Məhkəmə qərarları › İş №2(103)-389/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-389/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-389/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsi olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-389/2025 (Açar sözlər: evə köçürülmə; evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı1 nümayəndə-vəkili Vəkil3, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsi olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-77/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri və Cavabdeh1 həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçılar iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onların Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 1999-cu il tarixdə Abşeron rayonu Südçülük sovxozu üzrə 25 dekabr 1998-ci il tarixli 28 saylı əmrdən çıxarışa əsasən torpaq sahəsi ona ayrılmışdır. Hazırda həmin torpaq sahəsi onun sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsində o, fərdi yaşayış evi tikmişdir. Qızı İddiaçı2 Cavabdeh1 ilə 2006-cı il tarixində nikaha daxil olduqdan sonra yaşamağa yerləri olmadığı üçün əri və uşaqları ilə birgə bir müddət həmin evdə yaşamışlar. 2021-ci il tarixdə qızı Cavabdeh1 ilə rəsmi qaydada nikahları pozulmuşdur. Bundan sonra isə onu, qızını və uşaqlarını ona məxsus evdən qovmuş, özü isə həmin evi zəbt etmişdir. Sonradan o, evinə baxmağa gələrkən evdə ona və qızına məxsus ev əşyalarının mənimsənildiyini, onların bir hissəsinin talan edildiyini, digər hissəsinin oğurlandığını, evinin bərbad vəziyyətə salındığını aşkar etmişdir. Daha sonra isə ona məxsus fərdi yaşayış evini digər şəxsə qanunsuz yollarla satdığını aşkar etmişdir. Belə ki, evinə getdiyində evdə başqa şəxslərin yaşadığını görmüşdür. Hətta heç bir hüququ olmadan həyətyanı sahəsini bölərək başqa şəxslərə satdığı ona məlum olmuşdur. Həmin evə heç bir haqqı olmayan, evin tikilməsində və abadlaşdırılmasında heç bir iştirakı olmayan Cavabdeh1 onu və qızı İddiaçı2 evə buraxmır. Həmin fərdi yaşayış evində o və qızı İddiaçı2 məxsus əşyalar mövcuddur. Onlar faktiki olaraq yaşayış yerlərindən məhrum olmuşlar, başqa yaşayış yerləri yoxdur və kirayədə yaşayırlar. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə edilir. Südçülük sovxozunda yerləşən 0,03 ha torpaq sahəsi fərdi yaşayış evinə görə kommunal xərcləri o ödəmişdir. Göründüyü kimi, onun və qızının ailə üzvləri qeyd olunan fərdi yaşayış evində yaşamışlar və yaşadıqları yerdən məhrum edilmişlər.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-77/2024 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi təmin edilməmişdir. .

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 180-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 48.4, 49.1, 49.2, 50.1, 55, 65-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarından görünür ki, İddiaçı1 aid torpaq sahəsinin əsli olduğu halda və həmin sənədin arxivdən çıxarışı təqdim edildiyi halda torpağın digər cavabdehlər - Cavabdeh3 aid olmasını təsdiq edən sənədin əsli və ya arxivdən çıxarış mövcud deyil və torpağın Cavabdeh2na aid olması barədə, ümumiyyətlə, sənəd mövcud deyil. Məhkəmə isə bu hallara hüquqi qiymət verməyib. Həmçinin xx.xx.1998-ci il tarixli Əmrdən çıxarışdan görünür ki, torpaq sahəsi İddiaçı1 mənzil sahəsinə olan ehtiyacı üçün verilmişdir. Eyni zamanda İddiaçı1 ayrılmış torpaq sahəsinin xəritədən cizgisi və ölçü plan-sxemi məhkəməyə və ekspertizaya təqdim edilmişdir. Lakin ekspertin cavabdehlər tərəfindən torpaq sahəsinə girişinə icazə verilmədiyi üçün natamam rəy vermişdir. Halbuki, məhkəmə iş üzrə əhəmiyyətə malik ekspert rəyinin alınması üçün qanunla ona verilmiş səlahiyyətdən istifadə edib ekspertin torpaq sahəsinə girişini təmin edə bilərdi. Məhkəmə öz qərarını əsaslandırarkən xx.xx.2008-ci il tarixli qərarını əsas göstərmişdir. Halbuki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçıların və cavabdehlərin mübahisəli torpaq sahəsində nəzamandan yaşamasını, orada yaşadıqlarını təsdiq edən digər sübutlara hüquqi qiymət verməyib. Abşeron rayon Dövlət Arxivi tərəfindən sorğuya verilən cavabdan görünür ki, İddiaçı1 torpaq sahəsinin ayrılması barədə Abşeron rayon X5 xx.xx.1998-ci il tarixli 28 saylı əmri mövcuddur. Lakin Cavabdeh3 adı Abşeron rayon X5 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrində aşkar edilməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

10. Apellyasiya baxışında iştirak edən İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

11. Apellyasiya baxışında iştirak edən İddiaçı1 nümayəndə-vəkili Vəkil3 apelyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

12. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya baxışında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.

14. Apellyasiya baxışında iştirak edən Cavabdeh2apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Rеspublikası Kоnstitusiyası.

16. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə. 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək qüvvədə olan keçmiş Torpaq Məcəlləsi

20. Maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir.

21. Maddə. 24. Kənd təsərrüfatına yararlı torpaqlar bir qayda olaraq kənd təsərrüfatı istehsalı məqsədləri üçün verilir.Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən müəyyən edilir.

22. Maddə 26. Sənaye və mülki tikintiləri, dəmir və avtomobil yolları, elektrik və rabitə xətləri, magistral boru kəmərləri çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaq sahələri verilir.Göstərilən məqsədlər üçün dövlət meşə fondu torpaqlarından torpaq sahələri meşə ilə örtülü olmayan, yaxud meşəbitmə şəraitinə görə yararsız sahələrdən verilir. Kənd təsərrüfatı torpaqlarında sənaye obyektləri və kommunikasiyalar elə yerləşdirilməlidir ki, kolxozlarda, sovxozlarda və digər kənd təsərrüfatı müəssisələrində və təşkilatlarında qalan torpaqlardan onların istifadə etməsinə maneçilik yaratmasın. Faydalı qazıntılar olan yerlərdə tikinti üçün torpaq sahələrinin ayrılması dağ-mədən qanunvericiliyi ilə tənzimlənir. Elektrik, rabitə xətləri və digər xətt kommunikasiyaları, başlıca olaraq yollar, mövcud xətlər və i. a. boyunca çəkilir. Qeyri-kənd təsərrüfatı və meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1) obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsi verilməsinin rəsmiləşdirilməsi.

23. Maddə 29. Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.

24. Maddə 41. Xüsusi mülkiyyətinə, sahibliyinə, daimi və müvəqqəti istifadəsinə torpaq sahələri verilmiş vətəndaşlardan, kolxozlardan, sovxozlardan, kəndli (fermer) təsərrüfatlarından, dövlət, kooperativ, ictimai müəssisələrdən, idarələrdən, təşkilatlardan, digər dövlətlərin hüquqi şəxslərinin iştirak etdiyi birgə müəssisələrdən beynəlxalq birliklərdən və təşkilatlardan, xarici hüquqi və fiziki şəxslərdən torpaq vergisi tutulur.

25. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

26. Maddə 72. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin tikinti torpaqları tikilmiş sahələrdən və mənzillərin, mədəni-məişət sənaye obyektlərinin, digər tikintilərin və qurğuların inşası üçün nəzərdə, tutulan torpaqlardan ibarətdir. Bu torpaqlar müəssisələrə, idarələrə, təşkilatlara mənzillərin, mədəni-məişət, sənaye obyektlərinin, digər tikililər və qurğuların inşası, eləcə də vətəndaşlara fərdi və kollektiv mənzil tikintisi və onların istismarı üçün verilir. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları həmin məqsədlər üçün sahibliyə, istifadəyə, icarəyə, habelə müvafiq hallarda xüsusi mülkiyyətə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə təsdiq edilən normalara və ya layihə-texniki sənədlərə müvafiq surətdə verilir. Rayon, şəhər xalq deputatları Sovetləri dövlət, kooperativ, ictimai müəssisələrin, idarələrin və təşkilatların istifadəsinə və ya icarəsinə torpaq sahələrini onların ixtiyarında olan tikililərlə birlikdə aşağıdakı məqsədlər üçün verə bilər: 1) yarımçıq qalmış tikililəri—tikib başa çatdırmaq üçün; 2) dağıdılmış tikililəri—bərpa etmək üçün; 3) üstündə yeni mərtəbələr tikilməsinə imkan verən tikililəri; 4) mövcud tikililərin divarlarından istifadə edilməklə, yeni yapışıq tikililərə imkan verən tikililəri 5) təsərrüfatçılıq baxımından məqsədəuyğun sayılacaq kiçik həcmli və az qiymətli tikililəri — yenidən qurulub daha böyük həcmdə və daha qiymətli evlərə çevrilməsi üçün; 6) torpaq sahəsinin texniki cəhətdən mövcud binalarla ümumi heyətlə, vahid su kəməri, kanalizasiya və mərkəzi isitmə şəbəkəsi ilə əlaqədar olan əlavə binalar tikilməsi üçün istifadə edilə biləcək hissəsini yarımçıq qoyan tikililərlə birlikdə.

27. Maddə 74. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarında tikili və ya onun bir hissəsi üzərində mülkiyyət və ya istifadə hüququ başqasına keçərkən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət və ya ondan istifadə hüququ da keçir.

Azərbaycan Respublikasının qüvvədə olan Torpaq Məcəlləsi

28. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.

39. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Lakin bu zaman nəzərə alınır ki, iddia rədd olunsa da, qətnamədən yalnız İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir

40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində də yanlışlığa yol vermişdir.

41. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Abşeron rayon hövsan südçülük sovxozu üzrə verilmiş xx.xx.1998-ci il tarixli 28 saylı çıxarışdan görünür ki, İddiaçı1 ev tikmək üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin eyni tarixli, eyni saylı digər bir çıxarışa əsasən Cavabdeh3 ev tikmək üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Hazırda hər iki tərəf özlərinə aid olan əmrdən çıxarışa istinad edərək mübahisəli torpaq sahəsindən istifadənin özlərində qalmalı olduğu qənaətindədirlər.

42. Kollegiya qeyd edir ki, ilk növbədə işə tətbiq olunmalı mülki hüquq normasının müəyyənləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

43. Belə ki, yuxarıda da göstərildiyi kimi hər iki tərəf mübahisəli sahəyə olan hüquqlarının xx.xx.1998-ci il tarixli əmrə söykəndiyini bildirmiş və hazırki məhkəmə mübahisəsinin predmetini də iddiaçının həmin əmrə əsasən torpaq sahəsinə köçürülmə hüququnun mövcud olub-olmaması təşkil etmişdir. Ona görə də qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırki iddia üzrə mübahisəyə köhnə Torpaq Məcəlləsinin (xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək qüvvədə olan) müddəaları tətbiq edilməlidir və birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.

44. Həmin Məcəllənin 23 və 57-ci maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

45. Sözügedən Məcəllənin 72-ci maddəsinə görə şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin tikinti torpaqları tikilmiş sahələrdən və mənzillərin, mədəniməişət sənaye obyektlərinin, digər tikintilərin və qurğuların inşası üçün nəzərdə, tutulan torpaqlardan ibarətdir. Bu torpaqlar müəssisələrə, idarələrə, təşkilatlara mənzillərin, mədəni-məişət, sənaye obyektlərinin, digər tikililər və qurğuların inşası, eləcə də vətəndaşlara fərdi və kollektiv mənzil tikintisi və onların istismarı üçün verilir. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları həmin məqsədlər üçün sahibliyə, istifadəyə, icarəyə, habelə müvafiq hallarda xüsusi mülkiyyətə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə təsdiq edilən normalara və ya layihə-texniki sənədlərə müvafiq surətdə verilir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir.

47. Hazırki iş materiallarından göründüyü kimi, Abşeron rayon hövsan südçülük sovxozu üzrə verilmiş xx.xx.1998-ci il tarixli 28 saylı çıxarışdan görünür ki, İddiaçı1 ev tikmək üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin eyni tarixli, eyni saylı digər bir çıxarışa əsasən Cavabdeh3 ev tikmək üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Bu isə o deməkdir ki, sözügedən əmrlərdən biri qanuni əsaslara və köklü sənədlərə söykənmiş, digəri isə öz mötəbərliyini digər dəlillərlə təsdiq edə bilməmişdir.

48. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2023-cü il tarixli 5-12/2-1555/2023 saylı məktubundan görünür ki, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və alınan məlumatda xx.xx.1998-ci il tarixli 28 saylı əmrdən çıxarışa əsasən İddiaçı1 və X2 ayrılmış 0,03 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından və Xəzər RİH-də bu torpaq sahəsi barədə məlumat olmadığından hazırda kimin balansında olmasına dair məlumat verilməsi mümkün olmamışdır.

49. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2023-cü il tarixli 3-52/2- 4119/2023 saylı məktubundan görünür ki, sorğuda qeyd olunan xx.xx.1998-ci il tarixli 28 saylı əmrə əsasən İddiaçı1 və Cavabdeh3 ayrılmış torpaq sahəsinin hansı idarə tərəfindən verilməsi barədə məlumat təqdim edilməlidir və həmin torpaq sahələrinin kimin balansında olması barədə arxivdə məlumat yoxdur.

50. Binə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 104 saylı, xx.xx.2023-cü il tarixli, 13 saylı və xx.xx.2025-ci il tarixli, 131 saylı məktublarından görünür ki, İddiaçı1 Abşeron rayon X5 28 saylı xx.xx.1998-ci il tarixli əmrdən çıxarışa əsasən fərdi ev tikmək üçün ayrılmış 0,03 ha torpaq sahəsinə görə Binə Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2023-cü il tarixə kimi torpaq və əmlak vergisini ödəmişdir. Cavabdeh3 isə Binə qəsəbəsi Hövsan südçülük sovxozu ərazisində təyinatı üzrə torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə Binə Bələdiyyəsində heç bir məlumat yoxdur. Adları çəkilən şəxslərin heç birinə Binə Bələdiyyəsi tərəfindən mülkiyyətə, icarəyə və ya istifadəsinə torpaq sahəsi ayrılmamışdır

51. İlkin olaraq qeyd edilən iş materiallarından göründüyü kimi, həm iddiaçı, həm də cavabdehə xx.xx.1998-ci il tarixli, 28 saylı əmrlə konkret olaraq hansı idarə tərəfindən torpaq ayrılması müəyyən olunmasa da, Binə Bələdiyyəsinin reyestrində sırf həmin əmrlə sözügedən torpağa görə məhz iddiaçı vergi ödəyicisi kimi qeydə alınmış, cavabdehə isə Binə qəsəbəsi Hövsan südçülük sovxozu ərazisində bu və ya digər bir əmrlə hər hansı torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilməmişdir.

52. xx.xx.2001-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 41-ci maddəsinə əsasən xüsusi mülkiyyətinə, sahibliyinə, daimi və müvəqqəti istifadəsinə torpaq sahələri verilmiş vətəndaşlardan, kolxozlardan, sovxozlardan, kəndli (fermer) təsərrüfatlarından, dövlət, kooperativ, ictimai müəssisələrdən, idarələrdən, təşkilatlardan, digər dövlətlərin hüquqi şəxslərinin iştirak etdiyi birgə müəssisələrdən beynəlxalq birliklərdən və təşkilatlardan, xarici hüquqi və fiziki şəxslərdən torpaq vergisi tutulur.

53. Qeyd edilən maddənin də tələblərindən göründüyü kimi torpaq vergisi tutulan şəxslərin dairəsi dəqiq müəyyən edilmiş və bunun üçün vətəndaşın xüsusi mülkiyyətinə, sahibliyinə, yaxud daimi və müvəqqəti istifadəsinə torpaq sahələri verilmiş olmalıdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı mübahisəli torpaq sahəsi üçün vergi ödəyicisi kimi qeydə alınarkən buna hüququnun çatıb-çatmaması artıq yoxlanmışdır.

54. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron rayon dövlət arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətin icrası ilə əlaqədar Abşeron rayon dövlət arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon hövsan südçülük sovxozu üzrə verilmiş xx.xx.1998-ci il tarixli 28 saylı əmrində İddiaçı1 adına olan arxiv arayışı təqdim edilmiş, lakin Cavabdeh3 adı sözügedən əmrdə aşkar edilməmişdir.

55. Bundan əlavə iş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin 300 m2 olması məlum olmuşdur. Sözügedən torpaq sahəsinin və orada inşa edilmiş fərdi yaşayış evinin İddiaçı1 aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə qonşuluqda yaşayan sakinlərlə əlaqə saxlanılmış, həmin torpaq sahəsinin və oradakı fərdi yaşayış evinin İddiaçı1 məxsus olduğunu bildirmişlər. O cümlədən iş materiallarından da görünür ki, həmin qonşulardan bəziləri sözügedən ifadələrini notarial qaydada da ərizə formasında təqdim etmişlər.

56. O cümlədən iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsində inşa edilən fərdi yaşayış evi ilə bağlı bütün kommunal xidmətlər üzrə müqavilələr iddiaçı ilə bağlanmış, hələ 2012-ci ildə “Bakı Elektrikşəbəkə“ ASC ilə iddiaçı arasında kommunal xidmətin təchizatı ilə bağlı müəyyən yazışmalar aparılmışdır.

57. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9197 saylı rəyindən görünür ki, texniki baxış zamanı məlum olmuşdur ki, arxiv sənədlərinə əsasən torpaq sahəsi 2500.0 kv.m-dir. Sahənin qeydiyyata alındığından əvvəl 149.0 kv.m hissəsi, qeydiyyatdan keçmiş 2351.0 kv.m torpaq sahəsinin plan-ölçüsünə əsasən isə sonradan (cavabdehlər tərəfindən) 188.09 kv.m hissəsi qonşu sahə tərəfindən hasarlanaraq istifadə edilir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozunda Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 saylı müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Sahənin qeydiyyatı və hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi iki hissəyə bölünmüş və bölünən hissədə yaşayış evi (yeni) inşa edilmişdir. Ərazidə iddiaçının evi mövcuddur. Lakin, evlərdə başqa şəxslər yaşadığından evlərə və əraziyə daxil olmaq mümkün olmamışdır.

58. Sözügedən ekspert rəyinin natamam olması səbəbindən apelyasiya baxışı zamanı yenidən ekspertiza təyin olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9241 saylı rəydə göstərilmişdir ki, Abşeron rayon Hövsan südçülük sovxozu üzrə verilmiş xx.xx.1998-ci il tarixli 28 saylı əmri ilə İddiaçı1 ayrılmış 0,03 ha torpaq sahəsi Abşeron rayon X5 ərazisinə aiddir və koordinatlar təqdim edilmişdir. Abşeron rayon Hövsan südçülük sovxozu üzrə verilmiş xx.xx.1998-ci il tarixli 28 saylı əmri ilə İddiaçı1 ayrılmış 0,03 ha torpaq sahəsi tərtib edilmiş sxemə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 istifadələrində olan torpaq sahəsi ilə üst-üstə düşür.

59. Sübutların tədqiqindən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsi uzun müddət, yəni cavabdehlər tərəfindən məhrumetmə baş tutmadan əvvəl iddiaçının istifadəsində olmuş və bunun əsasında müəyyən köklərə malik olan əmr çıxış etmiş, cavabdehlərin hazırda məskunlaşdığı torpaq sahəsi də məhz iddiaçıya ayrılmış torpaqla üst-üstə düşmüşdür. Cavabdehlər öz mülahizələrində Cavabdeh3 ayrılmış torpaq sahəsində sonradan 2 ev tikildiyini və onlardan birinin Cavabdeh2 satıldığını, sonuncu isə orada yenidənqurma işləri apardığını bildirmişdir. Lakin iş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş “torpaq sahəsinin yerləşmə cizgiləri”ndən görünür ki, naturada təqdim olunmuş torpaq sahəsi Abşeron rayon X5 Bakıya qaytarılmış ərazisində yerləşir, sahəsi 0,03 ha-dır. Dövlət mülkiyyəti olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir. Həmin sovxozun xx.xx.1998-ci il tarixli, 28 saylı əmr ilə İddiaçı1 ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş sxemdə göstərilən sahəyə uyğundur. Sözügedən torpaq sahəsində 2011-ci ildə fərdi yaşayış evinin inşasına başlanmış və 2013-cü ildə tikinti işləri başa çatmışdır. Ortofoto görüntülərində 2014-cü ildə isə həmin torpaq sahəsində digər fərdi evin tikildiyi müşahidə olunur.

60. Göründüyü kimi Cavabdeh3 hər iki evin onun tərəfindən inşa olunduğunu bildirsə də, mübahisəli ev İddiaçı1 ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş sxemlə üst-üstə düşməklə onun inşası vaxtı artıq ev üzrə kommunal xidmətlər iddiaçının adına qeydə alınmış və evin faktiki sahibi kimi yazışmalar da onunla aparılmışdır.

61. Bundan əlavə işin apelyasiya baxışı zamanı eyni tarixli, eyni saylı və İddiaçı1 adına ayrılmış torpaq sahəsinin ölçüsünün 0.06 ha göstərildiyi digər bir əmrdən çıxarış da aşkar olunmuş və Cavabdeh3 həmin çıxarışa istinad edərək iddiaçıya və özünə ayrılmış torpaqların fərqli sahələrə aid olduğunu bildirmişdir. Göstərilən mövqeyə münasibətdə kollegiya qeyd edir ki, hər nə qədər belə bir sənəd təqdim olunsa da, hər bir halda cavabdehə torpağın ayrılması barədə əmrin kökündə hər hansı digər əsasların olduğu müəyyən edilməmiş, iddiaçının isə hazırda mübahisəli evin təkindəki torpaq sahəsinə dair hüquqlarını təsdiq edən dəlillər mövcud olmuş, o cümlədən yuxarıda qeyd edilən ekspert və mütəxəssis rəylərinə əsasən cavabdehlərin hazırda məskunlaşdıqları evin plan-sxemə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları daxilində olması öz təsdiqini tapmışdır. Buna görə də cavabdehin mülahizələrinin hər hansı əsası müəyyən edilməmişdir.

62. Beləliklə, qeyd edilən sübutların tədqiqi onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş və iddiaçının istifadəsində olmuş fərdi yaşayış evinin cavabdehlər tərəfindən zəbt edilməsinin hər hansı qanuni əsası mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi İddiaçı1 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Digər iddiaçıya münasibətdə isə kollegiya qeyd edir ki, iddianın hər iki iddiaçıya münasibətdə rədd edilməsi barədə qətnamə İddiaçı2 tərəfindən mübahisələndirilmədiyindən, o cümlədən hazırda iddianın İddiaçı1 münasibətdə təmin olunması və onun evə köçürülməsi, digər şəxslərin isə evdən çıxarılması özündə sonuncunun ailə üzvlərini və ya istədiyi şəxsi ora köçürmək imkanını ehtiva etdiyindən, iddianın İddiaçı2 münasibətdə baxılması məqsədəmüvafiq hesab edilmir.

63. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

64. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

65. Bu halda Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə mövcud sübutlar əsasında baxaraq hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun saxlanmasına dair hər hansı qanuni əsas müəyyən edilmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

67. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

69. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

70. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumlarının yarısı, yəni cəmi 75 manatın əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 ödənilməlidir.

72. O cümlədən birinci instansiya və apelyasiya instansiyasında keçirilmiş ekspert tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat pulun 50 manat hissəsi İddiaçı2, qalan 50 manatı isə cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-77/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumlarının yarısı, yəni cəmi 75 (yetmiş beş) manatın əvəzi cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı1 ödənilsin. Birinci instansiya və apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan cəmi 100 (yüz) manat pulun 50 (əlli) manat hissəsi İddiaçı2, qalan 50 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar