Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3796/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-209/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “torpaq sahəsinin boşadılması və özbaşına tikilmiş yarımtikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,651 sot torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq Bakı Çayçəkici ASC-nin əməkdaşlarına təhvil verilməsini, cavabdeh tərəfindən Sabunçu rayonu, Əkrəm Cəfərov küçəsi 1 ünvanında yerləşən özbaşına tikilmiş yarımtikililər sökülməsini, cavabdeh tərəfindən özbaşına tikilmiş yarımtikilinin və torpaq sahəsinin əvəzinə yeni tikiləcək binadan ümumi sahəsi 77.3 kvadrat metr olan mənzili cavabdehin xüsusi mülkiyyətinə verilməsini, Cavabdeh və onunla birlikdə həmin ünvanda yaşayan şəxslər 0,651 sot torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən özbaşına yarımtikililərdən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X8 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən 651 kv.m torpaq sahəsində aparılmış yarımtikililərin sökülməsi, cavabdeh tərəfindən tikilmiş yarımtikililərin sökülməsi, cavabdehin və ailə üzvlərinin 651 kv.m torpaq sahəsindən çıxarılması əvəzinə veriləcək mənzil Bakı şəhəri, Sabunçu Rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsində tikilən binadan aşağıdakı şərtlərlə verilməsi, ümumi sahəsi 98 kv.m olan mənzil- 5 C blokunda yerləşməklə, 2-ci mərtəbədə yerləşməsi, Cavabdeh və onunla birlikdə həmin ünvanda yaşayan şəxslərin 651 kv.m torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması, yeni mənzillər inşa edilənədək "xxxx" ASC tərəfindən Cavabdeh hər ay 400 manat kirayə haqqı ödənilməsi barədə qətnamə qaəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci tarixdə məkəməyə vəsatət təqdim edərək Bakı İnzibati Məhkəməsinin icraatında olan xx.xx.2022-ci il tarixli, 248 nömrəli sərəncamın mübahisələndirilməsinə dair 2-1(112)-1675/2025 saylı iş mahiyyəti üzrə baxılıb həll olunanana qədər hazırda baxılan 2(008)-209/2025 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “torpaq sahəsinin boşadılması və özbaşına tikilmiş yarımtikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10740/2024 nömrəli iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mülki iş üzrə mübahisə predmeti Bakl şəhəri, Sabunçu rayonu, A.Şadlinski küçəsində yerləşən torpaq sahəsidir. Hazırda həmin torpaq sahəsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin 248 nömrəli sərəncamının ləğv edilməsi hazırkı iş üzrə Cavabdeh və X2 tələbi ilə Bakı İnzibati Məhkəməsində münahisələndirilmişdir. Məhkəmə hesab edir ki, müvafiq inzibati mübahisə Bakı İnzibati Məhkəməsinin icraatında olduğundan və işlər əlaqəli olduğundan hazırkı mülki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-209/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə razılaşmayan iddiaçının nümayəndəsi X8 şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ərizəçinin sübutlarına düzgün hüquqi qiymət verməmiş, faktiki halları hərtərəfli, tam, obyektiv araşdırmamış, iddiaçının hüquqlarını kobud şəkildə pozan bir qərar qəbul etmişdir. İlk öncə onu bildirir ki, “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr 2016-cı il tarixli 495 nömrəli qərarı ilə “Obyektin Tikintisinə İcazə”nin forma və məzmunu təsdiq edilmişdir. Həmin qərar əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Baş Plan əsasında1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı yaşayış binası, həyətaltı avtodayanacaq və köməkçi tikililər daxil yaşayış binalarında tikinti aparılması "xxxx" ASC-yə həvalə edilmişdir. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizovun xx.xx.2022-ci il tarixli, 248 saylı Sərəncamı ilə "xxxx"ASC-nin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Qeyd edir ki, "xxxx" ASC-nin həmin tikililərdə tikinti aparması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli,EXO-1963/2023 nömrəli rəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyinin xx.xx.2023-cü il tarixli EXO-1827/2023/1 saylı rəylər alınmış və bir sıra mühüm sənədlər icazəyə əlavə olunmuşdur. Həmçinin tikinti layihəsinə dair ekspertiza müəssisəsinin xx.xx.2023-cü il tarixli, EXO-2888/2023 nömrəli rəyi də mövcuddur. Bundan başqa tikintinin baş planı və yerquruluşu planı da iş materiallarında mövcuddur. Ümumiyyətlə cavabdeh hazırkı iş üzrə heç bir məhkəmə prosesində iştirak etməmişdir. Sadəcə məhkəmə-hüquq şurası və digər orqanlara şikayət xarakterli ərizələr ünvanlamışdır. Bunun bariz sübutudur ki, iş üzrə ekspert rəyi də əldə olunmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardadla Cavabdeh tərəfindən verilmiş icraatı dayandırma vəsatəti rədd edilmişdir. Lakin eyni vəsatət xx.xx.2025-ci il tarixli qərardadla təmin edilir. Yəni, eyni xarakterli vəsatətin ilki rədd edilir, bir neçə ay sonra isə təmin edilir. Bildirir ki, "xxxx" ASC olaraq müəyyən tikinti planları mövcuddur. Həmin tikinti planları müəyyən zaman ərzində icra olunmalıdır ki, üzərinə götürdüyümüz öhdəliklər icra olunsun. Həmçinin bildirir ki, aralarında razılıq əldə olunmuş yüzlərlə vətəndaşa müəssisə tərəfindən hər ay kirayə haqqı ödənilir, onların mənzillə təmin olunma öhdəliyində müəssisədə asılı olmayan səbəblərdən müəyyən gecikmələr baş verir. Bununla da müəssisə kifayət qədər artıq məbləğdə zərərə məruz qalır. Halbuki, müəssisə qısa zaman ərzində vətəndaşları mənzillərlə təmin etmək vəzifəsi daşıyır. Bir çox vətəndaşlarla razılıq əldə olunmuş və müqavilə bağlanmışdır. Lakin sadəcə az sayda vətəndaşla razılıq əldə edə bilməməkləri və hazırkı məhkəmə işlərinin mövcudluğu səbəbindən digər vətəndaşları mənzillə təmin etmək öhdəliyini icra etməkdə çətinlik çəkilir. Məhkəmələrin bu hissədə nəzərə almadığı önəmli nüans əhalinin sayının günü-gündən artması və buna görə də yaranmış mənzil tələbatıdır. Belə ki, paytaxtda çoxmərtəbəli yaşayış binalarının tikilməsinin birinci səbəbi şəhərdə getdikcə əhali sayının artması, eyni zamanda urbanizasiyanın nəticəsi olaraq şəhərin həddən artıq böyüməsidir: Nəticə etibarı ilə tələb artır və bu tələb zərurət yaradır. İnsanlar almaq üçün mənzil tapmaqda çətinlik yaşayır. Bu səbəblə bir sıra MTK-lar yeni mənzillər inşa edərək vətəndaşların ehtiyaclarını qarşılayaraq dolayısı ilə dövlətin siyasətini yerinə yetirirlər. Bir müəssisə olaraq Bakı Şəhər İcra Hakimiyətinin müvafiq Sərəncamı istiqamətdində tikinti işləri ilə məşğul olurlar. Vətəndaşlara isə edilən təkliflər ədalətli olur. Lakin Cavabdeh tərəfindən istənilən məbləğlər dəyərindən dəfələrlə artıqdır. Müəssisə tərəfindən həmin məbləğlərin qarşılanması mümkünsüzdür. Bakı İnzibati Məhkəməsində araşdırılan iş üzrə prosessual müddət əslində Cavabdeh tərəfindən ötürülmüşdür. İddiaçı tərəfindən verilmiş iddia İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçılar tərəfindən Sabunçu və Suraxanı Rayon Məhkəmələrinin elektron kabinetinə əlavə olunmuş iddia ərizəsinin 1-ci səhifəsindən görünür ki, İnzibati Məhkəməyə verilmiş iddia ərizəsi hər iki şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmişdir. Dəftərxana tərəfindən həmin sənədin qəbul edilməsini təsdiq edən yazıdan da bu görünür. Hal-hazırda isə elektron məhkəmə sistemindən əlavə edilmiş bildirişdən görünür ki, X3 qarşı müəssisə tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, Cavabdeh qarşı verilmiş iddia ərizəsi isə xx.xx.2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bu zaman iddia ərizəsi ilə birlikdə ona qoşma olaraq əlavə edilmiş digər sənədlər, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamı da mövcud olmuşdur. Yəni, iddiaçı Cavabdeh və Cavanşir Ramazanov sərəncamın mövcud olmasını ən geci xx.xx.2024-cü il, xx.xx.2024- cü il tarixdə məlumatı olduğu halda məhkəməyə 2 aydan artıq bir müddət keçdiyi zaman sonra xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvercilikdə ona tanınmış 30 günlük müddəti ötürmüşdür. Göründüyü kimi Cavabdeh