Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3893/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinə əməl olunmaması, müqavilə üzrə əksik verilmiş sahənin dəyərinin ödənilməsi, kommunal xidmətlərə görə sayğacların quraşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə ünvan 1 ünvanda, İTRYŞ-nə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 (dörd) girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 86.6 kv.m olan 2 otaqlı 94 nömrəli mənzillə əlaqədar xx.xx.2012-ci il tarixdə 141 saylı müqavilə bağlanmış, müqaviləyə görə MTK, həmin mənzili müqavilədə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində İddiaçı verilməsini təmin etməyi, Əsgər Məmmədov isə bir kv.mnin qiyməti 650 manat razılaşdırılan mənzilin cəmi dəyərini təşkil edən 56 290 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.
2. Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli 000141 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 E ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 94 nömrəli mənzilin dəyərini tam ödəmişdir.
3. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə ünvan 1 ünvanda, İTRYŞ-nə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 (dörd) girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 149.26 kv.m olan, 3 otaqlı 95 nömrəli mənzillə əlaqədar xx.xx.2012-ci il tarixdə 142 saylı müqavilə bağlanmış, müqaviləyə görə MTK, həmin mənzili müqavilədə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində İddiaçı verilməsini təmin etməyi, Əsgər Məmmədov isə bir kv.mnin qiyməti 650 manat razılaşdırılan mənzilin cəmi dəyərini təşkil edən 97 019 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.
4. Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli 000142 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 95 nömrəli mənzilin dəyərini tam ödəmişdir.
5. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 94 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 421, M5, mənzil 2) xx.xx.2021ci il tarixdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış, reyestr çıxarışında mənzilin ümumi sahəsi 74,10 m2 göstərilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasporta görə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 94 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 421, M5, 2) saylı mənzilin ümumi sahəsi 74.10 kv.m olmaqla dəhliz 10.8 kv.m, yaşayış otağı 25.3 kv.m, lociya 1.8 kv.m, mətbəx 17.5 kv.m, yaşayış otağı 15.3 kv.m və sanitar qovşağ isə 3 kv.m təşkil edir.
7. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 95 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 421, M5, mənzil 3) xx.xx.2021ci il tarixdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış, reyestr çıxarışında mənzilin ümumi sahəsi 126,10 m2 göstərilmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasporta görə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 95 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 421, M5, 3) saylı mənzilin ümumi sahəsi 126,1 kv.m olmaqla hall 27,1 kv.m, yaşayış otağı 33.1 kv.m, lociya 1.9 kv.m, sanitar qovşağ 6.3 kv.m, sanitar qovşağ 3.7 kv.m, yaşayış otağı 17.6 kv, yaşayış otağı 16.3 kv.m, mətbəx 16 kv.m, balkon isə 1.1 kv.m təşkil edir.
9. 27.11.2015-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 95 nömrəli mənzilə aid olan işıq, qaz və su sayğacları üçün MTK-ya 875 manat ödəmişdir.
10. 27.11.2015-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 94 nömrəli mənzilə aid olan işıq, qaz və su sayğacları üçün MTK-ya 875 manat ödəmişdir.
11. İddiaçı Cavabdeh MTK-ya ərizə ünvanlamış, ərizədə ünvan 3illərin alıması üçün artıq ödədiyi 23 179 manat pulun və həmin mənzillərə qaz, su və elektrik sayğaclarının çəkilməsi üçün ödədiyi 1750 manatın ona geri qaytarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı (iddiaçı) Cavabdeh MTK-ya (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli mənzillərinə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 421, M5, m2 və m3) görə artıq ödədiyi 8125 manatın və 15 054 manatın, ümumilikdə 23 179 (iyirmi üç min bir yüz yetmiş doqquz) manatın, habelə iddia ərizəsi üçün ödədiyi 160 (bir yüz altmış) manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanan xx.xx.2012-ci il tarixli 141 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 241E saylı ünvanda İctimai Televiza və Radio Yayımları Şirkətinə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 86,6 kv.m olan 2 otaqlı 94 nömrəli mənzili 1 kv.m-nın qiyməti 650 manat olmaqla 56 290 manata, xx.xx.2012-ci il tarixli 142 nömrəli müqaviləyə əsasən isə həmin binanın 3 nömrəli girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 149,26 kv.m olan 3 otaqlı 95 nömrəli mənzili 1 kv.m-nin qiyməti 650 manata olmaqla cəmi 97 019 manata almış, hər iki mənzilin dəyərini tam olaraq ödəmişdir. Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi ev 241 E, mənzil 94-ə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış və xx.xx.2021-ci il tarixli Texniki Pasport, mənzil 95-ə dair qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış və xx.xx.2021-ci il tarixli Texniki Pasport almışdır. Mənzillərə dair çıxarışları və texniki pasportları aldıqdan sonra məlum olmuşdur ki, müqavilələrdə 94 nömrəli mənzilin sahəsi 86,6 kv.metr qeyd olunsa da, əslində həmin mənzilin sahəsi 74,10 kv.m, 95 saylı mənzilin sahəsi 149,26 kv.m qeyd olunsa da, həmin mənzilin sahəsi 126,10 kvadrat metrdir. Göründüyü kimi cavabdeh müqavilədə həmin mənzillərin sahəsini həqiqi ölçülərindən daha çox qeyd etməklə ondan artıq pul almışdır. Belə ki, 94 saylı mənzilin şişirdilərək həqiqətdə mövcud olmayan 12,5 kv.m sahəsinə görə o, 8125 manat, 95 saylı mənzilin şişirdilərək həqiqətdə mövcud olmayan 23,16 kv.m sahəsinə görə isə 15 054 manat, ümumilikdə 23 179 manat artıq ödəniş etmişdir. Nəticədə cavabdeh ondan ümumilikdə 23 179 manat artıq pul almışdır. Ödədiyi artıq puların geri qaytarılması üçün pretenziya qaydasına əməl edərək xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. Yaranmış mübahisənin həlli üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisənin faktiki hallarına və qeyd olunan qanun normalarına əsaslanaraq hesab edir ki, cavabdehə mənzillərə görə artıq ödənilən 8125 manat və 15 054 manat cavabdehdən tutularaq ona ödənilməlidir.
14. Sonradan iddiaçının nümayəndəsi (vəkili) bir-neçə dəfə iddia tələbinin həcminin artırılmasına və azaldılmasına dair ərizələr təqdim etmiş, son olaraq Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli mənzillərinə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 421, M5, m2 və m3) görə artıq ödənilən 8125 manatın və 15 054 manatın, mənzillərdə quraşdırılmış qaz, işıq və su sayğaclarına görə alınan 1750 manatın, yəni cəmi 24 929 manatın və 180 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirmiş və iddiaya qarşı təqdim etdiyi yazılı etirazda aşağıdakıları göstərmişdir: “Tərəflərin sərbəst iradə ifadəsi ilə bağlanmış xx.xx.2012-ci il tarixli 141 saylı müqaviləyə görə, ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsindəki 2 otaqlı 94 saylı mənzilin ümumi sahəsi 86,6 kv.m., xx.xx.2012-ci il tarixli 142 saylı müqaviləyə görə 95 saylı mənzilin ümumi sahəsi 149,26 kv.m. qeyd edilmişdir. Müqavilə bağlanarkən həmin dövrdə tikinti sahəsində qanunvericilik təkmilləşmədiyi üçün formalaşmış işgüzar adətlərə görə satılan mənzillərin ümumi sahəsi oxdan-oxa hesablanmış, bu hal həm binanın lahiyəsini təsdiq edən müvafiq dövlət qurumlarına, həm də alıcılara bəlli olmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/6057 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində normativ-hüquqi baza kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndinə istinad edilir. Lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 329-İVQ saylı xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən xx.xx.2013-cü il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, ekspert rəyində istinad edilən hər iki normativ akt hazırki mübahisə tərəflərinin müqavilələri imzaladığı tarixdən, yəni xx.xx.2012-ci ildən sonra qanuni qüvvədədir. Buna görə də həmin normalar əvvəl bağlanmış müqavilələrə şamil oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.2-ci maddəsinin tələblərinə əsasən, əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır. Tərəflər arasında bağlanmış 141 və 142 saylı xx.xx.2012-ci il tarixli müqavilələrin 4.2-ci maddəsinin 3-cü abzasına görə, podratçı mənzilin su və kanalizasiya xətlərinin(dayaqların) qurulmasını və sınanmasını öhdəsinə götürür. Su, qaz və işiq sayğaclarının quraşdırılmasına dair müqavilələrdə hər hansı öhdəlik yoxdur. Cavabdeh MTK tərəfindən sayğacların alınması və quraşdırılmasına tələb olunan vəsait müəyyən edildikdən sonra sakinlərin razılığı ilə zəruri işlər görülmüşdür. Beləliklə, iddia tələbin bu hissəsi də tam əsassızdır. İddiaçı iddia qaldırılması üçün iddia müddətini ötürmüşdür, istər müqavilədən irəli gələn öhdəliklərə, istərsə də pul tələbinə iddiaya dair. İddiaçı 2015-ci ildən həmin mənzilləri təmir edib orada yaşayır və ötən illər ərzində müqavilələrdə göstərilən və təmir zamanı ona məlum olan faktiki sahənin uyğun olmadığını bəhanə edərək kommunal ödənişlərdən yayınır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır”.
16. Birinci instansiya məhkəməsinin təyinatı əsasında tədqiqat aparan Ədiyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi ev 241 E, 94 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 421, M5 m2) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 70,2 kv.metr, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi ev 241 E, 95 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 421, M5 m3) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 122,4 kv.metr təşkil edir. Aparılmış hesablamalara əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki sahəsi 71,8 kv.metr, 95 saylı mənzilin faktiki sahəsi 126,8 kv.metr, 94 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 79,83 kv.metr, 95 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 136,2 kv.metr, 94 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 88,8 kv.metr, 95 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 146.6 kv.m müəyyən olunmuşdur.
17. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi “X2 Mərkəzi”nin xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən 94 saylı mənzilin faktiki sahəsi 71.90 kv.m, 95 saylı mənzilin faktiki sahəsi 116.73 kv.m təşkil edir.
18. Məhkəmənin 14 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK-dan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 421, M5, m2 və m3) mənzillərinə görə artıq ödədiyi 12 889,50 (on iki min səkkiz yüz səksən doqquz manat əlli qəpik) manatın, sayğaclara görə ödənilmiş 1750 (bir min yeddi yüz əlli) manatın, cəmi 14 639,5 (on dört min altı yüz otuz doqquz manat əlli qəpik) manatın və 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
19.1. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir. 19.2. Məhkəmə tərəfindən bu halı yoxlamaq üçün tikinti-tekniki ekstizası təyin edilmiş, ekspert 94 saylı mənzildə ölçüsü 3,19 kv.m olan 3 saylı tikiliyə 0,5 əmsalı tətbiq etməklə mənzilin ümumi sahəsini 70,2 kv.m kimi, 94 saylı mənzildə ölçüsü 3,52 kv.m olan 3 saylı tikiliyə 0,5 əmsalı və ölçüsü 3,5 kv.m olan 10 saylı tikiliyə 0,3 əmsalı tətbiq etməklə mənzilin ümumi sahəsini 122,4 kv.m kimi nəzərə almışdır. 19.3. Eyni zamanda sözügedən eksperizanını rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 79,83 kv.metr, 95 saylı mənzilin sahəsi isə 136,2 kv.metr təşkil edir. 19.4. Məhkəmə hesab edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. 19.5. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. 19.6. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçıya təhvil verilmiş mənzillərin ölçüləri divarların altındakı sahələrin nəzərə alınması ilə aparılmaqla, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 241 E, 94 saylı mənzilin sahəsi müqavilədə 86.6 kv metr olmalı olduğu halda 79.83 kv.m, 95 saylı mənzilin sahəsi isə müqavilə üzrə 149.26 kv.m olmalı olduğu halda 136.2 kv.metrdir. (86.6-79.83=6.77; 149.26- 136.2=13.06). 19.7. Belə olan halda məhkəmə hesab edir ki, əksik verilmiş sahələrin cəmi hesablanmalı və hər kv.m 1 kv.m dəyərinə vurulmaqla artıq ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (6.77+13.06=19.83) (19.83kv.m*650 manat=12889.50 manat). 19.8. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsinə-həmin mənzillərə qaz, su və elektrik sayğaclarının çəkilməsi üçün ödənilmiş 1750 manat pulunu ona geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı fiziki şəxs olduğundan ona məxsus əmlaka qazın, suyun və elektrik sayğacının quraşdırılması ödənişsiz həyata keçirilməli olduğundan iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. 19.9. Məhkəmə iddia tələbi barədə cavabdeh tərəfindən verilmiş iddia müddətinin təbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, hazırda iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. 19.10.Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. 19.11. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. 19.12.İşin faktiki hallarından görünür ki, iddia müddətinin axımı iddiaçının qeyd edilən mənzillər ilə bağlı çıxarışların aldığı tarixdən-xx.xx.2021-ci il tarixdən başlayır. Belə ki, 000141 nömrəli xx.xx.2013-cü il tarixli və 000142 nömrəli xx.xx.2013-cü il tarixli arayışlardan məlum olur ki, iddiaçı mənzilləri qəbul etdiyi dövrdə müqavilə üzrə nəzərdə tutulan mənzilin ölçülərindən məlumatı olmadığından, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Mənzilin ölçülərinin hesablanması qaydaları xüsusi texniki vaistələrlə hesablanmalı olduğundan, iddiaçı həmin məzillərə dair çıxarış və texniki pasport almadan həmin mənzillərin faktiki ölçülərində məlumatı olması mümkün ola bilmədiyindən vəsatət təmin edilə bilməz.
20. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 385.1-ci, 386.1-ci, 372.1-ci, 375-ci, 377-ci, 442-ci, 752-ci, 766-cı, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci, 1092.2-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci, 59.3-cü maddələrinə, “Sudan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx.xx.2012-ci il tarixli qərarının 6.5-ci hissəsinə, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarının 4.2-ci bəndinə, “Elektirik Enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2005-ci il tarixli qərarının 7.9-cu bəndinə, “R.Cavadov və digərlərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarına istinad etmişdir.
21. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı, onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə - ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin ekspert rəyinə düzgün qiymət vermədiyi, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyini, tətbiq olunmalı normaları tətbiq etmədiyini, Tikinti və Şəhərsalma Məcəlləsinin 59.3-cü maddəsinin tələbini nəzər almadığını, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam aydınlaşdrmadığını irəli sürmüşdür.
22. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, Tikinti və Şəhərsalma Məcəlləsinin tərəflərin müqavilə bağlamasından sonra qüvvəyə mindiyinə və mənzillərin sahəsinin oxdan-oxa hesablanmalı olmasına əhəmiyyət vermədiyini, iddiaçının iddia müddətini ötürmüş olmasını nəzərə almadığını, işin hallarına uyğun olmayan nəticəyə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz
23. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir (təqdim olunmamışdır).
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək və cavabdehin şikayətinin əsassız olduğunu bildirərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
25. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh MTK nümayəndəsi (vəkili) Vəkil1 ərizə ünvanlayaraq, təyin olunmuş prosesin başqa məhkəmə prosesi ilə üst-üstə düşməsi səbəbindən onun təxirə salınmasını xahiş etmişdir.
26. İşin halları, cavabdehin nümayəndəsinin ərozədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətlərə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
30. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
35. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
36. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
37. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
41. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
42. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
43. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
44. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx.xx.2012-ci il tarixli Qərarı
45. 6.5-ci hissə. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.
“Qazda istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli Qərarı
46. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
“Elektirik Enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2005-ci il tarixli Qərarı
47. Bənd 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
58. Qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırkı halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
59. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
60. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
61. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
62. İddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzillərin sahəsinin müqavilələrdə göstəriləndən az olduğuna, eləcə də işıq, qaz və su sayğaclarına görə ondan əsassız şəkildə pul alındığına istinad edərək müvafiq iddia tələblərini irəli sürür; cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzillər vermişdir və iddiaçı qarşısında sayğacları quraşdırmaq öhdəliyi olmamışdır. Cavabdehin digər arqumenti ondan ibarətdir ki, iddiaçı iddia müddətini ötürməklə iddia qaldırmışdır.
63. Birinci instansiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, iddiaçının mənzillərin sahəsi ilə bağlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766cı maddələri nəzərdən keçirilə bilər (§ 34-35).
64. Həmin tələb üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir.
65. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır.
66. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi daşınmaz əmlakın dövlət reyestrinin tərtib etdiyi çıxarışları və texniki pasportları təqdim etmiş, həmin sənədlər əsasında mənzillərin ölçüsünün müqavilələrdə nəzərdə tutulduğundan az olduğunu müəyyənləşdirdiyini bildirmişdir.
67. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü bu halı (mübahisəli halı) yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində müvafiq hala aydınlıq gətirilmişdir (§ 16).
68. Kollegiya birinci instansiya məhkəməsinin həmin ekspert rəyinə verdiyi qiymət və rəyə istinadən gəldiyi nəticə ilə razılaşır; belə ki, həmin rəyin tədqiqat və nəticə hissələrinin qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçıya təhvil verilmiş mənzillərin ölçüləri divarların altındakı sahələrin nəzərə alınması ilə aparılmaqla, 94 saylı mənzilin sahəsi müqavilədə 86.6 kv metr olmalı olduğu halda 79.83 kv.m, 95 saylı mənzilin sahəsi isə müqavilə üzrə 149.26 kv.m olmalı olduğu halda 136.2 kv.metrdir (86.6-79.83=6.77; 149.26-136.2=13.06).
69. Nəzərə alınmalıdır ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir (§ 53).
70. İddiaçının apellyasiya şikayətinin müvafiq dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin (§ 42-44), buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.
71. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
72. Kollegiya tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini ekspert rəyi ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz və birinci instansiya məhkəməsinin müvafiq iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmuşdur.
73. Kollegiya, iddiaçının iddia tələbinin digər hissəsi üzrə gəlinən nəticəni də əsaslı hesab edir və cavabdehin iddiaya etirazının dəlilləri ilə eyni olan və birinci instansiya məhkəməsi tərəfindən ətraflı şəkildə qiymət verilən apellyasiya şikayətinin müvafiq dəlilləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
74. İddiaçının iddia müddətini ötürmüş olması arqumentini də kollegiya əsassız hesab edir; belə ki, işin hallarından iddiaçının mənzillərə dair reyestr çıxarışlarını və texniki pasportları 04-xx.xx.2021-ci il tarixdə aldığı aydın olur. Belə olan halda isə iddiaçı iddia müddətini ötürmüş hesab oluna bilməz – çünkü iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur.
75. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 saylı iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə