Məhkəmə qərarları › İş №2(103)-3791/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3791/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3791/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(004)-1959/2021 saylı qərardadından Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından 17.323,98 avro əsas borc, 433,09 avro illik beş faiz, 1.082,74 avro maddi və 4.800 avro mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 23.639,81 avro pulun tutularaq ona ödənilməsi baradə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-də olan hesabındakı pul vəsaitinin üzərinə iddia tələbi həcmində, yəni 23.639,81 avro (49.170,80 manat) pul vəsaitinin üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyulması baradə qərardad qəbul olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli (hakim V.Hacıyev, iş № 2(004)-1959/2021) qərardadı ilə ərizə təmin edilərək, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-də olan hesabındakı pul vəsaitinin üzərinə iddia tələbi həcmində, yəni 23.639,81 avro (49.170,80 manat) pul vəsaitinin üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyulmuşdur. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-də olan hesabında daima pul vəsaiti olur. Şirkət Azərbaycanda fəaliyyət göstərən mühüm neft-qaz lahiyələri üzrə - “Azəri-Çıraq-Günəşli", “Şahdəniz”, “Abşeron” yataqlarında subpodratçı olaraq təyinatlı işlər görür, neft-qaz hasilatında antikorroziya məhsullarının satışı, mühəndislik lahiyələndirilməsi və texniki dəstəyi həyata keçirir. Pul vəsaitlərinin müəyyən hissəsi üzərinə həbs qoyulması məhsulları hasilat işləri görən sifarişçilərə çatdırılmasında çətinliklər əmələ gətirə bilər, podratçılara mənfi təsir göstərə bilər, mühüm neft-qaz yataqlarında boşdayanmalara səbəb ola bilər. İş təklifinə əsasən işəgötürən iddiaçıya 1500 manat aylıq maaş və tərəfindən həyata keçirilən “Belzona” polimerlərinin satışından 8%, Belzona polimerlərinin tətbiqi ilə sonlanan layihələrdən 3% və əlavə olaraq geri qalan digər məhsulların satışından 3% əlavə bonus - ödənilməsi şərtilə texniki-məsləhətçi vəzifəsini təklif etmişdir. İddiaçı müştəri gətirdiyi təqdirdə bu ödənişlər hayata keçirilməli idi. İddiaçı müştəri gətirmədiyinə görə cavabdehin iddiaçıya hər hansı borcu yoxdur. Cavabdehin nümayəndəsi E.Məmmədov məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iddia tələbi tərəflər arasında mövcud olmuş əmək münasibətindən irəli gələn, yəni iddiaçının işdən çıxan zaman son-haqq hesabının və bonusların ödənilməsindən, ödəmə vaxtında həyata keçirilmədiyi üçün əldən çıxmış fayda, maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən, yəni - Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından 17.323,98 avro əsas borc, 433,09 avro illik beş faiz, 1.082,74 avro maddi və 4.800 avro mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 23.639,81 avro pul tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. Bu səbəbdən gələcəkdə iddia təmin edildiyi təqdirdə qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehin hesabındakı pul vəsaitinin üzərinə iddianın təmini tədbiri kimi iddia tələbinin həcmində, yəni 23.639,81 avro (49.170,80 manat) pul vəsaitinin üzərinə həbs qoyulması zəruridir və cavabdehin digər vəsaitlərindən istifadəsinə hər hansı bir maneçilik törətmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar