Məhkəmə qərarları › İş №2(103)-3807/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3807/2023

25.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3807/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər nun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, bina 26-da yerləşən 1082 saylı mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən mənzil xx.xx.2012-ci il tarixdən iddiaçının mülkiyyətindədir və bu hal “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş MA seriyalı, ******* saylı “Çıxarışla” təsdiq edilir. İddiaçı, mənzili aldıqdan sonra təmir etdirsə də, həmin mənzildə yaşamamış, özünə məxsus başqa yaşayış sahəsində yaşamışdır. Həmin ərəfədə iddiaçının bacısı X2 iddiaçıya müraciət edərək övladını – X1 evləndirmək istədiyini və yeni ailənin bir müddət həmin mənzildə müvəqqəti yaşamasını xahiş etmişdir. İddiaçı buna razılıq vermişdir. xx.xx.2012-ci il tarixdə Fərid cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuş və onlar yaşamaq üçün mənzilə köçmüşlər. 2022-ci ilin ortalarında iddiaçı bacısına və Fəridə müraciət edərək, mənzilin ona lazım olduğunu bildirmiş və mənzilin boşaldılmasını xahiş etmişdir. Söhbət zamanı isə onlar iddiaçıya bildirmişlər ki, Fərid ilə cavabdehin münasibətləri pozulmuş, onlar ayrılmış və Fərid mənzildən çıxmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, mənzildən çıxmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdehin iddiaçıya məxsus olan (mübahisəli) mənzilindən çıxarılmasını qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mənzilin mülkiyyətçisi olaraq mənzildən istifadə etmək, mənzilə dair sərəncam vermək, mənzilə başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən öz mənzilini geri tələb etmək hüququna malikdir. Cavabdehin isə həmin mənzildə yaşamasının, mənzildən istifadə etməsinin hüquqi əsası yoxdur.

c) apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçının bacısı oğlu Fərid Feyzullayev ilə nikaha daxil olan zaman Fəridin valideynləri bildirmişlər ki, mənzil Fərid üçün alınıb. Fəridin valideynləri həmin ərəfədə mənzilə görə cavabdehin valideynlərinə hətta 25.000-30.000 manat məbləğində pul da xərclətdirmişlər. Bundan sonra, yəni xx.xx.2012-ci il tarixdə cavabdeh ilə Fərid nikaha daxil olmuş və cavabdeh iddiaçının ailə üzvü kimi həmin mənzilə köçmüş və ötən 10 il ərzində həmin mənzildə yaşamış, mənzilin ölçülərinə uyğun mebel, çıl-çıraq, pərdə və sair almış, öz zövqünə uyğun olaraq mənzili bəzəmişdir. Mənzildə yaşadığı dövrdə cavabdehin 2 uşağı da doğulmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamış, cavabdehin özünün və valideynlərinin mənzilə çəkdikləri xərcin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etməmişdir.

d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

7. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 isə ərizə ilə Məhkəməyə müraciət edərək apellyasiya baxışı iclasının təxirə salınmasını Məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin vəkili (nümayəndəsi) ailə-məişət problemləri ilə bağlı apellyasiya baxışı iclasında iştirak edə bilməyəcək.

8. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf məhkəməyə etdiyi müraciətinin əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh apellyasiya baxışı iclasına gəlməməsinin səbəbləri barədə ümumiyyətlə məlumat vermədiyindən, onun vəkili (nümayəndəsi) isə ərizədə göstərilən halları təsdiq edə biləcək sübutları təqdim etmədiyindən Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. İddiaçının vəkili (nümayəndəsi) isə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.

e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş MA seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2012-ci il tarixdə reyestrdə iddiaçının adına qeydə alınmışdır.

12. İş üzrə tərəflərin bildirdiklərindən bəlli olur və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçının bacısı oğlu X3 ilə cavabdeh xx.xx.2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Bundan sonra cavabdeh ilə Fərid Feyzullayev mənzilə köçmüş və ötən 10 il ərzində həmin mənzildə yaşamışlar.

13. Hazırda iddiaçı mənzilin onun mülkiyyətində olmasına və cavabdehin onun ailə üzvü olmamasına əsaslanaraq cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir. İddiaçı hesab edir ki, cavabdehin həmin mənzildə yaşamasının hüquqi əsası yoxudur.

14. Cavabdeh isə iddia tələbinə qarşı etirazını onunla əsaslandırır ki, o, iddiaçının bacısı oğlu Fərid Feyzullayev ilə nikaha daxil olan zaman Fəridin valideynləri bildirmişlər ki, mənzil Fərid üçün alınıb. Fəridin valideynləri həmin ərəfədə mənzilə görə onun valideynlərinə hətta 25.000-30.000 manat məbləğində pul da xərclətdirmişlər. Bundan sonra, yəni xx.xx.2012-ci il tarixdə onunla Fərid nikaha daxil olmuş və o, iddiaçının ailə üzvü kimi həmin mənzilə gəlin köçmüş və ötən 10 il ərzində həmin mənzildə yaşamış, mənzilin ölçülərinə uyğun mebel, çıl-çıraq, pərdə və sair almış, öz zövqünə uyğun olaraq mənzili bəzəmişdir. Cavabdeh hesab edir ki, göstərilənlərə əsasən o, həmin mənzildə yaşamaq üçün hüquq qazanmışdır.

15. İşin mübahisəli hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).

17. Qeyd edilən maddi hüquq normaları iddia tələbinin əsasını təşkil edir.

18. Mülki Məcəllənin tələblərinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.).

19. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

20. Qeyd edilən maddi hüquq normaları isə iddia tələbinə qarşı etirazın əsasını təşkil edir.

21. Məhkəmə bildirir ki, cavabdehin istinad etdiyi dəlillər və maddi hüquq normaları iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. İddiaçının istinad etdiyi dəlillər və maddi hüquq normaları isə iddianın təmin edilməsi üçün kifayət qədər yetərlidir. Çünki reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllə; maddə 140.). Başqa sözlə, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ mövcud olduğundan o, həmin mənzilə başqa şəxslərin sahibliyinə yol verməyə bilər.

22. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin həmin mənzildə yaşamasının hüququ əsası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçının ailə üzvü sayılmır, onların arasında etibarlı ailə münasibətləri mövcud deyil. Buna görə də, cavabdehin bildirdiyi dəlillər, yəni onun iddiaçının bacısı oğlu Fərid Feyzullayev ilə nikaha daxil olan zaman Fəridin valideynlərinin mənzilin Fərid üçün alındığını bildirmələri, onların mənzilə görə cavabdehin valideynlərinə 25.000-30.000 manat məbləğində pul xərclətdirmələri, cavabdehin ötən 10 il ərzində həmin mənzildə yaşaması, mənzilin ölçülərinə uyğun mebel, çıl-çıraq, pərdə və sair alması, öz zövqünə uyğun olaraq mənzili bəzəməsi iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsi üçün əsas sayıla bilməz.

23. Qeyd edilənlərə əsasən Məhkəmə aşağıdakı qənaətə gəlir: - cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etməsinin qanuni əsası yoxdur; - iddiaçı cavabdehə qarşı yuxarıda qeyd edilən tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir; - iddia tələbi əsaslıdır; - iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur; - apellyasiya şikayətinin dəlilləri əsassızıdır; - apellyasiya baxışının predmeti olan qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

24. Apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Buna görə də Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar