Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3827/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(001)-496/2025 nömrəli mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qərardaddan üçüncü şəxs X2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadı ilə təsdiq edilmiş “Barışıq sazişinin” etibarsız hesab edilməsi, həmin “Barışıq sazişi” əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin “Daşınmaz əmlakın dövlət reyestrində” cavabdehin adına aparılmış qeydin ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 4-cü döngədə yerləşən 8 “C” saylı fərdi yaşayış evi barəsində cavabdeh ilə X5 arasında bağlanmış və Bakı Şəhəri 24 saylı Notariat Ofisi tərəfindən 4Ə-271 saylı reyestr nömrəsi altında qeydə alınmış xx.xx.2024-cü il tarixli “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində üçüncü şəxs kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsi göstərilmişdir. İşə baxılan zaman Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, məhkəmə baxışının predmetini təşkil edən mülki iş X2 maraqlarına toxunur və bu səbəbdən də Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli iclasda onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir. Daha sonra Seyma Pərvin qızı ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşə baxan Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla Seyma Pərvin qızının ərizəsinin “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” hissəsini təmin etməmişdir. Seyma Pərvin qızı həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qaydasında mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Seyma Pərvin qızının “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” mövqeyi ərizədə və qərardaddan verdiyi şikayətdə onunla əsaslandırılır ki, mübahisəli daşınmaz əmlak Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşir. Buna görə də, işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 39.1-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsi tərəfindən deyil, Xəzər Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, Seyma Pərvin qızının adına verilmiş “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən” görünür ki, o, iddia ərizəsində qeyd edilən və ünvan 1 ünvanında qeydiyyatdadır. Bu baxımdan da müəyyən edilir ki, işə, MPM-in 35.1-ci maddəsinin də tələbi baxımından Xəzər Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Seyma Pərvin qızının ərizəsinin “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” hissəsinin əsassız hesab etmiş Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi daşınmaz əmlakla bağlı bağlanmış müqavilənin (əqdin) etibarsız hesab edilməsi barədədir. Belə olan halda iddiaçı iddia ərizəsini cavabdehin rəsmi qeydiyyata olduğu ünvan üzrə Binəqədi Rayon Məhkəməsinə verməkdə haqlı olmuşdur və iddiaya Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Çünki MPM-in 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Seyma Pərvin qızı həmçinin bildirir ki, mübahisəli daşınmaz əmlak Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşir. Buna görə də, işə, MPM-in 39.1-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsi tərəfindən deyil, Xəzər Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Rayon Məhkəməsi qeyd etmişdir ki, MPM-in 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Lakin hazırkı işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsindən görünür ki, iddia tələbi qeyd edilən maddədə nəzərdə tutulmuş tələblərə aid deyil, iddia tələbi daşınmaz əmlakla bağlı bağlanmış müqavilənin (əqdin) etibarsız hesab edilməsi barədədir. Göstərilənlərə əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, Seyma Pərvin qızının ərizəsinin “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” hissəsi təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alan Məhkəmə müzakirə edilən məsələnin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qərardadın əsaslılığı və həmin qərardaddan verilmiş şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur:- daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması;- daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi;- sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. İddia ərizəsindən görünür ki, iddia tələbi MPM-in 39-cu maddəsində nəzərdə tutulmuş tələblərə aid deyil, iddia tələbi daşınmaz əmlakla bağlı bağlanmış müqavilənin (əqdin) etibarsız hesab edilməsi barədədir. Buna görə də, Məhkəmə hesab edir ki, bu işə cavabdehin rəsmi qeydə alındığın ərazi üzrə baxılmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə cavabdehin yaşayış yeri - rəsmi qeydiyyata alındığı ünvan Bakı şəhəri, Binəqədi rayonunun ərazisinə aiddir (dəqiq ünvan iş materiallarında var). İş üzrə üçüncü şəxs olan Seyma Pərvin qızının isə yaşayış yeri - rəsmi qeydiyyata alındığı ünvan Bakı şəhəri, Xəzər rayonunun ərazisinə aiddir (dəqiq ünvan iş materiallarında var). Seyma Pərvin qızı gələcəkdə Rayon Məhkəməsi tərəfindən cavabdeh kimi cəlb olunsa belə, bu hal hazırkı işin Binəqədi Rayon Məhkəməsi tərəfindən deyil, Xəzər Rayon Məhkəməsi tərəfindən baxılması üçün əsas yaratmır. Çünki MPM-in 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı qanuni və əsaslı, həmin qərardaddan Seyma Pərvin qızının verdiyi şikayət isə əsassızdır. Beləliklə də, işin hallarını nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Üçüncü şəxs X3 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3827/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3827/2025
20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver