Məhkəmə qərarları › İş №2(103)-3790/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3790/2023

19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3790/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2647/2023 saylı, 02 may 2023-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı qanuna zidd hərəkətlərin hüquq pozuntusu olaraq tanınması, əldən çıxmış faydaya və işgüzar nüfuza görə dəymiş zərərin əvəzrinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən yol verilmiş haqsız rəqabət hərəkətlərinin qanun pozuntusu olaraq tanınması, cavabdehdən həmin hərəkətlər nəticəsində İddiaçı MMC-yə əldən çıxmış faydaya görə 130.000 manat, iddiaçının işgüzar nüfuzuna dəymiş zərərə görə 30.000 manat kompensasiya tutularaq ödənilməsi və Cavabdeh MMC-nin üzərinə İddiaçı MMC-yə qarşı haqsız rəqabət hərəkətlərinə yol verməyəcəyinə dair öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2647/2023 saylı, 02 may 2023ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmış, “X2 Azərbaycan” QSC vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 450 (dörd yüz əlli) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-yə (VÖEN **********) qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı MMC şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2647/2023 saylı, 05 may 2023ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu(onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269-cu maddəsinin tələbinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1- 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə əsasən, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan normalarının tələblərinə riayət etmədiyi üçün verilmiş şikayət işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki, birinci instansiya məhkəməsi şikayətə baxarkən onun MPM-in tələblərinə uyğun verilib-verilmədiyini yoxlamamış, üstəlik də səhvən apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 32.5, 269, 396, 397.1, 402, 403-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2647/2023 saylı, 02 may 2023ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət MPM-in tələblərinə uyğun verilib-verilmədiyi yoxlanılmadan, səhvən apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar