Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3899/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2376/2022 saylı, 05.04.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, ərizədə iddiaya Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğunu əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2376/2022 saylı, 05.04.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlarının aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilmiş, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 590 manat məbləğində pulun ona geri qaytarılması qərara alınmışdır (Hakim : Cəmilə Musayeva). İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəmədə həll edilməsi üçün irəli sürdüyü tələb Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun tanınması, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və ya mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı deyil, müqavilənin ləğv edilməsi və daha sonra müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbləri ilə əlaqədardır”. “İddiaçı iddia ərizəsində tələbini “müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə mülkiyyət hüququnun tanınması üçün qoyulması” kimi göstərsə də, hazırki mübahisəyə baxacaq məhkəmə əmlak üzərində onun mülkiyyət hüququnun tanınması məsələsini deyil, müqavilənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsasların, müqavilənin məcburi bağlanması üçün Mülki Məcəllədə (390.3-cü maddə) öz əksini tapmış müddəaların mövcud olub-olmaması məsələsini həll etməli olacaq”. Beləliklə, iddia ərizəsi guya ərazi aidiyyətının pozulması ilə Nəsimi rayon məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd edilən prosessual hüquq normasının tələbini pozmuşdur. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddia tələbi daşınmaz əmlak üzərində mülkiyyət hüquququn tanınması ilə bağlıdır. İddia predemti olan mənzil üzərində iddiaçının mülkiyyət hüququnun tanınması yalnız iş üzrə cavabdehlər arasında formal bağlanmış müqavilənin ləğv edilməsi və iddiaçı ilə Cavabdeh1 MMC arasında yeni müqavilənin bağlanması yolu ilə mümkündür. Bundan ötrü başqa qayda yoxdur. Cavabdehlər arasında bağlanmış müqavilə ləğv edilməsə, daha sonra eyni məzmunlu müqavilə iddiaçı ilə bağlanmasa sonuncu sözügedən mənzil üzərində öz mülkiyyət hüququnu necə bərpa edə bilər? Bu halda təbii olaraq iddia ərizəsi cavabdehlər arasında bağlanmış müqavilənin ləğv edilməsi və daha sonra iddiaçı ilə müqavilə bağlamaq öhdəliyinin Cavabdeh1 MMC”- nin üzərinə qoyulması tələblərinə söykənmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2376/2022 saylı, 15.04.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, “...iddiaçının məhkəmədə həll edilməsi üçün irəli sürdüyü tələb Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun tanınması, əmlakın başqasının qeyriqanuni sahibliyindən götürülməsi və ya mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı deyil, müqavilənin ləğv edilməsi və daha sonra müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbləri ilə əlaqədardır.” Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, iddiaçının iddia ərizəsinə nəzər saldıqda müəyyən etmək olur ki, iddiaçı məhkəmədən daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi üçün müqavilənin ləğv edilməsini və mənzil üzərində mülkiyyət hüququnun tanınması üçün iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Göründüyü kimi, iddiaçının müqavilənin ləğv edilməsi tələbini qoymaqda məqsədi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsidir. Bununla yanaşı, iddiaçı Nəsimi rayonu ərazisində yerləşən mənzil üzərində mülkiyyət hüququnun tanınması üçün cavabdehin onunla müqavilə başğlamasını iddia edir. Mülki Prosessual Məcəllənin 39.1-cu maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Kollegiya qeyd edilən normanın tələbinə əsasən qeyd edir ki, hazırki iddia daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və mülkiyyət hüququnun tanınması məqsədilə müqavilənin ləğvi ilə əlaqədar olduğundan, işə müstəsna aidiyyət qaydasında baxılmalıdır. Belə ki, iddia ərizəsindən aydın olur ki, hazırki mülki işdə Müqavilənin ləğvi tələbi əslində daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsinin aradan qaldırılması üsulu kimi istənilmişdir. Başqasının qeyri-qanuni sahibliyindən götürülməsi xahiş edilən daşınmaz əşya isə Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi 1061-ci məhəllə ünvanında yerləşdiriyindən, kollegiya hesab edir ki, iddiaçı iddia ərizəsini Nəsimi rayon Məhkəməsinə verməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi ərazi aidiyyəti üzrə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə verildiyindən iddia ərizəsinə Nəsimi rayon məhkəməsində baxılmalıdır. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2376/2022 saylı, 05.04.2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2376/2022 saylı, 05.04.2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3899/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3899/2022
13.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver