Məhkəmə qərarları › İş №2(103)-383/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-383/2023

18.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-383/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh2 və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3237/2022 saylı 23 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 01 noyabr 2019-cu il tarixli 2(103)-11125/2019 saylı qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli 2(001)- 2278/2019 saylı qətnaməsi ilə 2186,5 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(103)-11125/2019 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilərək Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə ləğv edilmiş və onlara münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli 2(103)-11125/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinn 31 may 2019-cu il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 13336,48 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 130,01 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, 14100 ABŞ dolları, 7277 manat məbləğində pul vəsaiti, 750 əyar qızıl-zinət əşyaları və “HTC M8” mobil telefonun Cavabdeh2, Cavabdeh1, 13336,48 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq ona qaytarılması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2278/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 2168,5 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia "xxxx" MMC-yə qarşı 13336,48 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində təmin olunmamışdır. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə qarşı 13336,48 manat həyat yoldaşının vəfat etməsi ilə əlaqədar olaraq əmək haqqının üç misli miqdarında müavinətdir və həmin vəsait "xxxx" MMC tərəfindən xx.xx.2016-ci il tarixdə ölən adamın bank hesabına köçürülmüş və buna görə də "xxxx" MMC heç bir məsuliyyət daşımır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11125/2019 saylı qərardadı ilə Cavabdeh2 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli barışıq sazişi təsdiq edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə ləğv edilmiş və onlara münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 11125/2019 saylı qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin olunmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi kassasiya instansiyasında dəyişdirilmədən saxlanılmışdır. X10 Aleksandrovna 2016-cı ilin fevral ayından etibarən ağır xəstəliyə tutulmuşdur. xx.xx.2016-cı il tarixdə o, ağır vəziyyətdə X6 yerləşdirilmiş və orada müayinə olunaraq ona “Sol kürək nahiyyəsinin primitiv neyroektodermal tumoru. Yumurtalığın mts İV mərhələ” diaqnozu qoyulmuşdur. Çoxsaylı müalicələr almasına baxmayaraq onun vəziyyəti getdikcə pisləşmiş və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X2 ağır xəstəliyindən istifadə edən cavabdehlər - qayınanası Cavabdeh2 və baldızı Cavabdeh1 arvadının ölümünə bir həftə qalmış onların yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 111, 8 saylı mənzilə icazəsiz və onların xəbəri olmadan daxil olmuş, ona və onun arvadına məxsus 9100 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını oğurlamışlar. Həmçinin arvadının əmək haqqı bank kartını götürərək kartda olan bütün vəsaitləri mənimsəmişlər. Belə ki, qeyd edilən kart hesabına arvadının sağ ikən aldığı əmək haqqından başqa işlədiyi "xxxx" MMC tərəfindən arvadının ölümü ilə əlaqədar Əmək Məcəlləsinə əsasən onun kart hesabına köçürülmüş sağ ikən aldığı əmək haqqının üç misli miqdarında olan 13336,48 manat müavinət də mənimsənilmişdir. Cavabdehlər bunu arvadı tərəfindən yazılmış vəsiyyətnamə ilə əsaslandırmışlar. Lakin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verildikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, ancaq qanun üzrə vərəsələrdən notariat kontoruna ondan başqa müraciət edən olmamışdır. Bunun üçün qeyd edilən pul vəsaiti ona və onun vəfat etmiş həyat yoldaşı ilə birgə nikahlarından doğulan X3 (xx.xx.2008-ci il təvəllüdlü) və X8 (xx.xx.2012-ci il təvəllüdlü) çatmalıdır. Əlavə olaraq qeyd edim ki, Cavabdeh2 ilə barəbar o və onun vəfat edən həyat yoldaşı ila birgə nikahlarından doğulan uşaqlar da qanun üzrə vərəsədir və qeyd edilən pul vəsaiti üzərində qanun üzrə pay sahibidirlər. Cavabdehlərlə arasında olan mübahisələr üzrə qəbul edilmiş və qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunmuşdur ki, həqiqətən arvadının vəfat etməsi ilə bağlı onun işlədiyi "xxxx" MMC tərəfindən 13336,48 manat müavinət mərhumun kart hesabına köçürülmüşdür. Bu iş üzrə subutlardan da aydın görünür. Həmin pul vəsaitinin köçürüldüyü plastik kartın 2016-ci il avqust ayından cavabdehlərdə olması onların özləri tərəfindən də etiraf edilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 iyun 2022-ci il tarixli 2(001)-3237/2022 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC tərəfindən mərhum arvadının bank kartına müavinət kimi köçürülmüş 13336,48 manat pulun cavabdehlər tərəfindən götürüldüyünü iddia etsə də, bunu təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehlərlə arasında olan mübahisələr üzrə qəbul edilmiş və qüvvəyə minmiş qətnamələr ilə təsdiq edilmişdir ki, həqiqətən arvadının vəfat etməsi ilə bağlı onun işlədiyi "xxxx" MMC tərədindən 13336,48 manat müavinət onun kart hesabına köçürülmüşdür. Qanuni qüvvəyə minmiş Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, 13336,48 manat müavinətin mərhumun anası tərəfindən plastik kart hesabından götürülməsi həmin məbləğin MMC-dən yenidən tələb edilməsi üçün iddiaçıya əsas verməmişdir. Məhkəmə isə bu hallara ümumiyyətlə münasibət bildirməmişdir. Onun və övladlarının birinci növbə vərəsə olmaları ilə bağlı hüquqlarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. İddaçının vəkili-nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Cavabdeh2 və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

14. Cavabdeh2 izahatında qəbir daşına, əvvəlki işdə Annanın dediyi kimi 2000 manat yox, təxminən 4500 manat vəsait sərf olunduğunu, qəbrüstü abidənin «Qurd qapısı» deyilən yerdəki qəbirstanlıqda sifariş olunduğunu bildirmişdir. Həmçinin göstərmişdir ki, dəfn günü yas mərasiminin təşkili, habelə mərhumun 9-u, 50-si və il mərasiminə xeyli vəsait sərf olunmuşdur. Dəfn günü mərasim evində icarəyə zal götürürərək yas mərasimi təşkil olunmuşdur. Eyni zamanda 9 gün evdə məclis təşkil etmişdir. Ümumilikdə, mərhum qızının vəfatı ilə bağlı təxminən 12000 manat pul xərclənmiş, qalan vəsait isə evdə qalmaqdadır ki, onu da iddiaçıya verməyə etiraz etmir.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

16. Maddə 77.7. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

27. İşin müəyyən edilmiş hallarına əsasən cavabdehlər ana və qız olmaqla, iddiaçının qayınanası və baldızıdır. İddiaçının arvadı isə ölmüşdür. Hazırda iddiaçı arvadının ölümü ilə əlaqədar işlədiyi MMC-dən mərhumun kart hesabına köçürülmüş müavinəti tələb edir.

28. Məhkəmə isə iddiaçının tələb etdiyi pulun cavabdehlər tərəfindən götürülməsini sübut etməməsi əsası ilə iddianı rədd etmişdir.

29. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanunsuz və əsassız olmuşdur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların dövlət icbari sosial sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə xx.xx.2022-ci tarixli qərarında göstərilmişdir ki, Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.

31. İddiaçının birinci növbə vərəsə olması mübahisə doğurmasa da, hazırki mübahisə vərəsəlik qaydasında həll edilən mübahisə deyil, çünki tələb edilən pul məbləği miras əmlakı deyildir. Əmək Məcəlləsinin 77.7-ci maddəsində “vərəsələr” dedikdə ölmüş şəxsin ailə üzvləri, yəni ər (arvad), valideynlər və uşaqlar nəzərdə tutulur.

32. Baxılan iş üzrə isə iddiaçı mərhumun əri, Cavabdeh2 anasıdır. Bundan başqa iddiaçı ilə cavabdehin birgə nikahlarından iki övladı vardır. Yəni hazırki iş üzrə Əmək Məcəlləsinin 77.7-ci maddəsində nəzərdə tutulan “vərəsələr” dairəsinə mərhumun ailə üzvləri olan iddiaçı, iki övladı və Cavabdeh2 daxildir.

33. Tərəflər arasında olan digər mübahisə ilə bağlı mülki işin materiallarından müəyyən edilmişdir ki, 13336,48 manat pul vəsaiti "xxxx" MMC tərəfindən ölmüş şəxsin bank hesabına köçürülmüş, əmək haqqı kartı isə mərhumun anası Cavabdeh2 ilə bacısı Cavabdeh1 olmuşdur. Həmin pul məbləği də sonuncular tərəfindən çıxarılmışdır.

34. Həmin mülki işin məhkəmə iclas protokollarından müəyyən edilir ki, Cavabdeh1 izahatında göstərmişdir ki, “Bütün pulları mən çıxarmışam. Dəfn xərclərini mən ödədim 2000-2100-ə yaxın, 2000 manat qəbirstanlıq, qəbir daşına xərclənib.”

35. Həmin iş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, “O, İrinanın dayısıdır. İra iyulda məndən borc istədi, 1000 manat istədi, verdim. .. 2-ci dəfə Əhmədlidə xəstəxanada olanda Natalya zəng elədi ki, Leonidin pulu yoxdur, gəl bizə pul ver, avqust sentyabr ayı. Ona 1500 manat pul verdim.” Suala cavab olaraq göstərmişdir ki, 2500 manatı 40-dan sonra Anna qaytardı.

36. Göründüyü kimi kartın cavabdehlərdə olması aşkardır və pul məbləği Cavabdeh1 tərəfindən çıxarılmışdır.

37. Həmin pul məbləğindən 2000 manat qəbir daşına, 2000 manat dəfn xərclərinə istifadə edilmiş, 2500 manat isə A.Tyulindən götürülmüş borca qaytarılmışdır.

38. İddiaçı dəfn xərclərinin onun tərəfindən çəkilməsi ilə bağlı digər mülki iş üzrə hər hansı sübut təqdim etməmiş, nə də ki, hazırki iş üzrə belə bir sübut təqdim etməmişdir.

39. Həmin məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli 2(103)-11125/2019 saylı qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə aşağıdakıları qeyd etmişdir: «Bundan başqa, işdən açıqaşkar görünür ki, mərhum İrina Şatskayanın xəstəliyi, eləcə də ölməsi ilə bağlı dəfn və digər xərclər üzrə kifayət qədər vəsait xərclənmişdir. Bu vəsaitin hansısa hissəsinin bilavasitə özünün vəsaiti hesabına xərclənməsinə dair iddiaçı tərəfindən məhkəməyə hansısa mötəbər sübut təqdim edilməmişdir. Bu hallar da iddiaçının mövqeyinin açıq-aşkar ədalətli olmadığına dəlalət edir…»

40. Eləcə də Cavabdeh2 mərhum qızı İrinanın dəfni və yas mərasimləri, eləcə də qəbrüstü abidənin hazırlanması ilə əlaqədar olaraq daha çox vəsait sərf edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Bununla belə, Kollegiya həmin xərcin 4000 manat (2000 manat qəbirüstü abidə, 2000 manat dəfn və yas mərasimlərinə) təşkil etməsini də ağlabatan və real hesab edir.

41. Kollegiya hesab edir ki, cavabdehlər tərəfindən kartdan çıxarılmış puldan xərclənmiş 6500 manat (2000 manat qəbir daşına, 2000 manat dəfn və mərasim xərclərinə, 2500 manat dayısından götürülmüş borcun əvəzi) ümumi müavinət məbləğindən çıxılmalı (13336,48-6500=6836,48) və qalan 6836,48 manat mərhumun ailə üzvləri arasında (əri, uşaqları və anası) bölünməlidir.

42. Belə olan halda 6836,48 manat 4 ailə üzvü arasında bölündükdə hər birinə çatası məbləğ 1709,12 manat təşkil edir.

43. İddiaçı hazırki tələbində müavinət məbləğinin tam olaraq ona verilməsini tələb etsə də, yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyin tələbinə görə həmin müavinət miras əmlakı olmamaqla ailə üzvləri arasında bölünməlidir. Yəni, həmin müavinətə hüququ çatan hər bir ailə üzvünün, yaşından asılı olmayaraq, müstəqil tələbi olmalıdır. Hazırki işdə iddiaçı ilə mərhum İrina Şatskayanın birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Yekatrina və xx.xx.2012-ci il təvəllüdlü Daniil adlı uşaqları hazırki iddia qaldırıldığı vaxt (xx.xx.2022-ci il) on dörd yaşınadək yetkinlik yaşına çatmayan şəxs olduqları üçün iddiaçı – uşaqların atası uşaqların qanuni nümayəndəsi kimi məhkəmədə onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini qoruya bilərdi. Yəni, uşaqların mənafeyi baxımından iddia məhz onların adından qaldırılmalıdır.

44. Hazırda isə uşaqların müstəqil tələbi olmadığından, hazırki icraat çərçivəsində uşaqların payı məsələsinə qiymət verilməsi də mümkün deyildir və onlara çatası məbləğin iddiaçının xeyrinə tutulması yolverilməzdir.

45. Hazırki mübahisə predmeti olan pul məbləği miras kütləsinə daxil olmadığından və mübahisə vərəsəlik qaydasında həll edilmədiyindən birgə nikahdan olan uşaqların iddiaçının himayəsində olması əsası ilə sonuncunun payının ¾ hissədə müəyyən edilməsi də mümkün deyildir.

46. İddiaçı yalnız məbləğin ¼ hissəsini tələb edə bilər. Ona görə də iddia tələbi qismən təmin edilməklə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 1709,12 manat müəyyən edilməlidir.

47. Kollegiya həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, MPM-nin 119-cu maddəsinə əsasən, ümumilikdə ödənilmiş 195 manat (130 iddianın, 65 manat apellyasiya şikayətinin verilməsi üçün) dövlət rüsumunun 25 manatı cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3237/2022 saylı iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1709,12 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehlərdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar