Məhkəmə qərarları › İş №2(103)-3823/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3823/2025

23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3823/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1339/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Şikayətçi İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında məişət zorakılığının qarşısının alınması monitorinq və əlaqələndirmə qrupunun xx.xx.2025-ci il tarixli 9 saylı “Məişət zorakılığı haqqında iş üzrə” 9 saylı qərarının ləğv edilməsi barədə şikayət ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1339/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 2.2.1, 35.1; Mülki Prosessual Məcəllənin 153.2.1, 153.3; «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Belə ki, cavabdeh inzibati orqan olduğu üçün, həmin münasibətlərdən irəli gələn mübahisələr inzibati xarakterlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti inzibati orqandır. Yəni cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərar inzibati akt olduğundan, həmin qərarın ləğv edilməsi ilə bağlı tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. şikayətçinin tələbinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalıdır.Bu səbəbdən hakim hesab edir ki, hazırki işə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalı olduğundan, bununla da işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmasına yol verilmədiyindən, şikayət ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Şikayətçi göstərilən tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Şikayətçi İddiaçı şikayət vermiş, xx.xx.2025-ci il tarixli, 2(009)-1339/2025 saylı Qərardadı ləğv edib, ərizəyə baxılması üçün sonrakı prosessual hərəkətləri yerinə yetirilməsini xahiş etmişdir. Şikayətdə Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasinin Qanununun 10.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.1, 153.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, barəsində qərar verən orqan inzibati orqan sayıla bilər. Amma bütün inzibati orqanların verdiyi qərara mütləq inzibati məhkəmədə baxılmalı deyil. Qərarın yaranma səbəbinə, onun hansı qanundan irəli gələrək verilməsi məsələsinə baxmaq lazımdır. Orderin bu gün qanunvericilikdə iki növü var. Qısamüddətli və Uzunmüddətli. Qısamüddətli mühafizə orderini müvafiq icra hakimmiyyəti orqanı verir. Uzunmüddətli mühafizə orderini isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40-1-ci fəslində müəyən edilən normalarla əsasən məhkəmə tərəfindən verilir. Həmin məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilə bilər. Göründüyü kimi, uzunmüddətli mühafizə orderini verilməsinə və ondan sonrakı proseslərə ümumi məhkəmədə baxılır. Qeyd edilən mübahisə mülki hüquq münasibətlərindən, ailə münasibətlərindən irəli gələn tələblərdir. Buna görə də qısamüddətli mühafizə orderinin verilməsinə dair qərarlardan şikayətlərə ümumi məhkəmlərdə baxılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1339/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək onun faktiki əsası müəyyən edilməlidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: - 1.0.1. məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması; - 1.0.9. mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt. - 5.2. məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 9.0. məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri qəbul olunur: - 9.0.1. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi. - 11.1. məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. - 11.2. müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”na əsasən: - 1.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərər çəkmiş şəxsin (bundan sonra - zərər çəkmiş şəxs) yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır. - 1.4. Qanunun 7.0.8-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanılması üçün əsaslar müəyyən edilmədiyi halda, cinayət təqibini həyata keçirən orqan həmin şikayəti zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına göndərir. - 3.3. Məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatda göstərilən halların müəyyən edilməsi məqsədi ilə tərəflər ayrılıqda dinlənilir və müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparılır. - 4.1. Qanunun 9-cu maddəsinə əsasən məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq, aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur: 4.1.1. məişət zorakılığı törətmiş şəxsə cinayət və inzibati məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi; 4.1.2. məişət zorakılığı törətmiş şəxsin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi; 4.1.3. əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi; 4.1.4. zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi; 4.1.5. zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Mühafizə orderinin məzumunu nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, həmin sənəd ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni deyil, fiziki şəxslər arasında yaranmış münasibətləri tənzimləməyə yönəlmiş və yerli icra hakimiyyəti orqanı biləvasitə öz iradə ifadəsi müstəvisində hakimiyyət səlahiyyətlərini deyil, (cinayət təqibinə əsas olmayan hallar üzrə) mülki münasibətlərdən irəli gələn mübahisəli hallara (qısamüddətli məişət zorakılığının zəruriliyinə) dair prosedurun həyata keçirilməsini təmin edir. Qanunveciliyə əsasən də qısa müddətli mühafizə orderini yerli icra hakimiyyəti orqanı, uzun müddətli mühafizə orderini isə ümumi məhkəmələr verir. Mühafizə orderinin müddət baxımından iki növü fərqləndirilsə də, mahiyyəti eynidir. Çünki Qanunun 10.2-ci maddəsinə əsasən qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: 10.2.1. məişət zorakılığının təkrar törədilməsi; 10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-4.4 əsasən isə uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir: 355-4.4.1. məişət zorakılığının təkrar törədilməsi; 355-4.4.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 355-4.4.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-1-ci fəsli məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraatı tənzimləyir. Həmin Məcəllənin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə Kollegiyası hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı məsələyə müraciət edən inzibati orqan olsa belə, mülki mühakimə icraatı qaydasında baxıldığından hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla oxşar münasibətlər olan məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi barədə yerli icra hakimiyyəti orqanının qərarına da mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385, 387, 397-ci maddələrinə istinadən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, hazırki münasibətlərə aid prosessual qanunvericiliyin düzünə uyğun olmayan istinadlar əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bununla belə qeyd edilməlidir ki, iddia ərizəsini yolverilməz hesab edən birinci instansiya məhkəməsi onu geri qaytarsa da, hüquqi əsaslarını ərizənin qəbululundan imtina etməsi ilə əlaqələndirmiş, ərizəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 və digər aidiyyəti maddələrin tələblərinin uyğunluğuna qiymət verilməmişdir. Qeyd edilənlərə görə müvafiq səlahiyyətlərə mənsub məhkəmə tərəfindən ərizənin mümkünlüyünə yenidən qiymət verilməsi üçün qəbul edilmiş qərardad ləğv edilməklə birinci instansiya məhkəməsinə göndərilməlidir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1339/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və şikayət ərizəsinin mümkünlüyünə (icraata qəbuluna) yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar