Məhkəmə qərarları › İş №2(103)-3850/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3850/2025

30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3850/2025 30.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «cərimənin, gecikmənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh BOKT MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3129/2025 saylı, 15 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh BOKT MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh BOKT MMC İddiaçı xx.xx.2025-ci il tarixədək 500 manat kredit vermişdir. Müqavilənin 1.8-ci bəndinə görə borcalan verilmiş kredit məbləğinin ödənilmə tarixini Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dəyişmək hüququna malikdir. Bu xidmətdən istifadə etmək üçün borcalan müvafiq xidməti aktivləşdirərəkən eyni zamanda kredit məbləğinin ödənilmə tarixinin dəyişdirilməsinə görə BOKT tərəfindən təqdim olunan preskuranta uyğun haqq ödəməlidir. Müqavilənin 1.14-cü bəndində isə öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,6 faiz həcmində faiz tələb etmək hüququna malikdir.

2. "Manato.az” xidmətindən İddiaçı göndərilmiş elektron məktublarda 75 manat ödəniş etməklə 14 gün, 125 manat ödəniş etməklə 30 gün müddətində kreditin ödəniş müddətinin uzadılması təklif edilmişdir.

3. "Manato.az” xidmətindən İddiaçı göndərilmiş elektron məktublarda kreditin ödəmə müddətinin başa çatdığı, gündəlik cərimələr hesablandığı və kredit borcunun mümkün qədər tez ödənilməsi barədə xəbərdar edilmişdir.

4. “Manato.az” Xidmətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışında Cavabdeh BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********004 saylı kredit müqaviləsi üzrə arayış tərtib edilən tarixə 495 manat əsas, 0 manat faiz, 0 manat komissiya və 0 manat cərimə olmaqla, cəmi 495 manat borcu mövcuddur.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı cərimə faizlərinin ləğv edilməsi, adına qeyd edilmiş gecikmənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 500 manat məbləğində cərimə faizlərinin ləğv edilməsi, adına qeyd edilmiş gecikmənin üzərindən ləğv olunması, maddi və mənəvi ziyan əvəzi olaraq 2000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. İddiada göstərilib ki, xx.xx.2025-ci il tarixində Manato.az rəsmi mailindən iddiaçının mail ünvanına kredit ödənişi etməyinə dair xatırlatma göndərilmişdir və həmin xatırlatmada da, həmçinin yuxarıda qeyd etdiyi 14 və 30 gün müddətinə ödəniş edərək müddəti uzada biləcəyi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixində səhər saatlarında ona daha bir mail gəlmiş, Manato.az mail ünvanından və yenə də həmin təklif olunmuşdur, həmin tarixdə saat 10:19-da Manatoya 130 manat ödəniş edərək 30 gün müddətində kreditin uzadılmasını təmin etmişdir. Hansı ki, xx.xx.2025-ci il tarixində ona təklif olunan şərtlər altında razılaşıb rəsmilləşdirdiyi şərtlərə uyğun olaraq 130 manat ödəniş edib 30 gün müddətində uzadılmanı təmin etmişdir. Yəni özbaşına və ya özünün icad etdiyi bir şərtlərlə addım atmamışdır. Ödənişi etdiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən ona Manatonun operatorları dayanmadan zəng edib bildirmişlər ki, iddiaçı düzgün anlamamış, elə bir şərtlər mövcud deyildir. Mərkəzi Bankın adından hansısa verdiyi qərarı irəli sürmüşlər. İzah etsə də, hətta Manatonun mail ünvanına onların özlərinin ona göndərdikləri faylları göndərsə də, onları başa sala bilməmişdir. Ona Manatonun problemli şöbəsindən də zəng gəlmişdir, onlara da izah edə bilməmişdir. Dəfələrlə özü şəxsən Manatonun operatorlarından xahiş etsə də ki, onu hüquq şöbəsinə hüquqşünasa bağlasınlar lakin nəticə verməmişdir. Hüquqşünas da vəziyyətin nə olduğunu bildiyi üçün danışıqdan imtina etmişdir. Yəni Manatoya artıq danışıqla vəziyyəti izah edə bilmədiyi üçün məhkəməyə müraciət etməyi qərarlaşdırmışdır. Ona dayanmadan zəng etdikləri üçün iş yerində iş vaxtı telefonla danışdığı üçün cərimələnmişdir, yəni ona “Manato”nun üzündən maddi və mənəvi ziyan dəymişdir. İddiaçı hal-hazırda nevroloji və zob xəstəliyinə görə müalicə alır. Hər iki müalicədə həkimlər əsəbdən stressdən uzaq olmağı tövsiyyə edir. Lakin ona Manato tərəfindən dayanmadan gələn zənglərə görə əsəb sistemində daha da narahatçılıq artmış və sağlamlığına ciddi şəkildə ziyan dəymişdir. Ona günlərdir ki, adına gecikmə yazılır və bu da deməkdir ki, ona gələcəkdə digər hansısa bankdan və ya təşkilatdan kredit götürə bilməsi ciddi şəkildə məhdudlaşdırılacaqdır. Onun 4 yaşında körpə övladı vardır və övladını təkbaşına böyüdür, vaxtaşırı heç kimdən borca pul istəməmək üçün kredit üçün banklara üz tutur, amma Manato bunu ciddi şəkildə məhdudlaşdıra bilər və bunu edir. Manato hal-hazırda ona ancaq ziyan vurmaqla məşğuldur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3129/2025 saylı, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddia tələbinin qismən təmin edilərək məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, **********004 saylı kredit müqaviləsi üzrə dəbbənin (gecikmə faizlərinin) hesablanmaması öhdəliyinin Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-nin üzərinə qoyulması; 200 manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq İddiaçı ödənilməsi; 40 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Mərkəzi Bankın xx.xx.2024cü il tarixli Qərarı ilə təsdiqləmiş “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi” Qaydasında gündəlik kreditin restrukturizasiya olunması imkanı istisna edildiyindən və hazırki iş üzrə tərəflər arasında müqavilə qeyd edilən qərardan sonrakı tarixdə bağlandığından Cavabdeh BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2025ci il tarixli mikrokredit müqaviləsinin ödəniş tarixinin dəyişdirilməsi də istisna edilir və xx.xx.2025-ci il tarixində müqavilə üzrə ödəniş tarixi başa çatmış hesab olunur. Lakin iddiaçı ilə kredit müqaviləsinin Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli Qərarından sonra bağlanmasına baxmayaraq Cavabdeh BOKT MMC müqvilənin 1.8-ci maddəsində borcalanın kredit məbləğinin ödənilmə tarixini dəyişmək hüququna malik olduğu barədə qeydi saxlamış və borcalana müvafiq təkliflə bağlı elektron məktublar ünvanlamışdır. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi bu halların baş verməsini təsdiq etmiş və bunun müqavilənin və elektron məktub sisteminin standart forması dəyişdirilmədiyindən texniki səhv nəticəsində baş verdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, qeyd edilənləri nəzərə alaraq cavabdeh təşkilat hesablanmış dəbbə faizlərini silərək, artıq iddiaçıdan sadəcə əsas borc məbləğini tələb edir. MM-nin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilməli olduğundan, eləcə də MMnin 462.2-ci maddəsinə əsasən borclunun öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımadığı halda kreditorun dəbbə pulunun ödənilməsini tələb edə bilməməsi təsbit edildiyindən, xx.xx.2025-ci il tarixli mikrokredit müqaviləsi üzrə qətnamə qanuni qüvvəyə minənədək dəbbə hesablanmaması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh təşkilat AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş normativ tələbi pozaraq kredit müqaviləsinə ödənişin vaxtının uzadılması imkanı ilə bağlı bənd daxil etmiş və bu imkanın həyata keçirilməsi üçün borcalana elektron məktublar ünvanlamış, bununla da borcalanda ödəniş vaxtının uzadıla biləcəyi ilə bağlı inam yaratmışdır. Odur ki, hazırki mübahisədə borcalanın ödənişlərin gecikməsi üçün məsuliyyəti müəyyən edilə bilməz. Borcalan tərəfindən ödənişlərin vaxtında edilməməsi məhz cavabdehin qeyd edilən normativ akta zidd əməlindən irəli gəlmişdir. Ona görə də, xx.xx.2025-ci il tarixli mikrokredit müqaviləsi üzrə qətnamə qanuni qüvvəyə minənədək dəbbə hesablanması qadağan edilməlidir. Bununla, borcalanın hüquqları qətnamənin qüvvəyə minməsinədək qorunur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra isə borcalan artıq öz öhdəliklərinin şərtlərinin dəyişməz olduğunu və ödənişin vaxtının uzadılma imkanının hüquqi əsası olmadığını biləcəyi üçün, həmin andan sonrakı mümkün gecikmələrə görə dəbbə faizinin hesablanması cavabdeh tərəfindən qanunvericiliyə müvafiq qaydada aparıla bilər. İddia tələbinin maddi və mənəvi zərərə görə 2000 manatın ödənilməsi hissəsində iddiaçı həmin məbləğdən hansı məbləğin maddi, hansının mənəvi zərər görə tələb edildiyini əsaslandırmamış, eləcə də maddi zərərin vurulması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Mənəvi zərərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin normativ akta zidd hərəkəti (Mərkəzi Bankın qərarına zidd olaraq kredit müqaviləsinə ödənişin vaxtının uzadılması imkanı ilə bağlı bənd daxil edilməsi və bu imkanın həyat keçirilməsi üçün borcalana elektron məktub ünvanlanması) nəticəsində ödəniş müddətini uzatdığını düşünsə də, cavabdeh tərəfindən iddiaçıya hər gün çoxsaylı zənglər edilməsi, elektron mətubların göndərilməsi və hər xəbərdarlıq məktubunda dəbbə faizlərinin artmasının qeyd edilməsi iddiaçıda mənəvi sarsıntı və narahatlıq yaratmışdır. Odur ki, həmin mənəvi sarsıntı və narahatlığın kompensasiya edilməsi üçün mənəvi zərərin əvəzi iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq cavbdehdən iddiaçının xeyrinə 200 manat məbləğində mənəvi zərərin ödənilməsini ədalətli hesab edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh BOKT MMC-nin apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsini, həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edib göstərilir ki, tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli **********004 saylı Kredit Müqaviləsinin 1.8-ci bəndinə əsasən, borcalan verilmiş kredit məbləğinin ödənilmə tarixini Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dəyişmək hüququna malikdir. Göründüyü kimi, müqavilə bəndindən açıq aydın görünür ki, müştərinin hüququ birbaşa qanunvericiliklə əlaqələndirilmişdir. Qanunvericilik tələbləri dəyişdiyi üçün müştərinin bu hüququ da öz qüvvəsini itirmişdir. Eyni zamanda, məhkəmənin istinad etdiyi və bu qanunvericilik normasında qeyd edilən qeyri-müəyyənlik müqavilə şərtlərində öz əksini tapmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən öhdəliklərin gecikdirilməsinə görə gecikmiş məbləğə gündəlik olaraq 0.6% həcmində dəbbə pulu hesablanır. Göründüyü kimi, dəbbə pulunun hesablanması tərəflər arasında imzalanmış müqavilədən irəli gəlmişdir. Məhkəmənin borc öhdəliyinin gecikdirilməsinə görə iddiaçının məsuliyyət daşımamasının əsası kimi iddiaçının cavabdehdən bir dəfə məlumatlandırma məktubu alması nəticəsində inamının yaranmasını göstərmək ağlabatan və ədalətli hesab etmək olmaz. Xüsusən də o halda ki, restrukturizasiyanın edilə bilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. Hazırkı mübahisə üzrə cavabdeh hər hansı bir qanunsuz hərəkət etməmiş, əksinə kredit üzrə ödəniş tarixinin dəyişdiyi halda qanunsuz hərəkət etməli olacaqdır. Bu hal üzrə də hər hansı qanunazidd hərəkəti və təqsiri müəyyən edilmir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

10. İddiaçı elektron kabinet vasitəsilə təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə dair yazılı etirazında şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh BOKT MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

22. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etdiyi normanı səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

25. Əvvəla, kredit müqaviləsi Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli Qərarından sonra bağlansa da müqavilənin 1.8-ci bəndində borcalanın kredit məbləğinin ödənilmə tarixini dəyişmək hüququna malik olduğu barədə qeydin saxlanması və borcalana müvafiq təkliflə bağlı elektron məktublar ünvanlanması iddianın əsaslı olduğuna dəlalət edə bilməz. Çünki müqavilə tərəflərinin bu cür şərti razılaşdırmaları qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) zidd olmamışdır. Başqa sözlə, bu cür şərti razılaşdırmaqla tərəflər, o cümlədən borcalan hüququndan istifadə edib. Demək ki, müqavilədə belə bir şərtin yer alması Mülki Məcəllənin 419.2-ci maddəsində nəzərdə tutulan qeyri-müəyyənlik hesab edilə bilməzdi.

26. Bundan başqa, kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən öhdəliklərin gecikdirilməsinə görə gecikmiş məbləğə gündəlik olaraq 0.6% həcmində dəbbə pulu hesablanır. Göründüyü kimi, dəbbə pulunun hesablanması tərəflər arasında imzalanmış müqavilədən irəli gəlib. Buna baxmayaraq, cavabdeh tərəf həm təqdim etdiyi maliyyə arayışında, həm də nümayəndəsi məhkəmə iclasında iddiaçıya hesablanmış dəbbə pulunun silindiyini təsdiq edib. Bu cür vəziyyətdə məhkəmə aktı ilə cavabdehin üzərinə belə bir öhdəliyin qoyulması anlaşılan olmamışdır. Bir də ki, iddiaçının bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməsi də başadüşülən olmayıb. Çünki kredit verənin ona qarşı hər hansı bir iddiası olmamışdır. Belə bir iddianın olacağı təqdirdə hazırkı tələbdə göstərilənlər həmin icraat çərçivəsində həll edilməli olan bir məsələ ola bilərdi. Ancaq birinci instansiya məhkəməsi ziddiyyətli bir vəziyyət yaradaraq cavabdeh tərəfindən hətta aradan qaldırılmış yaxud mövcud olmayan bir “nöqsana” görə üzərinə vəzifə qoyub. Çünki müqavilə şərtlərinin dəyişdirilməsi məhkəmədən kənar baş verən bir hallardır və nə qədər ki, müqavilənin ləğvi və dəyişdirilməsi ilə bağlı tərəflər arasında qanunda nəzərdə tutulan əsaslara görə mübahisə yaranmayıb, məhkəmənin öz təşəbbüsü yaxud istəyi ilə həmin hallara müdaxilə etməsi yolverilməzdir.

27. Göstəriləndən əlavə, məhkəmənin mənəvi zərərin tutulması hissəsində də qənaəti yanlış olmuşdur. Əvvəla, mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hansısa mötəbər sübutlar təqdim edilməmişdir. Hətta cavabdehin normativ akta zidd hərəkət etməsi qəbul edilsə belə (Mərkəzi Bankın qərarına zidd olaraq kredit müqaviləsinə ödənişin vaxtının uzadılması imkanı ilə bağlı bənd daxil edilməsi və bu imkanın həyata keçirilməsi üçün borcalana elektron məktub ünvanlanması) hansı ki, bunun nəticəsində iddiaçı ödəniş müddətini uzatdığını düşünüb, cavabdeh tərəfindən iddiaçıya hər gün çoxsaylı zənglər edilməsi, elektron məktubların göndərilməsi və hər xəbərdarlıq məktubunda dəbbə faizlərinin artmasının qeyd edilməsi iddiaçıda mənəvi sarsıntı və narahatlıq yarada bilməzdi. Çünki bu hallar kredit münasibətində olan şəxslər üçün gözlənilən və həyatda həmişə baş verən hallar hesab edilir. Buna görə də zənglərin edilməsi və elektron məktubların göndərilməsi iddiaçıya hansısa formada zərər vura bilməzdi. Ona görə, məhkəmənin bu hissədə də gəldiyi qənaəti yanlış olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

29. Şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3129/2025 saylı, 15 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı cərimə faizlərinin ləğv edilməsi, adına qeyd edilmiş gecikmənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.2, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qətetdi:

Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3129/2025 saylı, 15 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı cərimə faizlərinin ləğv edilməsi, adına qeyd edilmiş gecikmənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar