Məhkəmə qərarları › İş №2(103)-3870/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3870/2024

04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3870/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına, “Respublika Perinatal Mərkəzi” X26 (“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X28 və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3870/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X13 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndə-vəkili Nümayəndə1, cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə2, Respublika Perinatal Mərkəzi X24 nümayəndəsi Nümayəndə3, üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 nümayəndəsi Nümayəndə5 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına, “Respublika Perinatal Mərkəzi” X26 (“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X28 və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-97/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 04 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İradəsinin Mərkəzi Hospitalına, “Respublika Perinatal Mərkəzi” X26 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. Respublika Perinatal Mərkəzdən 10000 manat pulun, X8 74210 manat pulun, vəkilə çəkilən 2500 manat xərcin, 343 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı X16 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Aliyə Məmmədova 24 saylı Şəhər Poliklinikasının Qadın Məsləhətxanasında hamilə kimi qeydiyyata alınmışdır. Hamiləliyinin 8-ci ayında onun səhhətində problem yaranmış və Respublika Perinatal Mərkəzə yerləşdirilmişdir. Respublika Perinatal Mərkəzdə tibbi xidmətlər və müalicələr icbari tibbi sığorta əsasında həyata keçirilir. Aliyə Məmmədova Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “Dalğa” Elmi-İstehsalat müəssisəsində işləmiş, ona bütün tibbi xidmətlər icbari tibbi sığorta əsasında göstərilməli idi. Lakin sığortaçı tərəfindən öhdəliklər pozulmuşdur. Belə ki, sığortaolunan Aliyə Məmmədovaya tibbi xidmətlər və müalicələr icbari tibbi sığorta əsasında pulsuz həyata keçirilməli olduğu halda iddiaçı tərəfdən bir çox dərman alınması, xəstənin qanla təmin edilməsi tələb edilmişdir. Aliyə Məmmədova 19 dekabr-28 dekabr 2022-ci il tarixlərində Respublika Perinatal Mərkəzdə stasionar müalicədə olmuşdur. Həmin vaxt xəstənin vəziyyəti kritik olmuş, xəstə Respublika Perinatal Mərkəz tərəfindən “X20”na köçürülmüşdür. X14 həmin xəstəxanaya göndəriş verildiyini, xəstənin orada pulsuz müalicə olunacağını bildirmişdir. Lakin həmin xəstəxanaya məktub göndərilməmiş, nəticədə orada iddiaçı tərəfindən 39210 (otuz doqquz min iki yüz on) manat ödəniş edilmiş, 28286,46 (iyirmi səkkiz min iki yüz səksən altı manat qırx altı qəpik) qalıq borc yaranmışdır. Halbuki Respublika Perinatal Mərkəz qeyd edilən xəstəxanaya göndəriş, məktub göndərilmiş olsaydı, iddiaçı tərəfindən bu məbləğ ödənilməzdi. Xəstənin “X20”nda müalicəsi 28 dekabr 2022-ci ildən 12 fevral 2023cü il tarixə qədər olan dövrü əhatə etmişdir. Həmin dövrdə xəstəxanaya ödədiyi məbləğdən başqa tibb müəssisəsi tərəfindən xəstəyə istifadə edilən dərman vasitələrinin bir çoxu da iddiaçı tərəfindən alınmışdır. Həmin dərman vasitələrinin alınmasına 35000 (otuz beş min) manat pul xərcləmişdir. X17 Xəstəxana xəstəni öz qərarı ilə “X20”na köçürmüşdür. Ona görə də sonuncu xəstəxanada da tibbi xidmətlər icbari sığorta əsasında pulsuz həyata keçirilməli idi. Aliyə Məmmədova 12 fevral 2023-cü il tarixdə sonuncu xəstəxanada ölmüşdür.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-97/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Respublika Perinatal Mərkəzi” X21 680,45 manat məbləğində pulun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-1.1, 1-1.2, 15-12.1, 15-17.1, 15-28.1-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 3.2, 8.1, 8.2-ci bəndləri və Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilib, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işin mübahisəsiz halı odur ki, xəstəyə ardıcıllıqla 3 diaqnoz – 1) 34 həftə + 1 gün hamiləlik, ekiz ölü döl, «HELLP» sindromu diaqnozu, 2) hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensofalopatiyası (ASSİT. Koaqulopatiya. Hiperbilirubinemiya.) diaqnozu və 3) Hamiləlik, doğuş və zahlıq dövründə qaraciyər pozğunluqları" qoyulmuşdur. Qanunvericiliyin tələbinə görə, Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi"nə daxil olan diaqnozlar üzrə xəstəliklərin müalicəsi icbari tibbi sığorta əsasında pulsuz həyata keçirilir. Həmçinin Xidmətlər Zərfinə daxil olan stasionar tibbi xidmət üzrə diaqnozlar "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) tərtib edilmişdir və "İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi"nin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Xəstəyə qoyulmuş diaqnozlar həm istinad edilən xidmətlər zərfində, həm də "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə mövcuddur. 1) 34 həftə + 1 gün hamiləlik, ekiz ölü döl, «HELLP» sindromu diaqnozu - xidmətlər zərfində 2.7.147.3 sətrində, "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə O 14.2 sətrində. 2) hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensofalopatiyası(ASSİT. Koaqulopatiya. Hiperbilirubinemiya.) diaqnozu - xidmətlər zərfində 2.7.34.3, 2.7.104.3, 2.7.105.1, 2.7.105.2, 256.43, 256.44-cü sətirlərində, "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə K72.0, D65- D69, R17, R18-ci sətirlərində, 3) Hamiləlik, doğuş və zahlıq dövründə qa 2.7.160.9-cu sətirlərində, "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə müvafiq olaraq O 94, O 98.4, O 98.5, O 99.1, O 99.2, O 99.4, O 99.5 sətrlərində. Üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan da müəyyən edildiyi kimi, eləcə də "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na dair təlimata əsasən (XBT-10) cədvəldə xəstənin diaqnozu hər bənddə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Həmin əsas diaqnoza daxil olan fakultətiv diaqnozlar isə hər əsas diaqnoza aid alt qrupda mövcuddur. X18 əsas diaqnozu «HELLP» sindromu olmuşdur. Həmin diaqnoz isə xidmətlər zərfində 2.7.147.3 sətirdə, "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə O 14.2 sətirdə öz əksini tapmışdır. Aliyə Məmmədovanın əsas diaqnozu olan «HELLP» sindromunun ağırlaşması nəticəsində xəstədə hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensofalopatiyası(ASSİT. Koaqulopatiya. Hiperbilirubinemiya.) diaqnozları meydana çıxmışdır ki, həmin diaqnozlar da xidmətlər zərfində öz əksini tapır. «İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi»nin əlavəsindəki cədvəlin 2.7.159.5, 2.7.159.6, 2.7.160, 2.7.160.2, 2.7.160.3, 2.7.160.5, 2.7.160.9-cu bəndlərinə əsasən «hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran» istənilən növ xəstəliklər qeyd olunan xidmətlər zərfinə daxildir. Həmin bəndlərdən aydın olur ki, qanunda hamilələr üçün üstünlük nəzərdə tutulmuş, hətta ananın digər rubrikalarda təsnif olunan «hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran» digər xəstəlikləri üçün də xidmətlər zərfindən maneəsiz istifadəsi məqsədəmüvafiq sayılmışdır. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşının diaqnozları hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran xəstəliklər olmuşdur. «Tibbi sığorta haqqında»Azərbaycan Respublikası Qanununun 15-4.1.5-ci maddəsinə əsasən sığortaolunanın tibb müəssisəsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsidən tələb etmək hüququ vardır. HəminQanunun 15-7.2.7-ci maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən öz maliyyə vəsaiti hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək icbari tibbi sığorta üzrə tibb müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 15-12.1.-ci maddəsinə əsasən, tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. Həmin Qanunun 15-28.1-ci maddəsinə əsasən Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional - diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİBin tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Həmçinin təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa Agentliyin müqavilə bağladığı tibb müəssisələrində dərhal tibbi xidmət göstərilir. Müqaviləli tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir və həmin xidmət Xidmətlər Zərfinə daxildirsə, icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır. Beləliklə, vətəndaş tibbi xidməti ödənişsiz əldə etmiş olur. Hər iki halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Respublika Perinatal Mərkəzi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisəsidir və burada göstərilən tibbi xidmətlər icbaridir. X20 isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısında olan xəstəxanadır. Məhkəmə qətnaməni əsaslandırarkən qeyd etmişdir ki, «...Respubika Perinatal X2 qoyulan son klinik diaqnoz “0.84.2 - vaxtından əvvəl cərrahi doğuş” “036 - ölü döl” “0142 - HELLP sindromu” olmuşdur. Qeyd edilən diaqnoz üzrə stasionar terapevtik tibbi xidmət isə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə öz əksini tapmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçının mərhum həyat yoldaşı X7 Respublika Perinatal Mərkəzində stasionar müalicə aldığı dövrdə dərman vəsaitlərinə ümumilikdə 680,45 manat məbləğində pul sərf etməsi müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Respublika Perinatal Mərkəzi TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisəsidir və burada tibbi xidmətlər icbari göstərməli, xəstə dərman vasitələri ilə təmin edilməli idi...». Həmin əsaslanma ilə bağlı qeyd edirik ki, xəstənin əsas diaqnozu HELLP sindromu olmuşdur. Həmin diaqnoz isə xidmətlər zərfində 2.7.147.3 sətirdə, "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə O 14.2 sətirdə öz əksini tapmışdır. Lakin məhkəmə həmin diaqnozun xidmətlər zərfində öz əksini tapmadığını qeyd etmişdir. Məhkəmə iddiaçının mərhum həyat yoldaşı X7 Respublika Perinatal Mərkəzində stasionar müalicə aldığı dövrdə dərman vəsaitlərinə ümumilikdə 680,45 manat məbləğində pul sərf etməsini müəyyən etmiş və həmin məbləği iddiaçının xeyrinə tutmuşdur. Bununla bağlıməhkəmə qeyd etmişdir ki, Respublika Perinatal Mərkəzi TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisəsidir və burada tibbi xidmətlər icbari göstərilməli, xəstə dərman vasitələri ilə təmin edilməli idi. Məhkəmənin bu əsaslanması iddianın təmin edilməyən hissəsinə ziddir. Belə ki, əgər xəstənin diaqnozları xidmətlər zərfinə daxil olmasaydı ona Respublika Perinatal Mərkəzində stasionar xidmətlər göstərilə bilməzdi. Tibb müəssisəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisəsi əsas olduğu kimi, xəstəyə göstəriləcək xidmətlərin və ona qoyulan diaqnozların da xidmətlər zərfinə daxil olması qanunun tələbidir. Aliyə Məmmədovanın diaqnozları xidmətlər zərfinə daxil olduğu üçün ona Respublika Perinatal Mərkəzində stasionar xidmətlərin göstərilməsi icbari tibbi sığorta əsasında həyata keçirilməli idi qənaətinə gələn məhkəmə eyni əsas diaqnozla digər xəstəxanaya köçürülən zaman həmin diaqnozun (HELLP sindromu) xidmətlər zərfinə daxil olmadığı qənaətinə gəlmişdir. Qanunun mənasından aydın olur ki, Respublika Perinatal Mərkəzdə Aliyə Məmmədovaya icbari tibbi xidmətlər göstərilməli, heç bir dərman vasitəsi xəstə tərəfindən təmin edilməməli idi. Eyni zamanda Respublika Perinatal Mərkəz tərəfindən xəstənin X15 köçürülməsi barədə qərar qəbul edildiyi üçün sonuncu xəstəxanaya Respublika Perinatal Mərkəz tərəfindən göndəriş verilməli və xəstənin həmin tibb müəssisəsində icbari tibbi xidmət alması təmin edilməli idi. Göründüyü kimi, xəstəyə Respublika Perinatal Mərkəz tərəfindən qoyulmuş ilkin diaqnozlarının xidmətlər zərfində mövcudluğu və dövlət hesabına icbari (pulsuz) müalicə edilməli olması həm məhkəmə, həm də cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, artıq yuxarıda qeyd edildiyi kimi, sonrakı diaqnozlar əhəmiyyət kəsb etmir, ilkin əsas diaqnozu nəzərə alınır. Bütün yuxarıda qeyd edilənlərdən savayı, hətta xəstəyə Respublika Perinatal Mərkəz tərəfindən ilkin və sonradan müalicəsi dövründə qoyulan diaqnozlarını kənara qoysaq belə ona yenə də X15 köçürüldükdən sonra dövlət hesabına pulsuz yardım göstərilməli idi. Belə ki, xəstə X15 köçürülərkən ona hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensofalopatiyası (ASSİT.Koaqulopatiya. Hiperbilirubinemiya.) diaqnozu qoyulmuşdur ki, artıq yuxarıda qeyd edildiyi kimi, həmin diaqnozlar da xidmətlər zərfində 2.7.34.3, 2.7.104.3, 2.7.105.1, 2.7.105.2, 256.43, 256.44-cü sətirlərində, "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə K72.0, D65- D69, R17, R18-ci sətirlərində təsbit edilmişdir ki, bunlar xidmətlər zərfinə aiddir. Lakin məhkəmə qanunvericilik normalarının cavabdeh tərəfindən pozulmasına əhəmiyyət verməmiş, yuxarıda sadalanan qanunvericilik normalarına səthi yanaşmış və nəticədə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Hazırki iş üzrə xəstənin diaqnozlarının xidmətlər zərfinə daxil olduğu müəyyən olunub sübut olunmasına baxmayaraq məhkəmə həmin sübutlara əhəmiyyət verməmiş və iddianı qismən təmin etmişdir. Məhkəmə İcbari Tibbi Sığorta Agentliyinin məktubuna əsaslanaraq iddianı qismən təmin etmişdir. Qanunvericiliyə əsasən iddia tam təmin olunacağı təqdirdə tələb edilən məbləğ İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödənilməlidir. Ona görə də Agentlik tərəfindən qərəzli rəy verilə biləcəyi halı məhkəmə tərəfindən nəzərə alınmalı, iş üzrə ekspertiza təyin edilməli və müvafiq həkim ekspertin rəyi alınmalı idi. İş üzrə yuxarıda sadalanan diaqnozların xidmətlər zərfinə daxil olması müəyyən edilsə də məhkəmə doğru nəticəyə gələ bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Cavabdeh “Respublika Perinatal Mərkəzi” X28 və üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz daxil olmuş, şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndə-vəkili Nümayəndə1 verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şəxsin xəstəliyi xidmətlər zərfinə daxil olmuşdur. Belə olan təqdirdə ona göndəriş verilməli idi. “Respublika Perinatal Mərkəzi” X28 tərəfindən göndəriş verilməmişdir. Hesab edir ki, Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş rəy kifayət qədər əsaslıdır. ”Respublika Perinatal Mərkəzi” X28 vətəndaşa sözdə demişdir ki, göndəriş veriləcək lakin göndərilməmişdir. Ona görə vətəndaş Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına daxil olanda məcbur qalıb özü ödəniş etmişdir. Mütəxəssis rəyləri ilə razı deyil. İcbari Tibbi Sığorta haqqında qanuna əsasən vətəndaşın müraciət etdiyi tibb müəssisəsində onun üçün tələb olunan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda həmin tibb müəssisəsi bu xidmətləri göstərmək imkanna malik olan digər tibb müəssisəinə göndəriş verir. Respublika Perinatal Mərkəzi” X24 vəzifəsidir ki, İcbari Tibbi Sığorta Agentliyinə göndəriş versin. İcbari Tibbi Sığorta haqqında qanuna əsaslanıb deyə bilər ki, vətəndaş nəinki tibb müəssisəsini seçmək, hətta həkimini seçmək hüququna belə malikdir.

9. Apellyasiya baxışında iştirak edən cavabdeh “Respublika Perinatal Mərkəzi” X24 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xəstəlik həmin dövrdə xidmətlər zərfinə düşməmişdir. Düşsə belə, burada əsas yanaşma odur ki, şəxs özü müraciət etmişdir. Mülki xarakterli müqavilədir, şəxs özü tibbi yardım maşının da ödənişini etmişdir. Ekspert rəy versə də, tarixi qeyd etməmişdir. O ki qaldı icbari sığorta ilə müayinə və müalicə edilməməsini səbəbi, müvafiq kodun İcbari Tibbi Sığortada olmamışdır. “Respublika Perinatal Mərkəzi” tərəfindən xəstə üçün müəyyənləşdirilmiş kodla Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı tərəfindən qoyulmuş kodlar fərqlidir. Ekspert rəyində tədqiq edilən sənələrdə heç mütəxəssis rəyi yoxdur. Halbuki ekspert mütəxəssis rəyini nəzərə almalı idi.

10. Apellyasiya baxışında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı özü hospitala müraciət etmişdir, bilirdi ki, xəstə o halda dərhal əməliyyat olunmayacaq. Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının maşınına ödəniş etməklə « Respublika Perinatal Mərkəzi”ndən Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına xəstəni köçürmüşdürlər.

11. Apellyasiya baxışında iştirak edən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, işin hallarından görünür ki, xəstənin yaxını xəstənin Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına daşınmasını özü tələb etmişdir. İlkin olaraq Help sindiromu, hospitaldan çıxarkən, Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalında isə ayrı-ayrı diaqnozlar qoyulmuşdur. Verilmiş rəydə 7-ci suala verilmiş cavabla razı deyillər. Həmin dövrdə xəstəlik xidmətlər zərfinə daxil olmamışdır. Bu halı internet resursları təsdiq edir. 04 avqust 2023-cü ildə xidmətlər zərfi yenilənmişdir, həmin xidmət yenidən xidmətlər zərfinə daxil olmuşdur. Xəstə həmçinin Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına yerləşdirilikdən 2 ay sonra vəfat etmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən digər üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 125, hissə 7. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

«Əhalinin sağlamlığının qorunması haqqında» Qanun

18. Maddə 10. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

19. Maddə 24. Pasiyentin: ... təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq; ... hüququ vardır.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək sığortaolunanın hüququdur.

21. Maddə 15-7.2.1. bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək tibb müəssisəsinin vəzifəsidir.

22. Maddə 15-12.1. Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir.

23. Maddə 15-17.1. Xidmətlər zərfi ambulator-poliklinika şəraitində göstərilən tibbi xidmətləri və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir.

24. Maddə 15-28.1. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.

25. Maddə 15-28.2. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən və yalnız iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsi mübahisələndirildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Hazırki iş üzrə iddiaçı öz iddiasını qeyd edilən dəlillərlə əsaslandırmışdır: 1) onun mərhum həyat yoldaşına tibbi xidmət göstərən müəssisələrin hər ikisində də qoyulan diaqnoz üzrə görülən tədbirlər müvafiq xidmətlər zərfinə daxil olduğundan pulsuz həyata keçirilməli idi; 2) Respublika Perinatal Mərkəzi tərəfindən xəstənin Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına köçürülməsi zamanı müvafiq göndəriş vərəqəsi verilməli idi.

36. Göstərilən dəlillərə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.

37. Belə ki, iş materiallarında olan “Respublika Perinatal Mərkəzi” X24 28 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, hamilə qadın X16 xx.xx.2022-ci il saat 22:25 tarixində Respublika Perinatal Mərkəzi publik hüquqi şəxsə “H1 D0 A0 34 həftə + 1 gen hamiləlik. Əkiz ölü döl HELLP sindromu” diaqnozu ilə qəbul olunmuş, “Hamilələrin kəskin piy Hepatozu. Qaraciyərin ensofalopatiyası (ASSİT. Koaqulopatiya Hiperbilirubinemiya).” Diaqnozu qoyularaq “X20”na köçürülmüşdür.

38. xx.xx.2022-ci il tarixli Tibbi Xidmət Müqaviləsinə əsasən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi X1 tibbi xidmət göstərilməsi barəsində müqavilə bağlanmışdır. Müqavilənin 3-cü maddəsinə əsasən “Xəstə” və “Xəstə yaxını” göstərilən tibbi xidmətin qarşılığı olan 6000 (altı min) manatı xidmətin nəticəsindən asılı olmayaraq ödəyir.

39. xx.xx.2022-ci il tarixli Xəstə və/və ya X22 əsasən İddiaçı bəyan etmişdir ki, Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının həkimləri, keçirdikləri əməliyyatın/göstəriləcək xidmətin həyati riskləri, təhlükələri meydana gələ biləcək fəsadları barəsində ona məlumat verilmişdir. İddiaçı öz azad iradəsi ilə bu əməliyyatın keçirilməsinə razılıq vermişdir. əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, hospitala ödədiyi 6000 (altı min) manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmişdir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə halları) qarşılıqlı olaraq “QİYMƏT CƏDVƏLİ” əsasında fakturada müəyyənləşdiriləcək məbləği hospitala ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.

40. X10 xx.xx.2023-cü il tarixli fakturasına əsasən tibbi xidmətlər üçün xəstənin ödəyəcəyi məbləğ 67496,46 manat təşkil etmişdir. Cəmi mədaxil 39210 manat, qalıq məbləğ isə 28286,46 manat təşkil etmişdir.

41. X10 verdiyi xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışa əsasən xx.xx.1988-ci il təvəllüdlü X16 həqiqətən də xx.xx.2022- ci il tarixdən xx.xx.2023-cü il tarixədək DGK TXİ-nin X11 müalicə almışdır. Xəstə xx.xx.2023-cü il saat 22:35 tarixində İ-27.8 Ağciyərürək çatışmazlığı diaqnozu ilə X11 vəfat etmişdir.

42. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb xidmət idarəsinin Mərkəzi Hospitalına edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixində 5800,00 manat, xx.xx.2023-cü il tarixdə 2000,00 manat, xx.xx.2023-cü il tarixdə 200,00 manat, xx.xx.2023-cü il tarixdə 1360,00 manat, xx.xx.2023-cü il tarixdə 7200,00 manat, xx.xx.2023-cü il tarixdə 2000,00 manat, xx.xx.2023-cü il tarixdə 270,10 manat, xx.xx.2023cü il tarixdə 3500 manat, xx.xx.2023-cü il tarixdə 1650,14 manat, xx.xx.2023- cü il tarixdə 513,60 manat, xx.xx.2023-cü il tarixdə 4412,59 manat, xx.xx.2023-cü il tarixdə 2019,45 manat, xx.xx.2023-cü il tarixdə 2487,06 manat, xx.xx.2023-cü il tarixdə 39210,00 manat olmaqla iddiaçı öz hesabına ödənişlər həyata keçirmişdir.

43. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Rayon Məhkəməsinə ünvanlandığı 24 yanvar 2024-cü il tarixli 11-10/2-92/2024 saylı müraciətə baxılmanın nəticəsi haqqında cavab məktubuna əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə hamilələrin kəskin pay hepatozu, qaraciyərin ensefalopatiyası diaqnozu qoyulmuş xəstəyə göstərilən xidmətin xidmətlər zərfində göstərilən siyahıda nəzərdə tutulub-tutulmaması haqda məlumatların təqdim edilməsi barədə ünvanlanan 2(004)- 3874/2023 nömrəli müraciətə Agentlikdə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Xidmətlər Zərfinə daxil olan stasionat tibbi xidmət üzrə diaqnozlar “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı”na əsasən (XBT-10) tərtib edilmişdir. Eyni zaman stasionar terapevtik tibbi xidmətin tarifi Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi”nin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Müraciətdə qeyd edilən “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb xidmət idarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahılıq dövründə qaraciyər pozğunluqları” adda stasionar terapevtik tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır.

44. Birinci instansiya məhkəməsinə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı hər iki tibb müəssisəsində mərhum həyat yoldaşına qoyulmuş diaqnozlar üzrə görülən tədbirlərin müvafiq xidmətlər zərfində əks olunduğunu bildirmiş, cavabdehlər və üçüncü şəxslər isə bunu təkzib edərək həmin zərfdə olmadığını bildirmişlər.

45. Kollegiya hazırki mübahisənin həlli ailə bağlı önəmli olan halların aydınlaşdırılması üçün spesifik bilik tələb olunmasını nəzərə alaraq və işin hərtərəfli aydınlaşdırılmasını təmin etmək məqsədilə məhkəmə-tibbi ekspertizsı təyin etmiş, paralel olaraq isə bu barədə mütəxəssis rəyinin alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 müraciət etmişdir.

46. Belə ki, iddiaçı iddia tələbində ilkin olaraq «İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi»nin əlavəsindəki cədvəlin 2.7.159.5, 2.7.159.6, 2.7.160, 2.7.160.2, 2.7.160.3, 2.7.160.5, 2.7.160.9-cu bəndlərinə əsasən «hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran» istənilən növ xəstəliklərin xidmətlər zərfinə daxil olmasına əsaslanaraq təqdim edilən xidmətin pulsuz həyata keçirilməli olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 ünvanlanan sorğuya münasibətdə təqdim olunmuş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli cavab məktublarında göstərilmişdir ki, iddiaçı tərəfindən qeyd edilən xidmətlər zərfinin əlavəsindəki cədvəlin 2.7.159.5, 2.7.159.6, 2.7.160, 2.7.160.2, 2.7.160.3, 2.7.160.5, 2.7.160.9 sıra nömrələrinə uyğun diaqnozlar (XBT 10 kodları) Respublika Perinatal Mərkəzində mərhum X9 qoyulmuş diaqnozlar arasında yer almadığından hazırki iş üzrə tətbiq olunmur. Belə ki, Stasionar terapevtik tibbi xidmətin tarifi xidmətlər zərfinin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Məhkəmə tərəfindən qeyd edilən hal yoxlanılarkən, həqiqətən də, məlum olmuşdur ki, iddiaçı tərəfindən qeyd edilən sıra nömrələrinə uyğun diaqnozlar xidmətlər zərfində müvafiq olaraq “2.7.159.5. O98.4. Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran virus hepatiti”, “2.7.159.6. O98.5. Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran digər virus xəstəlikləri”, “2.7.160. Ananın digər rubrikalarda təsnif olunan, lakin hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran digər xəstəlikləri”, “2.7.160.2. O99.1. Hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran qan və qanyaradıcı orqanların digər xəstəlikləri və immun mexanizmin qoşulması ilə xüsusi pozuntular”, “2.7.160.3. O99.2. Hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran qidalanma pozuntusu, maddələr mübadiləsi pozuntusu və endokrin sistemi xəstəlikləri”, “2.7.160.5. O99.4. Hamiləliyi, doğuşu, zahılıq dövrünü ağırlaşdıran qan dövranı sistemi xəstəliklər” və “2.7.160.9. O94. Hamiləliyin, doğuşun və zahılıq dövrünün ağırlaşmasının nəticəsi” adlı diaqnozların heç biri nə xəstənin Respublika Perinatal Mərkəzində, nə də Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalında müalicəsi zamanı seçilən əsas diaqnozların içində olmamışdır.

47. Növbəti olaraq məhkəmə tərəfindən mütəxəssislərə ünvanlanmış mərhum X7 Respublika Perinatal Mərkəzində müayinə və müalicə olunarkən ona göstərilən tibbi xidmətlərin (o cümlədən dərman vasitələrinin alınması) icbari sığorta əsasında pulsuz həyata keçirilməli olub-olmaması, əgər pulsuz həyata keçirilməli idisə, bunun baş tutubtutmaması barədə suala münasibətdə verilmiş eyni tarixli cavab məktublarında göstərilmişdir ki, mərhum X16 Respublika Perinatal Mərkəzində xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək stasionar müalicə və müayinədə olmuşdur. Həmin vaxt mərhuma icra edilmiş və Mərkəz tərəfindən reyestrdə təqdim olunmuş keysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması (çoxdöllü hamiləlik), Laparotomiya (Relaporatomiya) əməliyyatlarının ödənişi icbari tibbi sığorta hesabına həyata keçirilmişdir. Xidmətlər Zərfində “Qeyd” bölməsində təqdim edilmiş məlumatdan asılı olaraq yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf təminata alınmış tibbi xidmətin tarifinə daxildir. Məhkəmə tərəfindən qeyd edilən hal yoxlanılarkən, həqiqətən də, məlum olmuşdur ki, iş materiallarına əsasən Respublika Perinatal Mərkəzində xəstəyə ilkin olaraq icra edilmiş keysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması əməliyyatlarının ödənişi icbari tibbi sığorta hesabına həyata keçirilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı iddiaçının mərhum həyat yoldaşı X7 Respublika Perinatal Mərkəzində stasionar müalicə aldığı dövrdə dərman vəsaitlərinə ümumilikdə 680,45 manat məbləğində pul sərf etməsi müəyyən olunmuş və yuxarıda qeyd edilən mövqeyə görə həmin dərman vasitələrinin də təminata alınmış tibbi xidmət tarifinə daxil olması səbəbindən birinci instansiya məhkəməsi tərəfindən iddia qeyd edilən hissədə təmin edilmiş, qətnamə isə həmin hissədə mübahisələndirilməmişdir.

48. Bundan başqa iddiaçı qeyd etmişdir ki, həm Respubika Perinatal X2 qoyulmuş son klinik diaqnoz kimi iddia etdiyi “0.84.2 - vaxtından əvvəl cərrahi doğuş” “036 - ölü döl” “0142 - HELLP sindromu, həm də “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb xidmət idarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahlıq dövründə qaraciyər pozğunluqları" adda stasionar terapevtik tibbi xidmət sözügedən xidmətlər zərfində olduğundan pulsuz həyata keçirilməli idi. Bununla bağlı məhkəmə tərəfindən mütəxəssislərə ünvanlanmış suallara münasibətdə müvafiq cavab məktublarında bildirilmişdir ki, həmin vaxt hər iki diaqnoz 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən xidmətlər zərfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı ilə yenilənmiş, qərarın 2.2-ci bəndinə əsasən 7.3-cü bənddə “Sığortaolunan” sözü “Bu Sənədin əlavəsində olan cədvəlin 2.6.978-2.6.982-ci, 2.7.146-2.7.160-cı, 2.7.261-ci yarımbəndlərində nəzərdə tutulan stasionar tibbi xidmətlər istisna olmaqla, sığortaolunan” sözləri ilə əvəz edilmiş, 3.1-ci bəndinə əsasən 8.1-ci bənddə “2.6.1-2.6.950-ci, 2.7.1-2.7.255-ci” sözləri “2.6.1- 2.6.1334- cü, 2.7.1-2.7.266-cı” sözləri ilə əvəz edilmiş və nəticə etibarilə mərhum X16 tərəfindən müraciət edildiyi zaman həmin diaqnoz hələ müvafiq xidmətlər zərfində olmamışdır.

49. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması və bütün məqamların aydınlıq gətirilməsi məqsədilə, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edilmiş, adları çəkilən mütəxəssislərə ünvanlanan suallar həmçinin Birliyə də yönəlmişdir. Lakin Birlik tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli, 883/KEŞ saylı ekspert rəyinin məzmunundan görünür ki, rəy daha çox rəsmi və qanuni tənzimlənmələrə deyil, bu cür mübahisələrin praktiki tərəfinin izahına yönəlmiş və qeyri-dəqiq olmuşdur. Belə ki, rəydə X7 Respublika Perinatal Mərkəzində müayinə və müalicə olunarkən ona göstərilən tibbi xidmətlərin (o cümlədən dərman vasitələrinin alınması) icbari sığorta əsasında pulsuz həyata keçirilməli olub-olmaması məsələsinə münasibət bildirilərkən bu xidmətlərin ilkin olaraq ödənişsiz olması, tibbi qeydiyyat sənədlərinə əsasən TƏBİBin dərman arsenalında olmayan, lakin xəstə üçün zəruri olan bəzi dərmanlardan və tibbi sərf materiallarından da müalicə zamanı istifadə olunması və xəstənin durumunun ağır olduğunu nəzərə alaraq bu kimi bəzi dərmanların xəstə tərəfindən təmin olunmasının mümkünlüyü qeyd olunmuşdur. Bundan əlavə adı çəkilən rəydə xidmətlər zərfinin əlavəsindəki 2.7.160.9 sıra nömrəsinə uyğun diaqnozun hazırki hal üçün tətbiq edilə bilməsi qeyd edilsə də, yuxarıda da göstərildiyi kimi adı çəkilən sıra nömrəsi altında olan “Hamiləliyin, doğuşun və zahılıq dövrünün ağırlaşmasının nəticəsi” adlı diaqnoz heç bir mərhələdə mərhum X7 əsas diaqnozu olmadığından onun əsas götürülməsi məqsədəuyğun deyil.

50. Beləliklə, göründüyü kimi iddiaçının iddia tələbinin əsasında duran ilkin dəlili onun mərhum həyat yoldaşına tibbi xidmət göstərən müəssisələrin hər ikisində də qoyulan diaqnoz üzrə görülən tədbirlər müvafiq xidmətlər zərfinə daxil olduğundan pulsuz həyata keçirilməsi ilə bağlı olsa da, qeyd edilənlərə əsasən bu hal öz təsdiqini tapmamış, istər mütəxəssis rəyləri, istərsə də məhkəmə araşdırması ilə həmin dəlillər birbaşa və dolayı yollarla təkzib olunmuşdur.

51. Kollegiya iddiaçının Respublika Perinatal Mərkəzi tərəfindən xəstənin Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına köçürülməsi zamanı müvafiq göndəriş vərəqəsi verilməli olması və iddiaçının bununla bağlı hüquqlarına dair məlumatlandırılmalı olması ilə bağlı dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

52. Belə ki, “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası”na əsasən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

53. Qanunvericiliyin qeyd edilən normalarından da göründüyü kimi şəxsin digər tibb müəssisəsində müalicə və müayinəsi üçün göndəriş verilməsinin əsası ilk növbədə həmin xidmətin müvafiq dövlət tibb müəssisəsində həyata keçirilməsinin mümkün olmaması halı ilə şərtləndirilmiş, yalnız bu halın təsdiq olunması ilə göndərişin verilməli olması təsbit olunmuşdur. Hazırki işin hallarından da göründüyü kimi istər iş materiallarında, istərsə də iddiaçının öz tələbinin əsasında duran sənədlərdə mərhum Nümayəndə6nın Respublika Perinatal X19 Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına köçürülməsinin əsasında duran səbəb kimi zəruri tibbi xidmətin Respublika Perinatal Mərkəzində göstərilməsinin mümkünsüzlüyü öz əksini tapmamış, bununla bağlı hansısa səlahiyyətli şəxsin rəyi təqdim olunmamışdır. Həmçinin yuxarıda adı çəkilən mütəxəssis rəylərində də qeyd olunmuşdur ki, mərhum Nümayəndə6 Mərkəzdən xx.xx.2022-ci il tarixində, saat 19:00-da məhz xəstə yaxınlarının təkidi ilə X15 köçürülmüş, iş materiallarında olan İddiaçı ilə X20 arasında bağlanmış tibbi xidmətlərin göstərilməsi barədə müqavilə də qeyd edilən halı təsdiq etmişdir.

54. Kollegiya hesab edir ki, şəxsin digər tibb müəssisəsində müalicə və müayinəsi üçün göndəriş verilməsi üçün ilk növbədə həmin xidmətin müvafiq dövlət tibb müəssisəsində həyata keçirilməsinin mümkünsüzlüyü təsbit edilməli olduğundan və hazırki iş üzrə xəstə buna görə deyil, xəstə yaxınlarının öz təşəbbüsləri ilə digər tibb müəssisəsinə köçürüldüyündən göndərişin verilməsi üçün hansısa qanuni əsas mövcud olmamışdır. Bu da onu deməyə əsas verir ki, yuxarıda qeyd edildiyi kimi mövcud qaydalara əsasən şəxs bu cür göndəriş vərəqəsi alınmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

55. Bundan əlavə kollegiya qeyd edir ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsidən tələb etmək sığortaolunanın hüququ olmaqla bərabər bu hüquqdan istifadə edibetməməsi onun özündən asılıdır. O cümlədən həmin qanunun icbari tibbi sığorta üzrə tibb müəssisəsinin vəzifələrinə dair normalarında sığortaolunana bu cür məlumatlandırılma edilməsinə dair hər hansı göstəriş nəzərdə tutulmamışdır.

56. Beləliklə, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının apellyasiya şikayətindəki dəlillər işin faktiki halları və bu barədə mövcud olan qanunvericiliyin normaları ilə təkzib olunmuşdur. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olaraq qəbul edilmiş qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı səbəb mövcud deyildir.

57. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 may 2017-ci il tarixli Qərarında vurğulanmışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.

58. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

59. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

60. Beləliklə, əhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-97/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar