Məhkəmə qərarları › İş №2(103)-3858/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3858/2023

12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3858/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 prosessual hüquq varisi Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:maddi və mənəvi ziyan, özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 Yusif qızı (prosessual hüquq varisi Cavabdeh2) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki 83 saylı evin 43-cü mənzili İddiaçı mülkiyyətindədir.

2. Həmin ünvanda 46 saylı mənzil isə Cavabdeh1 mülkiyyətində olmuş, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 satılmışdır.

3. X5 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin direktorunun xx.xx.2015-ci il tarixli 140 saylı “cari təmir işlərinin aparılması”na dair razılıq məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 46-cı mənzilində suvaq işlərinin aparılmasına, qapı və pəncərənin dəyişdirilməsinə, rəngsaz işlərinin aparılmasına, qaynaq işlərinə, döşəmənin dəyişdirilməsinə, sanitar xətlərin təmirinə və tavanın dəyişdirilməsinə icazə verilmişdir.

4. X5 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin Cavabdeh1 ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43-cü mənzilinin sakini İddiaçı mənzilində mətbəx və sanitar-qovşağına üst mərtəbədən su sızmasına dair müraciəti ilə əlaqədar mütəxəssislər tərəfindən araşdırmalar aparılmış və sözügedən ünvanda mətbəx və sanitar qovşağa su sızması Cavabdeh1 icazəsiz quraşdırdığı eyvanın döşəməsində hidroizolyasiya qatının düzgün aparılmaması səbəbindən baş verdiyi müəyyənləşdirilmişdir.

5. Mübahisə cavabdehin mənzilindən iddiaçının mənzilinə dəymiş ziyan və həmin ziyanın ödənilməsi ilə bağlı yaranıb.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1 qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10000 manat maddi və mənəvi zərərə görə pul tutulması və onun mənzilinin mətbəx və sanitar qovşağının üzərində inşa edilmiş tiklinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” X5 Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidməti iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 43-də yaşayır. Həmin binanın 4-cü mərtəbəsində yaşayan cavabdeh neçə müddətdir ki, bir mərtəbə aşağıda olan iddiaçının mənzilinə su axıdır. Dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-240/2017 saylı, 17 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Əliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən vurulmuş maddi zərərə görə 1850 manat və mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 2850 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 46-cı mənzilində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus mənzildən müxtəlif texniki səbəblərdən su axması, bunun nəticəsində iddiaçıya zərər dəyməsi iddiaçının izahatı ilə yanaşı, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 19971 saylı rəyi, “İçərişəhər” X5 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin xx.xx.2016-cı il tarixli V-01/05/05 saylı məktubu ilə təsdiqlənir. Mənəvi zərər tələbi ilə məhkəmə iddiaçının mülkiyyətində olan mənzilə cavabdehə məxsus olan mənzildən su axıdılması, özbaşına tikilinin inşası ilə ona maneçilik törədilməsi, habelə bunların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməməsi faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət etmiş bu məbləği 1000 manat müəyyən etmişdir. Məhkəmə həmçinin, cavabdehə məxsus mənzildə inşa edilmiş tikilinin özbaşına tikili olduğu və onun 43 saylı mənzilin mülkiyyətçisi olan iddiaçının öz əmlakından təyinatı üzrə istifadə etməsinə maneçilik yaratdığı qənaətinə gəlmiş, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi tələbini təmin etmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.4, 180, 1096.1, 1097.1, 1111.2-ci, Mülki Prosessual Məcəllənin 14.2. 77, 88 və 97-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdehin iştirakı təmin olunmamışdır; ekspertiza keçirilməsi barədə cavabdehin məlumatı olmamış, məhkəmə qətnaməsində özbaşına tiklinin cavabdehin hesabına sökülməsini qeyd etsə də, həmin tikilidə cari təmir işlərinin aparılmasına xx.xx.2015-ci ildə X5 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin direktorunun 140 saylı razılıq məktubu var; iddiaçının sonradan inşa etdiyi eyvanın qanuna uyğun qaydada inşa edilib edilməməsi barədə ekspert qarşısında sual qoyulmamışdır.

15. İşin apellyasiya baxışı zamanı cavabdeh tərəfindən ona məxsus olan mənzilin Cavabdeh2 satılması müəyyən edildiyi üçün Cavabdeh2 tikilinin sökülməsi hissəsində cavabdehin prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10/22 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1702/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Z.Babayev, V.Məmmədov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 46-cı mənzilində inşa edilmiş özbaşına tikilinin Cavabdeh1 hesabına sökülməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə apellyasiya instansiya məhkəməsinin qətnaməsi kassasiya qaydasında yalnız özbaşına tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edildiyindən apellyasiya baxışının predmetini qətnamənin əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 tikilinin sökülməsi hissəsində Cavabdeh1 prosessual hüquq varisi kimi işə cəlb etsə də, sonda yenə də həmin iddianın Cavabdeh1 qarşı təmin edilməsi barədə birinci instansiya məhkəməsini qətnaməsini qüvvədə saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi inşa edilmiş tikilinin sökülməsi barədə təmin edilən tələb üzrə cavabdehi prosessual hüquq varisi ilə əvəz etməsinə baxmayaraq, həmin hissədə iddianı yenə də ilkin cavabdehə (mənzilin köhnə mülkiyyətçisinə) qarşı qüvvədə saxlamaqla qətnamənin gələcəkdə icrasının da mümkünsüzlüyünə şərait yaratmışdır.

33. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

34. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

35. İşdən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 46-cı mənzilini xx.xx.2020-ci ildə Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında satmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli iclas protokolunda mənzilin yeni mülkiyyətçisi Cavabdeh2 tikilinin sökülməsi hissəsində Cavabdeh1 prosessual hüquq varisi kimi işə cəlb edilmişdir (İ cild, i.v. 271). Bu o deməkdir ki, Cavabdeh1 həmin hüquq münasibətində sıradan çıxmaqla, həmin tələb üzrə artıq cavabdeh deyil, belə olan təqdirdə də, həmin tələbə prosessual hüquq varisi olan Cavabdeh2 münasibətdə yoxlanılmaqla qiymət verilməlidir.

36. MPM-ə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (maddə 50.3). Prosessual hüquq varisliyinə o halda yol verilir ki, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxmış olsun (maddə 58.1).

37. Məhkəmə kollegiyası Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 46-cı mənzilinin hazırkı mülkiyyətçisinin Cavabdeh2 olduğunu və onun əvvəlki apellyasiya baxışı zamanı prosessual hüquq varisi kimi işdə iştirak etməyə cəlb olunduğunu nəzərə alaraq apellyasiya baxışının predmeti olan hissədə iddia tələbinə məhz ona münasibətdə qiymət verir.

38. Mübahisənin mahiyyəti ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir.

39. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin sökülməsini tələb edir.

41. İş materiallarından görünür ki, işin əvvəlki apellyasiya baxışı zamanı ekspertiza təyin edilmiş, 43 saylı mənzildə əlavə tikilinin inşa olunub-olunmaması barədə ekspert qarşısında sual qoyulmuş, lakin mənzilin qapısı bağlı olduğundan mənzilə baxış keçirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində təyin edilən ekspertiza da eyni səbəbdən tikilinin sökülməsi hissəsində icra olunmamışdır.

42. Yeni apellyasiya baxışı zamanı məhkəmə iclası 2 dəfə təxirə salınmış, tərəflərə, o cümlədən iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə yenidən araşdırılmasında maraqlı olmamış, sübutlar, habelə ekspertizanın keçirilməsi barədə vəsatət təqdim etməmişlər.

43. MPM-ə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (maddə 102.3).

44. Məhkəmə kollegiyası məhz MPM-in 102.3-cü maddəsini nəzərə alaraq apellyasiya baxışı zamanı əlavə və ya təkrar ekspertiza təyin olunmasını məqsədəuyğun saymadı.

45. Kollegiya, həmçinin, qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınmaqla, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticənin yalnız ehtimala əsaslandığını, iddianın həmin hissədə təmin olunması üçün hər hansı mötəbər sübut təqdim olunmadığını, hazırkı apellyasiya baxışında tərəflərin üzrsüz səbəbdən iştirak etmədiklərini, işin mahiyyəti üzrə baxılıb araşdırılmasında maraqlı olmadıqlarını və təkrar ekspertizanın təyin olunması barədə vəsatət vermədiklərini nəzərə alaraq hesab edir ki, iddianın tikilinin sökülməsi hissəsində təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

47. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

48. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

49. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

50. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

52. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1).

53. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilməməlidir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli qətnaməsi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki 83 saylı evin 46-cı mənzilində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar