Məhkəmə qərarları › İş №2(103)-386/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-386/2023

19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-386/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə “Mitsubishi L200” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilə bağlıdır. Avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur, onun mülkiyyət hüququna dair şəhadətnamə xx.xx.2014-cü ildə verilib (iş v. 10). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçmiş ər-arvaddır. İddiaçı ilə Cavabdeh1 arasında həmin avtomobilə dair şifahi alqı-satqı müqaviləsi bağlanıb. Buna əsasən Cavabdeh1 iddiaçının adına xx.xx.2015-ci ildə etibarnamə verib (iş v. 7). Cavabdeh1 avtomobili əldə edərkən onun qiymətini ödəmək üçün "xxxx" ASCdən kredit götürüb. Kredit müqaviləsi xx.xx.2014-cü ildə bağlanıb, kreditin məbləği 21.100 ABŞ dolları olub. Bankın verdiyi arayışa görə xx.xx.2020-ci il tarixə kredit müqaviləsi üzrə banka borc yoxdur (iş v. 9). İddiaçı bildirir ki, avtomobili Cavabdeh1 əldə edərkən aralarında olan razılaşmaya əsasən Cavabdeh1 özünə 5.500 ABŞ dolları ödəyib, bundan başqa, kredit müqaviləsi üzrə Cavabdeh1 əvəzinə banka 21.100 ABŞ dolları ödəyib. Bu məbləğin cəmi 26.600 ABŞ dolları edir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 26.600 ABŞ dolları, mənəvi zərərin əvəzi kimi 5.000 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, Cavabdeh1 iddiaçıya söz vermişdi ki, banka olan borc ödənildikdən sonra avtomobilə dair iddiaçı ilə rəsmi alqı-satqı müqaviləsi bağlayacaq. Digər cavabdeh Fidan Hüseynova da bundan xəbərdar olmuşdu, çünki həmin ərəfədə cavabdehlər evli olmuşlar. Lakin banka olan borc ödənildikdən sonra cavabdeh tərəf avtomobili iddiaçının adına keçirməkdən imtina etmişdir. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 26.600 ABŞ dolları, habelə dövlət rüsumunun əvəzi kimi 120 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Qətnamədən hər iki cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti verib. Apellyasiya şikayətlərində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil təmsil etdiyi şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə hər iki cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh1 şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamənin iddianın rədd edilməsinə aid hissəsi, yəni mənəvi zərərə aid hissəsi mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı yoxlanılmadı. Qətnamənin yalnız iddianın təmin edilməsinə aid hissəsi, yəni maddi zərərə aid hissəsi mübahisələndirilib. Mübahisələndirilən hissədə qətnamə ləğv edilməli, həmin tələb qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı maddi zərərə 2 məbləği daxil edib: 1) 5.500 ABŞ dolları; 2) 21.100 ABŞ dolları. Birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 26.600 ABŞ dollarını hər iki cavabdehdən zərərin əvəzi kimi tutub. Lakin zərərin mövcud olması üçün delikt törədilməldir. Deliktin törədildiyi isə müəyyən olunmur. 5.500 ABŞ dolları pul tələbinə Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş, etibarsız (əhəmiyyətsiz) əqd üzrə əldə edilənlərin geri qaytarılması qaydası tətbiq edilməlidir. Belə ki, həmin avtomobilin alqı-satqısına dair xx.xx.2015-ci ildə iddiaçı ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. 5.500 ABŞ dolları əhəmiyyətsiz əqd üzrə iddiaçı tərəfindən Cavabdeh1 verilib. Cavabdeh1 həmin pulun ona verildiyini yazılı şəkildə etiraf edib (iş v. 86). 21.100 ABŞ dolları pul tələbinə isə kredit müqaviləsinə aid qaydalar tətbiq edilməlidir. Belə ki, kredit münasibəti üzrə tələb hüququnun keçməsi baş verib. Mülki Məcəllənin 431.3-cü maddəsinə görə, üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. İddiaçı Cavabdeh1 kreditorunu (bankı) təmin edib. Bundan sonra pula dair tələb hüququ iddiaçının banka ödədiyi məbləğ həddində bankdan iddiaçıya keçib. Tələb hüququ Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanır. Odur ki, 21.100 ABŞ dollar həmin maddələrin göstərişinə əsasən tutulmalıdır. İddiaçı 21.100 ABŞ dolları tələb etsə də, onun məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinə görə iddiaçı tərəfindən banka ödənilən məbləğin cəmi 17.169,87 ABŞ dolları təşkil edir. Lakin iddiaçı bildirir ki, banka 21.100 ABŞ dolları ödəyib, belə ki, Cavabdeh1 bankdan 21.100 ABŞ dolları kredit götürüb, müqavilə üzrə Cavabdeh1 tərəfindən banka heç bir vəsait ödənilməyib, bütün vəsait özü (iddiaçı) tərəfindən ödənilib. Bankın məktubundan görünür ki, 21.100 ABŞ dolları banka tam ödənilib (iş v. 9.). Cavabdeh1 isə yazılı şəkildə etiraf edib ki, iddiaçı banka onun adından 2.100 ABŞ dolları ödəyib (iş v. 86). Ona görə də müəyyən olunur ki, iddiaçı banka 21.100 ABŞ dolları ödəyib. Beləliklə, iddiaçının 26.600 ABŞ dollarına (5.500 ABŞ dolları + 2.100 ABŞ dolları) münasibətdə tələb hüququ yaranıb. Onun bu hüququ yalnız Cavabdeh1 münasibətdə yaranıb. Digər Cavabdeh2 həmin pulu iddiaçıya qaytarmaq vəzifəsi yoxdur. Belə ki, 5.500 ABŞ dollarını qaytarmaq vəzifəsi etibarsız (əhəmiyyətsiz) müqavilədən əmələ gəlir, cavabdeh Fidan Nəbizdə həmin müqavilənin tərəfi deyil. 2.100 ABŞ dollarını qaytarmaq vəzifəsi kredit müqaviləsindən (tələb hüququ keçmiş müqavilədən) əmələ gəlir, cavabdeh Fidan Nəbizdə həmin müqavilənin də tərəfi deyil. Mülki Məcəllənin 387.3-cü maddəsinə görə, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Cavabdehlər apellyasiya şikayətində qeyd ediblər ki, iddiaçı avtomobili uzun müddət istismar edib. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin halın hazırkı iddianın düzgün həlli üçün əhəmiyyəti yoxdur. Əgər cavabdehlər hesab edirsə ki, avtomobilin istismarı ilə əlaqədar iddiaçının onların qarşısında pul öhdəliyi yaranıb, belə halda bu barədə iddia ilə ümumi qaydada məhkəməyə müraciət edə bilərlər. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalı, 26.600 ABŞ dolları başqa əsasla (yuxarıda göstərilən əsasla) Cavabdeh1 tutulmalı, tələbin qalan hissəsi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv olunsun. Ləğv edilən hissədə tələb qismən təmin olunsun. 26.600 (iyirmi altı min altı yüz) ABŞ dolları Cavabdeh1 alınaraq İddiaçı verilsin. Ləğv edilən hissədə qalan tələb təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 120 (yüz iyirmi) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar