Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3789/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3789/2024 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-730/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 14 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mingəçevir şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X2 xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(051)- 17/2020 saylı qərarına əsasən, Mingəçevir şəhər prokurorunun böyük köməkçisi X2 vermiş olduğu vəsatət təmin edilərək, iddiaçı barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçının cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə bəraət verilmişdir. O, Mingəçevir şəhərində yerləşən «Şəfa» tibbi diaqnostika klinikasında kardioloq həkimi vəsifəsində işləmiş və aylıq qazancı 312 manat təşkil etmişdir. Onu qanunsuz olaraq 20 fevral 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (2 ildən çox müddətə) təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri tətbiq edilmiş və qanunsuz məhkəməyə verilməyi nəticəsində 28 ay işsiz qalmışdır. Bu müddət ərzində o, 8.736 manat məbləğində qazancından məhrum olmaqla yanaşı böyük mənəvi sarsıntılar da keçirmişdir. Habelə o, qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyinə görə hələ də fiziki, psixi əzab və iztirablar çəkmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 8736 manat maddi və 50.000 manat mənəvi zərər olmaqla, cəmi 58736 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X2 xx.xx.2020-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(051)-17/2020 saylı qərarına əsasən, Mingəçevir şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X2 vermiş olduğu vəsatət təmin edilərək, onun barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə onun cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə bəraət verilmişdir. o, Mingəçevir şəhərində yerləşən «Şəfa» tibbi diaqnostika klinikasında kardioloq həkimi vəsifəsində işləmiş və aylıq qazancı 312 manat təşkil etmişdir. Onu qanunsuz olaraq 20 fevral 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (2 ildən çox müddətə) təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri tətbiq edilmiş və qanunsuz məhkəməyə verilməyi nəticəsində 28 ay işsiz qalmışdır. Bu müddət ərzində o, 8.736 manat məbləğində qazancından məhrum olmaqla yanaşı böyük mənəvi sarsıntılar da keçirmişdir. Habelə, o, qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyinə görə hələ də fiziki, psixi əzab və iztirablar çəkmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(006)- 790/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş maddi zərərə görə 8.736 manat və mənəvi zərərə görə 8.400 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1100, 1101.1, 1101.2-ci maddələri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2-ci, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6-cı maddəsinin 1-ci bəndi, 7, 12-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də, tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya kompensasiya ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Həmçinin məhkəmə tərəfindən maddi ziyan hesablanarkən, iddiaçıya ödənilən əmək haqqından vergi və digər məcburi tutulmalar nəzərə alınmadan, hesablanması da məqsədəmüvafiq hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh öz apellyasiya şikayətində əsas dəlil olaraq iddianın onlara qarşı verilməməsini göstərmişdir. Halbuki bununla bağlı formalaşmış mövqe və Azərbaycan Respublikası Prezidentinin də Fərmanı var. İddiaçının baş vermiş hadisələr nəticəsində maddi və mənəvi zərərə məruz qalması isə işin mübahisəsiz halını təşkil edir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
14. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
15. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
16. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
17. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
18. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
19. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu
20. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır
21. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir
22. Maddə 6. 1-ci bəndi Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir
23. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir
24. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı
25. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunan hissəsində dəyişdirilməlidir.
34. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən olunur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(051)-17/2020 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs İddiaçı barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilməsi haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilmiş, İddiaçı barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir.
35. Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 1(051)-2/2022 saylı hökmündən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilmişdir.
36. Mingəçevir Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 1-HŞ-69-1/2024 saylı məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 1(051)-2/2022 saylı hökmündən apellyasiya şikayəti və protesti verilmədiyi üçün hökm qanuni qüvvəsini almışdır.
