Məhkəmə qərarları › İş №2(103)-3895/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3895/2022

01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3895/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 avqust 2021-ci il tarixli qətnamədən cavabdehlərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və cavabdehlərin cinayət yolu ilə ələ keçirdikləri pul məbləğinin qaytarılması məqsədi ilə 331.000 manat, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 109.810, 33 manat, mənəvi zərərin əvəzi olaraq isə 500.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərdən 331.000 manat və mənəvi zərərin əvəzi olaraq 5.000 manat, cəmi 336.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı həm ibtidai istintaq mərhələsində, həm də cinayət işinə məhkəmədə baxılarkən cavabdehləri tanımadığını bildirmişdir. İddiaçının istinad etdiyi hökmdə də iddiaçı ilə Cavabdeh1 aralarında hər hansı bir əlaqənin olduğunu bildirən sübutun mövcudluğu barədə məlumat yoxdur. Cavabdeh2 verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının iddia ərizəsində istinad edilən hökmdə Cavabdeh2 tərəfindən iddiaçıya münasibətdə qanunsuz hərəkətlərə yol verilməsi müəyyən olunmur. Bu səbəbdən də cinayət işi üzrə epizodla bağlı ona qarşı ittiham elan olunmamış, bu əməllərin törədilməsində onun iştirakı müəyyən olunmamışdır. Cəzaçəkmə müəssisəndə cəza çəkən Cavabdeh1 apellyasiya baxışı iclasına nümayəndəsini və (və ya) vəkilini gəndərməmişdir. İddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Yuxarıda qeyd edilənlər işə apellyasiya qaydasında baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərinə əsaslanaraq işə baxmışdır. Cəzaçəkmə müəssisəndə cəza çəkən Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək hüquqlarını müdafiə etdiyi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də iş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdehlərin qətnamədən verdikləri apellyasiya şikayətlərində qətnamənin tam ləğv edilməsi və iddianın tam rədd edilməsi xahiş edilsə də, apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdehlər, iddianın bir qisminin təmin edilməsi barədə nəticəni mübahisələndirirlər. Odur ki, göstərilənləri, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə MPM-nin 372.6-cı maddəsinin tələblərindən çıxış edərək qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya baxışının predmeti olana hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə (İş № 1(093)-84/2017) əsasən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi vəzifəsində işləmiş Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125,145.3, 179.3.1, 179.3.2, 182.3.1, 187.3.2,302.2, 311.3.2, 311.3.3, 341.2.1 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə cavabdeh A.Cavabdeh2baycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 341.2.1 və 342.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən Cavabdeh1 2010-2015-ci illərdə hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror mərkəzinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə həmin mərkəzin rəis müavini, ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş X5, eləcə də 1-ci İdarənin 3cü şöbəsinin sabiq rəis müavini Cavabdeh2 və başqalarından ibarət mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar rəhbərlik etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamah məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək niyyəti ilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar tabeçiliyində olan dəstə üzvləri arasında funksional bölgü aparılmasına şəxsən rəhbərlik edərək, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında" xx.xx.2004-cü il tarixli, 712-11Q nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayətkar əməlləri Bakı şəhərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyataxtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, 2011-2015-ci illərdə raport və vəkalətnamələr əsasında əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə İdarəsinin kassasından götürdüyü pul vəsaitlərinin 7.736.058 manat məbləğində külli miqdarda hissəsini əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan əməliyyat-axtarış tədbirlərinin icrası və müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşları və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etdirməklə qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, hakimiyyətdən sui-istifadə edərək xidməti cəhətdən asılı olmuş zərərçəkmişin ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun əməliyyataxtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat axtarış-tədbirlərini həyata keçirməklə əldə etmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, kommersiya sahəsində fəaliyyətləri, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirləri barədə məlumatlardan istifadə edib külli miqdarda əmlakı hədə-qorxu, şantaj etmə yolu ilə əldə etmə, həmçinin MTN-nin inzibati binasına gətizdirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri həmin şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz, qalmaqla, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə külli miqdarda pul vəsaitlərini, əmlakları və əldə olunan hüquqlarını tələb edib əllərindən almaqla, eləcə də xidmət etdiyi sahə üzrə fəaliyyətlərinə ümumi himayədarlığa görə şəxsən və vasitəçilərdən istifadə etməklə nağd şəkildə rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Çıxarılmış hökmün İddiaçı ilə bağlı hissəsində qeyd olunmuşdur ki, Cavabdeh1 2010-cu ilin yanvar ayından 2013-cü ilin oktyabr ayına kimi olan dövrdə, Bakı şəhərində, ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş X5 və digərləri ilə birlikdə mütəşəkkil dəstə tərkibində cinayət əməllərini davam etdirərək hakimiyyətdən və qulluq mövqeyindən özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni turizm sahəsində fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi və direktoru olan İddiaçı külli miqdarda pul vəsaitini ələ keçirmək üçün müntəzəm surətdə tamah məqsədilə sui-istifadə edib xx.xx.2010-cu il tarixdə dəstə üzvü İlqar Əliyev və digərlərinə verdiyi qanunsuz göstərişlər əsasında "xxxx" MMC tərəfindən Azərbaycan vətəndaşlarına xarici ölkələrə miqrant qismində səfər etmələri üçün saxta sənədlərlə vizalar təşkil etməsi barədə məlumatın yoxlanılması adı ilə qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və müvafiq qaydada rəsmiləşdirilməyən əməliyyat-axtarış tədbiri həyata keçirərək, funksional vəzifələrinin icrası üçün nəzərdə tutulan və digər texniki vasitələrindən zərurət olmadan qanunsuz istifadə etməklə məhdud məsuliyyətli cəmiyyətin ünvan 1 ünvanında yerləşən ofisinə daxil olub hər hansı prosessual qərar və ya protokol tərtib olunmadan cəmiyyətin maliyyə sənədlərini götürməklə İddiaçı MTN-nin inzibati binasına gətizdirib yaxın qohumları və ailə üzvləri ilə əlaqə saxlamasına imkan verməyərək hərəkət sərbəstliyini məhdudlaşdırıb xidməti otaqlarla doqquz saat saxlatdıraraq qanunsuz azadlıqdan məhrum etmiş, barələrində cinayət təqibi davam etdirilən dəstə üzvləri vasitəsilə İddiaçı onun barəsində cinayət işinin başlayacağı, həbs edəcəyi, rüsvayedici məlumatlar yayacağı ilə hədələyib sərbəst buraxılmaması üçün birdəfəlik 100.000 manat, gələcək iqtisadi fəaliyyətinə maneçilik törədilməməsi, Avropa ölkələrinə turizm səyahətlərinin satışına icazə verilməsi müqabilində, ümumi himayədarlığa görə isə hər ay 6.000 manat məbləğində pul verilməsini tələb etmiş, İddiaçı qanunsuz saxlanıldığına dəstə üzvlərinin səlahiyyətlərinə əsasən hədəni real qəbul edərək həbs olunmaması, sərbəst buraxılması, fəaliyyətində əlavə problemlərinin yaranmaması müqabilində tələb olunan pul vəsaitlərini ödəməyə razılaşdıqdan sonra sonuncunu sərbəst buraxıb, onun şəxsi vəsaitləri və təsisçisi olduğu MMC-nin baş mühasibi X1 müvafiq qeydiyyatlar aparmaqla xəzinədən götürdüyü pul vəsaitləri hesabına xx.xx.2010-cu il tarixdə MTN-nin inzibati binasında, Antiterror Mərkəzinə aid xidməti otaqda 95.000 manat, MMC-nin ofisinin qarşısında 5.000 manat olmaqla, cəmi 100.000 manat məbləğində külli miqdarda əskinazları mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb etməklə, həmçinin 2010-cu ilin fevral ayından 2011-ci ilin sentyabr ayına kimi hər ay 6.000 manat, 2011-ci ilin sentyabr ayından 2012-ci ilin oktyabr ayına kimi hər ay 2.000 manat, həmin vaxtdan 2013-cü ilin fevral ayına kimi isə hər ay 1.500 manat olmaqla cəmi 146.000 manat məbləğində külli miqdarda pul vəsaitlərini isə qanunsuz hərəkətlərinə görə mütəşəkkil dəstə tərkibində rüşvət alaraq ələ keçirmiş, 2013-cü ilin avqust ayında İddiaçıla sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6, X3 arasında 120.000 manat məbləğində pul borcunun qaytarılmaması barədə mülki xarakterli mübahisəni bəhanə edib, rəsmi surətdə qeydə alınmış hər hansı şikayət ərizəsi, araşdırma materialı, “siqnal işi” olmadığı halda barəsində cinayət təqibi davam etdirilən dəstə üzvləri vasitəsilə İddiaçı MTN-ə çağırtdırıb barəsində cinayət işi başlatdıracağı, həbs ediləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyərək, 2013-cü ilin avqust-oktyabr ayları ərzində dörd dəfəyə cəmi 85.000 manat məbləğində külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Həmin iş üzrə məhkəmədə şahid qismində dindirilmiş "xxxx" MMC-nin işçisi olmuş X2, X4 eyni məzmunlu ifadələr verməklə MMC-nin rəhbərliyinə qarşı olan qanunsuzluqlarla bağlı olan məsələləri təsdiq etmişlər. Həmçinin digər şahid ifadələri ilə də qeyd olunan fakt öz əksini tapmışdır. Qeyd olunan iş üzrə hələ ibtidai istintaq aparılarkən zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. Həmçinin, istintaqın gedişində İddiaçı tərəfindən təqsirləndirilən şəxslər (cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 qarşı “müştərək və cinayət yollu ələ keçirdikləri 331.000 manat, onların qanunsuz hərəkətlərinə görə yaranmış 109.810,33 manat maddi, 500.000 manat mənəvi zərərin ödənilməsi barədə” mülki iddia vermiş, amma mülki iddia Bakı Hərbi Məhkəməsinin hökmü ilə baxılmamış saxlanılmış və İddiaçı izah edilmişdir ki, o, cavabdehlərə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər. Məhkəmə bildirir ki, iddia ərizəsində qeyd edilən bu xususatlar Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündə (İş № 1(093)-84/2017) öz əksini tapmışdır. Həmin hökmdən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 145.3 və sair maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cavabdeh2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 182.3.1 və sair maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hər ikisinin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarından (İş № 1(103)-07) görünür ki, həmin qərarla Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, barəsində şikayətlər verilmiş hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, ona qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 də daxil olduğu mütəşəkkil dəstə tərəfindən hədə-qorxu gəlinərək müxtəlif vaxtlarda ümumilikdə 331.000 manat külli miqdarda ziyan vurulmuşdur. Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən hər iki cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində bildirilir ki, yuxarıda qeyd edilən hökmlə cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan vurulması müəyyən edilmir. Mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda artıq qeyd edilən həmin hökmdən və hökmün dəyişdirlmədən saxlanılması barədə apellyasiya instnasiyası məhkəməsinin qərarından görünür ki, cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya 331.000 manat ziyan vurulmuşdur. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada həmin məbləğin və ona dəymiş mənəvi ziyanı tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, Məhkəmə mənəvi ziyan tələbi ilə bağlı da Rayon Məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır və hesab edir ki, Rayon Məhkəməsi iddiaçıya vurulan ziyanın məbləğini müəyyən edərkən işin hallarını, təqdim edilmiş sübutları düzgün qiymətləndirmiş və tərəflərin mənafeyinə uyğun ağlabatan məbləğ müəyyən etmişdir. CPM-nin 181.2.4-cü maddəsinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini də tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınmasının zəruriliyi vurğulanmış və nəticədə mənəvi zərərin ödənilməsinin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçı cavabdeh olan və vaxtı ilə dövlət təhlükəsizlik orqanları əməkdaşları olmuş cavabdehlərin qanunsuz hərəkəti və zorakılığı ilə qarşılaşmış, qorxu, mənəvi iztirablar keçirmişdir. Həmin hərəkətlərin dövlət orqanlarından birinin əməkdaşları tərəfindən və həmin orqanın inzibati binasında edilməsi halı iddiaçıda daha çox təlaş və qorxu yaratmışdır. Bütün bunlar iddiaçıya mənəvi ziyan dəyməsini təsdiq edən hallardır. Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin gəldiyi, apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur; apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumları MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 avqust 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar