Məhkəmə qərarları › İş №2(103)-3857/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3857/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3857/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-224/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYY ƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 549 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 579 manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mitsubishi Fuso” markalı **-JD-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, N.Tusi klinikasının yanı ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə “xxxx” ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Yasamal rayon DYPŞ-də tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən yolnəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı **-PG-*** dövlət nömrə nişanlı avtomobilə 749 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və 04 mart 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən, “xxxx” ASC tərəfindən 549 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-224/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətində bir sıra qanunvericilik normalarını sadalamaqla, şikayətini ümumi ifadələrlə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh hadisədə günahının olmadığını bildirərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Chevrolet Cruze” markalı, **-PG- *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən 05 iyul 2019-cu il tarixdən 04 iyul 2022-ci il tarixədək 18.000 manat sığorta məbləği olmaqla “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” sığorta növü ilə sığortalanmışdır. 24 yanvar 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mitsubishi Fuso” markalı **-JD-*** dövlət nömrə nişanlı avtomobillə “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Cavabdeh təqsirli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. “xxxx” ASC tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərərə görə 549 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 30 noyabr 2020-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, 14 fevral 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2016-cı il buraxılışlı “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 788 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-224/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar