Məhkəmə qərarları › İş №2(103)-3782/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3782/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3782/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh MTK-nın nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tikinti apardığı Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında sahəsi 14,9 kv.m olan qeyri-yaşayış və 16,5 kv.m torpaq sahəsi ilə iddiaçının təmin etməsi, həmçinin maddi ziyan üçün 15000 manat, mənəvi ziyan üçün 8000 manat, dövlət rüsumu üçün 30 manat, ümumilikdə 23030 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında İddiaçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə həmin mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 382/2019 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında yerləşən sahəsi 14,9 kv.m olan qeyri-yaşayış və 16,5 kv.m torpaq sahəsi ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, iddia tələbi qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh MTKnın cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, İddiaçı qarşı “hərrac protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” iddia ərizəsinin rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh MTK-dan tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh MTK həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh MTK-nın nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən mübahisəsiz qaydada müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2017-ci il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Mövsün Sənani küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cavabdeh MTK-ya verilmişdir. xx xxxxx 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının “Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Mövsün Sənani küçələrinin əhatə etdiyi məhəllədə yerləşən qəzalı vəziyyətdə olan 1 və ya 2 mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək yerində Cavabdeh MTK tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin ərazi-planlaşdırma sənədləri təsdiq olunmuşdur. xx xxxx 2018ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov qardaşları, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerinə hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi” haqqında sərəncam verilmişdir. X4 Dövlət Komitəsinin xx xxxx 2017-ci il tarixli 68 saylı sərəncamı ilə Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14,9 kv.m, Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası hərraca çıxarılmış və xx xxxx 2018-ci il tarixdə keçirilən hərracda İddiaçı 16500 manat dəyərində satılmışdır. Həmin daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqları xx xxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı aldıqdan sonra həmin ünvana getmiş və məlum olmuşdur ki, Cavabdeh MTK adlı tikinti şirkəti hərracın nəticələrinin gözləmədən, həmin müddətdə dövlət balansında olmuş, hazırda isə ona məxsus qeyri-yaşayış binasını uçurdaraq yerində yüksək mərtəbəli yaşayış binası inşa edir. Dəfələrlə cavabdehə yazılı və şifahi müraciət etməsinə baxmayaraq, cavabdeh tərəf onu qeyri-yaşayış sahəsi ilə təmin etmək fikrində olmadığını bildirmiş və ona məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. Cavabdeh MTK həmin iddiaya etiraz edir və iddia irəli sürərək, bildirir ki, qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsində yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahiblərinin böyük əksəriyyəti ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə əşyaların daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalamış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli binaların tikintisinə başlanılmışdır. O cümlədən, ayrılmış ərazidə - Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanda 14 kv.m qeyri-yaşayiş sahəsi müəyyən edilmiş, xx xxx 2017-ci il tarixdə dəyəri faktiki sahibi X2 ödənilməklə, həmin qeyri-yaşayış sahəsi X1 rəhbərliyi ilə sökülmüş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Ərazi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinin icarə və istifadəsinə verildikdən və göstərilən qeyri-yaşayış sahənin söküldükdən bir ildən artıq müddət keçəndən sonra İddiaçı adlı şəxs göstərilən qeyri-yaşayış sahəsini hərrac vasitəsilə aldığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, faktiki mövcud olmayan sahəyə texniki pasportun tərtib edilmiş və çıxarış verilmişdir. Tərtib edilmiş texniki pasportda göstərilmişdir ki, pasport xx.xx.2018-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunub, halbuki həmin tarixdən bir il öncə həmin tikili tamamilə sökülmüşdür. Yəni faktiki mövcud olmayan bir sahənin hərracda satılması, texniki pasportun və çıxarışın verilməsi əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası rədd, Cavabdeh MTK-nın iddiası isə təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən irəli sürülmüş birinci tələb mübahisəli ünvanda sahəsi 14,9 kv.m olan qeyri-yaşayış və 16,5 kv.m torpaq sahəsi ilə təmin edilməsindən, yəni zərərin naturada ödənilməsindən, digər tələblər isə pulla ifadə olunan maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, Cavabdeh MTK tərəfindən irəli sürülmüş iddianın faktiki əsası ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsi 2017-ci ilin may ayında, yəni mübahisələndirilən hərrac keçirilməmişdən 10 ay əvvəl sökülmüşdür. Onun nümayəndəsi tərəfindən təqdim olunan mübahisəli ünvana dair “Google maps”dan çıxarılmış fotoşəkillərə əsasən isə müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsi artıq mövcud olmamışdır. İddiaçı nümayəndəsi də təsdiq etdi ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hərrac elan olunanda, yəni 2017-ci ilin mart ayında həmin əmlaka baxış keçirmiş, hərrac keçirilən vaxtda isə, yəni 2018-ci ilin mart ayında baxış keçirməmişdir. Beləliklə, müəyyən olunur ki, mübahisələndirilən hərrac keçirilən vaxt həmin qeyriyaşayış sahəsi sökülmüşdür. Halbuki “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə görə özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Həmin Qanunun 29.2 və 29.2.2-ci maddələrinə görə bu Qanunun 29.1-ci maddəsində göstərilən alqı-satqı müqaviləsində hərracın, müsabiqənin və yaxud satınalmanın şərtlərindən irəli gələn öhdəliklərdən başqa dövlət əmlakının alqı-satqı müqaviləsinin tələbləri kimi özəlləşdirmə obyektinin adı, yerləşdiyi yer, torpaq sahəsi, tərkibi və dəyəri göstərilməlidir. Lakin hazırki işin halları ondan ibarətdir ki, mübahisələndirilən hərrac keçirilən vaxt özəlləşdirmə obyekti artıq mövcud olmamış və İddiaçı mövcud olmayan əmlakı əldə etmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1 və 31.1.1-ci maddələrində isə təsbit olunmuşdur ki, bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən mübahisələndirilən hərrac, həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən isə hərracın nəticəsində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. Həmçinin kollegiya hesab edir ki, Mülki Məcəllənin 337.5 və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində isə təsbit olunmuşdur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan kollegiya hesab edir ki, etibarsız hesab edilmiş hərrac üzrə iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ödənilən 16500 manat məbləğində pul vəsaiti hazırki İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda Cavabdeh MTK tərəfindən irəli sürülmüş iddia tələblərinin təmin edildiyini və bunun nəticəsində İddiaçı mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının etibarsız hesab edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, mübahisəli tikilinin sökülməsi nəticəsində iddiaçıya hər hansı zərər dəyməmişdir. Ona görə də, zərərin ödənilməsi üçün zəruri və birinci əsas olan “zərərin mövcud olması” əsası mövcud olmadığından digər üç əsas yoxlanılmadan İddiaçı iddiası rədd olunmalıdır. Həmin iddiaçı tərəfindən torpaq sahəsi ilə bağlı irəli sürdüyü tələblərə dair əlavə olaraq qeyd olunur ki, xx xxxx 2018-ci il tarixdə keçirilən hərracda yalnız qeyri-yaşayış sahəsi satılmış və torpaq sahəsi həmin hərracın predmeti olmamışdır. İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda da mübahisəli qeyri-yaşayış sahəsinə aid 0,00165 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması qeyd olunmuşdur. Həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamının xx xxxx 2017-ci il tarixdə, yəni həmin tikilinin sökülməsindən daha əvvəl verilməsi isə mübahisəyə təsir etmir. Çünki həmin əmlak hərracda satılana qədər dövlətə məxsus olub və həmin dövrdə baş vermiş hadisələrə də məhz dövlətin adından çıxış edən qurumlar istinad edə bilərlər. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı iddiası rədd edilməli və Cavabdeh MTK-nın iddiası təmin edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia rədd edilsin. İddiaçı Cavabdeh MTK-nın iddiası təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14,9 kv.m, Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası ilə bağlı keçirilmiş xx.xx.2018-ci il tarixli hərrac protokolu, hərracın nəticələri və hərrac protokolu əsasında İddiaçı ilə bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin daşınmaz əmlaka dair İddiaçı adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilsin. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 16500 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakim: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar