Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3794/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3794/2025 (Açar sözlər: istifadə hüququna xitam verilməsi, bağ evindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 447/2025 nömrəli 23 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh Kərimova tərəfindən verilmiş apellyasiya şikayətinə 05 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 0051758 nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 1219 saylı bağ Hacıyeva Naibə tərəfindən (X11 vasitəsilə) İddiaçı 92.000.000 manata satılmışdır.
2. 0004109 saylı Daşınmaz Əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 1219 saylı bağ evi tam mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-570/2013 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, X2 İddiaçı qarşı aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi işlə bağlı hər hansı sübut təqdim edilmədiyinə görə əsassız hesab olunmuş və iddia rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-149/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi müqavilənin etibarsızlığı barədə əsaslar müəyyən edilmədiyinə görə əsassız hesab olunmuş və rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini alımışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-428/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, X5 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Bakı Ərazi idarəsinə, İddiaçı, 25 saylı notariat kontoruna, X7 və 3-cü şəxslər Elşən Rəsulova və Arif Qaraşova qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə eyni predmetlə bağlı eyni şəxslər arasında mübahisəyə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıldığına görə icraata xitam verilmişdir.
6. Mərdəkan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Əsgərova X15 qəsəbəsi, 1219 saylı bağ ünvanında qeydiyyatdadırlar. Onların həmin ünvanda nə vaxtdan qeydiyyatda olmaları və hal-hazırda həmin ünvanda kimlərin yaşaması barədə heç bir məlumat yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə), Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1219 ünvanında yerləşən bağ sahəsindən istifadə hüququna xitam verilməsi və Cavabdeh1, Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə), Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1219 ünvanında yerləşən bağ sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən bağ evinin tam mülkiyyət hüququ ilə mülkiyyətçisidir. Qeyd olunan mənzil 2005-ci ilədək bibisi X8 məxsus olmuş və həmin evdə təkbaşına yaşamışdır. xx.xx.2005-ci ildə X12 mülkiyyətində olan bağ sahəsinin satılması üçün öz qardaşı – yəni onun atası olan X10 etibarnamə vermişdir. Bundan sonra xx.xx.2005-ci ildə onunla Hacıyeva Naibənin etibarnamə əsasında nümayəndəsi X13 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin bağ sahəsinin müqabilində tərəfindən köhnə valyuta ilə 92.000.000 manat ödəniş edilmişdir. Həmin müqavilə əsasında sözügedən əmlak xx.xx.2006-cı ildə Daşınmaz Əmlakın Dövlət Reyesterində onun adına qeydiyyata alınmış və MH0004109 nömrəli müvafiq çıxarış əldə edilmişdir. Bağ sahəsinin mülkiyyət hüququ ona keçsə də, Hacıyeva Naibə tənha və kimsəsiz qadın olduğundan vəfat etdiyi günədək həmin mənzildə yaşamağa davam etmiş və buna onun tərəfindən heç bir maneə törədilməmişdir. Bu alqı-satqıdan bir müddət sonra digər bibisinin oğlu Rusiya Federasiyasında yaşayan Kərimov Tələt və arvadı Cavabdeh1 Azərbaycana geri döndükdən sonra Hacıyeva Naibəni öz evlərinə aparmış və onun qocalığından və xəstəliyindən istifadə edərək bu alqı-satqı müqaviləsini etibarsız etmək üçün ona müxtəlif təziqlər etmiş, qorxutmuş və hədəqorxu gəlməyə başlamışdırlar. Bəzən bu təziqlər hətta yaşlı və köməksiz qadının döyülməsi ilə belə nəticələnmişdir. X23 və arvadı Cavabdeh1 alqı-satqının etibarsızlığını onunla əsaslandırmışdırlar ki, sözügedən bağ sahəsi 2002-ci ildə Hacıyeva Naibə tərəfindən onlara vəsiyyət edilmiş, onlar isə bunun müqabilində hər ay X9 pul göndərmişdirlər. Halbuki, heç də iddia edildiyi kimi onlara bu bağ sahəsi deyil, ünvan 3 ünvanında yerləşən mənzil miras qalmışdır və göndərilmiş olan pulların onun mülkiyyətində olan və mübahisə predmetini təşkil edən bağ sahəsi ilə heç bir əlaqəsi yoxdur. Qeyd edir ki, sözügedən vəsait hər ay atası Abbasov Arif tərəfindən bank vasitəsilə təhvil alınaraq Hacıyeva Naibəyə çatdırılmışdır. Lakin bu təhvil-təslim bacı-qardaş arasında baş tutduğundan, atası Abbasov Arif həmin təhviltəslimi heç bir vasitə ilə rəsmiləşdirməmiş, ümumiyyətlə buna ehtiyac duymamışdır. Sözügedən pul vəsaitlərinin Hacıyeva Naibəyə təhvil verildiyini təsdiq edən heç bir sənəd olmadığından X16 və Cavabdeh1 məhkəmə qaydasında həmin vəsaitin atasından tutularaq onlara ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsinə nail olmuşdurlar. Nəticə etibarilə atası Abbasov Arif vaxtilə tam həcmdə çatdırdığı pulları yenidən hissə-hissə ödəmək məcburiyyətində qalmışdır. Atası vəfat etdikdən sonra isə Kərimov Tələt və Cavabdeh1 2011-ci ildə Səbail Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X13 tərəfindən iddiaçıya bağışlanmış olan ünvan 4 ünvanında yerləşən mənzilin hərracda satılaraq 20.300 (iyirmi min üç yüz) manat məbləğində vəsaitin atasının adından onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(009)- 1233/11 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bütün bu müddət ərzində Kərimov Tələt və Cavabdeh1 artıq Mərdəkan qəsəbəsində yerləşən həmin bağ sahəsindən onun və yaxınlarının istifadəsini tamamilə məhdudlaşdırmış, həmin ərazini faktiki olaraq qanunsuz şəkildə zəbt etmiş, hətta yaxınlaşmaqlarına belə icazə verməmiş, bitişik ərazidə yerləşən qohumlarının evlərinə getdikləri vaxtlarda belə onları nalayiq ifadələrlə təhqir etməkdən, hədə-qorxu gəlməkdən belə çəkinməmişdirlər. Hətta Cavabdeh1 dəfələrlə həmin vaxtlar həyatda olan mərhum anası X6 iş yerinə, onun evinə gələrək səs-küy salmış, yaşadıqları mənzilin qapı və pəncərələrinə zərər vurmuş, həyat yoldaşını ictimai yerlərdə nalayiq ifadələrlə təhqir etmiş, qonşular arasında nüfuzlarına zərər vermiş, anasına və uşaqlarına zərər verməklə hədəqorxu gəlmişdir. Bu barədə dəfələrlə polis və prokurorluq orqanlarına şikayətlər etsələr də, heç bir faydası olmamış, Cavabdeh1 və mərhum Kərimovun Tələtin xuliqanlıq əməlləri cəzasız qalmışdır. Qeyd edilən faktı təsdiq edən müvafiq hüquq mühafizə orqanlarına yazılmış ərizələr, izahatlar, həmin orqanların qərarları da mövcuddur. Nəticə etibarilə, bu hədə-qorxudan qorxaraq Hacıyeva Naibə təziq altında qalaraq iddiaçı ilə baş tutan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı 2012-ci ildə Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2-(003)-570/2012 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, xx.xx.2012-ci il tarixli 2(103)-5521/2012 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi, xx.xx.2013-cü il tarixli 2(102)-1767/13 saylı qərar ilə Ali Məhkəmə həmin qətnaməni qüvvədə saxlamışdır. Bununla kifayətlənməyən Cavabdeh1 2014-cü ildə Xəzər Rayon Məhkəməsində özü iddiaçı qismində eyni məzmunlu iddia qaldırmışdır. Həmin iddia Xəzər Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(003)-1491/2014 saylı qətnaməsi ilə təmin edilməmiş, xx.xx.2015-ci il tarixli 2(103)- 629/2014 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi, xx.xx.2015ci il 2(103)-3241/2015 saylı qərar ilə Ali Məhkəmə həmin qətnaməni qüvvədə saxlamışdır. Cavabdeh1 onun qanuni mülkiyyətçi olduğunu, ona məxsus əmlakı qanunsuz olaraq sahibliyində saxladığını bildiyinə görə ard-arda əsassız iddialar verməklə prosesi uzatmağa və onun daim müdafiə olunma mövqeyində saxlamağa cəhd göstərmiş və müəyyən mənada bu istəyinə nail olmuşdur. Belə ki, 2016-ci ildə Cavabdeh1 hələ də özü şəxsən və bibisi Hacıyeva Naibə vasitəsilə eyni məzmunlu iddialar qaldırmağa davam etmişdir. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı arayışına əsasən, ona məlum olmuşdur ki, həmin bağda xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2019-cu il təvəllüdlü azyaşlı X14 qeydiyyatdadır. Həmin şəxslər sözügedən mənzilə 2005-ci ildən sonra, yəni iddiaçının mülkiyyət hüququ əldə etməsindən sonra qeydiyyata alınmışdır. Lakin həmin şəxslərin qeydiyyata alınmasına onun tərəfindən heç bir notarial razılıq verilməmişdir. Adı çəkilən şəxslərin mənzilə hansı şəkildə qeydiyyata alınmaları ona məlum deyildir. Daha əvvəl baş verən məhkəmə mübahisələri əsnasında həmin şəxslərin qeydiyyata düşmək üçün X4 qalmış çıxarışı istifadə etməklə qanunsuz olaraq qeydiyyata alınmışdırlar. Cavabdeh1 və ailə üzvlərinin ona məxsus əmlakdan istifadəsinin heç bir hüquqi əsası yoxdur.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 aprel 2025-ci il tarixli 2(003)-447/2025 nömrəli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə) ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılmsı qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlərdən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən bağ evində indiyə qədər yaşamamışdır. O, pul verərək həmin evə qeydiyyata düşmüşdür. Bu səbəbdən onun həmin evə istifadə hüququ yaranmayıb və itirilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 ünvan 2 ünvanında yerləşən bağ evindən istifadə hüququnun itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir.
11. Məhkəmədə həmçinin müəyyən etmişdir ki, cavabdehlərdən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən bağ evində heç vaxt yaşamayib və yaşamır. Bu səbəbdən, o həmin evdən çıxarıla bilməz. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılması hissəsində əsassız olduğundan rədd edilməlidir.
12. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən bağ evində yaşayırlar. Lakin, onların həmin evdən istifadə hüququnun mövcud olması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşmaları yoxdur. Belə çıxır ki, Cavabdeh1 və Cavabdeh3 həmin evə dair istifadə hüquqları yaranmayıb və itirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə) ünvan 2 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilməsi tələbi əsassızdır və təmin edilə bilməz.
13. Məhkəmə iddia tələbini qismən təmin edərkən mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 1219 saylı bağ evi tam mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdən İddiaçı mülkiyyətindədir. Belə olan halda, İddiaçı cavabdehlərin özünə məxsus evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə) ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 152.5, 228.2, Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onun həmin evdə 2005-ci ildən indiyə qədər 20 il ərzində yaşamağını nəzərə almamışdır. 2005-ci ildən mübahisəli evə dair hüquq münasibətinin yaranmasına baxmayaraq məhkəmə həmin vaxtda qüvvədə olan Mülki Məcəllənin müddəalarını tətbiq etməmişdir. xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi saxtadır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisəli ev xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 mülkiyyətindədir. İddiaçının çıxarışında evin 1 otaqlı olması göstərilir. Halbuki, evə dair bütün sənədlərdə və faktiki olaraq ev 2 otaqdan ibarətdir. Bakı şəhəri 7 saylı Notariat Ofisinin 01 aprel 2025-ci il tarixli məktubundan görünür ki, N.Hacıyevadan miras qalan əmlaka dair vərəsəsi kimi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Ona görə də reyestr xidmətindən hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi xahiş olunmuşdur. Əgər mübahisəli ev İddiaçı adına qeydiyyata alınmışdırsa notarius həmin evə dair hüququn mirasqoyan Nayibə Hacıyevaya məxsus olması barədə arayış verilməsi barədə məktubla DƏDRX-yə müraciət etməzdi. Nəzərə almaq lazımdır ki, N.Hacıyevə tərəfindən verilmiş vəsiyyətnaməyə əsasən həmin ev və digər əmlaklar ona vəsiyyət edilmişdir. İddiaçı isə saxta alqı-satqı müqaviləsi və saxta çıxarışla məhkəmələri aldatmış və evin özünə məxsus olduğunu göstərmişdir. ünvan 5 ünvanlanmış 01 aprel 2025-ci il tarixli məktubdan görünür ki, mübahisəli evə dair hüququn miras qoyan Nayibə Hacıyevana məxsus olmasına dair arayış verilməsi xahiş olunmuşdur. Bu o dəməkdir ki, ev hələ də mərhum Nayibə Hacıyevanın adındadır və o da mərhumun vəsiyyətnamə üzrə vərəsəsidir. İddiaçı ilə bağlanmış saxta alqı-satqı müqaviləsində evin 1 otağının satıldığı qeyd olunmuş, ona aid çıxarışda da evin 1 otağına mülkiyyət hüququnun qeydə alındığı göstərilmişdir. Halbuki, mərhuma məxsus sənədlərdə və faktiki vəziyyətdə evin iki otağı mövcuddur. Məhkəmə həmin halların heç birinə hüquqi qiymət verməmişdir. Əgər evin 1 otağı iddiaçının adına qeydiyyata alınıbsa iddiaçının onu necə ikinci otaqdan çıxardığı kifayət qədər ətraflı araşdırılıb ona hüquqi qiymət verilməmiş, həmçinin onun evdə vərəsəlik hüquqularının və istifadə hüquqularının olub-olmadığına hər hansı hüquqi qiymət verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, onun təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 25.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı və digər cavabdehlər şikayət verməmişlər.
37. Qətnamə Cavabdeh1 münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Hazırki iş üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli bağ evi iddiaçının mülkiyyətindədir və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə) həmin ünvanda yaşamaqda davam edirlər.
40. İddiaçı mübahisəli daşınmaz əşyanı 21 dekabr 2005-ci ildə alqı-satqı yolu ilə almışdır. Mülkiyyətçi kimi onun hüquqları 27 mart 2006-cı ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
41. Bağ evinin əvvəlki müəliyyətçisi, həmçinin hazırki iş üzrə apellyator tərəfindən alqısatqı müqaviləsinin etibarsızlığına dair qaldırılmış iddialar məhkəmələr tərəfindən təmin edilməmişdir.
42. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. Cavabdeh mübahisəli bağ evində 20 ildir yaşadığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
44. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. “AzeMis” Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 xx.xx.2002-ci ildə şəxsiyyət vəsiqəsi alarkən Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olmuşdur. xx.xx.2017-ci il tarixdə növbəti şəxsiyyət vəsiqəsini alarkən artıq mübahisəli ünvanda qeydiyyatda olmuşdur.
46. Göründüyü kimi bağ evi iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının ailə üzvü olmamışdır.
47. Cavabdehin mübahisəli bağ evinin əvvəlki mülkiyyətçisi Nayibə Hacıyeva ilə də yaşayış sahəsindən istifadə qaydasına dair notariat qaydasında təsdiq olunmuş yazılı razılaşması olmamışdır.
48. İşdə olan iddiaçı ilə mərhum Nayibə Hacıyeva arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, sonuncunun bağ evinə olan hüquqları xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Cavabdeh isə bildirir ki, 20 ildir həmin bağda yaşayır. Deməli, Cavabdeh1 2005-ci ildə bağa köçərkən və qeydiyyata alınarkən (özünün deməsinə görə) bağ evi artıq mərhum Nayibə Hacıyevanın mülkiyyətində idi və bağdan istifadə hüququnun yaranması üçün MM-nin 228-ci maddəsində nəzərdə tutulmuş yazılı razılaşma tələb olunurdu.
49. Beləliklə Cavabdeh1 nə mərhum Nayibə Hacıyeva, nə də iddiaçı ilə hər hansı yazılı razlışması olmamışdır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına əsasən, xüsusi mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququ ilə bağlı xx.xx.2000-ci il tarixədək yaranmış münasibətlər Mənzil Məcəlləsinin 123-cü maddəsi, həmin tarixdən sonra isə Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar üzrə müəyyən edilməlidir.
51. Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir ki, həmin norma da yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan yazılı razılaşmanın olmasını tələb edir. 52.Yuxarıdakılara istinadən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, çünki cavabdehin mübahisəli bağ evindən istifadə hüququ yaranmamışdır. Cavabdehə münasibətdə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması tələb olunur ki, hazırki işdə də belə razılaşma yoxdur.
53. Göründüyü kimi cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır.
54. Belə olduqda isə iddiaçı onun iradəsi ziddinə evində yaşayanları evdən çıxarmaqda haqlıdır.
55. Evin 2 otaqdan ibarət olması və onun yalnız 1 otağının iddiaçıya satılmasına münasibətdə kollegiya qeyd edir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan bağ evinin paylı mülkiyyətdə olması halı müəyyən edilmir.
56. Həmçinin xx.xx.2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən bağ evinin hanısa hissədə satılması halı müəyyən edilmir.
57. Apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə qətnamənin ləğv edilməsi əsaslı hesab edilə bilməz.
58. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-447/2025 nömrəli iş üzrə 23 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh1 şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə Cavabdeh1 rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.