37. «X5» MMC-nin xx.xx.2024-cü il tarixli 01 saylı arayışından görünür ki, İddiaçı həmin MMC-də 2019-cu il tarixdə əmək haqqı ştat cədvəlinə əsasən 312 manat təşkil etmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın maddi zərərin tutulması hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
39. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanla bağlı hissədə kifayət qədər əsaslandırılmışdır. Belə ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr əmək fəaliyyəti ilə məşğul olarkən stabil şəkildə əmək haqqı almışdır. Bununla bağlı arayış məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşdur. İddiaçının həmin dövr ərzində gəlirindən məhrum olması nəzərə alındıqda, iddiaçıya vurulmuş maddi ziyan 8.736 manat (28 ay x 312 manat) təşkil edir.
40. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi tələbin Maliyyə Nazirliyinə deyil, bilavasitə təqsiri törədən quruma yönəldilməsinə dair dəlillərinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, göstərilən hallar 2 meyarla dəyərləndirilməlidir. Bu meyarların əsası iddianın obyekti və iddianın predmeti kimi obyektiv hallardan asılıdır. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir. İddianın predmeti isə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquqdur. Hazırki işdə iddia tələbinin predmeti qismində göründüyü kimi, kompensasiya məbləğinin tələb olunması çıxış edir. Bu da öz növbəsində iddia tələbinin adekvat subyektə yönəldiyinin göstəricisidir.
41. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçının barəsində dövlət qurumunun təqsirli hərəkətləri nəticəsində yanlış qənaətə gəlinmiş və bununla da 2 il müddətinə qeyri-adekvat rəftara məruz qalmışdır. İşin mübahisəsiz halıdır ki, şəxs adıçəkilən ittihamlardan bəraət almış və təqsirsiz hesab edilmişdir. Bununla da, onun müvafiq kompensasiya hüququ yaranmışdır.
42. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində göstərilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
43. Həmçinin “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
44. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadəsi ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır.
45. Hazırkı işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət - “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
46. Bu baxımdan kollegiya hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, iddiaçıya dəymiş mənəvi zərərin məbləğini cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
47. Lakin birinci instansiya məhkəməsi cavabdehdən 8400 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, iş materiallarında iddiaçının həbsdə saxlanıldığı və bunun nəticəsində onun həddindən artıq ciddi mənəvi iztirab çəkməsi iş materialları təsdiq olunmur.
48. Belə ki, mənəvi zərər - bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
49. Ümumiyyətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrıayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
50. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.
51. Habelə təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.
52. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilri ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
53. Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan işlər üzrə kassasiya instansiyası məhkəməsinin də bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə, o cümlədən hazırki işdəki kimi “vəzifədən kənarlaşdırma” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay- azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı təqribən 500 manat, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı isə təqribən 300 manat müəyyən edilir.
54. Hazırki işdə isə diqqətəlayiq məqam ondan ibarətdir ki, iddiaçı barəsində ittiham elan olunsa da, onun barəsində qətimkan tədbiri qismində “vəzifədən kənarlaşdırma” tədbiri seçilmişdir ki, bu da öz növbəsində şəxsin azadlıqdan məhrum edilməsi və ya digər hüquqi tədbirlərin tətbiqi ilə müşahidə olunmamışdır.
54. Çünki şəxsin konstitusion hüququ olan azadlıq hüququnun məhdudlaşdırıldığı həbsdə saxlamadan fərqli olaraq, digər cinayət-hüquqi tədbirlərdə şəxs cəmiyyətdən tam təcrid olunmur. Müəyyən məhdudiyyətlərlə, əvvəlki sosial mühitində yaşamağa davam edir.
55. Beləliklə, qeyd olunanlar konteksində kollegiya hesab edir ki, işin halları və qanunvericiliyin bu yöndə olan tələblərinə görə mənəvi ziyanın həcminin 1000 manat həcmində müəyyən edilməsi daha qanuni, ədalətli və ağlabatandır.
56. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-790/2024 saylı iş üzrə 07 mart 2024-cü il tarixli qətnaməsi qismən - mənəvi zərərə görə pulun ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 1000 manat həcmində pul tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-790/2024 saylı iş üzrə 07 mart 2024-cü il tarixli qətnaməsi cavabdehdən mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 1.000 (min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-790/2024 saylı iş üzrə 07 mart 2024-cü il tarixli qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova