Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3836/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X4 ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-915/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5376 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun müddətdir tanıyır. Onunla birlikdə Dövlət Gömrük orqanlarında işləmişlər. Hazırda da orada işləyir. İddiaçı ünvan 1 ünvanında yaşayıram. Yaşadığı binanın 1-ci mərtəbəsində market yerləşir. Cavabdehlə birlikdə işlədiyi vaxtdan yaxşı münasibəti olduğu üçün bir neçə dəfə məhləyə gəlmişdir. 2022-ci ilin yay aylarında məhləyə gələndə gördü ki, market icarəyə verilir. Ona təklif etdi ki, “gəl marketi götürək birlikdə işlədək”. İddiaçı ona vaxtının olmadığını bildirəndə o, bildirdi ki, “sən bir az pul qoy, mən marketi icarəyə götürüm, gələn qazancdan sənə də verərəm”. İddiaçı onunla razılaşdı. O, cavabdehə pullar versə də cavabdeh ona hec bir ödəniş etməmişdir. O, cavabdehə ümumilikdə 5376,0 manat pul vermişdir. Həmin pulun 2700 manatının mağazanın sahibi Sabir adlı şəxsə icarə üçün əlbəəl vermişdir. Mağazanın icarəsini cavabdeh xahiş etmişdir ki, iddiaçı odəyib ona qaytaracaq. İddiaçı da 2700 manat Sabirə odəmişdir. Qeyd edilən faktı Sabir özü gəlib təsdiq edə bilər. Cavabdeh 2023-cü ilin avqust ayında mağazadan çıxıb. Nizaminin xahişi ilə 495 manat X1 odəmişdir. Cavabdeh mağazada satmaq ucun çay almışdır. Ancaq çayın pulunu ödəməmişdir, iddiaçı ödəyib. Çayın pulunun ödənilməsi barədə qəbzlər iş materiallarına əlavə edilib. Cavabdeh ondan xahiş etmişdir ki, iddiaçı pulu onun kartına ödəmişdir. Qalan pulları isə cavabdehin atası Rasim Paşayevin **********578793 nömrəli kartına köçürmüşdür. Kartın şəkli və ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir. 5376 manat pul vəsaitini qaytarması üçün cavabdehə dəfələrlə şifahi və yazılı bildirsə də, o, pulu qaytarmır. Məcbur olub məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-915/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Səidə Məmmədova) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında həqiqətən də ilkin olaraq şərik kimi pul qoyaraq iş görmək, alınan malların satılmasından birgə gəlir əldə edilməsinə dair razılaşma olmuşdur. Lakin market fəaliyyətə başlayandan 4-5 ay sonra birgə fəaliyyət göstərməyin mümkün olmadığı məlum oldu və bu səbəbdən də birgə fəaliyyətə son vermək qərarına gəlmişlər. Bununla bağlı marketin fəaliyyətə başlaması və fəaliyyətə başladıqdan sonrakı dövrdə iddiaçının verdiyi pulların əvəzi olaraq cavabdehin ona 5376 manat qaytarması və cavabdehin marketdə tək fəaliyyət göstərməyə davam etməsi barədə razılığa gəliblər. Cavabdeh bildirib ki, market fəaliyyətə yeni başladığı üçün qeyd olunan məbləği 5-6 ay ərzində hissə-hissə ödəyəcəkdir. Onlar birgə fəaliyyətimizə son qoyduqdan sonra cavabdeh marketdə fəaliyyətini 8-9 ay davam etdirmişdir. Göstərilənlərdən məlum olur ki, tərəflər arasında şifahi borc müqaviləsi münasibətləri mövcud olmuşdur. Bundan əlavə olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilən whatsapp yazışmalarından da məlum olur ki, o, qarşı tərəfə dəfələrlə borcunu qaytarması ilə bağlı yazıb, cavabdeh də onun yazdıqlarına cavab olaraq hazırda imkanın olmadığını, səhhətində problemlərin olduğunu, səhhəti düzəldikdən sonra bu barədə danışacağını bildirmişdir. Göründüyü kimi yazışmalarda cavabdeh borcunun olduğunu inkar etməmişdir. Lakin birinci instansiya məhkəməsi tərəflər arasındakı yazışmalara da düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini kobud şəkildə pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq da göstərdi ki, tərəflər uzun müddət kömrük idarəsində birlikdə işləmiş və yaxşı münasibətləri olmu, iddiaçının yaşadığı evin yaxınlığında sahə boşalmış və tərəflər razılığa gəlmişlər ki, şərilki olaraq həmin yeri icarəyə götürüb işlədərək qazan əldə etsinlər, bu məqsədlə də bir MMC təsis etmişlər, həmin sahəni icarəyə götürüb işlətməyə başlamışlar. Bundan iki ay sonra həmin ünvanda böyük supermarket açılmış, bu səbəbdən də şərikləri biznesi çökmüşdür, iddiaçının indi tələb etiyi pul, məhz həmin birgə biznesə yatırılan sərmayıdir ki, elə cavabdeh də bu işdə elə bir o qədər ziyan etmişdir, burada hər hansı borc münasibətləri olmamışdır.
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı apellyator məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. İddiaçı xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh sahibkarlıq fəaliyyətinə görə ona 5376 manat borc verilməsi və borc məbləğini bu məktubu aldığı gündən 3 gün müddətində ödənilmədiyi təqdirdə Mülki Məcəllənin tələblərinə uyğun olaraq borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
9. Whatsapp mobil tətbiqindən məhkəməyə təqdim edilmiş sms-çıxarışlarından müəyyən olunur ki, ***-***-**-** mobil nömrəli və “Nizami” kimi müraciət olunan şəxsə iddiaçı – mənə gəlir lazım deyil, mən qoyduğum pulu istəyirəm, yazışan qarşı tərəf - mənə kimsənin pulu lazım deyil, danışarıq, gəl mallardan yığ apar sat, əgər kimsə alacaqsa deyə cavablandırmışdır. (cavabdeh yazışmaları təsdiq edir)
10. 30.09.2022-ci il tarixli ********* saylı qəbzin surətindən müəyyən olunur ki, 416974******7895 kart hesabından 552209******8793 kart hesabına 800 AZN köçürülmüşdür.
11. 01.12.2022-ci il tarixli ********* saylı qəbzin surətindən müəyyən olunur ki, 416974******7895 kart hesabından 549026******9185 kart hesabına 100 AZN köçürülmüşdür.
12. 25.01.2023-cü il tarixli 20921 saylı qəbzin surətindən müəyyən olunur ki, eManat vasitəsilə X2 hesabına 220 manat ödəniş edilmişdir.
13. 15.04.2023-cü il tarixli ********* saylı qəbzin surətindən müəyyən olunur ki, 416973******6216 kart hesabından 524375******4344 kart hesabına 275 AZN köçürülmüşdür.
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi X5 xüsusi mülkiyyətindədir.
15. İcarəyə verən X6 ilə icarəçi "xxxx" MMC-nin adından X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi aylıq 700 manat müqabilində icarəyə verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:
16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iş materiallarında olan sübutları, həmçinin tərəflərin izahatlarını nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaçı tələb etdiyi məbləği ilkin olaraq cavabdehə borc kimi verdiyini bildirsə də, iddia ərizəsinin məzmununda və cavabdehlə aralarında aparılan whatsapp danışıqlarında, eləcə də cavabdehin iddiaya qarşı təqdim etdiyi etiraz ərizəsindən onların birlikdə mağaza açmaq və oranı işlətmək qərarına gəldiklərini, pul qoyduqları, mağazaya ərzaq aldıqları məlum olur. Həmçinin cavabdehlə aparılan yazışmalarda sonuncunun kiməsə borclu olmasını təsdiq edən, bu halı etiraf edən hər hansı bir fikri aşkar edilmədiyindən, əksinə cavabdehin alınan malların satılmasını iddiaçıya təklif etdyi müəyyən edildiyindən, belə qənaətə gəlmək olar ki, tərəflər arasında məhz şərik kimi pul qoyaraq iş görmək, alınan malların satılmasından isə birgə gəlir əldə edilməsinə dair ilkin razılaşmanın mövcudluğu barədə cavabdeh tərəfin etirazında göstərilənlər həqiqəti əks etdirir. Həmçinin məhkəmə iddiaçı və cavabdeh tərəfin də mağazanın 4-5 ay ərzində işlədiyini, lakin heç bir məbləğdə gəlir olmadığına dair bildirdiklərini də nəzərə alır.
21. Bundan əlavə, iddiaçı Sabir adlı üçüncü şəxsə icarə haqqı kimi 2700 manat verməsi isə sözügedən mağaza ilə əlaqədar bağlanan (mağazanın mülkiyyətçisi X8) icarə müqaviləsi ilə də (icarə haqqı 700 AZN) ziddiyyət təşkil edir. Həmçinin iddiaçının başqa bir şəxsin kartına 495 manat pul göndərməsinin cavabdehlə hər hansı bir əlaqəsi olması müəyyən olunmur. Eyni zamanda, tərəflər arasında şərik bizneslə əlaqədar sövdələşmə olduğu halda əldə ediləcək faydanın paylaşılması nəzərdə tutulduğu kimi, meydana gələ biləcək maddi itki və risklərin də müvafiq bölünməsi təbii ki, ağlabatan, ədalətli və doğru hesab edilməlidir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində göstərilən məbləğin borc olaraq cavabdehə verilməsi sübuta yetirilməmiş, iddiaçı yalnız məhkəməyə təqdim etdiyi sübutlarla kifayətlənmiş, irəli sürdüyü tələbi əsaslandıra bilməmiş, haqlı olmasını təsdiq edən heç bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir.
23. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
25. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
26. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddaçının apellyasiya şikayəti əsassızdır, rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmuş, iddia təmin edilməmişdir.
27. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
28. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin 2(001)-915/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.