və X4 Prosessual Məcəlləsinin 38-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq sərəncamın ona təqdim edildiyi (xx.xx.2024-cü il (Cavanşir Ramazanov), xx.xx.2024-cü il (Cavabdeh)) müddətdən 2 ay sonra məhkəməyə müraciət etmişdir. Buna görə də hesab edir ki, Cavabdeh və X5 tərəfindən verilmiş iddia ərizəsi qeyri-mümkün hesab edilərək geri qaytarılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X8 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət e-2(008)-209/2025 nömrəli işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 832 saylı 30 may 1994-cü il tarixli sərəncamı ilə iddia predmetini təşkil edən 651 kv.m. torpaq sahəsi Cavabdeh ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 248 saylı, 21 noyabr 2022-ci il tarixli sərəncamı ilə ünvan 4 ünvanda yerləşən, "Bakı Çayçəkici Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların stifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı "xxxx" ASC ona qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əkrəm Cəfərov küçəsində yerləşən ünvanda 651kv. metr sahəsi olan torpaq sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, və qardaşı Cavanşir Ramazanov Bakı İnzibati Məhkəməsində Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 248 saylı, 21 noyabr 2022- ci il tarixli Sərəncamının, mülkiyyətimizdə olan daşınmaz əmlaklara aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə iddia qaldırmışlar. Bundan sonra, o, Bakı şəhəri Sabunçu rayon məhkəməsinə vəsatət verərək, Bakı İnzibati Məhkəməsində onun Bakı şəhəri İcra Hakimiyyətinə qarşı 248 saylı, 21 noyabr 2022-ci il tarixli Sərəncamın onun əmlakına aid hissədə ləğv edilməsi barədə mübahisə həll edilənədək bu iş üzrə icraatı dayandırılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmiş və iş üzrə icraat inzibati mübahisə həll edilənədək dayandırılmışdır. "xxxx" ASC Sabunçu Rayon Məhkəməsinin 2(008)-209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermişdir. İlk əvvəl qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-209/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadı prosessual qanunvericiliyin imperativ tələbinə əməl edilərək qəbul edilmişdir. İmperativ norma əsasında qəbul edilmiş hər hansı qərarın qanuniliyini və əsaslığını mübahisələndirmək üçün həmin normanın hipotezasında göstərilən əsasların olmadığını əsaslandırmaq lazımdır. İddiaçı apellyasiya şikayətində nə bu hipotezanı ümumiyyətlə müzakirə etmir, nə belə işin olmadığını iddia edir, nə də həmin işə baxılmadan hazırki işə baxılmasının mümkün olduğunu iddia edir. Buna rəğmən iddiaçı Sabunçu Rayon Məhkəməsinin 2(008)-209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayətini iki formada əsaslandırır: 1) “Vətəndaşlar qarşısında öhdəliklər gecikir, Bakı şəhərinin əhalisi artır və s.” və 2) “cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə verilmiş iddia qeyri-mümkün hesab olunmalıdır” Faktiki olaraq ASC məhkəmədən imperativ normanın tətbiq edilməsinə, ağlabatanlıq prizmasından yanaşmağı, diskresiya tətbiq etməyi tələb edir. Əvvəla şikayətdə qeyd olunmuş “yüzlərlə vətəndaşla razılıq əldə edilməsi, onlara kirayə haqqları ödənilməsi” məsələsi məhkəmənin diqqətini yayındırmağa yönəlmişdir. Çünki tikintinin baş planına əsasən tikintinin təsir dairəsinə düşən əmlak sahiblərinin ümumi sayı ən çoxu 7-8 fərdi evdən ibarətdir. Məhkəmə "xxxx" ASC-dən razılıq alınan vətəndaşların (cəmi üç-dörd nəfərdir) və ya kirayə haqqı ödənilən vətəndaşların siyasını tələb edərsə, qeyd etdiklərimiz bir daha öz təsdiqini tapacaq. Həmçinin qeyd olunan hallar real olsa belə hazırki qərardadın ləğvinə əsas ola bilməz. ASC-nin digər arqumentinə gəldikdə isə başqa məhkəmənin icraatında olan iddianın mümkünlüyünü və əsaslı hesab edilmə prespektivini müzakirə etmək həmin məhkəmədən başqa hər hansı məhkəmənin səlahiyyətinə aid deyil. Bu bir başa məhkəmənin müstəqilliyi prinsipinin pozuntusu olar. İnzibati məhkəmə həmin işi icraata qəbul edib baxırsa, həmin mübahisə, həmin məhkəmə tərəfindən də həll edilməlidir. Əgər iddianın perespektivliyi müzakirə edilməlidirsə, hazırki iş üzrə verilən iddianın perespektivliyi müzakirə edilə bilər. ASC-nin bu iddianı qaldırmaq səlahiyyəti yoxdur. İddiaçı ilə cavabdeh arasında hər hansı mülki hüquq münasibəti mövcud deyil. Bakı İnzibati Məhkəməsinin icraatında olan iddialarının uğurlu olması ehtimalı isə kifayət qədərdir. İş materiallarında olan sənədlər, sorğulara cavablar və s. həmin sərəncamın qanunsuz olmasını açıq-aşkar göstərir. Əlavə olaraq, bildirmək istəyirəm ki, əmlakıma bitişik ərazinin mülkiyyətçisi tərəfindən də Bakı şəhər İcra Hakimiyyəti Başçısının 248 saylı sərəncamı artıq mübahisələndirilmiş və sərəncam qanunsuz olduğu üçün ona aid hissədə ləğv edilmişdir. Onun qeyd olunan əraziyə gözlənilən mülkiyyət hüququm vardır və 31 ildir ki, istifadəsindədir. Onu bu hüquqdan birtərəfli qaydada məhrum etmək yalnız qanun əsasında müəyyən edilmiş (hər hansı yox) inzibati orqanın səlahiyyətinə aid ola bilər. Hər hansı şirkətin bunu etməsi hüquqi özbaşınalıq ola bilər. Bəzi hüquqi şəxslər dövlət funksiyalarını (inzibati səlahiyyətləri) yerinə yetirə bilər (hüquqda buna “delegation” deyilir), lakin bu səlahiyyət də həmin hüquqi şəxslərə qanun əsasında verilməlidir. Hazırki işdəki, ASC-yə qanunla belə səlahiyyət verilməyib. Buna rəğmən ASC belə səlahiyyəti Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı 248 saylı 21 noyabr 2022-ci il tarixli sərəncamı əsasında aldığını iddia edir. O zaman isə inzibati məhkəmədə məhz bu sərəncam mübahisələndirilir. Belə olan halda bu iki mübahisə arasında bir başa əlaqə var. ASC-nin özünün iddia etdiyi kimi onun hüquqlarının, o cümlədən cavabdehə qarşı iddia qaldırmaq hüququnun əsasını təşkil etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısı 248 saylı 21 noyabr 2022-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddiaya baxılmayınca onun bu sərəncam əsasında qaldırdığı hər hansı iddiaya baxılması mümkün deyildir. Bu da MPM-nin 254.1.4-cü maddəsinin hipotezasında olan əsasın mövcudluğunu göstərir. Bundan əlavə, ASC nədənsə prosessual bir məhkəmə aktından verdiyi şikayəti maddi hüquq pozuntusu kimi əsaslandırır. Həmçinin iddiaçı şikayətdə şablon şəkildə MPM-nin 88-ci maddəsinin pozuntusuna istinad edir. Cavabdeh olaraq hesab edir ki, bu arqumentlər iddiaçının şikayətinin yetərincə əsaslandırılmadığının göstəricisi kimi baxıla bilər və onlara dair münasibət bildirmək fikrində deyilik. Ona görə də iddiaçı "xxxx" ASC tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayətin rədd edilməsi xahiş olunur. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; Maddə 256.0. İş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırmışdır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10740/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamına əsasən iddiaçılar X2, Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair inzibati iş üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixdə, saat 10:25-ə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10740/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, "xxxx" ASC-nin iddiaçılar X2, Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 10740/2024 saylı inzibati işdə mübahisələndirildiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-209/2025 saylı işə baxılması mümkün deyildir. Belə ki, iddiaçı həmin sənədə istinad edib cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmiş, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10740/2024 saylı inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-209/2025 saylı mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilər. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-209/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3796/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3796/2025
19.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver