Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3784/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Üçüncü şəxsin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Maraqlı şəxs qarşı “ölüm haqqında tibbi şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş X7 ölümü haqqında 29.10.2021-ci il tarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası X10 29.08.2021- ci il tarixdə ikitərəfli pnevmoniya” diaqnozu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyinin Tibb X4 qəbul edilmiş, 31.08.2021-ci ildə evə buraxılmış, bununla bağlı xəstəxanadan buraxılış forması doldurulmuşdur. X10 xəstəxanadan buraxıldığı gün yaşadığı Bakı şəhəri, Y/Günəşli qəsəbəsi “D” Y/S, ev 11, mənzil 4-də vəfat etmişdir. Çağırış əsasında atasının vəfat etdiyi mənzildə olmuş Bakı şəhəri, Təcili və X5 Stansiyasının 22 saylı bölməsinin həkimi C.Yusifov tərəfindən 31.08.2021-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” və “Müşayiət vərəqi” doldurulmuş və həmin vərəqələrdə mərhumun ölüm faktı təsdiqlənməklə ölümün səbəbi kimi “COVİD-ə yoluxma” qeyd edilmişdir. Cavabdeh MMC tərəfindən mərhum X7 ölümü haqqında 29.10.2021-ci il tarixli tibbi şəhadətnamə, həmin şəhadətnamənin əsasında isə 2 saylı Bakı “ASAN xidmət” mərəkəzinin Qeydiyyat şöbəsi tərəfindən 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü bəndinə əsasən "Ölüm haqqında tibbi şəhadətnamə" mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir (4.1). Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı") məlumat verir.. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir (4.2). Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir (4.3). Həmin Qaydanın 4.4.2-ci bəndinə görə infeksiyon xəstəliklər və ya onlara şübhə olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Bu baxımdan cavabdehin mərhum atası X7 ölümü haqqında tibbi şəhadətnamə verməyə səlahiyyəti olmamış, həmçin şəhadətnaməni vermək səlahiyyəti istinad olunan normativ akta əsasən onun qeydiyyatda olduğu və faktiki yaşadığı ərazi üzrə 24 saylı Birləşmiş Şəhər Poliklinikasına, yaxud patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsinə aid olmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Maraqlı şəxs qarşı “ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi və iddia tələbinin təmin olunmadığına görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-1308/2022 saylı, 15.03.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş edirəm. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi qismən, yəni “2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iş üzrə icraata “2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissədə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin materiallarına əlavə edilmiş poçt sənədlərindən göründüyü kimi iddiaçının nümayəndəsi səhhətində yaranmış problemlə ələqədar sonuncu məhkəmə iclasında iştirak etməsinin mümkün olmayacağı və bu səbəbdən məhkəmə iclasının təxirə salınması barədə iddiaçı və nümayəndəsi tərəfindən məhkəməyə teleqram göndərilmişdir. Lakin məhkəmə qanunsuz olaraq onların göstərdiyi səbəbi üzürsüz hesab edərək məhkəmə iclasını təxirə salmadan məhkəmə prosesini yekunlaşdırmışdır. Halbuki əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi üzürlü səbəb göstərmədən və ümumiyyətlə məhkəməyə məlumat vermədən məhkəmə iclasında iştirak etməsə də, məhkəmə, iclası təxirə salmışdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddia tələblərinin əsaslandığı hallardan biri də qanunsuz verilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsasında 2 saylıBakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamənin verilməsi olmuşdur. Məhz həmin şəhadətnamə verilərkən ölüm haqqında tibbi şəhadətnamənin əsli həmin şöbəyə təqdim edilmişdir. Ona görə də mülki işin tamlığını təmin etmək üçün iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən əvvəl ölüm haaqında tibbi şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin tələb edilməsi haqqında iddiaçının nümayəndəsi tərəfindən vəkil sorğusu verilmiş, lakin vəkil sorğusuna cavab verilməmişdir. Məhkəmə 2 saylıBakı“ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsini iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb etsə də, onun məhkəmə iclasında iştirakını qanunla müəyyən olunmuş qaydada təmin etməmiş, sadəcə olaraq sonuncu məhkəmə iclasından 1 gün əvvəl – 14.03.2022-ci il tarixdə tərtib etdiyi məktubla onu məhkəmə iclasına çağırmışdır. Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsinin sübutların tələb edilməsi qaydasında sübut etmə predmetinə aid olmayan verdiyi vəsatət (məs., X3 qeydiyyatda olub olmaması barədə) məhkəmə tərəfindən əsassız olaraq təmin edilib müvafiq məhkəmə sorğuları göndərilib cavablar alınsa da, sübut etmə predmetinə aid olan ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olan sənədlərin tələb edilməsi barədə 2 saylıBakı“ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə sorğu göndərməmişdir. Həmçinin, iddiaçının və nümayəndəsinin üzürlü səbəbdən iştirak etməməsi nəzərə alınaraq məhkəmə iclası təxirə salındığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı məhkəmədə təmin olunduğu halda, iddiaçının nümayəndəsi tərəfindən məhkəmənin vasitəsilə həmin nümayəndədən ölüm haqında tibbi arayışın əslinin yaxud təsdiqlənmiş surətinin verilməsi tələb olunacaqdır. Bununla belə məhkəmə nə özü həmin sübutun alınmasına təşəbbüs (təklif) göstərmiş, nə də məsələnin həlli üçün Qeydiyyat şöbəsinin iştirakını məhkəmə prosesində təmin etməmişdir. Məhkəmə qeyd edilən prosessual hərəkətləri etməyərək və qanunsuz olaraq məhkəmə iclasını təxirə salmayaraq iddiaçını qeyd edilən prosessual imkandan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçı, atası X7 ölümü haqqında Cavabdeh MMC tərəfindən verilmiş 29.10.2021-ci iltarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət”mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinin pozulmaqla verildiyini, bu səbəbdən də etibarsız olduğunu iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər - xəstəxanadan buraxılış forması, ölüm haqqında xəbərdarlıq vərəqəsi, müşayiət vərəqi, ölüm haqqında tibbi şəhadətnamə, AZİ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamə, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyinin Tibb Mərkəzinin 18.03.2022-ci il tarixli məktubu, bu məktuba əlavə edilən sənədlər və iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 05 nömrəli, 31.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4-cü bəndinə əsasən iddia tələbləri tamamilə sübuta yetirilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının üçüncü şəxsin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı vəkili Vəkil1 məhkəməyə ərizəyə göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə kollegiyası ərizədə qeyd edilən xüsusatı əsaslı hesab etmədiyindən apellyasiya şikayətinə digər tərəflərin iştirakı olmadan baxılması qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh MMC tərəfindən verilmiş “X7 ölümü haqqında 29.10.2021-ci il tarixli tibbi şəhadətnamənin” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, İddiaçı tərəfindən tərtib olunmuş ərizə ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyinin Tibb X4 müraciət edərək bildirmişdir ki, o, Cavabdeh MMC-yə müraciət edərək, atası X1 müayinə və müalicəsindən imtina etdiyini bildirərək, xəstəxanadan evə yazılmasını istədiyini bildirmiş, vəziyyətinin ağırlaşdığı haqda məlumatlandırıldığını göstərərək, bütün məsuliyyəti öz üzərinə götürdüyünü, tibbi personaldan heç bir narazılığının olmadığını qeyd etmişdir. Cavabdeh MMC tərəfindən məhkəmənin sorğusuna 14.03.2022-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, X10 29.08.2021- ci il tarixində Təcili və X5 Stansiyasının 22 saylı Bölməsinin təcili tibbi yardım maşını ilə “Covid-19 pozitiv. İkitərəfli pnevmoniya” diaqnozu ilə Modul tipli hospitla daxil olmuşdur. 31,08.2022-ci il tarixində təxminən saat 15:00 radələrində müalicədən imtina ilə (oğlu İddiaçı müalicədən imtina sənədini imzalamış, ola biləcək ağırlaşmalar barədə məlumatlandırılmış və bütün ağırlaşmalar barədə məsuliyyəti öz üzərinə götürmüşdür) evə buraxılmışdır. Evə getdikdən təxminən 5 saat sonra xəstədə bioloji ölüm qeydə alınmışdır. Təcili yardım briqadaları ölümü təsdiqləsə də ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Xəstə yaxını Muradov Yavərin qeydiyyatda olduğu poliklinikadan ölüm haqqında tibbi şəhadətnaməni ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xəstə hospitaldan çıxdıqdan sonra 48 saat müddətində evdə ölüm faktı qeydə alınarsa müalicə aldığı hospital ölüm haqqında tibbi şəhadətləndirilmə verə bilər. Məhkəməyə olunan müraciət ərizəsi hospitala 28.10.2022-ci ildə daxil olmuş və artıq səhəri gün X7 adına ölüm haqqında tibbi şəhadətnamə yaxınlarına təqdim edilmişdir. X7 müalicə həkimi Abduyev Zöhrab 19.03.2022-ci il tarixindən FHN-nin X14 tipli hospitalında həkim vəzifəsində çalışır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Baki Şəhər Təcili və X6 Stansiyasi” X17 tərəfindən məhkəmənin sorğusuna 10.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, 31.08.2021 -ci il tarixdə saat 17:57-da “103” xidmətinə ünvan 1 ünvanından 070-322- 69-39 mobil nömrəsindən Yavər adlı şəxsin (64yaş) adına “rəhmətə gedib” səbəbi ilə çağırış verilmişdir. Çağırışı 22 saylı bölmənin həkimi Coşqun Yusifov icra edərək, ünvanda X9 məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Kişi cinsli meyit. Covidə yoluxma.” diaqnozu qoymuşdur. Hadisə barədə 33-cü polis bölməsinə kapitan Məmmədova məlumat verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 01.11.2021-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 208309 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 31.08.2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm səbəbi “törədicisi müəyyən olunmamış digər pnevmoniya” göstərilməklə ölüm haqqında akt qeydləri kitabında 01.11.2021-ci il tarixdə 855 nömrə ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı məhkəməyə müraciət edərək, atası X7 ölümü haqqında Cavabdeh MMC tərəfindən verilmiş 29.10.2021-ci il tarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin qanunvericiliyin tələbləri pozulmaqla verildiyini, bu səbəbdən də etibarsız olduğunu iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddia ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərini tibbi şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair hissəsində rədd etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 05 nömrəli, 31 yanvar 2018-ci il tarixli qərarının 4.1-ci maddəsinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qərarın 4.2-ci maddəsinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Bundan başqa işdə olan Bakı İnzibati Məhkəməsinin 30.11.2021-ci il tarixli, 2-1(112)- 10632/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X15" X17nə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X8, Bakı şəhəri Təcili və X5 Stansiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla tibbi şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə icraata 29.10.2021-ci il tarixdə X7 ölümünü təsdiq edin şəhadətnamənin iddiaçıya verildiyi əsas götürülməklə xitam verilmişdir. Qərardadın təsviri hissəsindən görünür ki, məhkəmə araşdırması zamanı X7 ölümü haqqında AZS-106, ******* nömrəli tibbi şəhadətnamə Cavabdeh MMC tərəfindən 29.10.2021-ci il tarixində mərhumun oğlu İddiaçı təqdim edilmiş və inzibati icraata bu əsasla xitam verilmişdir. Həmin qərardadla razı olan İddiaçı qərardaddan şikayət verməmiş və qərardad qanuni qüvvəsini almışdır. Daha sonra İddiaçı yuxarıda qeyd edilən tibbi şəhadətnamə əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnaməni əldə etmişdir. MPM-nin 82.3-cü mаddəsinə əsаsən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tibbi şəhadətnamə tərtib edilsə də, həmin tibbi şəhadətnamənin etibarsız olması üçün qanunla nəzərdə tutulmuş hallar sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası, işin bu hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, apellyator şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətin dəlilləri Cavabdeh MMC tərəfindən verilmiş “X7 ölümü haqqında 29.10.2021-ci il tarixli tibbi şəhadətnamənin” etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilərək, iş üzrə icraata “2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissədə icraata xitam verilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi “Cavabdeh MMC tərəfindən verilmiş “X7 ölümü haqqında 29.10.2021-ci il tarixli tibbi şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3784/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3784/2022
17.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver