Məhkəmə qərarları › İş №2(103)-3871/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3871/2024

11.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3871/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “payın ayrılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2419/2024 nömrəli 14 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə paylı mülkiyyətdə olan Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsi məhəllə 917, ev 50, 39 saylı mənzildə yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı mənzil və Yasamal rayonu Nərimanov prospekti 57/24 ünvanda yerləşən 253,5 kv.m yarımzirzəmi olan qeyri-yaşayış sahəsinin aralarında mənzili götürənə 50000 manat qiymət fərqi ödəməklə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2419/2024 nömrəli 03 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah edilmişdir ki, məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Həmin qərardaddan iddiaçı şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada verilmədiyindən geri qaytarılmışdır. İddiaçı şikayət verərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və mülki işin icraata qəbul edilərək baxılması üçün təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadda məhkəmə göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş şikayətdə məzmun etibarilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2419/2024 saylı qərardadı mübahisələndirilsə də, “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2419/2024 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən də məhkəmə şikayətlə bağlı münasibətini tələb hissəsində göstərilən qərardadı əsas götürməklə bildirir. Kollegiya hesab edir ki, məhkəmənin bu nəticəsi əsassız olmuşdur. Belə ki, qeyd edildiyi kimi iddiaçı tərəfindən verilmiş şikayətin məzmunundan aydın olur ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərardadı mübahisələndirərək, hesab edir ki, iddia baxılması üçün icraata qəbul edilməlidir, şikayətin xahiş etdi hissəsində ləğvi tələb edilən qərardadın tarixi 14 may 2024-cü il göstərilsə də, bununla yanaşı mülki işin icraata qəbul edilərək baxılması üçün təyin edilməsi də xahiş edilmişdir. Aşkardır ki, iddiaçı əslində məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadını mübahisələndirmiş, texniki səhv olaraq xahiş etdi hissəsində qərardadın tarixi 14 may 2024-cü il göstərilmişdir. Məhkəmə isə məhz xahiş etdi hissəsində 14 may 2024-cü il tarixli qərardadın ləğvi göstərildiyinə görə, həmin qərardaddan verilmiş şikayət kimi yoxlayaraq, nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir, verilmiş şikayətlə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı mübahisələndirildiyindən, həmin qərardad yoxlanılmalı və şikayətə münasibət bildirilməli idi. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (14). Göründüyü kimi tərəflər fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olsa da, hazırki mübahisə onların sahibkarlıq fəaliyyətindən əmələ gələn mübahisə deyildir, birgə paylı mülkiyyətdə olan mənzil və qeyri-yaşayış sahəsi ilə bağlı mübahisədir. Belə olan halda hazırki mübahisə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2419/2024 nömrəli 14 may 2024-cü il tarixli qərardadı ləğv edilsin və iddiaçı tərəfindən verilmiş şikayət yenidən yoxlanılması üçün iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar