Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3866/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, İddiaçı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə iddiaçının Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-100/2023 nömrəli qətnaməsindən «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-100/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-100/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə maddi zərər qismində cəmi 7.500 manat, mənəvi zərər qismində 2.500 manat, ümumilikdə 10.000 manat pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizə ilə müraciət edərək həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 100/2023 nömrəli qərardadı ilə vəsatətin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
5. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi və vəkili şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçıya rəsmi qaydada çatdırılmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermək istəsə də, səhhəti ilə əlaqədar apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti 6 gün ötürərək xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. İddiaçı rayonda yaşadığı üçün səhhəti ilə əlaqədar Bakı şəhərinə gələ bilməmiş, vəkil müqaviləsi bağlaya bilməmişdir. O, yalnız xx.xx.2023-cü ildə hüquqi yardımın göstərilməsi, apellyasiya şikayətinin tərtib edilməsi məqsədi ilə vəkilə müraciət edə bilmiş, xx.xx.2023-cü il tarixdə vəkillə hüquqi yardımın göstərilməsi ilə bağlı xidməti müqavilə bağlamış, məhz onun vasitəsilə apellyasiya şikayətini tərtib etdirə bilmişdir, məhkəmə isə buna baxmayaraq ötürülmüş 6 günlük müddəti üzrlü hesab etməmiş, sözügedən qətnamənin xx.xx.2023-cü il tarixində bundan öncəki vəkilinə çatdırıldığı vaxtdan hesablanmış, hətta ona verilmiş etibarnamənin etibarlılıq müddətinin olmasına əsaslanmışdır. Lakin məhkəmə vəkili dəyişdirmək, istənilən instansiya məhkəməsində ona uyğun və etibar etdiyi vəkillə təmsil oluna bilmək hüququnun olmasını nəzərə almamışdır. O, həmin vəkildən birinci instansiya məhkəməsində narazı qaldığı üçün apellyasiya instansiyasında başqa bir vəkillə təmin olunmaq istəmişdir. Məhz buna görə də, yəni yeni vəkillə müqavilə bağlamaq səbəbindən 6 gün apellyasiya şikayətinin verilməsini ötürmüşdür. Məhkəmə bu kimi halları nəzərə almayaraq müddətin bərpa edilməsi barədə ərizəni rədd etmişdir. İş materiallarından da aydın olduğu kimi, vəkil tərəfindən təqdim edilmiş vəkil orderləri hər instansiya prosesində yenidən tərtib olunur və vəkil orderinin etibarlılıq müddəti olmur. İddiaçı istənilən mərhələdə vəkilin onu təmsil etməsi üçün vəkil xidmətindən istifadə edilməsi hüququndan yararlanaraq istənilən vəkillə müqavilə bağlaya bilər, onu təmsil etməsini xahiş edə bilər. Məhkəmə nəzərə almalıdır ki, o, özünü idarə etməkdə çətinlik çəkir, bədən üzvlərini işlədə bilmir. Belə bir vəziyyətdə apellyasiya üçün nəzərdə tutulmuş 1 ay müddətində şikayət verə bilməmiş, öz səhhəti ilə məşğul olmuşdur. Birinci instansiya məhkəməsində çıxış edən vəkilin elektron kabineti vasitəsilə qətnamənin təqdim edilməsinə və bu səbəbdən də apellyasiya şikayətinin geri qaytarılması, müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi qanunsuzluqdur, heç bir hüquqa əsaslanmır. Mülki Prosessaul Məcəlləsinin tələbinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti verilə bilməsinə dair normada konkret olaraq işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyindən bəhs edir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 100/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-100/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində işin aparılmasını, məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədləri almağı nümayəndəsi və vəkili X4 həvalə etmişdir.
13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 100/2023 saylı qətnaməsi iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə xx.xx.2023-cü il tarixində yerləşdirilmiş, bununla da iddiaçı tərəf birinci instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsi barədə məlumatlandırılmışdır.
14. İşdən həmçinin görünür ki, iddiaçı xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixlərində keçirilən məhkəmə iclaslarında özü də iştirak etmiş, sonuncu məhkəmə iclasında qətnamə onun iştirakı ilə elan edilmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının rayonda yaşadığı üçün səhhəti ilə əlaqədar Bakı şəhərinə gələ bilməməsi, yeni vəkil ilə müqavilə bağlaya bilməməsi barədə dəlillərini də əsassız sayır.
15. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
16. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər prosessual müddətin bərpası üçün üzürlü səbəblər hesab edilə bilməz.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-100/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kasssaiya şikayəti verilə bilməz.