Məhkəmə qərarları › İş №2(103)-384/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-384/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-384/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(011)- 349/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları

1. 16 iyun 2021-ci il tarixli qərarla İddiaçı ünvan 1 ünvanında yerləşən “Yasəmən Butik” salonunda kosmetoloq kimi fəaliyyət göstərən Cavabdeh tərəfindən aparılan mütəxəssis müayinəsi zamanı onun burun nahiyyəsində və hər iki qulaq seyvanında çapıq toxumalarının olduğu müəyyən edilmişdir ki, bunun da aparılmış kosmetoloji prosedurun qüsurlu texniki icrası nəticəsində yaranması istisna edilmədiyindən və bu baxımdan sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmadığına görə toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, material üzrə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsdən rayon prokurorluğuna daxil olmuş 26 may 2021-ci il tarixli, 1439 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, kosmetoloji prosedurlar Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydaları ilə tənzimlənmir. İddiaçınm üzərində aparılmış prosedur kosmetoloji prosedur olduğundan, bununla əlaqədar hər hansı bir sənəd tərtib edilməmişdir. Bu baxımından prosedur zamanı tətbiqinə icazə verilməyən dərman preparatlarından istifadə olunubolunmaması haqqında fikir söylənilməsi mümkün olmadı. İddiaçınm mütəxəssis müayinəsi zamanı onun burun nahiyyəsində və hər iki qulaq seyvanında çapıq toxumalarının olduğu müəyyən edilmişdir ki, bunun da aparılmış kosmeteoloji prosedurun qüsurlu texniki icrası nəticəsində yaranması istisna edilmir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə 5000 manat məbləğində cərimə olunmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli Fərmanının 2.3.1-ci yarımbəndinə əsasən özəl tibb fəaliyyətinə lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Bu baxımdan Cavabdeh adına hal-hazırda lisenziyanın verilib- verilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilməsi qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 manat maddi, 15000 manat mənəvi ziyan, ümumilikdə 30000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş və evin yeganə övladıdır. Hal-hazırda heç bir yerdə işləmir, valideynləri ilə birlikdə yaşayır. 2018-ci ildə keçirilən gözəllik müsabiqəsində 1-ci yeri tutmuşdur. 2018-ci ilin yay aylarında üz nahiyyəmdə təmizlik işlərini gördürmək üçün ünvan 2 ünvanında yerləşən "Yasəmən Butik" salonuna getmişdir. Həmin salona əvvəllər qohumları gedib-gəldikləri üçün oranı tanımışdır. Qeyd olunan gözəllik salonunu öz adına açan Cavabdeh adlı qadın oranı öz qızları ilə birlikdə işlədir. 2018-ci ilin yay aylarında ilk dəfə Yasəmənin yanına getdiyi zaman, Yasəmən xanım iddiaçının gənc olmağından istifadə edərək, qulaq, dodaq və alın nahiyyəmdə cərrahi əməliyyat aparmadan özündə olan pleksar cihazı ilə estetik işlər görəcəyinə, yəni əsasən kiçiltmələr aparacağına söz vermişdir. Əvvəl bu işə razı olmasa da sonradan cavabdeh və qızları təkid edərək onu razı salmışdılar. Həmin gün 500 manat pul qarşılığında iddiaçının burnunda pleksar cihazı ilə prosedur aparılmış, bundan sonra prosedurun təsirsiz olmasını görmüş və növbəti dəfə ora getdikdə Yasəmənə prosedurdan razı qalmadığıı, əməliyyat etdirəcəyini bildirmişdir. 2019-cu ilin mart ayında 2-ci dəfə “Yasəmən Butik" salonunda Cavabdeh həmin pleksar aparatı ilə iddiaçının burnunda və hər iki qulağında kiçiltmək üçün prosedur aparmış, ilk öncə burnunda yaralar olmuş və Cavabdeh sözlərinə görə 10 gün sonra həmin dəri yerinə qayıtmalı idi. Lakin 10 gün sonra burun və qulağında kelloidlər, yəni çapıqlar yaranmışdır. İddiaçı cavabdehə bu barədə iradını bildirdikdə, o iddiaçıya burun və qulağını düzəldəcəyini deyərək onu 20000 manatdan çox ziyana salmış, üstəlik iddiaçının burnunda və qulağında olan fəsadlar düzəlməmiş, əksinə daha da pisləşmişdir. Hər dəfə iddiaçını yanına çağırdıqda burnunun dərisinə iynələr vurmuş, daha sonra isə burnunun dərisini soymuşdur. Yasəmən onun burnuna və qulağına gialron, kollagen, ridoza iynələri vurmuş, həmin iynədən alnına da vuraraq, orada da dərin çapıq yaratmışdır. Bundan başqa alt dodağına da gel vurmuş, onun yaxşı olmadığını görüb çıxartmışdır. İddiaçının dodağında da hazırda əyilmələr yaranmışdır. İddiaçının Qulağı isə keloiddən böyümüş, əməliyyat yolu ilə həmin şişkinliyi aradan qaldırmışdır. Hazırda burnunun hər iki yan tərəflərində qulaqlarında keloid- çapıqlar, alt dodağında əyilmə və alnında dərin çapıq izi vardır. Cavabdeh özünün qeyd etdiyi kimi 2002-ci ildə Ukranya Respublikasında dermovineralogiya ixtisası üzrə təhsil almışdır. Lakin Azərbaycan Respublikasında Təhsil Nazirliyi tərəfindən diplom təsdiq olunmamışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(011)- 349/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh mənəvi ziyana görə 3500 manat məbləğdə pul vəsaiti və 180 manat məbləğdə dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə səhhətinin bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, səhhətinə dəymiş ziyanın məbləği ilə bağlı hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Cavabdeh tərəfindən iddiaçının üz nahiyəsində aparılmış kosmetoloji prosedurlar nəticəsində iddiaçının səhhətində yaranan problemlərlə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 3500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2- ci maddələrinə və ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətləri verərək, qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin cavabdeh tərəfindən aparılmış kosmeteoloji prosedurun qüsurlu texniki icrası nəticəsində iddiaçının səhhətində müxtəlif problemlər yaranması ilə bağlı mövqeyi əsassızdır. Belə ki, Bakı şəhəri Xətai rayon Prokurorluğunun 16 iyun 2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçının burun nahiyyəsində və hər iki qulaq seyvanında olan çapıq toxumalarının cavabdehin hərəkətləri nəticəsində əmələ gəlməsi istisna olunur. Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsdən Bakı şəhər Xətai rayon prokurorluğuna daxil olmuş 26 may 2021-ci iltarixli, 1439 nömrəli ekspert rəyi də, iddianın qismən təmin edilməsi üçün yetərli olmamasına baxmayaraq məhkəmə tərəfindən əsas kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Şahid ifadəsinə düzgün hüquqi qiymət verilməmiş, idiaçının və şahidin ifadələri arasında olan ziddiyyətlər aradan qaldırılmamış, həmçinin iddiaçının məhkəmə iclasında bildirdikləri ilə Məhkəmə Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsdən 26 may 2021-ciil tarixli, 1439 nömrəli ekspert rəyində göstərilən ziddiyyətli məqamlar aradan qaldırılmamışdır. Belə ki, iş materiallrında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyun 2021-ci il tarixli qərarla bir daha müəyyən olunur ki, Cavabdeh yanına gəlməmişdən əvvəl İddiaçı burun nahiyyəsində və hər iki qulaq seyvanında çapıq toxumaları mövcud olmuşdur. Yəni, Cavabdeh tərəfindən iddiaçının burununda və qulağında heç vaxt kiçiltmələr üçün prosedurlar aparılmamışdır. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadəsinə əsasən də, müəyyən olunur ki, İddiaçı burun nahiyyəsində və həriki qulaq seyvanında çapıq toxumaları cavabdehin hərəkətləri nəticəsində əmələ gəlməmişdir. Belə ki, şahid ifadəsində qeyd edilir ki, onun İddiaçı ilə yaxın dostluq münasibətləri var. Belə ki, Leylanı 2019-cu ilin gözəllik yarışmasında tanımışdır. O, özü də kosmotoloji xidmət göstərilməsi üçün 2020-ci ildə Yasamən xanıma müraciət edib. Yasəmən xanım onun üzərində də pleksar aparatı ilə prosedurlar aparıb. Həmçinin onun dodağına gel vurub. O,özü də Yasəmən xanımın işindən narazı olduğu üçün 2021-ci il tarixdə onun barəsində Xətai Rayon Prokurorluğuna şikayət edib. Həmçinin şahid məhkəmə iclasında qeyd etmişdir ki, 2020-ci ilin yay aylarında Yasəmən xanım tərəfindən onun üzündə pleksar cihazı ilə kosmetik prosedurlar aparılmışdır. O, Yasəmən xanımın xidmətindən ona görə istifadə etmişdir ki, Leyla Yasəmənin xidmətlərindən razı qalmış, həmçinin onun özü də Yasəmənin Leylanın üzündə gördüyü işlərdən xoşu gəlmişdir. Lakin, iddiaçı qeyd edir ki, Yasəmən onun üz nahiyyəsində kosmetoloji prosedurları 2018-2019-cu ildə aparmışdır. Elə həmin vaxtdan da onun burun və qulaq hissəsində çapıqlar əmələ gəlmişdir. Buna görə də, o Yasəmənin işindən narazı qalmış və onun barəsində şikayətlər etməyə başlamışdır. Bu zaman sual olunur: əgər Leyla Yasəmənin gördüyü işlərdən narazı idisə onda nəyə görə 2020-ci ilin yay ayında öz yaxını olan Fidana onun işlərini tərifələyərək xidmətərindən istifadə etməyi məsləhət görmüşdür? Həmçinin məhkəmə iclaslarında iddiaçı təkidlə bildirirdi ki, onun burunu anadangəlmədir. Yəni burun nahiyyəsində heç vaxt estetik əməliyyat aparılmayıb. Hətta iddiaçı öz dediklərini təsdiq etmək üçün məhkəməyə uşaqlıq və digər yaş dövrünü əksetdirən fotoşəkillər də təqdim etmişdir. Amma cavabdeh tərəf olaraq məhkəməyə təkidlə bildiririlmişdir ki, iddiaçının burnunda estetik əməliyyat aparılıb. Bu hissədə də, iddiaçının məhkəməni aldatdığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci iltarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı “Qələndər Klinikası”nın plastik rekonstruktiv cərrahı t.e.d professoru Vaqif Qələndərli tərəfindən müayinəsi keçirilmişdir. Müayinə zamanı xəstənin dediyinə görə estetik burun əməliyyatı olunub. Ekspert rəyində həmçinin qeyd edilir ki, Leylanın deməsinə görə başqa bir tibb müəssəsində qulaq nahiyələrində icra edilərək kelloid aradan qaldırılmışdır. Buradan bir daha sübut olunur ki, iddiaçı öz üzərində kosmetoloji psosedurlar aparılması üçün bir neçə tibb müəssəsində olmuşdur. Bu isə bizə onu deməyə əsas verir ki, iddiaçının burun və qulaq nahiyyələrində çapıqlar olmuş olsa belə, həmin çapıqlar Yasəmən xanımın hərəkətləri nəticəsində əmələ gəlməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi Vəkil2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasnı xahiş etmişdir.

12. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(103)- 5648/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı burun, qulaq və üz nahiyələrində çapıqlar mövcuddurmu, mövcuddursa, həmin çapıqların yaranma səbəbi nədir? - İddiaçı burun, qulaq və üz nahiyələrində çapıqlar mövcud olduğu halda həmin çapıqların plekasar aparatından (cihazı) istifadə nəticəsində yaranması mümkündürmü? - İddiaçı burun, qulaq və üz nahiyələrində hər hansı estetik əməliyyatlar aparılmışdırmı? - İddiaçı burun, qulaq və üz nahiyələrində estetik əməliyyatlar aparıldığı təqdirdə həmin nahiyələrdə olan çapıqlar estetik əməliyyatların nəticəsində yarana bilərmi?

14. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunmuşdur ki, İddiaçı barəsində təyin olunan 28 noyabr 2023-cü il tarixli qərardadda qarşıya qoyulmuş suallara cavab verilməsi üçün şəxsi məhkəmə-tibbi ekspertizaya təqdim edilməsinin zəruriliyi haqqında yazıb bildirməyimizə baxmayaraq, hal-hazıra qədər təqdim edilmədiyindən qərardad icrasız olaraq geri qaytarılır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamə qismən – iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, mübahisənin predmeti bölünən olduğu, cavabdeh iddianın rədd olunduğu hissəsi ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamənin bu hissədə onun tərəfindən mübahisələndirilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın təmin olunan və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməyən hissələrində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün mənəvi zərərin əvəzi olaraq 3500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli, ləğv olunan hissədə iş üzrə yeni qətnamə çıxarılmalıdır.

23. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, iddiaçının burun və qulaq nahiyyələrində çapıqlar olmuş olsa belə, həmin çapıqlar cavabdehin təqsiri nəticəsində əmələ gəlməmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. “Mənəvi zərər” anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

25. Birinci instansiya məhkəməsi tərəfindən bu qərarda əks olunan mövqeyə uyğun olaraq heç bir araşdırma aparılmamış və məhkəmə mənəvi zərərin tutulma əsası yalnız bu cümlə ilə əsaslandırmışdır ki, “Cavabdeh tərəfindən iddiaçının üz nahiyəsində aparılmış kosmetoloji prosedurlar nəticəsində iddiaçının səhhətində yaranan problemlərlə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır.” Halbuki, işin mübahisələndirilən halı iddiaçının səhhətində problemin məhz onun üz nahiyəsində aparılmış kosmetoloji prosedurlar nəticəsində yaranıb – yaranmamasıdır. Belə olduğu halda, məhkəmənin müəyyən etməli olduğu ilkin hal cavabdehin təqsirinn olub – olmadığını müəyyən etmək idi.

26. Çünki, işin halları ilə iddiaçının səhhətində problemin məhz onun üz nahiyəsində aparılmış kosmetoloji prosedurlar nəticəsində yarandığı bir mənalı olaraq öz təsdiqini tapmamışdır. Belə ki, istintaq orqanı tərəfindən alınmış ekspert rəyində qeyd olunmuşdur ki, “04 may 2021-ci il tarixdə İddiaçı “Qələndər klinikası”nın plastik rekonstruktiv cərrahı t.e.d professoru Vaqif Qələndərli tərəfindən müayinəsi keçirilmişdir. Müayinə zamanı xəstənin dediyinə görə estetik burun əməliyyatı olunub. ... başqa bir tibb müəssəsində qulaq nahiyələrində icra edilərək kelloid aradan qaldırılmışdır.” Yəni, iddiaçının üz nahiyəsində müxtəlif tibb müəssisələrində əməliyyatlar aparıldığından problemin məhz cavabdehin təqsiri üzündən yaranması sübuta yetirilməlidir.

27. Məhkəmə kollegiyası tərəfindən məhz bu halın araşdırılması üçün ekspertiza təyin olunaraq özünü ekspertə təqdim etməsi barədə iddiaçıya məlumat verilsə də, ekspertə təqdim olunmadığından qərardad icrasız geri qaytarılmışdır. MPM-nin 97.5-ci maddəsinin tələbinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhz bu normanın tələbinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusatın iddiaçının öz təqsiri üzündən aydınlaşdırılması mümkün olmamışdır.

28. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqdim olunmuş sübutlar əsasında iddiaçının üz nahiyəsində yaranmış probemlərin cavabdeh tərəfindən aparılmış kosmetoloji prosedurlar nəticəsində əmələ gəlməsi təsdiqini tapmır.

29. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayətləri təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(011)-349/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(011)-349/2023 nömrəli qətnaməsi qismən - mənəvi zərərin əvəzi olaraq 3500 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar