Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3830/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)-2230/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi 1988-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)- 2230/2021 saylı qərardadı ilə ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, “qaçqın kimi məskunlaşma” məfhumu fərqli məfhum olmaqla, ilk əvvəl şəxsin qaçqın statusuna malik olub-olmaması aydınlaşdırılmalıdır. Şəxsin qaçqın statusuna malik olmasını müəyyən etmək məhkəmənin səlahiyyətinə aid deyildir. Buna görə də ərizəçi qaçqın statusunun əldə edilməsi tələbi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Həmin orqan bundan imtina etdikdə, ərizəçi tərəfindən qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. İddiaçı Ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Onun əsas tələbi qaçqın statusu ilə təmin edilmək deyil, 1988-ci ildən Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqın olmağının təsdiq edilməsidir. Əgər qeyd etdiyi fakt təsdiq edilərsə, o, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında məskunlaşmış qaçqınlar kateqoriyasına düşəcək, qanunvericiliyə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınacaq və o, dövlətin şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqdır. Əks halda isə o, Azərbaycan Respublikasının vətəndaşı sayılmasa, o zaman qaçqın statusu verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edəcəkdir. Məhkəmə isə bu faktın ona hansı səbəbdən lazım olmasına diqqət etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)- 2230/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə bildiriş göndərilmiş, ərizəçinin vəkili X1 tərəfindən həmin tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində əvvəlcədən təyin olunmuş başqa məhkəmə iclası olduğundan hazırkı məhkəmə iclasının növbəti tarixə təxirə salınması barədə ərizəsi daxil olmuşdur. Maraqlı şəxslərin nümayəndələri isə məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli 2(006)-2230/2021 saylı qərardadı ləğv edilməli, ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Ərizəçi 1988-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyi halda, hakim ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması qənaətinə gələrək ərizəni icraata qəbul etməkdən imtina etmiş, ərizəçiyə izah edilmişdir ki, o, qaçqın statusunun əldə edilməsi tələbi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin orqan bundan imtina etdikdə, həmin qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verə bilər. Ərizənin məzmunundan görünür ki, ərizəçi qaçqın statusu almaq üçün yox, qaçqın kimi məskunlaşması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hakim isə öz qərardadında müvafiq faktın məhkəmə qaydasında müəyyən edilməsinin nəyə görə yolverilməz olduğunu əsaslandırmamış, ərizəçinin irəli sürmədiyi tələb üzrə hansı orqana müraciət etməli olması barədə ona izah vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin mübahisələndirilən qərardadı ləğv edilərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən ərizənin mümkünlüyü məsələsinin müzakirəsi üçün rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)- 2230/2021 saylı qərardadı ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3830/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3830/2021
15.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver