Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3798/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından üçüncü şəxs "xxxx" ASC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı X3 cavabdeh Bakı şəhəri 4 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla) “8İ- 5887 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 4 saylı Notariat Kontoru tərəfindən verilmiş 3- cü şəxs olan "xxxx" ASC-nin xeyrinə ondan 124235.71 manat tutulması və tələbin X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsinə dair 8İ-5887 nömrəli, xx.xx.2024-cü il tarixli İcra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Veli Kuliev məhkəməyə vəsatətlə müraciət edərək tərəflərindən icra qeydinin əsaslandırıldığı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair Nəsimi Rayon Məhkəməsində qaldırlan iddia ilə bağlı mülki iş üzrə yekun məhkəmə qərarı çıxarılana kimi hazırki işin icraatın dayandırılmasını xahiş etmişdir.
3. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə icraat dayandırılmışdır.
4. Həmin qərardaddan üçüncü şəxs "xxxx" ASC-nin verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
8. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırarkən Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən hakim Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraatı dayandırmalıdır.
9. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi Mülki Prosessual Məcəllənin qeyd olunan normasını tətbiq edərkən hazırkı işin halları baxımından düzgün olmayan qənaətə gəlmişdir.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsi”nə dair 25 mart 2004-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci hissəsinə görə, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
12. MPM-in 169.3-cü maddəsinin tələbinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
13. Kollegiya işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə əlaqədar olaraq hesab edir ki, hazırkı halda rayon məhkəməsi mülki iş üzrə icraatı dayandırmaq əvəzinə, MPM-in 169.3-cü maddəsinə uyğun olaraq tərəflərlə birlikdə əlaqəli işlərin birləşdirilməsi məsələsini müzakirə etməklə daha səmərəli vasitədən istifadə edə bilərdi və bu, daha məqsədəmüvafiq olardı.
14. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
16. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında»
17. (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
18. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
19. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Üçüncü şəxs "xxxx" ASC tərəfindən verilən şikayət təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.