Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3784/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh X7 qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-420/2024 nömrəli, 18 mart 2024cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1966/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh «X18» MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası (kommersiya mübahisəsi üzrə) təmin edilmiş, cavabdeh «X18» Məhdud Məsuliyyətli Cəmiyyətindən 8513,69 manat məbləğində əsas borc və 100 manat mediasiya xərci olmaqla, cəmi 8613,69 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-406/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1966/2022 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişiklik edilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Birgə Müəssisəsi cavabdeh X7 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 33.888 manat borcun cavabdeh X3 iddiaçı "xxxx" BM-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X8 2019-cu ildə «X18» MMC-nin direktoru işlədiyi müddətdə "xxxx" BM arasında xx.xx.2019-cu il tarixində birgə müvaqivilə bağlayaraq ümumi dəyəri 65.401 (altmış beş min dörd yüz bir) manat məbləğində müxtəlif çeşidli (laminat, parket, DSP, MDF) mebel aksesuarlarını təhvil alaraq istifadəsi üçün qəbul etmişdir. Cavabdeh aldığı malların dəyərinin bir qismini, yəni 23.000 (iyirmi üç min) manat məbləği "xxxx" BM-nin hesabına ödəyərək özünə inam və etibar qazanmış, qalan 42.401 (qırx iki min dörd yüz bir) manat borcunu isə qısa bir zamanda ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh Caspian "xxxx" MMC-nin keçmiş direktoru Hüseynbala Əlizadənin ünvanına rəsmi məktubla və mobil telefonla dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək məsuliyyəti digər şəxslərin üzərinə atmaqla ödənişdən yayınmışdır. Belə ki, borclu X9 iddiaçı "xxxx" BM-nin rəhbərliyi tərəfindən müəssisəyə dəvət edilmiş və ondan tələb edilmişdir ki qısa bir zamanda 42.401 (qırx iki min dörd yüz bir) manat qalan borcunun ödənilməsini təmin etsin. Bu səbəbdən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə borcun etiraf edilməsinə dair akt tərtib edilmişdir ki, 42.401 (qırx iki min dörd yüz bir) manat borcu xx.xx.2021-ci il tarixinədək həqiqətən tam ödəyəcəkdir. Söhbət əsnasında onun diqqətinə çatdırılmışdır ki, bağlanmış müqavilənin şərtlərinə və xx.xx.2019-cu il tarixli (malların qəbul edilməsinə dair) təhvil-təslim aktına əsasən borcunu ödəmədiyi halda Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaq. X16 bildirmişdir ki, onu artıq «X18» MMC-nin direktoru vəzifəsindən haqsız olaraq çıxarıblar, ona görə də ona qarşı edilən ədalətsizliyə görə MMC-dən ona düşən öz payını tələb etməklə məhkəmə vasitəsi ilə olsa belə iddiaçıya olan borcunu ödəyəcəkdir. Cavabdeh iddiaçıya olan borcunu ödəməməsinə baxmayaraq xahiş etmişdir ki, qarşı tərəfdən ona düşən payını almaq üçün müəyyən vaxt verilsin ki, əvəzində iddiaçıya olan borcunu ödəsin. Bununla bağlı xx.xx.2021-ci il tarixdə borcun etiraf edilməsinə dair akt tərtib edilmişdir. Baxmayaraq ki, iddiaçı tərəfindən borclu X6 borcunun ödənilməsi üçün kifayət qədər hümanist addım ataraq uzun müddət vaxt verilmişdir, ancaq çox təəssüflər olsun ki, borc tələbinə dair tərtib edilmiş akta atdığı imzaya qarşı laqeyd yanaşaraq borcunu ödəməkdən yayınmışdır. "xxxx" BM olaraq iddiaçı qismində cavabdehdən 42.401 (qırx iki min dörd yüz bir) manat borc tələbi ilə Mediasiya Şurasına və Bakı Kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək «X18» MMC-dən 42.401 (qırx iki min dörd yüz bir) manatın tutularaq iddiaçı "xxxx" BM-ə ödənilməsinə dair qiyabi qətnamə çıxarılmışdır. Lakin cavabdeh Bakı Kommersiya Məhkəməsinin çıxardığı qiyabi qətnaməyə etiraz edərək borc tələbinə yenidən baxılmasını tələb etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən çıxış edən vəkil MMC-nin hüquqlarını müdafiə edərək bildirmişdir ki, cavabdeh «X18» MMC-nin "xxxx" BM-ə olan borcunun bir qismini, yəni 8.613,69 manat məbləğini etiraf edir, lakin qalan 33.888 manat dəyərində olan malı X16 öz şəxsi məqsədi üçün istifadə etdiyinə görə borcu onun özündən tələb edilməsinə yönəldilməsini məhkəmədən xahiş edir. Bununla bağlı Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən iddiaçının cavabdehdən borc tələbi qismən təmin edilərək iddiaçıya 8.613.69 manat ödənilməsinə dair qətnamə çıxarılmışdır. Beləliklə iddiaçı tərəfindən müəyyən edilmişdir ki, borclu X8 istər məhkəmə prosesində, həmçinin tərtib edilmiş təhvil-təslim aktında və borcun etiraf edilməsinə dair aktlarda "xxxx" BM-ə olan borcunu etiraf etməsinə baxmayaraq düşünülmüş halda ödəniş etməkdən yayınır. Hətta dəfələrlə X16 ilə aparılan söhbətlər zamanı ona bildirilmişdir ki, əgər o, həqiqətən aldığı malları təyinatı üzrə istifadə etmişsə, onun tam hüququdur ki, məhkəməyə müraciət edib haqqını tələb etsin. Lakin borc tələbi ilə bağlı Cavabdeh borcunu qaytarmaq üçün «X18» MMCdən məhkəməyə və digər inzibati orqanlara müraciət etməməklə sübut etmişdir ki, "xxxx" BM-dən aldığı malların qalan məbləğini öz şəxsi məqsədi üçün istifadə etmişdir. X2 hərəkətlərindən göründüyü kimi hələ «X18» MMC-də direktor işlədiyi müddətdə vəzifəsindən sui-istifadə edərək müqavilə bağladığı "xxxx" BM-nin məsul şəxsləri qarşısında özünə inam və etibar qazanmaqla aldığı malların dəyərini ödəməkdən yayınmaq məqsədi ilə müxtəlif bəhanələr gətirmiş, əlavə qazanc əldə etməklə öz iş yerinə də xəyanət etdiyi üçün işdən kənarlaşdırılmışdır. Aparılan məhkəmə iclasında isə yalan ifadə verərək bildirmişdir ki, MMC-ni təsis edən rəhbərlik onu guya günahsız olaraq işdən kənarlaşdırdıqlarına baxmayaraq bu günədək möhür onun özündədir. Lakin sonradan məlum olmuşdur ki, möhürü özü şəxsən təhvil vermişdir. İddiaçı tərəfindən aparılan araşdırmalardan cavabdeh X5 üzərinə düşən öhdəliklərinin yerinə yetirməməsində məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, həqiqətən də iddiaçıdan aldığı malların dəyərinin bir qismini təyinatı üzrə istifadə etmiş, qalan hissəsini isə öz şəxsi qazancı məqsədilə istifadə etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-420/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, 33.887 manat 31 qəpik pul vəsaitinin (əsassız varlanma predmeti olan) cavabdeh X3 iddiaçı "xxxx" Birgə Müəssisəsinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mallar cavabdeh tərəfindən deyil, “X18 MMC tərəfindən qəbul edilmişdir və iddiaçı vaxtında lazımi sənədləşdirməni düzgün aparmamış və beləliklə, həmin şirkətə qarşı iddiası qismən təmin edilmişdir. Cavabdehin “X18” MMC-nin qanuni təmsilçisi olaraq məsuliyyət daşıması haqqında qərara gəlməklə məhkəmə yanlışlığa yol vermişdir. Eyni zamanda, Məhkəmə MPM-in 82.3-cü maddəsinə istinad etsə də, işdə olan məhkəmə qərarlarında cavabdehin məsuliyyətini təsdiq edən və məhkəmə prosesində sübut edilərək məhkəmə qərarında əks olunan hər hansı birmənalı nəticə yoxdur. Məhkəmə, sadəcə işdə olan materialları sadalamaqla anidən cavabdehin əsassız varlanması haqqında nəticəyə gəlir, lakin bu nəticə istinad edilən hər hansı sübutla səbəbli əlaqələndirilmir. Cavabdehin əsassız varlanmasının əsaslandırarkən məhkəmə cavabdehin mübahisə predmeti olan əşyaları qəbul etməməsi, bu əşyaları “X18” MMC-nin qəbul etməsini və iddiaçının sənədləşdirməni düzgün aparmaması nəticəsində həmin şirkətə qarşı iddiasının təmin edilməməsi halını nəzərdə qaçırdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və cavabdehin nümayəndəsi və vəkili yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
13. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
18. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin edildiyi hissədə yoxlanılır. Belə ki, tələbin təmin edilmədiyi hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-420/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1966/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh «X18» MMCyə qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası (kommersiya mübahisəsi üzrə) təmin edilmiş, cavabdeh «X18» Məhdud Məsuliyyətli Cəmiyyətindən 8513,69 manat məbləğində əsas borc və 100 manat mediasiya xərci olmaqla, cəmi 8613,69 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməsi qət edilmiş, iddia taləbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır və həmin iş üzrə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.
28. İş materiallarına əlavə edilmiş 02 mart 2021-ci il tarixli borcun etiraf edilməsinə dair aktdan görünür ki, "xxxx" Birgə Müəssisəsinin hüquqşünası X11, auditi X12 və «X18» MMC-nin direktoru X1 24 iyul 2019-cu il tarixə yaranmış 42.401 manat borcunun olmasına dair akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, borclu həmin borcu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
29. Məhkəməyə təqdim edilmiş 10 dekabr 2021-ci il tarixli borcun etiraf edilməsinə dair aktdan görünür ki, "xxxx" Birgə Müəssisəsinin hüquqşünası X11, «X18» MMC-nin direktoru X13, «X18» MMC-nin keçmiş direktoru X1 24 iyul 2019-cu il tarixə yaranmış 42.401 manat borcunun olmasına dair akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, borclu borcunu ödəmədiyi təqdirdə 20 % payının avadanlıqlarla birlikdə yaranmış borcun (42.401 manat) əvəzinə "xxxx" BM-nin mülkiyyətinə keçirilməsinə etiraz etmirlər.
30. İş materiallarından görünür ki, «X18» MMC-nin direktoru olmuş X8 "xxxx" Birgə Müəssisəsindən PVS, DSP, MDF kimi materiallar almış, nəticədə 42.401 manat borc yaranmış, həmin materialların bir qismi həqiqətən «X18» MMC-yə təhvil verilmiş, yuxarıda qeyd olunan qətnaməyə əsasən 8.513 manat 69 qəpik məbləğində pul vəsaitinin «X18» MMC-dən "xxxx" Birgə Müəssisəsinin xeyrinə tutulması qət edilmişdir. Qalan 33.887 manat 31 qəpik vəsait isə cavabdeh X8 tərəfindən şəxsi məqsədləri üçün sərf edilmişdir.
31. Kollegiya hesab edir ki, işin faktiki hallarından görünür ki, cavabdehin iddiaçının vəsaiti hesabına 33.887 manat 31 qəpik həddində varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyil. Cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına 33.887 manat 31 qəpik həddində varlanmışdır (əsassız varlanmışdır).
32. Pretenziya məktubundan görünür ki, "xxxx" Birgə Müəssisəsi yuxarıda qeyd olunanlarla əlaqədar cavabdehə məlumat vermiş, məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir.
33. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, iddiaçı tərəfin təqdim etdiyi və etibarlılığına şübhə olmayan akta əsasən cavabdeh yerinə yetirilməmiş öhdəliyinin olmasını imza etməklə təsdiq etmişdir.
34. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Eyni zamanda yoxlanılan hissədə iddia tələbi əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir.
35. Kollegiya hesab edir ki, məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməklə mübahisəni həll etməsi qanuni və əsaslıdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
37. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-420/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.