Məhkəmə qərarları › İş №2(103)-3781/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3781/2022

10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3781/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 715/2022 saylı iş üzrə 27 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X1 qarşı pul tələbinə dair iddia ərizəsi tərəflərin (iddiaçının və nüməyəndəsi-vəkili) məhkəmə iclasına gəlməmələri əsası ilə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsi barədə qərarda çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, işlərini vəkil olaraq Vəkil həvalə edərək İİR-da müalicə olunması üçün 24.01.2022-ci il tarixə təyyarə bileti almışdır. 27.01.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında nümayəndə kimi yalnız Vəkil iştirak edəcəyini iddiaçı ilə aralarında razılaşmışlar. Uçuş 28.01.2022-ci il tarixə təxirə salınsa da, iddiaçı 27.01.2022-ci il tarixdə biletin dəyişdirilməsi ilə məşgul olmuş və məhkəmə iclasına gələ bilməmişdir. Vəkil isə 27.01.2022-ci il tarixdə səhər 10:00-da anasının xəstəliyi ilə bagli Agsu rayonuna getməli olmuş və 16:00-da Bakı şəhərinə qayıtmışdır. O, rayona getməzdən əvvəl 27.01.2022-ci il tarixdə səhər büroya gəlib elektron qaydada məhkəməyə məlumat verməyə cəhd etmiş, lakin sistem xətası səbəbilə ərizəni elektron qaydada qeydə aldıra bilməmiş, kağız daşıyıcıda yazılmış ərizə isə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq məhkəmədə qəbul edilməmişdir. Sonradan vəkilə məlum olmuşdur ki, ərizəsini “Elektron məhkəmə” informasiya sisteminə asan imza nömrəsinin balansının bitməsi səbəbindən yükləyə bilməmişdir. Şikayət məhkəmənin 14 aprel 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından, iddia ərizəsinin məhkəmənin 23 noyabr 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edildiyi, 23 dekabr 2021-ci il tarixdə hazırlıq iclasının 11 yanvar 2022-ci il tarixə təxirə salındığı, 11 yanvar 2022-ci il tarixdə hazırlıq iclası keçirilərək, işə baxılmasının 27 yanvar 2022-ci il tarixinə təyin olunduğu və həmin tarixdə keçirilən hazırlıq iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirak etdikləri, iddiaçının məhkəmə baxış iclasının vaxtı və yeri barədə bildirişi şəxsən qəbul etdiyini, 27 yanvar 2022-ci il tarixinə təyin edilmiş məhkəmə baxışına tərəflər gəlmədiklərindən mübahisələndirilən qərardadın qəbul edildiyi aydın olur; bu isə o deməkdir ki, iddia ərizəsinin baxılmamış saxlanılması üçün Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsas mövcud olmuşdur – hansı ki, həmin normaya görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Bu mənada Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin halları baxımından birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qərardaddan verilmiş şikayəti təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-715/2022 saylı iş üzrə 27 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar