Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-389/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndələri və vəkilləri Vəkil2, Vəkil1, Cavabdehin nümayəndəsi Sevda Məmmədovanın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasən əsas pulun və faizin tutulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(006)-2579/2019 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasən əsas pulun və faizin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 06.06.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasən 70000 (yetmiş min) ABŞ dolları məbləğində əsas, 45220 (qırx beş min iki yüz iyirmi) ABŞ dolları məbləğində faizin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Klassik əmanət (depozit) hesabı haqqında" 06.06.2013-cü il tarixli müqavilə əsasında "xxxx" ASC-nin "Sahil" filialında olan hesabına illik 11,4 faizlə 60 ay müddətinə 70000 (yetmiş min) ABŞ dolları məbləğində pul qoymuşdur. Müqaviləyə əsasən depozitə qoyduğu pulun aylıq faizi 665 (altı yüz altmış beş) ABŞ dolları təşkil edirdi. İddiaçı 06.06.2013-cü il tarixdə klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasında banka qoyduğu 70000 ABŞ dolları məbləğində pulu və ona hesablanmış faizləri tələb etsə də, cavabdeh əsassız olaraq tələbi icra etmir, pulu qaytarmaqdan imtina edir Bak Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(006)-2579/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən ******************** saylı depozit hesabından 70122,68 ABŞ dolları məbləğində vəsaitinin akseptsiz qaydada silinməsinin əsassız hesab edilməsi və "xxxx" ASC-dən 06.06.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70000 ABŞ dolları məbləğində əsas, 36226,19 ABŞ dolları məbləğində faiz pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli, 2(103)-13180/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2544/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-6825/2020 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(006)- 2579/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(102)-3020/2021 saylı qərarı ilə cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2020ci il tarixli, 2(103)-6825/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, 07.06.2013-cü il tarixli kredit müqaviləsinin etibarsız sayılmamışdır və akseptsiz qayadada silinməni məhz həmin müqavilənin 9.3 və 12.1-ci maddələrinə əsasən qanuni şəkildə aparılmışdır. 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi dəyişdirilmədən saxlanılmış, yəni həmin hissədə iddia tələbi rədd edilmişdir. İddiaçı qeyd edilən qətnamədən kassasiya şikayəti verməmişdir. İddiaçının adından yuxarıda qeyd edilən müqavilələr X2 tərəfindən imzalanmışdır. Bu zaman N.S.Zülfüqarov Banka reyestrdə 7E/74869 nömrə ilə qeyd edilmiş 19.11.2010-cu il tarixli, ƏN-İ seriyalı, 235176 nömrəli etibarnamə təqdim etmişdir. İddiaçı N.S.Zülfüqarova həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və ya ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdə, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, koorperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işlər aparmağı, etibarnamədə nəzərdə tutulanların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 30 il müddətinə - 19.11.2040-cı ilədək qüvvədə olmaqla verilmişdir. İddiaçı yalnız 16.10.2015-ci il tarixli ərizə ilə notariat kontoruna müraciət edilməklə N.S.Zülfüqarova verdiyi etibarnamənin ləğv edilməsini istəmiş və Bakı şəhəri 6 saylı Notariat Kontorunun 15.10.2016-cı il tarixli məktubuna əsasən qeyd edilən etibarnamə iddiaçının 16.10.2015-ci il tarixli şəxsi ərizəsinə əsasən ləğv edildiyi bildirilmişdir. Bank kredit müqaviləsinin yuxarıda qeyd edilən bəndləri üzrə iddiaçının öz qarşısında öhdəliyinin təminatına malik olduğundan (kredit öhdəliyi üzrə İddiaçının depozit müqaviləsi üzrə hesabında olan vəsaitin akseptsiz silinməsi hüququ) həmin kredit öhdəliyinin müqaviləyə uyğun icra edilməməsi ilə bağlı məhkəməyə müraciət etmək ehtiyacı duymamışdır. Həmçinin, məhkəməyə müraciət edilməsi bankın vəzifəsi yox, hüququdur. Kredit öhdəliyinin icrası ilə əlaqədar iddiaçının depozit məbləğinin (əsas və faiz məbləğinin) müqavilə müddətinin bitməsindən bir neçə il sonra silinməsi Bank tərəfindən hüquqdan sui-istifadə hesab edilə bilməz. Belə ki, etirazda qeyd edildiyi kimi, iddiaçı kredit müqaviləsinin mövcudluğundan xəbərsiz olmamışdır. Bu onunla sübut edilir ki, iddiaçı N.S.Zülfüqarova verdiyi etibarnamənin ləğv edilməsi üçün notariat ofisinə 16.10.2015-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmçinin, iddiaçı həmin etibarnamə əsasında bağlanılmış kredit müqaviləsinin və depozit müqaviləsinə əlavənin hüquqi qüvvəsini mübahisələndirsə də (iddia ərizəsində və s. qeyd edir ki, bu etibarnamə əsasında aparılmış hərəkətlər onun iradə ifadəsini əks etdirmir), depozit müqaviləsinin (həmin müqavilə də Bankla etibarnamə əsasında N.S.Zülfüqarov arasında bağlanılmışdır) hüquqi qüvvəsini mübahisələndirməmişdir. Eyni zamanda müştəridən 2015-2016-cı illər üzrə 785 ABŞ dolları məbləğində ödəmə mənbəyindən vergi tutulmuşdur. Hesablanmış depozit faizlərindən 13691,12 ABŞ dolları iddiaçıya ödənilmişdir. Halbuki iddiaçının təqdim etdiyi etirazda bir hissədə iddiaçı tərəfindən faizlərin alındığı etiraf edilsə də, Bankdan depozit məbləğindən (əsas və faiz birlikdə) kredit müqaviləsinin müddətinin bitidiyi tarixə ekspert rəyi üzrə qeyd edilən məbləğ çıxıldıqdan sonra qalan məbləğin iddiaçıya verilməli olması istənilir. 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinə 07.06.2013-ci il tarixindən 21.02.2019-cu il tarixə kimi ümumi olaraq 95450,61 ABŞ dolları əsas və faiz borcu üzrə silinmə aparılmışdır. (Əsas borc üzrə 47461,99 ABŞ dolları, faiz borcu üzrə 47988,62 ABŞ dolları). Əlavə olaraq müştərinin 30.11.2021-ci il tarixə AƏS-də 7538,01 əsas borcu və 3346,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10884,88 ABŞ dolları borcu mövcuddur. Ümumilikdə depozit vəsaitinin kredit borcuna və ona hesablanmış faizlərə silinməsi nəticəsində İddiaçı depozit hesabında hazırda vəsait mövcud deyil. İddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə etirazda da etiraf edildiyi kimi iddiaçı depozit müqaviləsi üzrə hesablanmış faizlərin bir hissəsini əldə etmişdir. Maliyyə arayışına əsasən depozit faizinin İddiaçıya verilmiş hissəsi 13691,12 ABŞ dolları təşkil etmişdir; İddiaçı kredit müqaviləsindən daha əvvəldən xəbərdar olmuşdur. Belə ki, o, N.S.Zülfüqarova verdiyi etibarnamənin ləğv edilməsi üçün notariat ofisinə 16.10.2015-ci il tarixli ərizə ilə müraciət etmişdir. İddiaçı tərəfindən kredit müqaviləsinin etibarlılığı mübahisələndirildiyindən Bank həmin müqavilənin icrası üzrə hər hansı hüquqi addım atmaq imkanında olmamışdır. Belə ki, Bankın akseptsiz qaydada İddiaçının depozit məbləğinin silinməsi məsələsi də kredit müqaviləsinin tərkib hissəsi olaraq mübahisələndirildiyindən Bank etibarlılığı mübahisələndirilən müqavilə bəndinə əsaslanaraq silinmə apara bilməzdi. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçiləri hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti edilməməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarında olan əmanətçi İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 06 iyun 2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilənin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 70000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun 60 ay 11,4 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 60 ay müddətinə bağlanmışdır. Müqavilənin 1.3-cü bəndində isə bankın pul məbləğini əmanətçidən qəbul etməsi, habelə müqavilə ilə müəyyən olunan müddətdə və qaydada əmanəti və ona hesablanan faizləri əmanətçiyə qaytarması (ödənməsini) öhdəsinə götürməsi müəyyən edilmişdir. Bankın fəaliyyəti ilə bağlı əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri yalnız müqavilə 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Bank bu barədə kütləvi informasiya vasitələrində müvafiq elanı dərc etməklə əmanətçiləri xəbərdar edir. İş materiallarında olan borcverən "xxxx" ASC-nin “Sahil” filialı ilə borcalan İddiaçı arasında 07.06.2013-cü il tarixli, 065 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən borc verən borc alana 55000 (əlli beş min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndində borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 06.06.2013-cü il tarixində "xxxx" ASC-nin “Sahil” filialı ilə İddiaçı arasında bağlanmış depozit müqaviləsinə 07.06.2013-cü il tarixli əlavəyə əsasən əmanətçinin 06.06.2013-cü il tarixli, 60 (altmış) ay müddətinə bankla bağlanmış depozit müqaviləsi üzrə ******************** saylı depozit hesabında 70000 (yetmiş min) ABŞ dolları məbləğində qoyulmuş vəsait – 07 iyun 2013-cü il tarixli 065 nömrəli, 07 iyun 2014-cü il tarixədək müddətinə olan 55000 (əlli min) ABŞ dolları məbləğində olan kredit sazişinin girovudur. Əmanətçi bank qarşısında 07 iyun 2013-cü il tarixli 065 nömrəli kredit sazişi üzrə öhdəsinə düşən 55000 (əlli beş min) ABŞ dolları məbləğində vəsaiti qaytarmadıqda banka qeyri-şərtsiz ixtiyar verilir ki, kredit üzrə öhdəliklərin ödənilməsi üçün əmanətçinin ******************** saylı depozit hesabında olan vəsaiti akseptsis qaydada kreditin ödənilməsinə silinsin. İş materiallarında olan 24.01.2019-cu il tarixli SAB 336 nömrəli "xxxx" ASC-nin bildirişində İddiaçı bildirilir ki, 5 (beş) iş günü ərzində Bank qarşısında mövcüd olan 77033,09 (yetmiş yeddi min otuz üç dollar doqquz sent) ABŞ dolları məbləğində borc öhdəliyini tam həcmdə yerinə yetirmədiyi təqdirdə, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən müvafiq məbləğ hesablaşma hesablarından akseptsiz qaydada silinəcəkdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankın 20.06.2019-cu il tarixli SAB 1082 nömrəli arayışına əsasən fiziki şəxs İddiaçı adından Bakı şəhəri 6 saylı dövlət notarial kontoru tərəfindən 19 noyabr 2010-cu il tarixdə X1 verdiyi etibarnamə əsasında 06 iyun 2013-cü ildən 07 iyun 2018-ci il tarixədək, yəni 60 (altmış) ay müddətinə illik 11,4%-lə 70000 (yetmiş min) ABŞ dolları məbləğində filiala əmanət yerləşdirilmişdir. Əmanət müqaviləsi üzrə müqavilə müddətinin sonunadək olan dövürdə əmanətin məbləği 70000 (yetmiş min) ABŞ dolları təşkil edib. Əmanətin faiz ödənişləri 05 iyul 2013-cü il tarixdən 07 noyabr 2017-ci ilədək yəni 53 (əlli üç) ay müddətində aylıq 665 (altı yüz altmış beş) ABŞ dolları faiz ödənilmişdir. Sonradan əmanətçinin faiz dərəcəsi 12 noyabr 2017-ci il tarixində 11,4%-dən 2% endirilmişdir. Ümumi əmanət üzrə faiz ödənişi 36226,19 (otuz altı min yüz iyirmi altı ABŞ dolları on doqquz sent) ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankın 20.06.2019-cu il tarixli, SAB 1081 nömrəli arayışına əsasən fiziki şəxs İddiaçı adından Bakı şəhəri 6 saylı dövlət notarial kontoru tərəfindən 19 noyabr 2010-cu il tarixdə, X1 verdiyi etibarnamə əsasında 07 iyun 2013-cü ildən 07 iyun 2014-cü il tarixədək, yəni 12 (on iki) ay müddətinə illik 16%lə 55000 (əlli beş min) ABŞ dolları məbləğində ABB-nin Sahil filialından kredit götürmüşdür. Kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan əsas borc 52400 (əlli iki min dörd yüz) ABŞ dolları, faiz borcu üzrə 6483,91 (altı min dörd yüz səksən üç ABŞ dolları doxsan bir sent) ABŞ dolları və cərimə borcu 0 təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 12.06.2018-ci il tarixli, 2(103)- 1536/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə 07.06.2013-cü il tarixli "depozit" müqaviləsinə əlavə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(102)-8173/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12.06.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4-cü bəndi özüözlüyündə müstəqil qaydada tərəflər üçün öhdəlik yaratmadığından (ən azından mülki qanunvericiliyin tələbləri baxımından öhdəliklərin icrasının təminatı üsulu ayrıca müqavilə şəklində bağlanılmalıdır), bankla müştəri arasında 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə bağlanılması zərurəti yaranmışdır. Məhz buna görə də kredit müqaviləsi bağlanıldığı gün öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə - 07.06.2013-cü il tarixli "depozit müqaviləsinə əlavə" bağlanılmış və həmin müqavilədə qeyd edilmişdir ki, "əmanətçinin 06.06.2013-cü il tarixli 60 (altmış) ay müddətinə bankla bağlanmış depozit müqaviləsi üzrə ******************** saylı depozit hesabında 70000 ABŞ dolları məbləğində qoyulmuş vəsait - 07.06.2013-cü il tarixli, 065 nömrəli, 07.06.2014-cü il tarixədək müddətinə olan 55000 ABŞ dolları məbləğində kredit sazişinin girovudur". Başqa sözlə, 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4-cü bəndi 07.06.2013-cü il tarixli "depozit müqaviləsinə əlavə" adlı müqavilə ilə rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12.06.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi ilə 07.06.2013-cü il tarixli "depozit müqaviləsinə əlavə" etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(102)-8173/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12.06.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müqavilədəki akseptsiz qaydada silinmə ilə bağlı müddəalar Mülki Məcəllənin 420-ci maddəsinin tələbləri baxımından da etibarsız hesab edilməlidir. Kreditin həm əsas, həm də faiz və dəbbə borcuna akseptsiz qaydada silinməsi, müqaviləni etibarnamə əsasında imzalayan şəxsin (məhkəmənin hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir) mənimsəmə ilə bağlı cinayət törətməsi iddiaçı üçün aşkar surətdə zərərli şərtlərlə və şəraitdə daxil edildiyi üçün etibarsız hesab edilməlidir. Hazırki halda 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin müddəti 07.06.2014-cü il tarixdə başa çatmışdır. Cavabdeh bankın xitam verilmiş, tərəflər üçün vəzifə yaratmayan (kreditin qaytarılması öhdəliyi istisna olmaqla) müqavilənin hər hansı bir bəndinə istinad edərək aşkar surətdə qarşı tərəfin ağır vəziyyətə düşməsinə səbəb olacaq hərəkətlər etməsi əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, bank ******************** saylı depozit hesabında 70000 ABŞ dolları məbləğində pul vəsaitini 55000 ABŞ dolları məbləğində kreditin həm əsas, həm də faiz və dəbbə borcuna akseptsiz qaydada silmişdir. Başqa sözlə, iddiaçını həmin kredit müqaviləsi üzrə borcu (əsas, faiz və dəbbə pulu) mübahisələndirmək imkanından məhrum etməklə, yəni bank tərəfindən öz mülahizəsinə uyğun pul məbləği müəyyən etməklə akseptsiz qaydada silinmə aparılmışdır ki, bu da mülki qanunvericiliyə ziddir (nəzərə alınmalıdır ki, akseptsiz qaydada silmə əməliyyatı kredit müqaviləsinin müddəti bitdikdən 5 il sonra aparılmışdır). Hazırkı mülki mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.06.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin 4-cü bəndini “əhəmiyyətsiz şərt” kimi göstərsə də, nəzərə almamışdır ki, həmin müqavilənin etibarlılığı depozit müqaviləsinə əlavə ilə birlikdə iddiaçı tərəfindən daha əvvəl mübahisələndirilmişdir. Həmin mübahisəyə yuxarıda qeyd olunan məhkəmə aktları ilə baxılaraq, əlavə etibarsız sayılsa da, iddia kredit müqaviləsinə aid hissədə rədd edilmişdir. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsi 12.06.2018-ci il tarixli qətnaməsi ilə depozit müqaviləsinə əlavəni etibarsız sayarkən bu nəticənin kredit müqaviləsini, yaxud onun 4-cü və silinməyə dair digər bəndlərini də əhəmiyyətsiz hala gətirməsi nəticəsinə gəlməmiş, kredit müqaviləsinin nə tamamını, nə də silinməyə aid bəndlərini qismən etibarsız saymamışdır. Beləliklə, eyni tərəflərin iştirak etdiyi həmin mülki işdə kredit müqaviləsinin (o cümlədən 4.1, 9.3 və 12.1-ci bəndlərinin) etibarlı olması hazırkı işdə hüquqi baxımdan müzakirə predmeti ola bilməz və əvvəlki qətnamə tərəflər üçün preyudisialdır. Kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, müqavilə (iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları) tərəflər üçün icrası məcburi olan öhdəliklər (hüquq və vəzifələr) meydana gətirir. Etibarlı bir əqd əsasında yaranmış öhdəliklərin aradan qalxması həmin müqavilənin müddətinin bitməsinə deyil, öhdəliyə xitam verilməsinin əsaslarına bağlıdır (Mülki Məcəllənin 527-559- cü maddələr). Başqa sözlə, müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq müqavilə üzrə yaranmış öhdəliklərin icrası gecikdirildikdə həmin razılaşmanın şərtlərinə uyğun olaraq kreditorun öz səlahiyyətlərindən istifadə etmək hüququ, borclunun isə öhdəliyini yerinə yetirmək vəzifəsi vardır. Təsadüfi deyil ki, Konstitusiya Məhkəməsinin Plenumu müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığının davam etdiyini və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmədiyini vurğulamışdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı). Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İkinci dəfə cavabdehin kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmə 11.06.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin iş üzrə əvvəlki qərarında şərh edilən və hazırki qərarda qeyd edilən göstərişlərin heç birinə əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Proseesual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin qərarındakı göstərişin icrası ilə bağlı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 9/314 saylı ekspert rəyində qey edilmişdir ki, “İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 07.06.2014-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan borcu və iş materiallarının 10-cu səhifəsində göstərilən bank tərəfindən borcun hesablandığı 30.11.2021-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: 07.06.2014-cü il tarixə: əsas borc üzrə - 52400,00 ABŞ dolları, faiz borcu üzrə - 7694,93 ABŞ dolları. 30.11.2021-ci il tarixə: əsas borc üzrə - 7538,01 ABŞ dolları, faiz borcu üzrə - 3346,88 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 06.06.2013-cü il tarixli “klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən Bankda 60 ay müddətinə illik 11,4%-lə yerləşdirilmiş 70000 ABŞ dolları əmanət məbləğinə 07.06.2013-cü il tarixdən 07.06.2018-ci il tarixə kimi ümumilikdə hesablanmış faizin məbləği 39900 ABŞ dolları məbləğində müəyyən edilir. Bildirilir ki, iş materiallarının 1-ci cildinin 118-ci səhifəsində öz əksini tapmış məlumata əsasən Əmanətçinin faiz dərəcəsinin 12.11.2017-ci il tarixində 11,4%-dən 2%-ə endirilməsi qeyd edilsə də bununla bağlı iş materiallarında hər hansı bir əmr və ya razılaşma mövcud deyildir. Belə ki, tərəflər arasında imzalanmış depozit müqaviləsinin müddətinin sonunda İddiaçı 70000 ABŞ dolları əsas, 39900 ABŞ dolları faiz ödənilməli idi. Bundan başqa bildirilir ki, qeyd edilən kredit müqaviləsi üzrə 07.06.2013-cü il tarixdən 07.06.2014-cü il tarixədək, həmçinin kredit müqaviləsinin müddətinin bitdiyi 07.06.2014-cü il tarixdən hazıradək hərhin depozit hesabından nə qədər ödəniş edilməsi hesabdan çıxarış vərəqəsinin “ödənişin təyinatı” hissəsində qeyd edilmədiyi (ödənişin kiminsə tərəfindən aparılması və yaxud hansısa hesabdan kredit hesabına köçürülməsi qeyd edilmədiyindən) üçün ekspert tərəfindən müəyyən edilə bilmədi. Lakin, iş materiallarının 2-ci cildinin 10-cu səhifəsində öz əksini tapmış bank tərəfindən təqdim edilmiş məlumatda ümumilikdə depozit vəsaitinin kredit borcuna və ona hesablanmış faizlərə silinməsi nəticəsində İddiaçı depozit hesabında hazırda vəsaitin mövcud olmadığı qeyd edilmişdir. Tərəflər arasında imzalanmış 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə halhazıradək ümumilikdə 95450,61 ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilsə də, bank tərəfindən təqdim edilmiş məlumatda ümumilikdə depozit vəsaitinin, yəni 70000 əsas və 39900 ABŞ dolları faiz məbləğinin 07.06.2013-cü il tarixli, 065 saylı kredit borcuna və ona hesablanmış faizlərə silinməsi nəticəsində İddiaçı depozit hesabında hazırda vəsaitin mövcud olmadığı göstərilmişdir”. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Baxılan işdə tərəflər arasında iki müqavilədən - depozit və kredit müqavilələrindən irəli gələn öhdəliklər olmuşdur. Hər iki müqavilə etibarlı olmaqla tərəflər üçün qarşılıqlı hüquq və vəzifələr doğurmuşdur. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər kredit borcunun ödənilməməsi riskinin təminatını - depozit hesabında olan vəsaitin bankın akseptsiz qayadada silmək hüququnu iki ayrı formada razılaşdırmışlar: 1) kredit müqaviləsinin 4.1, 9.3 və 12.1-ci bəndlərində; 2) depozitdəki vəsaitin girov olduğunu qeyd edən depozit müqaviləsinə əlavədə. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. İş üzrə müəyyən edilmiş hallara əsasən kollegiya qeyd edir ki, depozit müqaviləsinə əlavə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız sayıldığı üçün həmin razılaşma hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası digər təminat üsulu kimi kredit müqaviləsinin qeyd olunan bəndləri əsasında aparılmış silinməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 6.1 və 6.2-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Depozit müqaviləsinə əlavənin etibarsız sayılması ilə kredit müqaviləsinin 4-cü bəndinin də əhəmiyyətsiz hala gəlməsi və tərəflər üçün öhdəlik doğurmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı deyil. Ona görə ki, həmin şərtlər müstəqil əqd olan kredit müqaviləsində ayrıca bəndlərlə MM-in 460.1-ci maddəsində sadalanan müqavilələrdən fərqli olaraq “təminatın digər üsulu” kimi razılaşdırılmışdır. Bu səbəbdən də həmin şərtlərin qüvvəyə minməsi və nəticə doğura bilməsi üçün başqa bir razılaşmaya hüquqi baxımdan zərurət olmamışdır. Təminatın bu üsulu müqavilə azadlığı çərçivəsində bağlanmış əqdlər əsasında bank təcrübəsində geniş yayılmış və tez-tez tətbiq edilən qaydadır. Kollegiya həmçinin onu da vurğulayır ki, birinci instansiya məhkəməsi kredit müqaviləsinin 4-cü bəndini “əhəmiyyətsiz şərt” kimi qeyd etsə də, nəzərə almamışdır ki, həmin müqavilənin etibarlılığı depozit müqaviləsinə əlavə ilə birlikdə iddiaçı tərəfindən daha əvvəl mübahisələndirilmişdir. Həmin mübahisəyə yuxarıda qeyd olunan məhkəmə aktları ilə baxılaraq, əlavə etibarsız sayılsa da, iddia kredit müqaviləsinə aid hissədə rədd edilmişdir. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsi 12.06.2018-ci il tarixli qətnaməsi ilə depozit müqaviləsinə əlavəni etibarsız sayarkən bu nəticənin kredit müqaviləsini, yaxud onun 4-cü və silinməyə dair digər bəndlərini də əhəmiyyətsiz hala gətirməsi nəticəsinə gəlməmiş, kredit müqaviləsinin nə tamamını, nə də silinməyə aid bəndlərini qismən etibarsız saymamışdır. Beləliklə, eyni tərəflərin iştirak etdiyi həmin mülki işdə kredit müqaviləsinin (o cümlədən 4.1, 9.3 və 12.1-ci bəndlərinin) etibarlı olması hazırkı işdə hüquqi baxımdan müzakirə predmeti ola bilməz və əvvəlki qətnamə tərəflər üçün preyudisialdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilənlərə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarlı olduğundan onun akseptsiz silinməyə dair 4.1, 9.3 və 12.1-ci bəndləri hüquqi nəticə doğurur. Yəni həmin təminat şərtləri borc öhdəliyinin icrası gecikdirildiyi (kreditin qaytarılmasının təhlükə (risk) altına düşdüyü) halda banka kredit borcunu iddiaçının hesabındakı depozitdən silmək hüququ verir. İddiaçı kredit müqaviləsi bağlayarkən həmin şərtlərlə razılaşdığı üçün “anlaşma qanundur (conventio est lex)” qaydasına uyğun olaraq ona qatlanmaq öhdəliyi daşıyır. Odur ki, cavabdehin akseptsiz silinmə ilə bağlı hərəkərləri tərəflərin bağladıqları müqaviləyə (iddiaçının verdiyi müqavilə təminatına) və qanunvericiliyə uyğundur. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin 07.06.2014-cü ildə bitməsinə görə kreditin qaytarılması öhdəliyi istisna olmaqla, tərəflər üçün vəzifə yaratmaması və onun hər hansı bəndinə istinadın əsassız olmasına dair mövqeyi ilə də razılaşmayaraq bildirir ki, sözügedən müqavilənin müddətinin bitməsi ondan irəli gələn və icra edilməmiş öhdəlikləri, o cümlədən bankın kredit borcunu depozit hesabından akseptsiz qaydada silmək hüququnu aradan qaldırmır Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə onlar üçün icrası məcburi olan öhdəliklər (hüquq və vəzifələr) meydana gətirir. Etibarlı bir əqd əsasında yaranmış öhdəliklərin aradan qalxması həmin müqavilənin müddətinin bitməsinə deyil, öhdəliyə xitam verilməsinin əsaslarına bağlıdır (Mülki Məcəllənin 527-559-cü maddələr). Müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq müqavilə üzrə yaranmış öhdəliklərin icrası gecikdirildikdə həmin razılaşmanın şərtlərinə uyğun olaraq kreditorun öz səlahiyyətlərindən istifadə etmək hüququ, borclunun isə öhdəliyini yerinə yetirmək vəzifəsi vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(006)- 2579/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-389/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-389/2022
10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver