Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3804/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və X9 Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, İddiaçı1 vəkili və cavabdeh İddiaçı2 isə həm vəkili, həmdə nümayəndəsi olan X7, Cavabdeh vəkili və nümayəndəsi olan Vəkil iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli olan və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov (Əli Bayramov) küçəsində yerləşən 33 saylı evin “B” tikilisinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” cavabdehin adına verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər. İddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən iş üzrə üçüncü şəxs kimi göstərilmişdir. İşə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə iddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)- 8218/2019) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarla (İş № 2(102)-133/2020) kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən, iddiaçıların apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Məhkəmə qeyd edir ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar mübahisəli ünvanda yerləşən mənzili 1994-cü ildə alaraq həmin evdə yaşayırlar. İş üzrə cavabdeh sənədlərin saxtalaşdırılması yolu ilə həmin evi mülkiyyətinə keçirmişdir. DƏDRX Əİ-dən iddiaçıların sorğusuna əsasən verilmiş arayışda göstərilir ki, mübahisəli ünvanda yerləşən evin “A” tikilisi 15 saylı Dövlət Notariat Kontorunun xx.xx.2009-cu il tarixli, 2V-52 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X4 və “B” tikilisi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2-884/97 nömrəli, xx.xx.1997-ci il tarixli qərarına əsasən cavabdeh Ş.Qoçulunun adlarına qeydiyyatdan keçmişdir. xx.xx.2018-ci il tarixdə Ş.Qoçulu “B” tikilisinə və G.Quliyeva “A” tikilisinə dair “Reyestrdən çıxarış” almışlar. Bundan sonra iddiaçılara məlum olmuşdur ki, Ş.Qoçulu hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək mübahisəli ünvanda yerləşən “A” və “B” tikililərinin qohumları Yusif, Xeyrulla və Gülzadə Quliyevlərə mənsub olduğunu və o, yeganə varis olduğu üçün həmin evin vərəsəlik qaydasında ona verilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə Ş.Qoçulunun ərizəsi təmin edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Bundan başqa Ş.Qoçulu məhkəməyə müraciət edərək qohumluq faktının müəyyən edilməsi və vərəsə kimi tanınmasına dair qətnamə qəbul edilməsini də xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-509/99 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ş.Qoçulunun mübahisəli evə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxslər İddiaçı1 və Xatirə Rzayeva apellyasiya şikayəti vermiş və bu şikayətə baxmış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsinin ləğv edilməsini, Ş.Qoçulunun “qohumluq münasibətlərində olma və vərəsə kimi tanınma faktının müəyyən edilməsi barədə” ərizəsinin baxılmamış saxlanılmasını qərara almışdır. Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərardadından Ş.Qoçulunın verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 6k-2792/07 saylı qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, Ş.Qoçulu ləğv edilmiş qətnamə əsasında mübahisələndirilən evi mülkiyyətinə keçirmiş və bu barədə “Reyestrdən çıxarış” almışdır. Ş.Qoçulu sənədləri saxtalaşdıraraq mübahisələndirilən evi mülkiyyətinə keçirdiyi üçün “Reyestrdən çıxarış” etibarsız hesab edilməlidir. Bundan başqa, Cavabdehlər Nəsimi Rzayevə və (hazırkı iş üzrə iddiaçı) Yaqub Rzayevə qarşı “evdən çıxarılma tələbi barədə” iddia ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. O, qeyd edilən həmin iddianı Nizami Rayon Məhkəməsinin xx.xx.1997ci il tarixli qətnaməsinin mövcudluğu ilə və mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi – onun valideynləri və əmisi X5 olması ilə əsaslandırmışdır. İddia ərizəsinə dair mülki işə baxmış Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 6K-2585 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Ş.Qoçulunun iddiasının təmin edilməsini, cavabdehlər Nəsimi Rzayev və Yaqub Rzayevin ailə üzləri ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılmasını qət etmişdir. Həmin qətnamədən N.Rzayev və Y.Rzayev tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli, 1 mk-2742/2006 saylı qətnaməsi ilə təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanmışdır. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 6k-2585 saylı qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, Ş.Qoçulunun iddiası rədd edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçılar mübahisələndirilən evdə 1994-cü ildən yaşayırlar. Evin Ş.Qoçulunun mülkiyyətinə keçirilməsi iddiaçıların hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir, işə baxmış Rayon Məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və iş üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı1 vəkili, cavabdeh İddiaçı2 həm vəkili həmdə nümayəndəsi olan M.Quliyev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmunun uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, DƏDRX Əİ tərəfindən cavabdeh Ş.Qoçulunun adına verilmiş “Reyestrdən çıxarış” ləğv olunmuş məhkəmə aktı əsasında verilmişdir. Ş.Qoçulu mübahisəli yaşayış sahəsində yaşamamışdır. Lakin iddiaçılar həmin əmlakı 1994-cü ildə alğı-satqı əsasında almış, onların hüquqmüəyyənedici sənədləri olmamasına baxmayaraq uzun müddətdir ki, orada yaşayırlar. İddiaçı Y.Rzayev və iş üzrə üçüncü şəxs olan DƏDRX Əİ-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçılar mübahisəli əmlakı qanunsuz zəbt edərək, cavabdehin mülkiyyət hüququnu pozmuşlar. Mübahisəli əmlaka dair cavabdehin adına müxtəlif tarixlərdə iki dəfə “Reyestrdən çıxarış” verilmişdir. Birinci dəfə verilmiş “Reyestrdən çıxarış” ləğv olunmuş qətnamə əsasında verilsə də, sonuncu dəfə verilmiş “Reyestrdən çıxarışın” verilməsinin başqa qanuni əsası olmuşdur. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv olunmalı və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsinin” təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov (Əli Bayramov) küçəsi, 33 saylı evin “B” tikilisi X2 və “A” tikilisi X3 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş və bu barədə xx.xx.1998-ci il tarixdə reyestrdə qeydiyyat aparılmışdır. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” xx.xx.2009-cu il tarixli təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov (Əli Bayramov) küçəsi, 33 saylı evin “A” tikilisi miras əmlak kimi X3 vərəsəsi X6 miras qalmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli “Çıxarışın” təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov (Əli Bayramov) küçəsi, 33 saylı evin “A” tikilisi X4, həmin ünvanda “B” tikili X2 adına daşınmaz əmlakın dövlət reyestrində 114 nömrəli reyestr kitabının 10367 nömrəli vərəqində qeydiyyata alınmışdır. X2 xx.xx.2018-ci il tarixli ərizəsinin görünür ki, o, onun payının X1 ilə əlaqədar qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi və hər birinin payına uyğun yeni çıxarış verilməsini xahiş etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li “Çıxarışın” təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əli Bayramov küçəsi, 33 saylı evin “B” tikilisi Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 114 saylı reyestr kitabının 10367 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. DƏDRX-nin Əİ-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov (Əli Bayramov) küçəsi, 33 saylı evin “A” tikilisi 15 saylı DNK-nın xx.xx.2009-cu il tarixli 2V-52 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsinə” əsasən X4 və “B” tikilisi Nizami Rayon Xalq Məhkəməsinin 2- 884 reyestr nömrəli xx.xx.1997-ci il tarixli qərarına əsasən X2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.2018-ci il tarixdə X8 “B” tikilisinə və X10 “A” tikilisinə dair çıxarış almışdır. İddiaçılar bildirir ki, mübahisəli yaşayış sahəsini 1994-cü ildə əldə edərək, həmin tarixdən etibarən həmin sahədə yaşayırlar. Cavabdehin adına verilmiş “Reyestrdən çıxarış” etibarsızdır. Çünki mübahisəli sahəyə dair cavabdehin adına qeydiyyat Nizami Rayon Məhkəməsinin 2-884 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsinə əsasən aparılmışdır ki, həmin qətnamə də sonradan ləğv olunmuşdur. Həmçinin cavabdehin onlara qarşı mənzildən çıxarılmasına dair iddiası da təmin olunmamışdır. Göstərilən məlumatların aradırılması məqsədi ilə Məhkəmə 2-884 saylı, 2-509 saylı və 6k-2585 saylı mülki işləri araşdırılması üçün Məhkəmənin arxivindən götürmüşdür. 2-884 saylı mülki işdən görünür ki, həmin iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.1997-ci il tarixli qətnaməsinə əsasən Ş.Qoçulunun hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, miras əmlak olan mübahisəli sahənin “A” tikilisinin Ş.Quliyeva, “B” tikilisinin isə Ş.Qoçulu tərəfindən miras əmlak kimi qəbul edilməsi və idarə edilməsi faktının tanınmasını qərara almışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardadı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Nizami Rayon Xalq Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.1999-cu il tarixli qərardadı ilə baxılmamış saxlamışdır. 2-509 saylı mülki işdən görünür ki, həmin iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.1999-cu il tarixli qətnaməsi ilə Ş.Qoçulunun mübahisəli evə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərardadı ilə xx.xx.1999-cu il tarixli qətnamə ləğv edilmiş, Ş.Qoçulunun qohumluq münasibətlərində olma və vərəsə kimi tanınma faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərardadından görünür ki, Ş.Qoçulunun verdiyi kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli, 6k-2792/07 saylı qərarı ilə də təmin edilməmişdir. 6k-2585 saylı mülki işdən görünür ki, həmin iş üzrə Ş.Qoçulunun N.Rzayev və onun ailə üzvlərinə qarşı hazırki iş üzrə mübahisəli yaşayış sahəsindən çıxarılma tələbi barədə iddiası Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, sonda Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, Ş.Qoçulunun iddiası rədd edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə, işin hallarına qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə iş materiallarını araşdırararaq işin faktiki halları kimi müəyyən edir ki, Ş.Qoçulu və Ş.Quliyeva mübahisəli yaşayış sahəsinin mülkiyyətçiləri Yusif, Xeyrulla və Gülzadədən miras qalmasına əsaslanaraq, mübahisəli sahənin “A” tikilisinin Ş.Quliyeva, “B” tikilisinin isə Ş.Qoçulu tərəfindən miras əmlak kimi qəbul edilməsi və idarə edilməsi faktının tanınmasını Nizami Rayon Xalq Məhkəməsindən xahiş etmişlər. Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə tələb təmin olunmuşdur. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardadı ilə həmin məhkəmə aktı ilə ləğv edilmişdir. Həmin qəraradaddan görünür ki, Ali Məhkəmə bu nətiəcəyə gələrkən əsaslandığı hallardan biri də ondan ibarət olmuşdur ki, Ş.Qoçulunun atası Xeyrullanın mübahisəli əmlaka mülkiyyət hüququ yoxdur. Belə ki, qeydiyyat vəsiqəsinin surətindən görünür ki, həmin əmlak Yusif və Gülzadəyə məxsusdur. Nizami Rayon Xalq Məhkəməsininin qətnaməsi qəbul edildikdən sonra-xx.xx.1998-ci il tarixdə mübahisəli yaşayış sahəsinin “B” tikilisi cavabdehin adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Mülki işin 13-cü səshifəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan da görünür ki, mübahisəli yaşayış sahəsinin “B” tikilisi Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarına əsasən Ş.Qoçulunun adına qeydiyyatdan keçmişdir. Beləliklə müəyyən olunur ki, dövlət reyestrində qeydiyyat sonradan ləğv olunmuş məhkəmə aktı əsasında aparılmışdır. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya icraatında verdiyi etirazda bildirir ki, mübahisəli əmlaka dair Ş.Qoçulunun adına iki dəfə reyestrdə qeydiyyat aparılmışdır. Birinci qeydiyyat ləğv olunmuş məhkəmə aktı əsasında aparılsa da, 2018-ci ildə ikinci dəfə qeydiyyat aparılmış və həmin qeydiyyatın qanuni əsası olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli yaşayış sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. Qeyd olunan sənədlərdən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə Ş.Qoçulunun adına həmin əmlaka dair yenidən qeydiyyat vəsiqəsinin verilməsinə səbəb Ş.Quliyevanın vəfat etməsi və ona məxsus olan “A” tikilisinin vərəsə G.Quliyevanın mülkiyyətinə keçməsi ilə əlaqədar olmuşdur. Ş.Qoçulunun xx.xx.2018-ci il tarixli ərizəsindən də görünür ki, Ş.Quliyevanın payının G.Quliyevaya keçməsi ilə əlaqədar çıxarışda dəyişiklik edilməsini xahiş etmişdir. Beləliklə, müəyyən olunur ki, Nizami Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ləğv olunduqdan sonra Ş.Qoçulunun mülkiyyət hüququnun yaranması üçün başqa qanuni əsas olmamışdır. Dövlər reyestrində Ş.Qoçulunun adına olan qeyd məhkəmə aktı ləğv olunduqdan sonra da qalmışdır. Yuxarıda qeyd olunalara əsasən, Məhkəmə qeyd edir ki, mübahisəli yaşayış sahəsinin “B” tikilisinin Ş.Qoçulunun mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın qanuni əsası yoxdur və çıxarış etibarsız hesab edilməlidir. İşə baxmış Rayon Məhkəməsi mübahisəli daşınmaz əmlaka iddiaçıların hüquqlarını təsdiq edən sübutlar təqdim edilmədiyi üçün hesab etmişdir ki, iddiaçıların çıxarışın etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddiaçıların subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçılar mübahisəli əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim etməsələr də, onlar tələbini qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar ilə əsaslandırırlar. Halbuki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, yuxarıda qeyd olunmuş mülki işlər üzrə çıxarılmış məhkəmə aktları ilə müəyyən olunan hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır. Həmin məhkəmə aktlarından görünür ki, hazırki iş üzrə cavabdeh Ş.Qoçulunun mübahisəli əmlaka dair heç bir iddiası təmin edilməmişdir. Ş.Qoçulunun mübahsisəli yaşayış sahəsinə dair heç bir hüququ məhkəmələr tərəfindən təsdiq edilməmişdir. Lakin cavabdehdən fərqli olaraq iddiaçılar mübahisəli yaşayış sahəsində yaşayırlar. İddiaçıların mübahisəli yaşayış sahəsində yaşaması işin mübahisəsiz halıdır. N.Rzayev və onun ailə üzvlərinin hazırki iş üzrə mübahisəli sahədən çıxarılması tələbi barədə 6k-2585 saylı mülki işdən də görünür ki, iddiaçılar uzun müddətdir ki, mübahisəli yaşayış sahəsində yaşayırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni qeyd olunan maddi norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhkəmə hesab edir ki, Ş.Qoçulunun adına qanuni əsası olmayan çıxarışın möcud olması həmin yaşayış sahəsində yaşayan iddiaçıların hüquqlarını pozur. Buna görə də iddiaçılar məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Beləliklə, Məhkəmə, yuxarıda qeyd edilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, iddiaçıların birgə verdikləri apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və X9 Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov (Əli Bayramov) küçəsi, 33 saylı evin “B” tikilisinin X2 mülkiyyətinə verilməsi barədə xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” etibarsız hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3804/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3804/2020
02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver