Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3880/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, onun nümayəndəsi X7, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(011)-5034/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı evinə dəymiş maddi ziyana görə 69000 manat, evinin yararsız vəziyyətə düşməsi səbəbindən kirayədə yaşadığı 04.08.2019-cu il tarixdən aylıq 400 manat ödəniş gününə hesablanmaqla əldən çıxmış faydaya görə, 300 manat ekspertiza xərcinin, bir ildən çox müddətə ödəniş edilməməsi səbəbindən 50000 manat mənəvi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1978-ci il tarixdən ailə üzvləri ilə birlikdə fərdi yaşayış evində yaşamışlar. X15 öldükdən sonra evləri qəzalı vəziyyətinə düşənədək orada oğlanları – Kərimov Ramin, Kərimov Zamin, Kərimov Elçin, nəvəsi X11 və gəlini Hacıyeva Şəfiqə qeydiyyatda olmaqla yaşamışlar. 2019-cu il tarixdə cavabdeh onlara məxsus evin yaxınlığında yerləşən 205 nömrəli tam orta məktəbin sökülərək yerində 960 şagird yerlik yeni məktəb binasının evin 1,5 metirliyində inşa edilməsi nəticəsində Fərdi yaşayış evinin bünövrəsi çökərək qəzalı vəziyyətə düşmüşdür. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və digər dövlət orqanlarına etdiyi şikayətlər əsasında aparılmış araşdırmalar və evin qəzalı vəziyyətə düşməsinin səbəbinin yeni binanın tikintisi ilə əlaqədar olduğu bildirilmişdir. Evləri qəzalı vəizyyətdə olduğu və yaşayışın da mümkün olmaması səbəbindən hazırda aylıq 400 manat ödəməklə başqa evdə kirayədə qalırlar və hal-hazıradək 4800 manat kirayə haqqı ödəmişlər. 11.10.1979-cu il təvəllüdlü oğlu Elçin anadangəlmə ruhi xəstədir və kənar şəxslərin köməyinə ehtiyacı olduğundan ona daima qulluq edir. Əmlakına dəymiş zərərin məbləği X6 tərəfindən 69000 manat müəyyən edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(011)-5034/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 2, korpus 93 ünvanında yerləşən 61 saylı evə dəymiş maddi zərərə görə 69000 manatın, mənəvi zərərə görə 500 manatın və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 69530 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən əsas sübut kimi X3 19.08.2020-ci il tarixli, 287 nömrəli rəyinə əsaslanmış və cavabdeh tərəfindən həmin ekspert rəyini təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir. Bildirmək istəyirlər ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh MTK-nın etibarnamə üzrə nümayəndəsi və vəkili X3 19.08.2020-ci il tarixli, 287 nömrəli rəyi ilə razılaşmayaraq iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə əsaslandırılmış şifahi vəsatət vermiş və ekspert qarşısında Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 93 ünvanında yerləşən 61 nömrəli evin bərpa olunmasının və təməl bərkitmə işlərinin aparılmasının texniki cəhətdən mümkün olubolmaması və mümkün olduğu təqdirdə bunun üçün nə qədər vəsait tələb olunması barədə suallar qoyulmasını xahiş etmişdir. Lakin vəsatət işə baxan hakim tərəfindən təmin edilməmiş və onunla əsaslandırılmışdır ki, X3 19.08.2020-ci il tarixli, 287 nömrəli rəyində artıq evin texniki cəhətdən bərpasının mümkün olmadığı qeyd olunmuşdur. 19.08.2020-ci il tarixli, 287 nömrəli rəyin verilməsi ilə əlaqədar ekspert tərəfindən sözügedən evə baxış keçirilən zaman ümumiyyətlə MTK-nın mütəxəssislərinə heç bir məlumat verilməmiş, yalnız sifariş əsasında və iddiaçı tərəfin istəyi, mənafeləri nəzərə alınmaqla rəy verilmişdir. Bu da həmin rəyin obyektivliyini şübhə altına alır. Rəy verən ekspert hansı əsaslarla evin məhz 4 sot torpaq sahəsində inşa olduğu qənaətinə gəlmişdir. Çünki həmin evə dair və ya evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlər və ya torpaq sahəsinin plan cizgisi mövcud olmamışdır. Rəydə iddiaçılara məxsus evin konkret sahəsi qeyd olunmadığından belə anlaşılır ki, fərdi yaşayış evi elə tam olaraq 4 sotda tikilmişdir. Yuxarıda göstərilən xüsusatlar bir daha qeyd olunan ekspert rəyini şübhə altına alır və hesab edirlər ki, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmuşdur. İş üzrə Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən məhkəmə iclasında daha bir vəsatət "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi ilə bağlı olmuşdur. Bu vəsatət onunla əsaslandırılmışdır ki, sifarişçi "xxxx" MMC ilə Cavabdeh MTK arasında Bİnəqədi rayonu, Binəqədi qəsəbəsi 205 saylı orta məktəbin sökülərək 960 şagird yerlik məktəbin tikintisi işlərinin yerinə yetirilməsi ilə bağlı 04.07.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsinin şərtlərinə əsasən podratçı sifarişçinin təqdim etdiyi layihəsmeta sənədləri əsasında sözgedən məktəb binasının tikintisini həyata keçirməli idi. Podratçı olaraq Cavabdeh MTK da qeyd olunan layihə-smeta sənədləri əsasında işləri yerinə yetirmişdir. Qeyd olunan məktəbin divarının İddiaçı məxsus fərdi yaşayış evinin divarından 1,5 metr məsafədə tikilməli olması da məhz podratçıya təqdim olunan layihədə öz əksini tapmışdır. Hazırkı apellyasiya baxışı iclasında cavabdehin vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi və əlavə etdi ki, iddiaçının evinin bərpası mümkündür, həmin evin bərpa edilməsi barədə iddiaçı tərəflə razılıq əldə edilərsə, cavabdeh olaraq həmin evin bərpasını təmin etməyə hazırdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, evin bərpasının mümkün olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək qeyd etdi ki, məktəbi inşa edərkən ara məsafəsi gözlənilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi cavabdehin evə yaxın yerdə orta məktəb binasının tikintisini aparması, tikinti işlərinin aparılması zamanı ətraf ərazidə yerləşən tikilililərin təhlükəsizliyi qaydalarına cavabdeh olduğu halda, evin 1,5 metirliyində məktəbin bünövrə çalasının qazılması səbəb olmuşdur. Göründüyü kimi, cavabdeh ətraf ərazidəki (həmçinin iddiaçının yaşadığı) tikililərin təhlükəsizliyi qaydalarına əməl etməyə borclu olduğu halda bunu etməməklə, evin 1,5 mertliyində məktəb binasının bünövrə çalasını qazması nəticəsində iddiaçının fərdi yaşayış evinin zədələnməsinə səbəb olan mülki hüquq pozuntusu törətmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 2, korpus 93 ünvanında yerləşən 61 saylı ev (bundan sonra – fərdi yaşayış evi) iddiaçının əri Kərimov X1 verilmiş və bu barədə 1984-cü il tarixdə Bakı şəhər Soveti İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən evin texniki pasportu tərtib edilmişdir. 07.04.2018-ci il tarixdə X4 vəfat etmişdir. İddiaçı ilə Nizami Kərimov 07.07.1979-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarından görünür ki, sifarişçi "xxxx" MMC ilə cavabdeh arasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi 205 saylı orta məktəbin sökülərək 960 şagird yerlik məktəbin tikintisi işlərinin yerinə yetirilməsi ilə bağlı 04.07.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Tikintidə Təhlükəsizliyə Dövlət Agentliyi Azkommunlayihə” KLİ-nin iddiaçının yaşadığı fərdi yaşayış evinin texniki vəziyyəti haqqında 22.01.2020-ci il tarixdə tərtib etdiyi aktda qeyd edilmişdir ki, fərdi yaşyış evi 2000-ci ildə 1 mərtəbəli planda 14.0x8.1 m inşa olunmuş, 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarət, bünövrəsi betondan, divarları mişarlanmış əhəng daşlarından, örtüyü dəmir beton tavadan inşa olunmuşdur. Evin kürsü hündürlüyü 0,4 m, mərtəbə hündürlüyü 2,9 metr, dam örtüyü yastı olmaqla beton səth üzrə ruberoid və bitumla izolə olunmuşdur. Fərdi yaşayış evinin arxa divarı sökülmüş məktəbin divarına bitişik inşa olunmuş, ev inşa olunarkən tikinti norma və qaydalarına əməl olunmamışdır. Yeni məktəbin bünövrə çalası qazılarkən (baxmayaraq ki, metal boru “şpuntlar” evin arxa divarından 1,5 m məsafədə vurulmuşdur) bünövrənin əsası deformasiyaya uğramışdır. Bünövrə əsasının çökməsi nəticəsində evin arxa divarında üfiqi və şaquli aralanma yaranmışdır. Digər otaqlarda divarların birləşmə yerlərində şaquli qapı və pəncərə boşluqları üzərində maili keçici çatlar müşahidə olunur. Fərdi yaşayış evinin arxa sol otağında taxta döşəmə çökmüşdür. Hal-hazırda evdə yaşayış yoxdur. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır, fərdi yaşayış evinin ətrafı çəpərlənməli, kommunikasiya xətləri kəsilməli, evə giriş məhdudlaşdırılmalıdır. İşdə olan 17.03.2020-ci il tarixdə cavabdehin əməkdaşları və iddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, evdə bərpa və təməl bərkitmə işlərinin apaprılması cavabdeh tərəfindən iddiaçıya təklif olunsa da o, bununla razılaşmayaraq fərdi yaşayış evinin əvəzinə real bazar dəyərinə müvafiq pul vəsaitinin ödənilməsini tələb etmişdir. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparat rəhbəri tərəfindən iddiaçıya, cavabdehə və "xxxx" MMC-yə 01.04.2020-ci il tarixdə göndərilmiş məktubda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisəsinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10.06.2019-cu il tarixli, 1228 saylı Sərəncamının icarsı ilə əlaqədar hazırda "xxxx" MMC-nin sifarişi ilə cavabdeh tərəfindən sözügedən ərazidə 205 saylı orta məktəbin sökülərək 960 şagird yerlik tikintisi işlərinin aparılması ilə əlaqədar ilk növbədə aparılan tikinti işləri zamanı ətraf əraizdə yerləşən tikililərin təhlükəsizliyi məqsədilə mövcud texniki təhlükəsizlik və tikinti norma və qaydalarının tələblərinə tam şəkildə əməl olunması üçün müvafiq tədbirlərin görülməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. İşdə olan “X6” MMC-nin 19.08.2020-ci il tarixli, 287 nömrəli rəyinə görə ünvan 2 ünvanında 4,0 sot torpaq sahəsində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin mövcud vəziyyətini, planda yerləşməsini, evə yaxın məsafədə məktəb biunasının inşa olunmasını, evin ayrı-ayrı konstruktiv elementləri üzərində qüsurların (çat və s.) əmələ gəlməsini nəzərə alaraq, evin bərpa olunması və sökülüb həmin yerdə tikinti norma və qaydalarına əməl olunmaq şərtilə inşa olunmasının texniki cəhətdən mümkün olmadığı, digər ərazidə yerləşən 4,0 sot torpaq sahəsində tikinti norma və qaydalarına uyğun olaraq fərdi yaşayış evinin eyni qaydada inşa edilməsi, hazırkı dövrdə mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 69000 manat (4,0 sot torpaq sahəsinin dəyəri nəzərə alınmaqla) məbləğində pul vəsatinin tələb olunduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin yaxınlığında 960 şagird yerlik məktəb tikintisinin aparılması nəticəsində fərdi yaşayış evi yararsız vəziyyətə düşmüş və həmin evin bərpa olunması, sökülüb həmin yerdə tikinti norma və qaydalarına əməl olunmaq şərtilə inşa olunması texniki cəhətdən mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulması, zərər nəticəsində mənəvi ziyana görə 500 manat məbləğində pul kompensasiyasının cavabdehdən tutulmalı olması barədə gəldiyi nəticəni əsaslı sayır, lakin maddi zərərin hesablanması əsası və məbləği ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə iş üzrə müvafiq məhkəmə ekspertizası keçirilmədən evin bərpa olunmasının texniki cəhətdən mümkün olmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Qeyd edilən məsələyə aydınlıq gətirilməsi xüsusi biliyə malik olan ekspert tərəfindən mümkün olduğu üçün iş üzrə məhkəmə ekspertizasının keçirilməsi zəruri olmuşdur. Bu səbəbdən apellyasiya baxışı zamanı iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mülki iş üzrə tərtib edilmiş 06.10.2021-ci il tarixli, 10/2281 saylı ekspert rəyinin nəticəsindən görünür ki, “... Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 2, korpus 93 ünvanında yerləşən 61 saylı evin bərpa olunması və ya sökülüb həmin yerdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən ara məsafəsi saxlanılmaqla tikinti norma və qaydalarına əməl olunmaq şərtilə inşa olunması texniki cəhətdən mümkündür. Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 2, korpus 93 ünvanında yerləşən 61 saylı evə dəymiş ziyan bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 30520,0 manat məbləğində müəyyən olunur”. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində iddiaçının fərdi yaşayış evinə ziyan dəymişdir. Cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində cavabdehin yaşadığı fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş və orada yaşamaq mümkünsüz hala gəlmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən həmin evin bərpa olunması və ya sökülüb həmin yerdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən ara məsafəsi saxlanılmaqla tikinti norma və qaydalarına əməl olunmaq şərtilə inşa olunması texniki cəhətdən mümkündür. Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 2, korpus 93 ünvanında yerləşən 61 saylı evə dəymiş ziyan bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 30520 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq və iş üzrə ekspert rəyini daha mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddiaçının xeyrinə tutulan maddi zərərin məbləği 30520 (otuz min beş yüz iyirmi) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə "xxxx" MMC-nin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 57-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Hazırki mübahisə ilə bağlı qəbul ediləcək məhkəmə qərarı "xxxx" MMC-nin hüquq və vəzifələrinə təsir edə biləcəyi ehtimalı iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(011)-5034/2020 saylı qətnaməsi iddiaçının xeyrinə maddi zərərin tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, cavabdehdən maddi zərərə görə 30520 (otuz min beş yüz iyirmi) manat pul tutularaq iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(011)-5034/2020 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə maddi zərərin tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh MTK-dan maddi zərərə görə 30520 (otuz min beş yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3880/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3880/2021
30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver