Məhkəmə qərarları › İş №2(103)-3864/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3864/2022

04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3864/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyev ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-412/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qəzalı vəziyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14 A mənzilinin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9A mənzilin aynabəndi və eyvanın “2 metrlik sol cinah istinad divarı” yerinə bərpa olunması, 14A mənzilində istinad divarın cavabdeh tərəfindən bərpasının təmin olunmasına nəzarəti həmçinin Maraqlı şəxs1 X2 Qoruğu İdarəsinin əməkdaşlarına həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-412/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-412/2022 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(009)-412/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi mövcud olsa da, iddiaçı yeni açılmış hal üzrə sübutlarla müraciət etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)- 412/2022 saylı qərardadı qismən ləğv edilməli, mülki iş materialları qərardadın ləğv olunan hissəsində işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh iddia ərizəsinə etiraz edərək cavabdehin ona qarşı sökülmüş divarların yerinə bərpa edilməsi və s tələb ilə qarşılıqlı iddia verdiyini, Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə iddiasının təmin edilmədiyi bildirilmişdir. Məhkəmə iddianın “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14 A mənzilinin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9A mənzilin aynabəndi və eyvanın “2 metrlik sol cinah istinad divarı” yerinə bərpa olunması” hissəsində iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının birinci tələbi ilə bağlı artıq mübahisə olmuş və bununla bağlı məhkəmə qətnaməsi mövcuddur. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə qarşılıqlı iddia vermiş İddiaçı qarşılıqlı iddia tələbində sökülmüş divarların bərpa edilməsi, yeni divarların sökülməsini xahiş edərkən, Cavabdeh 23 kv.m yaşayış otağı və 27 kv.m dəhliz (tarixi otaq) arasında yerləşən 3 metr uzunluğunda 0,9 metr enində olan istinad divarı 0,2 metrlik divarla əvəzlədiyini, köhnə sanitar qovşağının 3 metrlik divarını dağıtdığını və oranı mətbəxə çevirdiyini qeyd etmişdir. Hazırki iddia tələbində İddiaçı “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14 A mənzilinin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9A mənzilin aynabəndi və eyvanın 2 metrlik sol cinah istinad divarı”nın yerinə bərpa edilməsini xahiş edərkən, qeyd etmişdir ki, indi ona məlum olmuşdur ki, Cavabdeh onun üst mərtəbəsində yerləşən eyvan və aynəbəndin, Cavabdeh öz mənzilindən giriş dəhlizində qanunsuz söküb. Kollegiya hesab edir ki, iddiaçının əvvəllər sökülməsini tələb etdiyi 3 metrlik divarla, hazırda bərpa olunmasını xahiş etdiyi 2 metrlik sol cinah istinad divarının eyni divar olması hazırki halda müəyyən olunmur. Buna görə də, kollegiya hesab edir ki, iddianın “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14 A mənzilinin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9A mənzilin aynabəndi və eyvanın 2 metrlik sol cinah istinad divarı”nın yerinə bərpa edilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmasına zərurət vardır. Aparılacaq apardırma nəticəsində qeyd olunan tələbə əvvəllər qiymət verilməsi müəyyən olunacağı təqdirdə, Prosessual Qanunvericiliyin tələblərinə uyğun qərar qəbul oluna bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnaməsinə əsasən Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış fonduna daxil olan tikililər idarənin balansındadır. Həmin Əsasnamənin 7.1-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrinin qorunması "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin vəzifəsidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. Həmin Qanunun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına 2545 inventar nömrə altında Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94 daxil edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin 14A mənzilində istinad divarın cavabdeh tərəfindən bərpasının təmin olunmasına nəzarəti Maraqlı şəxs1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına həvalə edilməsi tələbi bu İdarənin vəzifəsi olduğundan, həmin tələbə ümumi məhkəmədə baxıla bilməz. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab etmişdir ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində «iş məhkəmədə baxılmalı deyildirsə» ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə həmin məhkəmədə baxılmalı deyilsə, həmin ərizə (iddia) Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin təsiri dairəsinə düşür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)- 412/2022 saylı qərardadı iddianın “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14 A mənzilinin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9A mənzilin aynabəndi və eyvanın “2 metrlik sol cinah istinad divarının yerinə bərpa olunması” ilə bağlı iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilsin. “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14 A mənzilinin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9A mənzilin aynabəndi və eyvanın 2 metrlik sol cinah istinad divarının yerinə bərpa olunması” ilə bağlı iddia tələbinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad iddianın “14A mənzilində istinad divarın cavabdeh tərəfindən bərpasının təmin olunmasına nəzarəti Maraqlı şəxs1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına həvalə edilməsi” ilə bağlı iş üzrə icraata xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardadın dəyişdirilmədən saxlanılan hissəsindən qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar