18. Həmin qətnamədən X4 və "xxxx" MMC-nin nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
19. Eyni məzmunda olan şikayətlər iddia ərizəsinə etirazların məzmunlarına uyğun əsaslandırılmış, məhkəmənin maddi-prosessual hüquq normalarının tələblərini pozduğu, işin hallarına düzgün qiymət vermədiyi, mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, hüquqmüəyyənedici olmayan sənədin etibarsızlığı barədə müstəqil iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməz olduğunu nəzərə almadığı irəli sürülmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı, izahatlar
21. X4 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətlərinin dəlillərini müdafiə etmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətlərin əsassız olduğunu bildirmişdir.
22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" MMC, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndələrini məhkəməyə göndərməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
23. Maddə 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
24. Maddə 63.2. Yerquruluşu və kadastr işləri istisna olmaqla, torpaqlarda geoloji, axtarış və kəşfiyyat, neft və qaz kəşfiyyat-qazma işlərinin aparılmasına icazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.
25. Maddə 64. Dövlət müəssisələri, idarələri və təşkilatları əsas fəaliyyət sahəsinə xələl gətirmədən istifadələrində olan torpaqlardan öz işlərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında müvəqqəti istifadəyə və icarəyə torpaq sahələri verə bilərlər.
26. Maddə 65.3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
27. Maddə 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
28. Maddə 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
36. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
37. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
38. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
41. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
42. Maddə 387.3. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
Apellyasiya baxışının həddi
43. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
46. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
47. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv olunaraq, "xxxx" MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin - eskiz layihəsinin etibarsız hesab edilməsi” tələbi üzrə işin icraatına xitam verilməlidir.
48. İddiaçının müvafiq iddia tələbini əsaslandırdığı hal ondan ibarətdir ki, Qanuni nümayəndə "xxxx" MMC-nin qanunsuz olaraq tərtib etdiyi saxta “Geodeziya işləri” adlı sənədi Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6679/2022 saylı mülki iş üzrə məhkəməyə sübut qismində təqdim edərək torpaq sahəsinin koordinatlarının mövcud olduğunu iddia edir və bununla da 20 aprel 2018-ci il tarixli 1460 saylı icarə müqaviləsinin qanuni olmasını əsaslandırmağa çalışır.
49. Başqa sözlə iddiaçı, X10 ilə arasında davam edən (hazırda apellyasiya instansiyası məhkəməsinin icraatında olan) başqa mübahisə üzrə Cəlal Həmidov tərəfindən sübut qismində təqdim olunan sənədin etibarsız sayılmasını tələb etməkdədir.
50. Halbuki, müvafiq sübutun etibarlı (mötəbər) olub-olmadığına onun təqdim edildiyi məhkəmə tərəfindən qiymət verilə bilər.
51. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən sənəd hüquqmüəyyənedici sənəd də deyildir – birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, bu sənəd yerində yoxlanılıb səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra hüquqmüəyyənedici sənəd olaraq torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin tərkib hissəsi ola bilər. X4 icarəsinə verilmiş torpaq sahəsi ilə hazırda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 40 kv.m-nin üst-üstə düşməsi məsələsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hüquqi müəyyənlik gətirilmişdir və xx.xx.2018-ci il tarixli 1460 nömrəli torpaq icarə müqaviləsi əsasında X4 icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 911 kv.m olan torpaq sahəsinin faktiki yerləşmə ölçülərini və koordinatlarını müəyyən edən “Geodeziya işləri” adlı sənəd – eskiz layihəsi müstəqil hüquqi nəticə yaratmır.
52. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı hazırki apellyasiya baxışının predmeti olan iddia tələbi məhkəmədə baxılmalı tələb kimi qiymətləndirilə bilməz.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-417/2023 saylı iş üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni "xxxx" MMC tərəfindən verilmiş 2022ci il tarixli “Geodeziya işləri” adlı sənəd - eskiz layihəsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin. İddiaçı "xxxx" MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin - eskiz layihəsinin etibarsız hesab edilməsi” tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə