Məhkəmə qərarları › İş №2(103)-3869/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3869/2025

22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3869/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin lazımi qaydada icra olunmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2500/2025 saylı 6 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə ilə İddiaçı arasında bağlanmış 10 iyul 2024-cü il tarixli, C10 nömrəli alqı-satqı müqaviləsinə əsasən (2.1-ci bəndi) – tərəflər qeyd edirlər ki, “Alıcı”ya Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və ”C”) hundürmərtəbəli yaşayış binasının “C” bloku, 12-ci mərtəbədə, ümumi sahəsi 103.0 kv m olan 1 (bir) otaqlı 5 (beş) saylı mənzil verilmişdir. Mənzilin tam dəyəri “Alıcı” şərəfindən tam ödənilmişdir. Hazırda binanın 12-ci mərtəbəsinin tikintisinin dayandırıldığından “Alıcı” mənzilin dəyişdirilməsini xahiş etmişdir. Bu səbəblərdən "Alıcı”nın razılıqı ilə ona “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86.0 kv.m. olan 2 (iki) otaqlı, 6 (altı) saylı mənzil verilir. Əvvəlki Müqavilə və Maliyyə Arayışı ləğv edilmişdir. (2.2-ci bəndi) - tərəflər razılığa gəlirlər ki, mənzillərin sahəsində fərqlənmə olduğundan “Satıcı” "Alıcı” tərəfindən artıq ödənilmiş 19 000 (on doqquz min) AZN məbləqində pulu ona qaytaracaqdır. (2.3-cü bəndi) - tərəflər qeyd edirlər ki, “Satıcı” tərəfindən qaytarılmalı olan 19000 (on doqquz min) manatdan 3500 (üç min beş yüz) manat “Alıcı”ya qaytarılmışdır. Yerdə qalan 15 500 (on beş min beş yüz) manat “Satıcı” tərəfindən “Alıcı”ya 01 sentyabr 2024-cü il tarixinə kimi tam qaytarılmalıdır.

2. Cavabdeh MMC tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli, C10 nömrəli arayışdan görünür ki, həqiqətəndə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və”C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86.0 kv.m. olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzilin ümumi dəyərini tam ödəmişdir. Borcu yoxdur.

3. Cavabdeh MMC tərəfindən İddiaçı müraciətinə edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, bildirilmişdir ki, göstərdiyi hallar həqiqətdir və Cavabdeh MMC-i 2024-cü ilin 01 sentyabr 2024-cü il tatixinə kimi İddiaçı 15500 manat pulun qaytarılması barədə öhdəlik götümüş, hazırki gündə həmin öhdəliyi tanıyır və mübahisələndirmirlər. Diqqətinə çatdırılmışdır ki, digər şəxslər kimi, sizdən də Alqı-Satqı Müqaviləsi üzrə alınmış pul vəsaitləri binanın tikintisinə sərf olunmuş və binanın 11 mərtəbəsi tikilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binanın tikintisi dayandırıldıqından və MMC-i tərəfindən heç bir gəlir əldə edilmədiyindən Sizə qaytarılmalı olan 15500 manat pulun qaytarılması hazırda imkan xaricindədir. Tərəflərindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilərək yaranmış problemin həll edilməsinə çalışırlar. Məsələ həll edildikdən sonra qısa zamanda 15 500 manat Sizə ödəniləcəkdir. Məhkəməyə müraciət edibetməmək Sizin hüququnuzdur. Lakin bu halda Sizin pulunuzun qüytarılıbqaytarılmaması məsələsinə iddianız üzrə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra məhkəmə qətnaməsinə əsasən həll ediləcəkdir.

4. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İŞ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 02 dekabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona geri qaytarılmalı olan 15.500 manat pulun qaytarılmaması barədə Nərimanov rayon Prokurorluğuna ünvanladığı ərizəsi araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmiş. Araşdırma zamanı izahatı alınmış Qanuni nümayəndə izahatında göstərmişdir ki, 2022-ci il tarixdən Cavabdeh MMC-nin təsisçisidir. “X3” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 945 saylı məhəllədə inşa ediləcək bir girişli iki bloklu 18 hündürmərtəbə binanın tikintisi üçün bütün hüquqları xx.xx.2020-ci il tarixdə “X3” MMC-ilə aralarında olan müqaviləyə əsasən həmin MMC-dən almışdır. “X3” MMC-nin qeyd olunan ünvanda həmin binanı tikməsi ilə bağlı bütün lazımi sənədləri vardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 18 mərtəbəli binanın tikintisinə icazə verilməsi barədə müvafiq sənədləri aldıqdan sonra tikintiyə başlamışdır. Binanın 11-ci mərtəbəsi tikildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın 11-ci mərtəbəsindən sonrakı mərtəbələrin tikintisinə sıxlıq olmasını bildirib icazəni ləğv etmişdir. Bundan sonra müvafiq məhkəmə prosesləri başlamış və hazırda da tikintinin davam etdirilməsi ilə bağlı proseslər davam edir. İddiaçı da tikintiyə başladıqdan sonra tikdiyi binanın “C” bloku 12-ci mərtəbədə ümumi sahəsi 103 kv.m. olan 1 otaqlı 5 saylı mənzili almaq üçün 82.400 manat pul ödəmiş və müqavilə bağlamışlar. 11-ci mərtəbədə binanın tikintisi dayandırıldığı üçün 10 iyul 2024-cü il tarixdə Amaliya xanımla yenidən müqavilə bağlamışlar ki, ona həmin binanın 11-ci mərtəbəsində ümumi sahəsi 86 kv.m. olan 2 otaqlı 6 saylı mənzil verilsin. Mənzillərin sahəsində fərqlənmə olduğundan Amaliya tərəfindən artıq ödənilmiş 19.000 manat pul ona qaytarılmalı idi. Bu xüsusat da ikinci dəfə bağladıqları müqavilədə öz əksini tapmışdır. Müştəriyə qaytarılmalı olan 19.000 manat puldan 3.500 manat pulu Amaliya xanıma qaytarılmışdır. Lakin hazırda binanın tikintisi dayandırıldığından, həmçinin binadan mənzil alışı olmadığı üçün və pulu olmadığından geri qalan15.500 manat pulu qaytara bilməmişdir. Binadan mənzil alışı olduqda və tikinti davam etdirilməyə başladıqda Amaliya xanımın geri qalan 15.500 manat pulu qaytarılacaqdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona qaytarılmalı olan 15.500 manat məbləğində pulun əvəzinin, 790.5 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 3.000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 148 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən (VÖEN: **********) tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, C10 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli həmin Alqı-satqı müqaviləsinin 2.1-ci bəndində (Müqavilnin Predmeti) qeyd edilmişdir ki, “Alıcı”ya Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və “C”) hündürmərtəbəli yaşayış binasının “C” bloku, 12-ci mərtəbə, ümumi sahəsi 103.0 kv.m olan 1 (bir) otaqlı 5 (beş) saylı mənzil verilmişdir. Mənzilin dəyəri “Alıcı” tərəfindən tam ödənilmişdir. Hazırda binanın 12-ci mərtəbəsinin tikintisi dayandırıldığından “Alıcı” mənzilin dəyişdirilməsini xahiş etmişdir. Bu səbəblərdən “Alıcı’nın razılığı ilə ona “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86,0 kv.m olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzil verilmişdir. Əvvəlki Müqavilə və Maliyyə Arayışı ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli həmin Alqı-satqı müqaviləsinin 2.2-ci bəndində qeyd edilmişdir ki, tərəflər razılığa gəlirlər ki, mənzillərin sahəsində fərqlənmə olduğundan “Satıcı” “Alıcı” tərəfindən artıq ödənilmiş 19000 (on doqquz min) manat məbləğinə pulu ona qaytaracaqdır. xx.xx.2024-cü il tarixli həmin alqı-satqı müqaviləsinin 2.3-cü bəndində qeyd edilmişdir ki, tərəflər qeyd edirlər ki, “Satıcı” tərəfindən qaytarılmalı olan 19.000 (on doqquz min) manatdan 3.500 (üç min beş yüz) manat “Alıcı”ya qaytarılmışdır. Yerdə qalan 15.500 (on beş min beş yüz) manat “Satıcı” tərəfindən “Alıcı”ya 01 sentyabr 2024-cü il tarixinə kimi tam qaytarılmalıdır. Eyni zamanda, Cavabdeh MMC-nin təsisçisi kimi Qanuni nümayəndəK tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2024-cü il tarixli, C 10 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və “C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86,0 kv.m olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzilin ümumi dəyərini tam ödəmişdir. Borcu yoxdur”. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hazırki günə qədər müqavilədə göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və “C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86,0 kv.m olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzil Cavabdeh MMC tərəfindən inşa edilib ona təhvil verilməmişdir, belə ki, binanın tikintisi hələ də tamamlanmamış, binanın damı açıqdır, hələ də dam örtüyü ilə örtülməmişdir. Bundan başqa Cavabdeh MMC tərəfindən aralarında bağlanmış 10 iyul 2024-cü il tarixli müqavilənin 2.3-cü bəndi ilə üzərinə götürdüyü öhdəliyə də əməl edilməmiş, yəni artıq 5 (beş) aydır ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixə kimi ona qaytarmalı olan 15500 manat məbləğində pul ona qaytarılmamışdır. 15500 manat pulun qaytarılması ilə bağlı dəfələrlə MMC-yə müraciət etmiş, lakin pul ona qaytarılmayıb, müxtəlif bəhanələrlə ona qaytarılmalı olan 15500 manat pul ona qaytarılmamışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, məsələni məhkəməyə qədər (pretenziya qaydasında) həll etmək üçün xx.xx.2025-ci il tarixli “Pretenziya qaydasında bildiriş”lə cavabdeh "Cavabdeh MMC-yə müraciət etmiş, lakin MMC xx.xx.2025-ci il tarixli, 2 nömrəli cavab məktubu ilə 15500 manat pulunu qaytaracağı barədə öhdəliyi olmasını etiraf etsə də, lakin real olaraq müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınır. Sadalananlardan göründüyü ki, Cavabdeh MMC bu günə qədər qaytarmalı olduğu 15500 manat pulu qanunsuz olaraq özündə saxlayır, özü üçün istifadə edir, faydalanır. O, isə Cavabdeh MMC-nin ona qarşı "xxxx" törətməsi nəticəsində MMC-nin günahı ucbatından 15500 manat pulundan məhrum olmuş və gəlirlərindən (əldən çıxmış faydadan) məhrum olmuşdur. Belə ki, əgər Cavabdeh MMC qaytarmalı olduğu 15500 manat pulu xx.xx.2024cü il tarixdə ona qaytarsaydı, o, pulundan öz iradəsinə uyğun istifadə edərdi və adi mülki dövründə hər hansı bir daşınar və daşınmaz əmlak alıb faydalanardı, qazanc əldə edərdi. Belə ki, 2024-cü il üçün Azərbaycan Mərkəzi Bankının faiz uçot dərəcəsi 5,1 % təşkil etmişdir. Adi riyazi hesablama aparsaq (15500x 5.1 %=790.5 manat) görərik ki, MMC-nin günahı ucbatından, yəni 15500 manat pulunu qanunsuz saxlayıb özü üçün istifadə etməsi nəticəsində o, 790,5 manat gəlirindən (əldən çıxmış fayda) məhrum olmuşdur. Eyni zamanda Cavabdeh MMC-nin ona qarşı qanuna zidd rəftarı, davranışları, onun pulunu müxtəlif bəhanələrlə aldadıb qaytarmaması, yubandırması, onu get-gələ salması nəticəsində o, qonu-qonşu, qohumlar arasında rüsvay olmuş, nüfuzdan düşmüş, nüfuzuna xələl yetirilib, bu səbəblərə görə o, dəfələrlə əsəbləşmiş, gecələr yuxusu qaçıb, o, mənəvi sarsıntı keçirmiş, ağır iztirablar çəkmiş, sağlamlığına bərpaolunmaz mənəvi zərər yetirilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2500/2025 saylı 06 may 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 15500 (on beş min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC İddiaçı qarşısında 15500 manat məbləğində pulu ödəməyi öhdəsinə götürməsi (həm 10 iyul 2024-cü il tarixli, C10 nömrəli arayışla, Cavabdeh MMC tərəfindən İddiaçı müraciətinə edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində İddiaçı müraciəti araşdırılarkən Cavabdeh MMC-nin təsisçisi Qanuni nümayəndə izahatı ilə) öz təsdiqini tapmışdır. İddiaçı 15500 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. Məhkəmə iddia tələbinin 790,5 manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı həmin hissədə öz tələbi ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, əldən çıxmış fayda kimi müəyyən edilmiş 790,5 manat məbləğinin öz mülahizələri üzrə hesablamaqla yanaşı, əgər hüququ pozulmasaydı, həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən hansı sübutlarının olduğunu göstərməmişdir.

10. Məhkəmə həmçinin iddia tələbinin 3.000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassız gəlmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 425.2, 427.2, 430.1, 442, 448.1, 448.2, 450.1 və 1113.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2500/2025 saylı 6 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin hallarına və yaranmış vəziyətə obyektiv qiymət verilməmişdir. Bu səbəblərdən aşağıda göstərilən sübut və dəlillərə əsasən şikayət edilən məhkəmə qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilərək iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binanın tikintisi dayandırıldığından, heç bir tikinti aparılmadığından MMC böyük məbləğdə zərər çəkmiş və MMC tərəfindən heç bir gəlir əldə edilmədiyindən iddiaçıya olan borcun qaytarılması hazırda MMC-nin imkan xaricindədir. Məhkəmə bu halı obyektiv qiymətləndirməmişdir. Bundan əlavə vergi orqanları tərəfindən MMC-nin fəaliyyəti dayandırılmış, bank hesabı bağlanmışdır. Borcun qaytarılmamasının bir səbəbi də budur. Bu isə o deməkdir ki, fors-major vəziyyəti, yəni tərəflərin iradəsindən asılı olmayan, onlar tərəfindən aradan qaldırıla bilməyən bir vəziyyət yaranmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən bu halda tərəflər öz öhdəliklərinin icra edilməməsi üçün bu vəziyyət aradan qaldırılana kimi məsuliyyət daşımırlar. Lakin məhkəmə bu hala da obyektiv hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmədə onların iştirakını təmin etmədən hüquq və vəzifələrinə aid məsələni həll etmişdir. Beləliklə sübut olunur ki, hakim onların iştirakı olmadan işə baxmış, iştirakının təmin edilməsi üçün heç bir tədbir görməmişdir ki, bunu da heç cür hərtərəfli, tam və obyektiv araşdırma adlandırmaq olmaz. Bununla da hakim Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini köklü şəkildə pozmuşdur. Həmin maddədə qanunverici imperativ formada müəyyən etmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bu iş üzrə isə hakim tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə heç bir şərait yaradılmamış və aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmənin hərəkətləri maddi və prosessual hüquq normalarının kobud pozulması kimi qiymətləndirilməli və Azərbaycan Respublikası MPM-nin 384, 385, 386 və 387-ci maddələri rəhbər tutularaq birinci instansiya məhkəməsinin şikayət edilən qətnaməsi ləğv edilməlidir. İşə baxan hakim tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıapellyasiya şikayətinə etiaz edərək təmin ediməməsini xahiş etmişdir. Bildirmişdir ki, qarşı tərəf onu aldadaraq pulunu almışdır

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 24.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

25. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 26.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 27.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.556.1-ci maddəsinə əsasən, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

29.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 30.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 31.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 32.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 34.Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilmiş, habelə cavabdehin nümayəndəsi X1 məhkəmənin xx.xx.2025-ci il tarixli iclası barədə rəsmi şəkildə bildiriş (prosesdən sonra) almaqla məlumatlandırılmışdır. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir. 35.Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. 36.Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 37.Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, tərəflər müvafiq müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Belə ki, Cavabdeh MMC sözügedən müqaviləyə əsasən iddiaçı tərəfindən artıq ödənilmiş 19 000 manat məbləqində pulun qaytarılmamış hissəsinin - 15 500 manat pulun iddiaçıya 1 sentyabr 2024-cü il tarixinə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. 38.Göründüyü kimi sözügedən müqaviləyə əsasən cavabdehin 15 500 manat pulun 1 sentyabr 2024-cü il tarixinə kimi iddiaçıya ödəmək üzrə vəzifəsi yaranmışdır. Hazırda da cavabdehin müqavilə şərtlərinə əsasən ödənişi vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilir. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 39.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı araşdırmış, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçı qarşısında 15 500 manat məbləğində öhdəliyinin yarandığı barədə maddi hüquq normalarının tələblərinə uyğun olan nəticəyə gəlmişdir. 40.Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binanın tikintisinin dayandırıldığına, bununla əlaqədar MMC-nin böyük məbləğdə zərər çəkdiyinə və MMC-nin heç bir gəlir əldə etmədiyinə istinadən borcu qaytarmamasını fors-major vəziyyəti, yəni iradəsindən asılı olmayan, aradan qaldırıla bilməyən səbəblər ilə əlaqələndirmiş, müqavilənin şərtlərinə əsasən yaranmış öhdəliklərinin icra edilməməsi üçün məsuliyyət daşımadığını qeyd etmişdir. 41.Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. 42.İlk öncə qeyd edilməlidir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 10 iyul 2024-cü il tarixli, C10 nömrəli müqavilə bağlanan zaman cavabdeh binanın 12-ci mərtəbəsinin tikintisinin dayandırıldığını bilirdi. Bu səbəbdən cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar onun üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan, mövcud olmuş şəraiti əhəmiyyətli dərəcədə dəyişən hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu hal nə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, nə də ki fors-major meyarlarına cavab vermir. 43.Bundan başqa cavabdeh tikinti sahəsində ixtisaslaşmış təşkilat kimi tikinti işlərinin aparılmasında müəyən problemlərin yaranmasının mümkünlüyünü görməli və bilməli idi. Belə ki, şirkət bağladığı müqavilələrin icrasını ənqəlləyə biləcək riskləri müəyyən etməyi bacaran şəxsdir. Nəzərə alınmalıdır ki, əmlak bazarının bütün iştirakçıları üçün daim maliyyə riski mövcuddur. Bu risk əmlak bazarının bütün iştirakçılarının bu sahədə yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Cavabdehin apellyasiya şikayətində sadaladığı hallar da maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən belə faktorlardandır. 44.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi hallar müqavilənin icrasından birtərəfli qaydada imtinası, öhdəliyə xitam verilməsi üçün qanuni əsas hesab edilə bilməz. 45.Kollegiya vurğulayır ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və bu mansibətlər qüvvədə olduğu müddətçə vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq davranışı bir birindən tələb etmək hüququna malikdirlər. Belə ki, qanunvericilk digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı, məsələn, qarşı tərəfi müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməklə hərəkət etməyi qadağan edir və müqavilə tərəfləri üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. 46.Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. 47.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər 49.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2500/2025 saylı 6 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar