Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3797/2023 10.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi, həmin borcun ödənilmiş hissəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Sad Park ünvanında yerləşən 10 saylı ev İddiaçı məxsusdur. Onunla Cavabdeh ASC arasında bağlanmış “Su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə dair” xx.xx.2002-ci il tarixli, 11910756 nömrəli müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən su ilə təchiz edilmiş və su xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********000 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda bu sahə üzrə göstərilən xidmətlərə dair məlumatları özündə əks etdirən abonent kartı məlumatlarına əsasən xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlərdə həmin ünvan üzrə göstərilən xidmətlərin ümumi dəyəri 3.710 manat, o cümlədən suya görə 2.597 manat, çirkab suya görə 1.113 manat təşkil etmişdir. Həmin məbləğin 1.000 manat hissəsi xx.xx.2022-ci il tarixdə, 500 manat hissəsi xx.xx.2022-ci il tarixdə, 450 (150 + 300) manat hissəsi isə xx.xx.2022-ci il tarixdə ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun 11910756 nömrəli müqavilə hesabına əsassız olaraq hesablanmış 3.710 manat pulun qanunsuz olaraq alınmış 1.950 manat hissəsinin qaytarılmasını, borc kimi əks olunan 1.970,72 manat hissəsinin isə silinməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında xx.xx.2002-ci il tarixdə 11910756 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə bağlanmışdır. O, mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən evinə quraşdırılmış sayğac vasitəsi ilə sudan istifadə etmiş və istehlak etdiyi suyun dəyərini hər ay tam ödəmişdir. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə onun mülkiyyətində olan sahəyə yeni sayğac quraşdırılmışdır. Bundan sonra onun sayğacdan kənar sudan istifadə etdiyi əsas gətirilərək, xx.xx.2022-ci il - xx.xx.2022- ci il tarixlər ərzində içməli sudan istifadəyə görə 2.597 m3, çirkab sudan istifadəyə görə 1.113 m3, yəni 3.710 manat dəyərində sərfiyyat hesablanmışdır. Məhkəmə tərəfindən müdafiə xarakterli müvəqqəti təminat tədbiri təmin edilənədək, su təchizatının dayandırılmaması üçün cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə isə 450 manat, cəmi 1.950 manat məbləğində pul məcburi qaydada ona ödətdirilmişdir. Halbuki, 3.710 manat pulun “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli “X4” hansı norma və ya bəndinə uyğun hesablandığı məlum deyil. Belə ki, “X4” 6.15.1-ci bəndinə əsasən istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq əhali qrupu olan istehlakçılar üçün müdaxilənin bir il olduğu məlum olarsa, 240 m3 su sərfiyyatı hesablanır. Bu da 240 manat təşkil edir. Eyni zamanda, ona məxsus abonent kartından aydın görünür ki, o, istehlakçı olaraq istifadə etdiyi suyun dəyərini hər ay ödəmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus 11910756 saylı abonent koduna qanunsuz hesablanmış 1.760 manat su borcunun silinməsi, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 1.950 manat pulun tutulması qət edilmişdir. (hakim X5)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona məxsus evdə yaşayır və cavabdeh tərəfindən hesablanmış borc qanunsuzdur. Belə ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğac cavabdehin nümayəndələri tərəfindən dəyişdirilmiş və bundan sonra cavabdehə əlavə sərfiyyat hesablanmışdır. Abonent haqqında kartdan da iddiaçıya xx.xx.2022-ci il tarixdən 3710 m3 , yəni cəmi 3.710 manat əlavə sərfiyyat hesablanması görünür. Məhkəmə baxışına hazırlıq iclasında cavabdehin nümayəndəsinə həmin borcun hesablanmasına əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması təklif edilmiş, lakin cavabdehin nümayəndəsi borcun hesablanmasına əsas olmuş sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçıya hesablanmış 3.710 manat borc əsassız hesab edilməlidir. İddiaçı həmin borcdan 1.950 manat ödəmiş, qalan borc 1.760 manat (3710-1950) təşkil edir. Bununla belə, iddianın 1.950 manat məbləğinin geri qaytarılması hissəsində təmin edilməsi, 1.970,72 manat məbləğinin silinməsi hissəsində isə qismən təmin edilərək, 1.760 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlinmişdir.
6. Məhkəmə öz mövqeyini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 29,60 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya hesablanmış borc məbləği sudan qanunsuz istifadə əsasında hesablanmış ziyan məbləğidir. İddiaçı 1.950 manat ödəniş etməklə qanunsuz qoşulma halını qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 32-ci maddəsinin 2-ci bəndinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur; 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır; 67-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır; 72-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.6-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir; 2.1.8-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir; 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur; 4.1.2-ci və 4.1.3-cü bəndlərinə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, habalə bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aid edilmişdir; 5.1.1-ci və 5.1.5-ci bəndlərinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək, habelə verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır; 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir); 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmuş hissəsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə suölçən cihazın (sayğacın) quraşdırılması, onun işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğacın zədələnməsi, habelə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və verilən sudan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış sahəsində su sayğacı yenisi ilə əvəz edilmiş və bundan sonra cavabdeh tərəfindən həmin ünvan üzrə 3.710 m3 ölçüdə (3.710 manat dəyərində) əlavə sərfiyyat hesablanmışdır. Cavabdeh həmin sərfiyyatın qanunsuz istifadə nəticəsində yarandığını iddia edir və vurulmuş zərər kimi qiymətləndirir. Bu məbləğin 1.950 manat hissəsi iddiaçı tərəfindən artıq ödənilmişdir.
22. Hazırda iddiaçı sudan istifadə ilə bağlı hər hansı qanunsuzluğa yol vermədiyini, sudan sayğacın göstəricisi həcmində istifadə etdiyini, cavabdeh tərəfindən hər hansı əsas olmadan onun abonent koduna cərimə hesablandığını iddia edir. Cavabdeh isə iddiaçı tərəfindən sudan qanunsuz istifadə edildiyini bildirsə də, qanunsuz istifadənin hansı qaydada həyata keçirilməsini müəyyən etməmiş və bununla bağlı lazımi qaydada rəsmiləşdirmə aparmamış, o cümlədən müvafiq akt tərtib etməmişdir. Nəticədə sudan qanunsuz qoşulma və ya su sayğacın hər hansı formada zədələnməsi yolu ilə istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır.
23. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulma halına yol verildiyi təqdirdə, bununla bağlı cavabdeh tərəfindən akt tərtib edilməklə aşkar edilmiş hallar aktda qeyd edilməli, eyni zamanda qanunsuz qoşulma dərhal su və kanalizasiya sistemindən ayrılmalıdır. Lakin hər hansı qanunsuz qoşulmanın su və kanalizasiya sistemindən ayrılması müəyyən edilmir.
24. Digər tərəfdən cavabdeh tərəfindən iddiaçıya məxsus su sayğacı laboratoriya şəraitində müayinə edilməmiş, habelə sayğacın hər hansı formada zədələnməsi və qüsurlu fəaliyyəti qeydə alınmamış, o cümlədən sayğacın təmiri və ya yenisi ilə əvəz edilməsi üçün vəsaitin ödənilməsi ilə bağlı iddiaçıya müraciət edilməmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən su sayğacının mühafizəsi tələblərinə əməl edilmədiyini, o cümlədən sayğacın onun tərəfindən hər hansı formada zədələnməsini istisna edir.
25. Sudan qanunsuz istifadə ilə bağlı hesablamada qeyd edilən Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq aparılmamışdır. Ümumiyyətlə hesablamanın hansı qaydada və meyyarlarla aparılması aydın deyil.
26. Məhkəmə kollegiyası iddiaçının abonent koduna istinadən onu da vurğulayır ki, iddiaçı 2022-ci ilin aprel - 2023-cü ilin yanvar ayları ərzində suyun verilməsi və çirkab suların axıdılması ilə bağlı göstərilən xidmətlərə görə hər ay müxtəlif məbləğlərdə (məsələn, iyul-avqust aylarında 47 manat, avqust sentyabr aylarında 60 manat, oktyabrnoyabr aylarında 51 manat, noyabr-dekabr aylarında 42 manat) ödənişlər etmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən bu sahədə ona göstərilən xidmətlərin həcminə uyğun olaraq mütəmadi ödənişlər etməsini təsdiq edir.
27. Bununla belə, cavabdeh iddiaçının 3.710 manat dəyərində sudan qanunsuz istifadə etməsini bildirsə də, onun nəinki bu dəyərdə, ümumiyyətlə hər hansı dəyərdə sudan qanunsuz istifadə etməsini sübuta yetirə bilməmiş, o cümlədən bu halı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Nəticə etibarı ilə iddiaçının bu məsələ üzrə cavabdehə qarşı hər hansı hüquqazidd əmələ yol verməsi və maddi zərər vurması öz təsdiqini tapmır. Belə olan halda, iddiaçıdan hər hansı məbləğdə zərər tutula bilməz. Bu baxımdan iddiaçının ünvanı üzrə xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri əhatə edən dövr üçün 3.710 manat əlavə sərfiyyatın hesablanmasının hər hansı hüquqi əsası yoxdur. Bu da öz növbəsində bu məbləğin silinməsini şərtləndirir.
28. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, mövcud vəziyyətdə 3.710 manat pulun yalnız 1.760 manat hissəsinin silinməsi mümkündür. Belə ki, ötən dövr ərzində cavabdeh tərəfindən bu məbləğin 1.950 manat hissəsi artıq ödənilmişdir. Həmin ödəniş cavabdeh tərəfindən yaşayış sahəsinin su ilə təchiz edilməsinin dayandırılmasının qarşısını almaq məqsədi ilə, nəticə etibarı ilə yaranmış zərurət və məcburiyyət qarşısında aparılmışdır. Digər tərəfdən iddiaçının abonent koduna əlavə sərfiyyat hesablandığından həmin vaxt (bu məbləğin əsassız olaraq hesablanması hələ məhkəmə qaydasında müəyyən edilmədiyi bir halda) cavabdehdən bu məbləğin tələb edilməsi və iddiaçı tərəfindən ödənilməsi məhz bu əsasa söykənmişdir. Lakin bu məbləğin əsassız olaraq hesablandığının müəyyən edilməsi, iddiaçı tərəfindən bu məbləğin bir hissəsi kimi ödənilmiş 1.950 manat məbləğində pulun cavabdeh tərəfindən ona qaytarılmasını da şərtləndirir.
29. Belə ki, mövcud vəziyyətdə cavabdeh hər hansı hüquqi əsas olmadan, nəticə etibarı ilə mövcud olmayan və əsassız olaraq hesablanmış əlavə sərfiyyatın dəyərinin bir hissəsinin əvəzi olaraq iddiaçıdan 1.950 manat məbləğində pulu almış və həmin məbləği özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Bu səbəbdən həmin məbləğ iddiaçıya qaytarmalıdır.
30. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən iddiaçının abonent koduna hesablanmış 3.710 manat məbləğində borcun 1.760 manat məbləğində hissəsini silmiş, ödənilmiş 1.950 manat məbləğində hissəsini isə cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Bu baxımdan cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
31. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti, o cümlədən cavabdehdən tutulan məbləğ 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.