Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3897/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızının və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə qarşı “maddi və mənəvi zərərə görə təzminatın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 700 manatın, hüquqi xidmətlərə görə 700 manatın, dövlət rüsumuna görə 30 manatın, mənəvi zərərə görə 100 000 manatın, yəni cəmi 101 430 manatın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 24.01.2020-ci il tarixdə Nəsimi RPİnin 19-cu PŞ-nə müraciət edərək həmin tarixdə saat 18:00 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında qonşusu Elşən adlı şəxs tərəfindən yumruq zərbəsi ilə sifət nahiyyəsindən vurularaq, arxası üstə yerə yıxılması nəticəsində xəsarət alması barədə məlumat vermiş, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı İlqar Həmidovun 24 fevral 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikasının Baş X9 və Bakı şəhəri Nəsimi rayon X4 ünvanladığı şikayəti əsasında həmin material Nəsimi rayon Prokurorunun müavini Kənan Əliyev tərəfindən öyrənilmiş və 06 avqust 2020-ci il tarixdə ləğv edilərək, əlavə araşdırmanın davam etdirilməsindən ötrü Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, material üzrə araşdırmanın davam etdirilməsi 12 avqust 2020-ci il tarixdə Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsinin digər müstəntiqi X2 həvalə edilmiş, həmin müstəntiq də materialların hərtərəfli, tam və obyektiv araşdırılması üçün heç bir tədbir görməmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsinə dair Nəsimi rayon Prokurorluğunun qəbul etdiyi 06 avqust 2020-ci il tarixli qərarda qeyd edilmiş göstərişlərə əməl etməmiş, 7 gün ərzində demək olar ki, heç bir prosessual hərəkətlər etmədən 19 avqust 2020-ci il tarixdə təkrarən cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsassız və qanunsuz qərar qəbul etmiş, qərarın tarixini qeyd edərkən saxtakarlıq edərək həmin tarixi əvvəlki tarixə yazmışdır. Belə ki, qərarın qəbul edildiyi vaxtı göstərən 19 avqust 2020-ci il tarixdən sonra bir neçə dəfə müstəntiq Sübhan Zeynalovun qəbulunda olmuş, baş vermiş hadisəni görən şahidlərin şəxsiyyəti, yaşadıqları ünvan, habelə ona qarşı cinayət törədən Cavabdeh1 atası Rizvan Yaqubovun iş yerini göstərməklə bu barədə habelə istintaq və təhqiqatdan yayınan Cavabdeh1 əyləşib getdiyi nəqliyyat vasitəsinin marka və nömrəsi barədə məlumatlar vermiş, müstəntiq onu aldadaraq həmin məlumatlarla əlaqədar tədbir görəcəyini, cinayətkarın müəyyən olunaraq onun barəsində qanuni tədbir görüləcəyini vəd etmiş, lakin bu dövrdə artıq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdiyini ona bildirməmişdir. Davamlı şikayətləri əsasında həmin material Nəsimi rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Əliyev tərəfindən öyrənilmiş, 19 avqust 2020-ci il tarixdli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar təkrarən ləğv edilərək əlavə araşdırmanın davam etdirilməsindən ötrü Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş, material üzrə araşdırmanın davam etdirilməsi 05.12.2020-ci il tarixdə həmin şöbənin müstəntiqi X3 həvalə edilmişdir. X8 tərəfindən 14 dekabr 2020-ci tarixdə bədən səthində olan xəsarətlərin dəqiq müyyən edilməsi üçün əlavə məhkəmə tibbi ekspertizası təyin olunmuş və müvafiq tibbi müayinələrdən keçmişdir. Keçirilmiş məhkəmə-tibb ekspertizasının 04.01.2021 -ci il tarixli 43 saylı ekspert rəyinə əsasən bədənində 24.01.2020-ci il tarixdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. X8 aparılmış araşdırma nəticəsində belə qərara gəlmişdir ki, hadisə axşam saatlarında, bina həyətinin qaranlıq hissəsində, kənar şəxslərin nəzərindən kənar yerdə baş verməklə ictimai qaydanın pozulması müşahidə edilməmişdir və baş vermiş hadisədə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olan ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər mövcud olmamış, hadisə tərəflər arasında əvvəlcədən formalaşmış gərgin şəxsi münasibətlər zəmnində baş vermişdir. Buna görə də X8 belə qənaətə gəlmişdir ki, baş vermiş hadisədə hər hansı bir cinayət əməlinin tərkib əlamətləri deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci “döymə” maddəsinin tərkib əlamətləri vardır. X8 tərəfindən 04 yanvar 2021-ci il tarixdə qəbul edilmiş qərar Nəsimi rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə ləğv edilərək əlavə araşdırmanın davam etdirilməsindən ötrü Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş, material üzrə araşdırmanın davam etdirilməsi 18 mart 2021 -ci il tarixdə Nəsimi rayon polis idarəsi istintaq şöbəsinin müstəntiqi polis baş leytenantı X6 həvalə edilmişdir. X1 qəbul etdiyi 27 mart 2021-ci il tarixli qərara əsasən cinayət işinin başlanması təkrarən rədd edilmişdir. X11 tərəfindən 27 mart 2021-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Nəsimi rayon məhkəməsinin 03 may 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş,lakin müstəntiq X5 qəbul etdiyi 17 iyul 2021-ci il tarixli qərara əsasən material üzrə cinayət işinin başlanması dördüncü dəfə rədd edilmişdir. Bütün bunlar onu təsdiq edir ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində sözügedən material üzrə araşdırma obyektiv aparılmamışdır. Material üzrə həmin şöbədə qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar dörd dəfə ləğv olunmasına baxmayaraq, bunun heç bir müsbət nəticəsi olmamış, həmin qərarlar ləğv edildikdən sonra heç bir əlavə araşdırma aparılmamış, qərarların ləğv edilməsi zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və məhkəmənin hakimi tərəfindən tərtib edilmiş qərarlarda verilmiş göstərişlərin heç birinə əməl edilməmiş, əvvəlki qərarların mexaniki surətdə köçürülməsi ilə kifayətlənilmişdir. Bundan başqa, hadisənin baş verməsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq 19-cu polis şöbəsi Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsini təmin etməmişdir. Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün dəfələrlə Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət etmiş, Nəsimi RPİ-nin 19-cu PŞ 11 avqust 2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, “...Elşən adlı şəxsin müəyyənləşdirilməsi istiqamətində tədbirlər keçirilmiş, onun qeyd olunan ünvanda bir müddət kirayədə yaşadığı və sonradan oradan naməlum ünvana köçdüyü məlum olmuşdur. xx.xx.1986-cı il təvəllüdlü, Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olan Cavabdeh1 qohumluq əlaqələri nəzərə alınaraq onun yerinin müəyyənləşdirilməsi məqsədilə Astara RPŞ-nə yazılı müraciət olunmuşdur. Müsbət halda icraat davam etdiriləcəkdir”. Beləliklə, Cavabdeh1 2020-ci ilin yanvar ayında ona qarşı fiziki zor tətbiq etmiş, onu döymüş, buna görə İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Ötən iki ilə yaxın müddət ərzində aldığı xəsarətlərlə əlaqədar müalicələr almış, müalicələrə xeyli pul sərf etmişdir. Cavabdeh1 barəsində iş üzrə digər cavabdeh 19cu polis şöbəsi tərəfindən tədbir görülməməsi nəticəsində uzun müddətdir ki, mənəvi əzab-əziyyət və iztirablar keçirir, onun barəsində tədbir görülməməsi, onun sərbəst surətdə şəhərdə gəzməsi, onu təhdid etməsi, 19-cu polis şöbəsinin əməkdaşlarının isə onun bu hərəkətlərinə göz yumması ona mənəvi cəhətdən əzab verir. Hüquqi yardım üçün vəkilə müraciət etməklə müəyyən vəsait xərcləmiş, dəfələrlə Cavabdeh1 barəsində olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv edilsə də, müsbət nəticəsi olmamışdır. Buna görə də, ona vurulmuş maddi və mənəvi ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 hüquqi xidmətlərə görə 481 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi zərərə görə 500 manat olmaqla cəmi 1011 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin edilmədiyi hissədə ləğv olunmasını və iddianın tam təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etmiş, cavabdeh Rlşən Yaqubov məhkəməyə gəlməmiş, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi isə nümayəndəsini göndərməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə məhz qeyd edilən hissədən narazı qalmışdır. Başqa sözlə, iddia tələbinin təmin edilən hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının mübahisələndirdiyi hissədə dəyişdirilməlidir. İddiaçının iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, 24.01.2020ci il tarixdə yaşadığı evin qarşısında qonşusu Elşən adlı şəxs tərəfindən yumruq zərbəsi ilə sifət nahiyyəsindən vurulması nəticəsində xəsarət almış, bununla bağlı Nəsimi RPİ-nin 19cu PŞ-nə müraciət etsə də, həmin qurum tərəfindən lazımi araşdırmalar həyata keçirilməmiş, vəkil yardımından istifadə üçün xərclər çəkmiş, həmçinin maddi-mənəvi zərərə məruz qalmışdır. Birinci instansiya məhkəməsi iddiaçının, ona maddi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları təqdim etmədiyini, sübut kimi istinad etdiyi qəbzlərdən isə ödənişlərin təyinatını müəyyənləşdirmənin mümkün olmadığını vurğulamaqla “madi ziyanın ödənilməsi” tələbini əsaslı hesab etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntuları (delikt) ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya hesab edir ki, iş materiallarına əsasən iddiaçının, Cavabdeh1 onu döyməsi nəticəsində maddi zərərə məruz qaldığı qənaətinə gəlmək mümkün deyildir. Belə ki, bu cür zərər çəkdiyini iddia edən tərəf həmin halı sübut etməlidir; iddiaçı isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edir; belə ki, Cavabdeh1 onu döyməsi nəticəsində onun mənəvi sarsıntı keçirdiyi şübhəsiszdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 500 (beş yüz) manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının “vəkilə ödənilən xərcin tutulması” tələbi üzrə gəldiyi nəticəni də ümumən əsaslı hesab edir; belə ki, iş materiallarında olan 17.03.2021-ci il tarixli ödəniş tapşırıqlarının, 20.11.2020-ci il tarixli 6933 nömrəli və 15.05.2020-ci il tarixli 26284 nömrəli qəbzlərin surətlərindən, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə müvafiq olaraq 140 manat, 120 manat, 110 manat və 111 manat olmaqla cəmi 481 manat ödənildiyi aydın olur. Bununla belə kollegiyanın qənaətinə görə məhkəmə, iddiaçının 29.07.2020-ci il tarixdə vəkilə ödədiyi (köçürdüyü) 270 manatı nəzərə almamaqla səhvə yol vermişdir və buna görə də qətnamə müvafiq hissədə dəyişdirilərək Cavabdeh1 hüquqi yardım xərcinin əvəzi qismində cəmi 700 manat (iddia tələbinin həcmi nəzərə alınmaqla) iddiaçının xeyrinə tutulmalıdır. İddianın Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə qarşı yönəlmiş hissəsi ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçı, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində sadalanan şəxslər kateqoriyasına aid olmamaqla yanaşı, həmin qanuna görə Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyan müvafiq orqan tərəfindən deyil, Dövlət tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-363/2022 saylı iş üzrə 07 yanvar 2022-ci il tarixli qətnaməsi İddiaçı hüquqi xidmətlərə görə 481 manatın, ümumilikdə isə 1111 manatın ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 hüquqi xidmətlərə görə 700 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi zərərə görə 500 manat olmaqla cəmi 1230 (min iki yüz otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə İddiaçı mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnaməni rəsmi qaydada aldığı gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3897/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3897/2022
19.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver