Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3778/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı Mirsaqulu qızının vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan və Bakı şəhəri, Nizami rayonu, M.Ağayev küçəsində yerləşən, sahəsi 72,2 kv.metr olan 49/3 saylı evdən (yeni qaydalarla: AZ 1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Çıraq küçəsi, ev 140) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev 1995-ci ildə əldə olunmuşdur. Hazıra ev onun mülkiyyətindədir və bununla bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına “Çıxarış” verilmişdir. İddiaçı əksər vaxtlarda ölkə hüdudlarından kənarda – Rusiya Federasiyasında yaşayır. Bundan istifadə etmiş iddiaçının baldızı – iş üzrə cavabdeh evin qapısının kilidini sındıraraq evə daxil olmuş və hazırda evdə yaşayır. İddiaçı cavabdehin həmin evdə yaşaması ilə razılaşmır. Cavabdehin mübahisəli evdə yaşaması iddiaçının mülkiyyət hüququnu pozur. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək, evdən çıxmasını tələb etmişdir. Lakin cavabdeh iddiaçının tələblərinə məhəl qoymur. Bu səbəbdən də, iddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı münasibəti barədə məlumat
3. Cavabdeh məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və mərhum atasına məxsus olmuş evdə yaşayır. İddiaçıya məxsus ev də, həmin həyətdə yerləşsə də, evlər ayrıdır. “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının mülkiyyətində olan evə dair “Çıxarış” verilsə də, cavabdehin yaşadığı və əvvəllər mərhum atasına məxsus evin sənədi yoxdur.
4. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 da iddia tələbinə etiraz edərək, təmsil etdiyi şəxsin izahatına uyğun izahat vermişdir.
5. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 Saylı Bakı Ərazi İdarəsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı haqqında lazımı qaydada xəbərdar olunsa da, məhkəmə baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Buna görə də, Rayon Məhkəməsi işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “DƏDK və R” PHŞ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş və qeydiyyat nömrəsi **********63-10301 olan “Çıxarışdan” görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və sahəsi 72,2 kv.metr olan ev, həmin evin yerləşdiyi 0,040860 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Mübahisəli ünvana xx.xx.2023-cü il tarixdə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində 4 tikili var. Cavabdehin yaşadığı tikili 4 otaq, 1 mətbəx və ayaq yolundan ibarətdir. İddiaçının hesab olunan tikili isə 1 mətbəx, 1 yataq otağı və 1 qonaq otağından ibarətdir. Həmin 4 tikilidən yalınız birinə dair iddiaçının adına hüquqmüəyyənedici sənəd verilib. Buna baxmayaraq həmin tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan və cavabdeh, yaşadığı tikilinin hazırda onun özünə və ya əvvəllər mərhum atasına məxsus olmasını təsdiq edə biləcək sübutlara malik olmadığına görə hesab edilməlidir ki, iddiaçı cavabdehə qarşı evdən çıxarılma haqqında iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir və həmin iddia əsaslıdır. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsasları cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının bu kimi iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
10. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.
11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi.
12. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə həmin İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, apellyasiya icraatı zamanı da Məhkəmə tərəfindən iş üzrə tərəflərin vəkilləri (nümayəndələri) və cavabdehin özünün iştirakı ilə mübahisəli ünvana yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən torpaq sahəsində 4 tikili mövcuddur (bu hal X1 iş üzrə Rayon Məhkəməsinə verdiyi xx.xx.2025-ci il tarixli, 10/5280 nömrəli rəyində də öz əksini tapmışdır). Həyətə girişdən bir qədər irəlidə, həyətin sağ tərəfindəki tikili cavabdehin istifadəsindədir. Həyətdə yerləşən digər 3 tikili isə cavabdehin istifadəsində deyil.
15. Yerində müayinədə iştirak etmiş cavabdeh bildirmişdir ki, onun istifadəsində olan həmin 1 tikili onun mərhum atasına məxsus olmuşdur. Belə ki, atası, həmin torpaq sahəsini almış və bundan sonra həmin tikilini inşa etdirmişdir. Tikili inşa edildiyi vaxtdan, yəni 1996-cı ildən o, həmin evdə yaşayır. Atası vəfat etdiyi vaxtdan isə həmin tikili onun istifadəsinə keçib. Həmin tikili onun atası tərəfindən inşa etdirildiyindən iddiaçıya məxsus deyil, buna görə də, iddiaçı həmin tikilidən onun çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyil.
16. “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.1995-ci il tarixdə verilmiş MH seriyalı, 006475 nömrəli “Qeydiyyat vəsiqəsindən və “DƏDK və R” PHŞ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş və qeydiyyat nömrəsi **********63-10301 olan “Çıxarışdan” görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və sahəsi 72,2 kv.m. olan ev (4 tikilidən biri) və həmin evin yerləşdiyi 0,040860 kv.m. torpaq sahəsi xx.xx.1996-cı ildən iddiaçının mülkiyyətindədir.
17. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə görə isə, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
19. Yuxarıda qeyd edilən torpaq sahəsi iddiaçının mülkiyyətdə olduğu üçün iddiaçı, həmin sahənin üzərində yerləşən tikililərin, o cümlədən mübahisəli, yəni cavabdehin hazırda yaşadığı tikilinin ona məxsus olmasını sübut etmək yükündən azaddır.
20. Belə olan halda, həmin mübahisəli tikilinin məhz cavabdehə, əvvəllər isə onun atasına məxsus olmasını sübut etmək yükünü cavabdeh daşıyır. Lakin o, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
21. Bu baxımdan qəbul edilməlidir ki, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş mübahisəli tikilidə yaşamasının hüquqi əsası yoxdur. İddiaçı cavabdehə qarşı “evdən çıxarılma tələbi barədə” iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir və onun iddiası əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
22. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.2.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). g) apellyasiya baxışının nəticəsi
23. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.
24. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
26. Məhkəmə həmçinin bildirir ki, apellyasiya şikayəti təmin edilmədiyindən və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından apellyator olan cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İş üzrə iddiaçı və qətnamədən apellyasiya şikayəti verməmiş üçüncü şəxs isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
27. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.