Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-386/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mülkiyyət hüqunun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X6, iddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "sərbəst gediş-gəlişə yaradılan maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-243/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ünvan 1 ünvanlarının sənədləşdirilməsi mümkün olmamışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi y/s-37.9 kv.m, k/s-23.1 kv.m payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 1 nömrəli mənzil tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 2 nömrəli mənzil tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsi tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
7. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən əldə edilən arayışdan məlum olur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası Xalq Bank ASC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası və 0.2704 ha torpaq sahəsini “MARS-M” firmasının mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
9. 10 mart 2023-ci il tarixli 10/7712 №-li ekspert rəyindən məlum olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,2704 ha torpaq sahəsinə dair Texniki Pasport sənədi təqdim olunmadığından, eyni zamanda İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanlarına dair texniki pasportlarda koordinat və situasiya planı əks olunmadığından, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evirin texniki pasportunda koordinatlar qeyd olunmadığından və həmin ərazidə söküntü aparıldığından, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən 0,01339 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim olunmadığından yuxarıda qeyd olunan əmlakların üst-ütə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. **********41 reyestr nömrəli Çıxarış sənədi ilə İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən 0,0255 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarına əsasən naturada yeri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin ASC "xxxx"-ın istifadəsində olan qeyri-yaşayış binasının cənub tərəfində yerləşdiyi və faktiki olaraq ASC "Xalq Bank” tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinin Səməd Vurğun küçəsi istiqamətində yerləşən hissəsində qapı quraşdırılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh Xalq Bank ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 2 və Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 1, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,01339 ha torpaq sahəsi, ünvan 6 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsindən ibarət olan əmlaklara iddiaçının sərbəst şəkildə gediş-gəlişinə cavabdeh Xalq Bank ASC və əməkdaşları (işçiləri) tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 2 və Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 1, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,01339 ha torpaq sahəsi, ünvan 6 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı qeyd edir ki, cavabdehin əməkdaşları (işçiləri) tərəfindən onun mülkiyyətinə sərbəst şəkildə gediş-gəlişinə maneə törədir, bir mülkiyyətçi kimi öz əmlakından istifadə edə, mənzillərinə daxil ola bilmir. İddiaçı sözügedən yaşayış evlərinə texniki pasportların verilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin texniki pasportların verilməsi üçün əmlak komitəsinin mühəndisləri evlərə baxış keçirməlidirlər ki, müvafiq ölçü işləri aparıla bilsin, lakin cavabdehin işçiləri nə iddiaçını, nə də mühəndisləri ölçü işlərini aparması üçün yaşayış evlərinə buraxmadığından, yəni bunun üçün lazımi şərait yaradılmadığından texniki pasportların verilməsindən imtina olunmuşdur. Məsələnin həlli üçün cavabdeh bankın nümayəndələri ilə də görüşülmüş, lakin yaradılmış maneələrin səbəbləri izah olunmamış və görüşlər heç bir nəticə verməmişdir. Eyni zamanda İddiaçı məxsus mülkiyyət hüququna dair çıxarışlar, alqı-satqı müqavilələri görüş zamanı sözügedən şəxslərə təqdim edilmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 243/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 2 və Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 1, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən əmlak və həmin əmlakın yerləşdiyi 0,01339 ha torpaq sahəsi, ünvan 6 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsindən ibarət olan əmlaklara İddiaçı sərbəst şəkildə gediş-gəlişinə cavabdeh ASC "xxxx" tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və İddiaçı mülkiyyətinə edilən müdaxiləyə son qoyulması qət edilmişdir. (hakim X2)
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, mülki qanunvericiliyin normalarına əsasən, əmlakdan sərbəst şəkildə istifadə etmək hüququ əmlakın mülkiyyətçisinə məxsusdur. İş materiallarından da aydın olur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi tam payda, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi y/s-37.9 kv.m, k/s-23.1 kv.m payda , Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 1 nömrəli mənzil tam payda , Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 2 nömrəli mənzil tam payda, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsi tam payda İddiaçı mülkiyyətindədir. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, birincisi, cavabdeh özü də iddianın predmeti olan əmlakla bitişik ünvanda yerləşən əmlaklara dair çıxarışın və texniki pasportun olmadığını bildirdi. Məhkəmə ekspertizası tərəfindən əmlakların üst-üstə düşməsini müəyyən edilə bilməməsinin səbəblərindən biri də bu haldan irəli gəlir. İkincisi, məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklardan birinin - ünvan 2 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin ASC "xxxx" tərəfindən istifadə olunduğu torpaq sahəsinin Səməd Vurğun küçəsi istiqamətində yerləşən hissəsində qapı quraşdırıldığı müəyyən edilmişdir. Bu fakt ekspert rəyi ilə də öz təsdiqini tapır. Belə olan təqdirdə məhkəmə hesab edir ki cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması işin materialları ilə tam təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin etirazında bildirdiyi digər hal – iddiaçıya məxsus hüquq müəyyənedici sənədlərdə Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi ev 20, mənzil 1 və mənzil 2 yerləşən əmlakın təyinatının mənzil kimi göstərildiyi halda faktiki olaraq həmin ünvanda qeyri-yaşayış obyektinin yerləşməsi, digər ünvanda - ünvan 7 işlərinin aparılması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına haqq qazandıra bilməz. Məhkəmə göstərilən nəticələrə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə alır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.2-ci, 152.5-ci, 157.1-ci, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyində qeyd olunanları nəzərə almamış iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədləri mötəbər sübut kimi qiymətləndirmiş və həmin sənədlər əsasında yekun qənaətə gəlmişdir. Ekspert rəyindən də göründüyü kimi, iddianın əsaslığı üçün mühüm əhəmiyyət kəsb edən hallardan biri olan iddiaçı ilə cavabdehə məxsus əmlakların üst-üstə düşüb düşməməsi,düşdüyü təqdirdə hansı hissədə üst-üstə düşməsi halı rəy ilə müəyyən edilməmişdir. Halbuki, bu halın müəyyən edilməsi məhkəmə tərəfindən zəruri hesab edildiyindən iş üzrə məhkəmətikinti texniki ekspertizası təyin edilmişdir. Tərəflər qeyd olunan bu məsələni öz aralarında müəyyən edə bilmədiyindən iş üzrə sözügedən ekspertizanın təyin edilməsi məqsədəuyğun sayılmışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, məhkəmənin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. İddiaçının nümayənədəsi əlavə olaraq bildirdi ki,məhkəmə kollegiyasının iştirakı ilə keçirilən yerinə baxış zamanı müəyyən edildiyi kimi, iddiaçının mülkiyyətində olan əmlaka giriş çıxış üçün mümkükn olan yerlər hər iki tərəfdən cavabdeh qurum tərəfindən dəmirdən hasar çəkib qapılar qoyulmaqla qıfılla bağlanmışdır. Bu baxımdan da iddiaçı mülkiyyətinə sərbəst girib-çıxa bilmir. Bununla bağlı yerində baxış zamanı və əvvəlki vaxtlarda çəkilmiş fotolarda təqdim edilib. Hesab edir ki, mülkiyyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan da həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Məhkəmə kollegiyası işin materiallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi tam payda, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi y/s-37.9 kv.m, k/s-23.1 kv.m payda , Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 1 nömrəli mənzil tam payda , Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20 ünvanda yerləşən 2 nömrəli mənzil tam payda, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsi tam payda İddiaçı mülkiyyətindədir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Xalq Bank ASC və əməkdaşları (işçiləri) tərəfindən onun mülkiyyətindən sərbəst istifadəsinə maneələrin yaradıldığını bildirir və bu maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən qanunsuz müdaxiləyə son qoyulmasını xahiş edir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən əldə edilən arayışa əsasən, görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binası Xalq Bank ASC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
29. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən yerində müayinə keçirilərkən də müəyyən edilmişdir ki, iddiaçıya məxsus boş torpaq sahəsi və eləcə də, tikili əmlak mövcuddur. Həçmin əmlakda dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ümumilikdə istər torpaq sahəsinə, istərsə də iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi olan binaya giriş çıxış üçün nəzərədə tutulan hissə cavabdeh "xxxx" ASC tərəfindən hasara alınmaqla, sözügedən bina da həmin hasarın içində qalmaqla qıfıllanmış və orada həmin yeri mühafizə edən şəxslər tərəfindən nəzarət edilir. Yerində baxış zamanı da məhz həmin mühafizə edən şəxslər tərəfindən qıfıllar açıldıqdan sonra həmin sahəyə keçməklə baxış keçirilməsi mümkün olmuşdur. Baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının həmin sahəyə giriş-çıxışı başqa yerdən mümkün olmamamqla mülkiyyətindən istifadəsi cavabdeh tərəfindən məhdudlaşdırılmışdır.
30. Cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh özü də iddianın predmeti olan əmlakla bitişik ünvanda yerləşən əmlaklara dair çıxarışın və texniki pasportun olmadığını bildirmişdir. Məhkəmə ekspertizası tərəfindən əmlakların üstüstə düşməsini müəyyən edilə bilməməsinin səbəblərindən biri də bu haldan irəli gəlir. Məhkəmə araşdırmaları zamanı da birinci instansiya məhkəməsi tərəfindən də keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklardan birinin - ünvan 2 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin ASC "xxxx" tərəfindən istifadə olunduğu torpaq sahəsinin Səməd Vurğun küçəsi istiqamətində yerləşən hissəsində qapı quraşdırıldığı müəyyən edilmişdir. Bu fakt ekspert rəyi ilə də öz təsdiqini tapmışdır.
31. Qeyd olunmalıdır ki, iddiaçı, mənzilin mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Cavabdehin isə iddiaçıya məxsus daşınmaz əmlaklarından istifadəyə maneənin yaradılması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması işin materialları ilə tam təsdiqini tapdığından birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Qətnamə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olmaqla formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-243/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.