Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3832/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” ilkin, Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi barədə” qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 2(011)-218/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzilinə dəymiş 3000 manat maddi ziyan, 30 manat dövlət rüsumu və mənəvi zərərin əvəzi olaraq 3000 manat olmaqla, ümumi 6030 manatın onun xeyrinə tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı və X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi ziyana görə 195 manat məbləğində pulun ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, 29.09.2021-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsini cavabdeh X2 aid hissədə müdafiə etmədiyini bildirmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil ona məxsusdur, cavabdeh onun üst qonşusudur, aldığı arayışa əsasən, həmin ev cavabdehin adınadır və mənzildə öz ailəsi yaşayır, cavabdehin mənzilinin boruları nasaz olduğundan onun mənzilinə 2020-ci ildə su axması nəticəsində ziyan dəymişdir, həmin su axma nəticəsində mənzilinin mətbəxi, dəhlizi və qonaq otağının divar kağızları döşəmə laminatı, iki mebel ara qapısı və mənzilinin işıq sistemi xarab olub sıradan çıxmışdır, bu barədə cavabdehə şikayətini bildirmiş, hətta ərazi Polis şöbəsinə də şikayətini bildirmişdir, polisdən bununla bağlı məhkəməyə müraciət etməyini bildirmişlər. Şikayətlərindən sonra cavabdeh tərəfindən ona 570 manat pul verilmişdir, həmin məbləğdən işıq sistemi sıradan çıxdığı üçün usta çağırıb düzəltdirmişdir, təkcə elə buna 50 manat xərci çıxmışdır, əlavə olaraq mənzilin mətbəxi, dəhlizi və qonaq otağının təmiri üçün usta çağırmışdır, mənzilinin təmiri üçün usta divar kağızlarının dəyişdirilməsi, iki ara mebel qapının dəyişdirilməsi və döşəmə laminatın dəyişdirilməsi üçün 3000 manat pul tutacağını bildirmişdir, bunu cavabdehə bildirsə də, cavabdeh imtina edərək bildirmişdir ki, ona verdiyi 570 manat pul ilə dəymiş ziyanı ödəmişdir. Özü yaşlı qadındır, himayəsində 2-ci qrup əlil olan yataq xəstəsi qızı var, yenidən mənzili təmir elətdirməyə gücü çatmır, cavabdeh isə mənzilinə vurduğu ziyanı tam ödəməkdən imtina edir. İddia ərizəsinə əlavədə isə iddiaçı göstərmişdir ki, cavabdehin dediyinə görə guya şikayətlərindən sonra ona 570 manat pul verilmişdir, lakin cavabdeh tərəfindən ona heç bir maddi və mənəvi köməklik göstərilməmişdir, işıq sistemi sıradan çıxdığı üçün usta çağırıb düzəltdirmişdir, təkcə buna 50 manat xərci çıxmışdır, əlavə olaraq mənzilin mətbəxini, dəhlizini və qonaq otağının təmiri üçün usta çağırmışdır, mənzilinin təmiri üçün usta divar kağızlarının dəyişdirilməsi, iki ara mebel qapının dəyişdirilməsi və döşəmə laminatm dəyişdirilməsi üçün 3000 manat pul tutacağını bildirmişdir, bunu cavabdehə bildirsə də, cavabdeh imtina edərək, guya ona evin təmiri üçün material və ya 570 manat pul verə biləcəyini və bununla da mənzilə dəyən ziyanın ödəniləcəyini demiş, o isə razılaşmayaraq bildirmişdir ki, mənzilinə 3000 manat ziyan dəymişdir, 500-600 manat məbləğ azdır, həmçinin özü yaşlı qadındır, himayəsində 2-ci qrup əlil olan yataq xəstəsi qızı var, yenidən mənzili təmir elətdirməyə gücü çatmır. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, 1984-cü ildən qeyd edilən ünvanda yaşayır, əri 4 il əvvəl vəfat etdiyindən hazırda tək yaşayır. Son bir il ərzində eyni binanın 36-cı mənzilində yaşayan qonşusu İddiaçı və onun qızı tərəfindən təhqir və hücumlara məruz qalmışdır, ictimai şəkildə onu və vəfat etmiş ərini təhqir edir. Daxili İşlər Nazirliyinin "102" xidmətinə və 35 saylı Polis bölməsinə müraciət olunmuş və iddiaçıya və qızı Təranəyə xəbərdarlıq edilməsinə, 50 manat məbləğində cərimələməsinə baxmayaraq, şikayətlər və ödənilmiş cərimə nəticəsini verməmiş, bu günə qədər də iddiaçı tərəfindən təqib və söyüşlər davam edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 2(011)-218/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi kimi 2376 manat, mənəvi zərərin əvəzi kimi 100 manat, ümumilikdə 2476 manat və dövlət rüsumunun əvəzi qismində 30 manatın alınaraq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hazırda qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv edilməsi və ilkin iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyində göstərilən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 1 saylı evin 38 saylı mənzilinin mülki işlə nə əlaqəsi olduğu müəyyən edilməmişdir. Ekpert rəyində mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 2.946 manat məbləğində olması və smetanın hansı meyarlara əsasən çıxarılması qeyrimüəyyəndir. Artıq tikinti mallarının da qiymətlərinin 2020-ci ilin qiymətləri olmadığını, artmasını nəzərə alarsaq hesab edir ki, göstərilən 2.946 manat ədalətsiz və absurddur. Rəydə göstərilən mənzilə vurulan ziyanın işin faktik olan hallarına (yəni mənzilə su sızması nəticəsində yaranan qüsurların şəkillərinə) uyğun gəlmir. Kollegiya iclasında Cavabdeh nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verib, şikayətinin təmin olunmasını xahiş etdi. Kollegiya iclasında iddiaçı apelyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, ilkin iddia qismən təmin edilmiş olsa da iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnaməni ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddia tələbinə aid hissədə mübahisələndirmişdir. Qətnamə həmin hissələrdə yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 96 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 33 nömrəli 20.08.2021-ci il tarixli məktubdan görünür ki, General Mehmandarov küçəsi ev 84, mənzil 38 ünvanda yerləşən mənzilin sahibi Cavabdehdır, ailə tərkibi Cavabdeh, X5, X4, X6, X3r. 96 saylı MKİS-in rəisi Z.İsmayılov, mühəndis R.Əhmədov, sahə nəzarətçisi R.Fərəcova tərəfindən 20.08.2021-ci il tarixində imzalanmış aktda qeyd edilmişdir ki, 10.08.2020-ci il tarixdə General Mehmandarov küçəsi ev 84, mənzil 36-da yaşayan X1 mənzilinə üst qonşu, mənzil 38-də yaşayan Cavabdeh mənzilindən su axıntısı olmuşdur və mənzilə müəyyən ziyan dəymişdir, baxış keçirilməsi və hal-hazırda mənzildə heç bir su axıntısı yoxdur. Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli 10/5550 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus 36 saylı mənzilin binanın 5-ci mərtəbəsində, cavabdehə məxsus mənzilin isə binanın 6-cı mərtəbəsində yerləşdiyini, 38 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otaqları tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən 1 saylı evin 38 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su axıdıldığı və nəticədə mənzilin dəhliz, mətbəx və yaşayış otaqları tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, General Mehmandarov küçəsi ev 84-də yerləşən 36 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2946.0 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 84 də yerləşən 36 saylı mənzil iddiaçıya məxsusdur, həmin mənzilə ondan yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus 38 saylı mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, zərər mənzilin dəhliz, mətbəx və yaşayış otaqlarının divar və tavan hissələrinə aiddir, ekspert rəyinə əsasən həmin hissələrin təmir-bərpa xərcləri 2946,0 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya mənzilin təmiri ilə bağlı 570 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, ekspert rəyini əsas götürərək və cavabdeh tərəfindən ödənilmiş 570 manat məbləği nəzərə alaraq, dəymiş maddi ziyanın əvəzi olaraq dəymiş maddi ziyan kimi 2376 manatın və cavabdehin hüquqa zidd əməli, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakına vurulmuş ziyanın aradan qaldırılması və onun öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxardığını nəzərə alaraq 100 manat mənəvi zərərin iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus olan 38 saylı mənzildən susızma baş vermişdir. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt, ekspertiza rəyi, eləcə də cavabdehin öz izahatı ilə təsdiqini tapır. Cavabdeh ekspert rəyi ilə, həmçinin müəyyən edilmiş məbləğlə razılaşmasa da, bunun əksini təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Ekspert rəyi ilə iddiaçının evinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmiş, görülməli təmir bərpa işlərinin dəyəri isə ekspert rəyi ilə mövcud bazar qiymətlərinə uyğun olaraq 2946 manat məbləğində olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəydə göstərilən məbləğin yaranması zərurətini detallı şəkildə açıqlamış, öz rəyini kifayət qədər əsaslandırmışdır. Apelyasiya baxışı zamanı ekspert rəyini, dəymiş zərərlə bağlı ekspert rəyində göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir. Məhkəmə isə haqlı olaraq cavabdeh tərəfindən ödənilmiş məbləği (570 manat) çıxaraq qalan məbləğin iddiaçıya ödənilməsi qərarına gəlmişdir. Eyni zamanda cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması, bu hərəkətlərin iddiaçı üçün mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması barədə nəticəyə gələrək, mənəvi zərərin əvəzi olaraq 100 manat iddiaçının xeyrinə tutulması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə Kollegiya hesab edir ki, tələb əsassızdır. Cavabdeh iddiaçının hərəkətləri nəticəsində ona 195 manat mənəvi zərər vurulduğunu iddia etsə də, ona zərər vurulmasına gətirib çıxaran hərəkətləri sübuta yetirə bilməmişdir, iş materiallarından belə hallar müəyyən edilməmişdir. Belə olan halda iddiaçının hansı qanunsuz hərəkətləri nəticəsində cavabdehə mənəvi ziyan vurulduğu müəyyən edilmədiyindən, qarşılıqlı iddianın əsassız olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Beləliklə, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-218/2022 saylı iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3832/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3832/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver