Məhkəmə qərarları › İş №2(103)-3791/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3791/2025

23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3791/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3791/2025 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 23 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariat ofisində bağlanmış Razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındaki evin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, tərəflərin birgə nikahdan anadan olan 26 iyun 2006-cı il təvəllüdlü X8, 02 sentyabr 2008-ci il təvəllüdlü X7 və 24 dekabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariat ofisində bağlanmış Razılaşma Müqaviləsinin 1.2-ci bəndinə əsasən, Cavabdeh ilə aliment məbləğinin hər uşaq üçün ayda 80 manat, ümumilikdə 240 manat ödənilməsi və ona İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındakı mənzilin bir otağında yaşamasına razılıq verilmişdir. Lakin daha sonra cavabdeh müqavilə şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixdə aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment, cəmi 705 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli Razılaşma Müqaviləsinin 1.2-ci maddəsinin şərtlərini pozaraq, aliment məbləğinin artırılmasını tələb etmişdir.

3. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi vəkil Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək, xx.xx.2021-ci il tarixdə bağlanmış “müqavilənin ləğv edilməsi və Cavabdeh ünvan 2 ünvanındakı evin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbinin qismən təmin edilməsi, tərəflər arasında xx.xx.2021-ci il tarixində 2 saylı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış razılaşma müqaviləsinin ləğv edilməsi, iddia tələbinin Cavabdeh “mənzildən çıxarılma” hissəsində təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, 421.1, 421.2-ci maddələri və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.2, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadəsi üçün hüquqi əsaslar mövcud deyildir və həmin istifadə qanunaziddir. İddiaçı ilə Cavabdeh arasında olan nikaha Sabunçu rayon məhkəməsinin 2(008)- 4708/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Hazırda tərəflər arasında ailə münasibətləri mövcud deyil. Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilə heç bir mülkiyyət hüququ mövcud olmadan yaşayır və mülkiyyətçinin razılığına zidd olaraq həmin mənzildə qalmaqda davam edir. Tərəflərin birlikdə yaşaması mümkün deyil və bu hal mülkiyyətçinin mənzilə sərbəst surətdə sahib olmasına və ondan istifadəsinə maneə yaradır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər 2004-cü ildə qeyri-rəsmi, 2006-cı ildə isə rəsmi nikah münasibətlərinə girmişlər. Ev 2021-ci ildə rəsmi mülkiyyətə keçmişdir.

10. Məhkəmə iclasına iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli evə 2004-cü ildə köçmüşdür.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

13. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

14. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı mübahiləndirilən hissədə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

26. Belə ki, iş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********29-05101- 093017 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

27. İddiaçı ilə, Cavabdeh arasında 23 avqust 2021-ci il tarixində bağlanmış Razılşma Müqaviləsinin 1.2-ci bəndinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanındaki mənzilinin bir otağını xx.xx.2021-ci il tarixdən gec olmayaraq Cavabdeh yaşamasına təqdim etməklə, birgə nikahdan olan uşaqları xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması ilə bağlı hər ay hər uşaq üçün 80 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində aliment ödənilməsi barədə razılaşmışlar.

28. Məhkəmə araşdırılması zamanı tərəflərin vermiş olduğu izahatlar və iş materialları əsasında müəyyən edilmişdirdi ki, tərəflər 2004-cü il tarixində faktiki nikah münasibətlərinə daxil olsalar da, onlar arasında rəsmi nikah 2006-cı il tarixində olmuş, iddiaçı gəlin qismində hazırki mübahisə predmenti olan Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən mənzilə evinə köçərək, uzun müddət cavabdeh ilə birlikdə yaşayıb, birgə təsərrüfat aparmışlar. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 doğulmuşdur. Lakin cavabdehlə münasibətləri pisləşdiyi üçün tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar anasının himayəsinə verilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq mövcud olan və istifadə edilən mübahisəli mənzildən cavabdehi çıxarılması ilə bağlı tələbinin həlli baxımından onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması araşdırılmalıdır.

30. Bu məqsədlə mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, cavabdehin mənzildən istifadə etdiyi müddətlər araşdırılmalıdır.

31. Yuxarıda da qeyd edildiyi kimi məhkəmə baxışında iştirak edən tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, tərəflər 2004-cü il tarixində faktiki nikah münasibətlərinə, 2006-cı il tarixində isə rəsmi nikah münasibətlərinə daxil olmuşlar və cavabdeh həmin evə gəlin olaraq köçmüşdür. Bu isə o deməkdir ki, hər bir halda mübahisəli hüquq münasibətinin 2009-cu il oktyabrın 1-dək yarandığı işin mübahisəsiz halıdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi və digər ailə üzvləri ilə ailə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətçinin keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2000-ci il sentyabrın 1-dən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə kollegiya hesab edir ki, hazırki iş üzrə mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə əsasən qiymət verilməlidir.

33. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mənzildən və ya digər bu kimi yerlərdən çıxarılmaya dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.

34. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

35. Qanunvericiliyin tələblərindən də göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin, yəni indiki halda iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verilməsi sonuncunun həmin mənzillə bağlı istifadə hüququnun da xitamına səbəb olmur. Bu halda iddiaçının cavabdehlə bağlanmış nikahın pozulmasına istinad edərək onu mənzildən çıxarmasına dair də hər hansı hüquqi əsas yaranmış olmur.

36. Qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ yarandığından və qanunvericiliyin tələblərinə əsasən həmin hüquq ailə münasibətlərinə xitam verilməsi halında da saxlanıldığından, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

38. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

43. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar