Məhkəmə qərarları › İş №2(103)-3786/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3786/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3786/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4299/2021 saylı iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3280 manat maddi ziyanın, 3.000 manat mənəvi ziyanın, hüquqi yardıma görə ödənilmiş 70 manatın və 31 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin orta dekabr ayında anası ilə birlikdə Bakı şəhərində Xətai rayonu, Gəncə prospekti 73 ünvanda yerləşən SAF-diş 393 K düzəltmə kabinetinə müraciət edərək 4 diş karonka- ağ keramika etmələrini xahiş etmişdir. Cavabdeh dişlərinə baxaraq dişlərinə karonka qoyacağını bildirmişdir. O, 2 böyük sağlam dişləri yonub ölçü götürmüş, sonra yeni il bayramıından sonra, 04.01.2020-ci il tarixdə gəlməsini demişdir. Həmin tarixdə Elnurun yanına gələndə karonkanı düzgün düzəltmədiyini görmüşdür. Karonkanı ağ deyil, sarı rəngdə keramika etmiş, 4-cü dişi isə keramiksiz etmişdir. Soruşduqda qəzəblənərək qışqırmış və demişdir ki, “texniki Turqana deyecək ki, başqa karonka düzəltsin.” Cavabdehə demişdir ki, “birinci karonkanı ver mənə” o isə dedi ki, “mən atdım.” Cavavdeh 25.01.2020-ci ildə ona 2-ci dəfə karonka qoydu. Növbəti dəfə dişin karonkası düzgün hazırlanmadığına görə karonka martın ortasına kimi qaldı. Bu səbəbdən də 2-ci karonka qoyması üçün dəfələrlə həkimə çox böyük çətinliklərlə müraciət etmək məcburiyyətində qaldı. Ona görə ki, karonkasının içini düzgün düzəltməyib ora hava daxil olurdu dişlər və damağ ağrıdırdı. Dərmanlar içirdi və dərmanların da ağrılarına heç bir xeyri yox idi və ağrılar başına vururdu. 2-ci karonka- 3 dəfə düzgün düzəltmədi. Belə ki, həkim Elnurun səhlənkarlığı nəticəsində mart ayının ortalarında dişin karonkasını çıxartdı, ona görə ki, karonka laxlayırdı. 3-cü karonkanı Elnur 29.04.2020-ci ildə qoymuşdur. 22.05.2020-ci il ildə karonka tam düşdü. 3-cü dəfə də karonka düşdü ona görə ki, 6 dəfə yonduqdan sonra dişlərindən heç nə qalmadı. Bu xidmətlərə görə ondan 280 manat pul aldı və bu müddət ərzində taksilərə, dərmanlara əlavə pul xərcləmişdir. Hal-hazırda axrıncı 2 karonka var. Bundan başqa texnik Turqanın danışıq səsləri yazılmışdır. Belə ki, Elnur Turqana deyir ki, “3 dişinə karonkanı ağ keramika yox sarı keramika sal 4-cü dişə isə keramika taxma.” Birinci gündən karonkanı düzgün düzətlmədiyinə görə əzab əziyyətləri başladı. 280 manat pulu birinci karonkanı düzgün salmadığı vaxtdan tələb etdikdə vermək istəmədi. Hal-hazırda dişləri o qədər yonulub ki, ora ancaq implant yolu ilə dişlər qoyulmalıdır. Onun da xərci 3000 manat təşkil edir. Dəfələrlə cavabdehə müraciət etsə də o aldığı pulu və dəymiş ziyanı geri qaytarmaq istəmir. Dəfələrlə həkimə gedib gəlmiş, mənəvi istirab və sarsıntı keçirtmişdir. Ona 3.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4299/2021 saylı iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh müalicə üçün ödənilmiş 280 manat, iki diş üçün 1400 manat implantasiya xərci, nümayəndəyə çəkilən xərclərə görə 70 manat və ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi olmaqla, cəmi 2060 (iki min altmış) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə, tərəfindən apellyasiya şikayətinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 150 (yüz əlli) manat, 15 (on beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iddiaçıya dəymiş zərərin əvəzini müəyyən edərkən bütün sübutlara nəzər yetirməmiş,mənəvi zərərlə bağlı hissədə isə ümumiyyətlə sübutları qiymətləndirməmiş, sübutların əldə olunmasına maraqlı olmamışdır. Cavabdeh tərəfindən ödəniləcək pul vəsaitinin dəyən zərərin, yəni zərərin bərpası üçün əməliyyat xərcinə kifayət etməyəcəyi hissəsində məhkəmə obyektivliyə yol verməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə qəbul edilmiş qətnaməni iddiaçı qeyd edilən hissədə mübahisələndirmiş, cavabdeh tərəf isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4299/2021 saylı iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai RPl-nin 35-ci PB-nin təhqiqatçısı Uğur Məmmədovun 12.06.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı ərizə ilə Xətai RPİ 35-ci PBnə müraciət edərək bildirmişdir ki, 2019-cu ilin dekabr ayında Xətai rayonu, Gəncə prospekti 73 ünvanında yerləşən stomatoloji klinikada işləyən Elnur adlı stomatoloqa müraciət edərək 4 dişini təmir etdirmiş, Elnura 4 dişin keramika ilə düzəldilməsi üçün 280 manat pul vermişdir. Dişləri düzələndən sonra ona məlum olmuşdur ki, Elnur onun dişlərini yaxşı təmir etməmiş və dişləri xarab olmuşdur. Odur ki, Elnur adlı şəxsin barəsində tədbir görülməsini və məhkəmə-tibbi ekspertizasında tibbi müayinədən keçmək istədiyini bildirmişdir. Araşdırma ilə əlaqədar İddiaçı ərizəsinə göstərdiyi xüsusatlarla bağlı izahat verməsi təklif olunmuş, lakin sonuncu ərizəsində göstərilənləri təsdiq etsə də izahat verməkdən imtina etmişdir. Materiala əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 11.06.2020-ci il tarixli 27/KEŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olması müəyyən edilməmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onun ağız boşluğunda tibbi manipulyasiya ilə bağlı hər hansı bir pataloji dəyişikliklərin olması müəyyən edilməmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh İddiaçı dişlərini düzəldən zaman dişlərini xarab etməsi faktında cinayət tərkibi müəyyən edilməmişdir. Buna görə də İddiaçı ərizəsi əsasında toplanmış materialda Cavabdeh əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmadığı, tərəflər arasında yaranmış mübahisənin Azərbaycan Repsublikası Mülki qanunvericiliyi ilə tənzimləndiyini nəzərə alaraq toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı dəymiş maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 01.09.2021-ci il tarixli, 2597 saylı ekspert rəyinə əsasən, İddiaçı adına hər hansı bir tibbi sənəd tərtib edilmədiyi üçün ona aparılmış müalicələr (keramikanın- karonkanın qoyulması, dişlərin yonulması, ağız boşluğunda tibbi manipulyasiya və patoloji dəyişikliklər) haqqında fikir söylənilməsi mümkün olmamışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda kliniki, rentgenoloji və cərrahi patologiyalar qeyd edilməmişdir. İddiaçı hal-hazırda ortopedik baxımdan yenidən yonulan dişlərin ortoped-stomatoloq tərəfindən dental implantasiya olunmasına ehtiyac vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məcəllənin 1118.1-ci maddəsinə görə isə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MMnin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla haqlı olaraq hesab etmişdir ki, Cavabdeh tərəfindən İddiaçı dişlərinə qapaq qoyulması prosesində aparılmış müalicənin düzgün olmaması nəticəsində iddiaçının iki dişinin yalnz implantasiya yolu ilə bərpasının mümkünlüyü, hazırda ölkədə bir diş üçün implantasiya xərclərinin 650-850 manat arasında olması təsbit edilmişdir. Göstərilənləri nəzərə alara məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən dişlərin müalicəsinə görə ödənilmiş 280 manat, habelə iki dişin implsntasiyası üçün 1400 manat, həmçinin dəymiş mənəvi zərərin əvəzi qismində 300 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iş üzrə iddiaçı apellyasiya şikayətində tərəfindən apellyasiya şikayətinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 150 (yüz əlli) manatın Cavabdeh tutulmasını xahiş etsə də, ümumiyyətlə bu halı təsdiq edəcək sübutu təqdim etməmişdir. Həmçinin həmin halı təsdiq edəcək sübut təqdim etmiş olsa belə, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən həmin məbləğin cavabdehdən tutulması mümkün hesab edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, iş üzrə iddiaçı apellyasiya şikayətində tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 15 (on beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulmasını xahiş etsə də, bu tələb məhkəmə xərclərinə aid olduğundan məhkəmə tərəfindən qiymət verilməli məsələdir. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya şikayəti təmin edilmədiyindən həmin məbləğ cavabdehdən tutulması mümkün hesab edilə bilməz və iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki halda qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4299/2021 saylı iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4299/2021 saylı iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar