Məhkəmə qərarları › İş №2(103)-3890/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3890/2021

05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3890/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdr. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-ci ildə iddiaçının qardaşı Cavabdeh “xxxx” ASC-dən kredit götürmək istədiyini, lakin ona rəsmiyyət üçün zamin lazım olduğunu və iddiaçıdan onun bu krediti götürməsinə kömək edərək zamin durmağını xahiş etmişdir. İddiaçı da qardaşı olduğu üçün cavabdehin xahişini nəzərə almış və həmin kredit müqaviləsində iddiaçının adı zamin kimi rəsmiləşdirilmişdir. Lakin cavabdeh bank qarşısında olan öhdəliyini yerinə yetirmədiyi üçün bank ona qarşı məhkəməyə iddia ərizəsi vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.02.2012-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilərək borclu və zamindəm 1907 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar tutma hazırkı iş üzrə iddiaçının pensiyasına yönəlmiş və ondan ümumilikdə 750 manat məbləğində pul tutulmuşdur. Cavabdehə dəfələrlə ona görə ödədiyi pulun geri qaytarılmasını xahiş etsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh əsas borca görə 750 (yeddi yüz əlli) manatın və hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli manat) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən, yəni hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 250 manat məbləğində pulun ondan tutulması hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcunun ödənilməsi üçün hər ay pulu Bakı şəhəri Baş Polis İdarəsində Maliyyə şöbəsində işləyən şəxsə vermişdir və həmin şəxs isə pulu banka ödəmədən mənimsəmişdir. Həmçinin iddiaçı guya 250 manat pulu hüquqi yardım üçün ödədiyini bildirmişdir. Məhkəmə isə bu məbləği əsassız olaraq ondan tutulmasını təmin etmişdir. Binəqədi rayon məhkəməsinin hakimi bu nüansları nəzərə almamaqla maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçıya olan borcu qəbul edir və ödəyəcək. Lakin hüquqi yardıma görə 250 manatın ondan niyə tutulduğunu bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti qəbul etmədiyini bildirərək təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddianın hüquqi yardıma görə ödənilmiş 250 manat məbləğində pulun tutulması hissəsində mübahisələndirdiyi üçün hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir, başqa sözlə, qətnamə iddia tələbinin əsas borcun tutulması hissəsində hazırki apelyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı hüquqi xidmətlərə görə “xxxx” MMC-yə cəmi 250 manat pul ödəmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı göstərilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar