Məhkəmə qərarları › İş №2(103)-3823/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3823/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3823/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2023 nömrəli iş üzrə 28 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 məxsus “Telefon Univermağı” mağazasında satıcı Yaqub tərəfindən xx.xx.2022-ci il tarixdə alıcı İddiaçı **********34475 seriya nömrəli “iPhone 14 Pro Max 256 GB” telefona dair 1 il müddətinə zəmanət verilmişdir. Zəmanət talonunda qeyd edilmişdir ki, zəmanətli telefonun təmiri mümkün olmadıqda, telefon analoji modellə dəyişdirilir.

2. “iSpace Service Center” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, **********34475 seriya nömrəli “iPhone 14 X7 256 GB-İTS” markalı mobil telefona dair “cihaz diaqnostika olundu, bizim region deyil, display dəyişilməlidir, istehsal qüsurudur” yazılmışdır.

3. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1068-9/5939 nömrəli 19 sentyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Təqdim edilmiş sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone 14 Pro Max” markalı “A2896” modelli “**********34475, **********47392” imei kodlu mobil smartfon təhqiqat zamanı işlək vəziyyətə gətirildi və bu zaman mobil cihazın ekranının orta hissəsində düz xətt boyunca bir xəttin yaranması müşahidə olundu. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd iPhone 14 Pro Max markalı mobil telefon aparatının normal vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 2750,00 manat müəyyən olunur.

4. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8402 nömrəli 05 dekabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 1 ədəd İMEİ kodu **********34475 olan, “iPhone 14 X7 256 GB-İTS” markalı mobil telefonun yeni vəziyyətdə komplektləşdirilməsinə daxil olan aksesuarları ilə birlikdə 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 3450.00 manat müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, telefon üçün ödədiyi 3000 manat, cavabdehin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 1000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “Telefon Univermağı” mağazasından xx.xx.2022-ci il tarixində “iPhone 14 Pro Max” markalı mobil telefon satın almış, işlək vəziyyətə gətirdikdən sonra telefonun ekran hissəsində xətt getməyə başlamış və iddiaçı dərhal bu barədə mobil telefonu aldığı mağazaya müraciət etmişdir. İddiaçıya təqdim olunmuş zəmanət talonunda qeyd edilmişdir ki, zəmanət talonu mobil telefonun satış tarixində talonda göstərilmiş müddətdə istehsalçının səhvindən yaranmış nasazlıqların pulsuz təmirini təmin edir. Zəmanətli talonun təmiri mümkün olmadıqda, telefon analoji modellə dəyişdirilir. İddiaçı zəmanət talonunda qeyd edilən müddəti keçirmədən dəfələrlə müraciət etməsinə baxmayaraq, nə mobil telefonda təmir işləri həyata keçirilmiş, nə də analoji modellə dəyişdirilmişdir. “Telefon Univermağı” mağazasının Cavabdeh2 adlı işçisi iddiaçını dəfələrlə aldadaraq, guya Dubaya yeni telefon ekranı sifariş verdiyini və gələn kimi ekranı dəyişdirəcəyini bildirsə də, artıq 2 (iki) aydır ki, heç bir hərəkət yoxdur. İddiaçı bununla bağlı şikayət edəcəyini bildirdikdə Cavabdeh2 mağazanın sahibi Cavabdeh1 da bu işdən məlumatlı olduğunu və hara istəyirsə, şikayət etməsini bildirmişdir. Halbuki, cavabdeh (satıcı) iddiaçıya təqdim etdiyi zəmanət talonunda göstərildiyi müddətdə ya mobil telefonu təmir etməli, ya da analoji modellə təmin etməli idi. Lakin iddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh (satıcı) öz üzərinə düşən vəzifələrini aşkar surətdə yerinə yetirməkdən boyun qaçırmışdır.

7. İddiaçı (vəkili-nümayəndəsi Vəkil) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada telefonun alışı üçün ödənilmiş 3450 manatın və vurduqları mənəvi zərərə görə 200 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2023 nömrəli iş üzrə 28 dekabr 2023-cü il tarixli qətnaməsi (hakim-Günay Abidova) ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 3450 (üç min dörd yüz əlli) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, cəmi 3650 (üç min altı yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 567, 581.1, 581.2, 581.4, 582.1, 582.2, 587.2-587.4, 588.1, 588.2-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1, 7.3, 26-cı maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 82.1, 88, 101.7, 103, 106.1, 107, 119.1, 115.0.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, digər prosessual hərəkətlər və məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, iş üzrə iddiaçı tərəfindən təqdim olunan zəmanət talonundan göründüyü kimi “adapter, akkumulyator, fleşkart, kamera və ekran üçün zəmanət müddəti 14 gün təşkil edir”. Lakin iddiaçı ekranda olan qüsurla bağlı 14 gün sonra müraciət etmişdir və iddia ərizəsindən də göründüyü kimi iddiaçı nə qədər vaxt sonra satıcıya müraciət etdiyini qeyd etməmişdir. Həmçinin, zəmanət talonundan göründüyü kimi həmin talon istehsalçının səhvindən yaranmış nasazlıqların pulsuz təmirini təmin edir, onun yenisi ilə əvəz edilməsini yox. İddiaçı isə mağazaya təmirlə bağlı müraciət etməmişdir, telefonun yenisi ilə əvəz olunmasını tələb etmişdir. Belə olan halda iddiaçının məqsədinin həm sındırdığı telefonu özündə saxlamaq, həm də yeni telefon əldə etmək olduğunu görmək olar, çünki əgər telefon istehsal qüsurlu olsa idi İddiaçı dərhal bizə müraciət edərdi və telefonun təmir olunmasını tələb edərdi. Bundan əlavə, telefonun digər hissələrindən fərqli olaraq ekranında yaranan qüsurlar istehsal səhvi nəticəsində yox, istifadə zamanı yol verilən səhvlər nəticəsində yaranır. Belə ki, əgər ekranda hər hansı bir zədə olsa idi, iddiaçı bunu dərhal kəşf edə bilərdi. Qüsurun sonradan müəyyən olunduğunun qeyd edilməsi onu göstərir ki, iddiaçı yol verdiyi nöqsanları (düzgün istifadə etməmə, zərbə vurma kimi)pərdələməyə çalışır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2023-cü il tarixli rəyi ilə istehsalın qüsurlu olub-olmaması barədə verilən suallar üzrə tədqiqat aparmağın mümkün olmaması da onu göstərir ki, ekspertiza mərkəzi sadəcə olaraq qüsurun hansı səbəbdən yaranması (yerə düşmə, zərbə alma) hissəsində müəyyən edə bilməmişdir, çünki bu hissə ekspertiza üçün çətinlik yarada bilər. Ancaq istehsalçı səhvi olub-olmamasını müəyyən etmək ekspertiza mərkəzi üçün çətinlik yarada bilməz idi. Həmçinin, məhkəmə telefonun dəyərinin ödənilməsi barədə qətnamə qəbul edərkən telefonun hələ də iddiaçıda qalması məsələsinə diqqət yetirməmişdir. Odur ki, hesab edirəm ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2023 saylı, 28 dekabr 2023-cü il tarixli qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir və İddiaçı pul tələbinə dair iddia təmin edilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, ərizə ünvanlayaraq üzürlü səbəbdən kollegiyanın iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

16. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. 581.1 və 581.2-ci maddələrinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

18. 581.4-cü maddəsinə görə satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.

19. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.

20. 582.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.

21. 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

22. 587.3-587.4-cü maddələrinə görə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər.

23. 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

24. 588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:

25. 7.1-ci maddəsinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

26. 7.3-cü maddəsinə görə istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.

27. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 372.7 apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə tələbin təmin edilmədiyi hissədə iddiaçı tərəfindən mübahiəsləndirilmədiyindən, yalnız apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2023 nömrəli iş üzrə 28 dekabr 2023-cü il tarixli qətnaməsi “Cavabdeh1 3450 (üç min dörd yüz əlli) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, cəmi 3650 (üç min altı yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilərək, həmin məbləğin ödənilməsi ilə mübahisə predmeti olan telefonun cavabdehə verilməsi eyni vaxtda icra edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında telefona dair alğı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən aldığı əşyada qüsur aşkar edilmiş və bu barədə cavabdehlərə məlumat verilmiş, cavabdehlər isə bu barədə zəmanət vermələrinə baxmayaraq, qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməmişlər. Telefonda yaranmış qüsurun istehsal qüsuru olması ilə bağlı iddiaçı tərəfindən müvafiq servis mərkəzinin yoxlamanın nəticəsi barədə sənədi məhkəməyə təqdim edilmiş, Cavabdeh2 isə qüsurun iddiaçının istifadəsi zamanı yarandığını mübahisələndirdiyindən birinci instansiya məhkəməsi tərəfindən qüsurun mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilsə də, ekspert tərəfindən bu barədə rəy verilməsi mümkün olmamışdır.

37. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən telefonda yaranmış qüsurun istehsal qüsuru olmasına dair sənəd məhkəməyə təqdim edilərək onun iddia etdiyi məsələ məhkəmədə müvafiq qaydada sübuta yetirilsə də, cavabdeh qüsurun iddiaçının istifadəsi zamanı yaranması barədə öz dəlilini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədə müvafiq olaraq telefonda yaranmış qüsur istehsal qüsurudur. Qüsurun aradan qaldırılması təmirlə mümkün olduğundan (displey dəyişilməlidir), iddiaçı cavabdehlərin telefonu təmir etməsini gözləməkdə haqlı olmuşdur. Lakin cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı telefonu almaq üçün ödədiyi 3450 manat məbləğində pulun ona qaytarılması ilə bağlı tələblə məhkəməyə müraciət etmiş, tələb üzrə aparılan araşdırma zamanı tərəflər məhkəməyə heç bir qəbz təqdim etmədiyindən və cavabdeh A.Yaqub telefonun satış qiymətini xatırlamadığını bildirdiyindən, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, iddiaçının telefonu aldığı 2022-ci ilin oktyabr ayında həmin telefonun orta bazar qiyməti 3450 manat olmuşdur.

38. Kollegiya “telefon üçün ödənilmiş 3450 manat pulun qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 iddiaçıya satılmış məhsul barədə zəmanət talonu verməsinə baxmayaraq, ona lazımi keyfiyyətli olmayan əşya verdiyindən, eyni zamanda, iddiaçı tərəfindən qüsurun aradan qaldırılması məqsədilə ona müraciət edilməsinə baxmayaraq, iddiaçıya qarşı olan vəzifəsini yerinə yetirmədiyindən Cavabdeh1 3450 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

39. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı kollegiya hesab edir ki, Cavabdeh1 yuxarıda göstərilən hərəkəti və hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Belə ki, iddiaçı məsələnin həlli ilə bağlı müraciət etməsinə baxmayaraq, Cavabdeh1 bu istiqamətdə heç bir addım atmamış, məsələnin həll edilməsi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu hal iddiaçının şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, onun stress yaşamasına səbəb olmuşdur. İddiaçı ona dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. Kollegiya işin bütün diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 200 manat məbləğində qiymətləndirilməsi ağlabatan və ədalətlidir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “pulun tutulması ilə bərabər eyni zamanda ekranı zədələnmiş telefonun iddiaçıda saxlanılması” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən pulun tutulması hissəsində düzgün nəticəyə gəlmiş olsa da, mübahisə predmeti olan telefonun cavabdehə geri qaytarılması məsələsinə münasibət bildirməməklə yanlışlığa yol vermişdir.

41. Odur ki, apellyasiya şikayəti qeyd olunan hissədə təmin edilməli, iddiaçı tərəfindən **********34475 seriya nömrəli “iPhone 14 X7 256 GB-İTS” markalı mobil telefon Cavabdeh1 təhvil verilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən telefonun verilməsi ilə cavabdeh tərəfindən pulun ödənilməsi eyni vaxtda icra olunması məqsədəuyğundur.

42. Kollegiya apellyasiya şikayətinin “telefondan uzun müddət istifadədən sonra yaranan qüsurun zəmanət talonu ilə əhatə olunmaması” dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə ilə 1 illik zəmanət müddəti müəyyən olunmuşdur. İş materiallarından da görünür ki, xx.xx.2022-ci il tarixdə müqavilənin bağlanmasından 2 ay sonra artıq xx.xx.2022-ci il tarixdə telefonun qüsurunun müəyyənləşməsi ilə bağlı cihaz diaqnostika etdirilmiş və telefonun istehsal qüsurunun olduğu müəyyən olunmuşdur.

43. Kollegiya apellyasiya şikayətinin mənəvi zərər ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, şikayət bu hissədə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

44. Kollegiya apellyasiya şikayətinin 19 sentyabr 2023-cü il tarixli ekspert rəyinin əsas götürülməsi ilə bağlı rəyinə münasibətdə qeyd edir ki, telefonun istifadədə olması və aksesuarlarının olmaması nəzərə alınaraq həmin ekspert rəyi ilə telefonun qiymətinin 2022-ci ilin oktyabr ayına 2750 manat olması müəyyən edilmişdir. Halbuki, iddiaçı telefonu aksesuarsız əldə etmiş, həmçinin, 2022-ci ilin oktyabr ayında telefon hələ iddiaçı tərəfindən alınmışdır, buna görə də telefonun istifadədə olması nəzərə alınaraq belə rəyin verilməsi düzgün olmamışdır. Çünki telefonun istifadədə olması nəzərə alınaraq verilən rəy faktiki olaraq onu göstərir ki, telefonun köhnəlmə dərəcəsi hesablanmış və telefon cari tarixə qiymətləndirilmişdir. Lakin məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sual telefonun 2022- ci ilin oktyabr ayına olan qiymətinin müəyyən edilməsi məzmununda olmuşdur.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2023 nömrəli iş üzrə 28 dekabr 2023-cü il tarixli qətnaməsi “Cavabdeh1 3450 (üç min dörd yüz əlli) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, cəmi 3650 (üç min altı yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilərək, həmin məbləğin ödənilməsi ilə mübahisə predmeti olan **********34475 seriya nömrəli “iPhone 14 X7 256 GB-İTS” markalı mobil telefonun cavabdehə verilməsinin eyni vaxtda icra edilsin. Qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar